Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 May

2021
15:56
“10 aydır ki, kirayədəyik, xərcləri çatdıra bilmirəm” - Şəhid xanımı

“Evimiz yaşanılacaq vəziyyətdə deyil, elektrik sistemi tamamilə sıradan çıxıb. Hələ yoldaşım şəhid olmamışdan öncə - ötən ilin avqust ayından kirayə mənzilə köçmüşdük. Təəssüf ki, o, sentyabr ayında şəhid oldu. Artıq 10 aydır ki, kirayədəyik, hələ də nə evimizin təmirinə köməklik olunub, nə də yeni mənzil verilib”.

Bu barədə “Qafqazinfo”ya şəhid mayor Toğrul Bərxudarovun həyat yoldaşı Zəhra Bərxudarova bildirib. Onun sözlərinə görə, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən mənzillərinin mətbəxində yanğın olandan sonra evi tərk etmək məcburiyyətində qalıblar. Şəhid xanımı hər ay 350 manat kirayə haqqı ödədiyini deyir:

“İki dəfə Nəsimi rayon icra Hakimiyyətinə müraciət eləmişəm ki, təkəm, işləmirəm, az da olsa köməklik edin, evimə əl gəzdirib köçüm. Dedilər ki, sizi tezliklə evlə təmin edəcəklər. Kirayə haqqı verirəm, bunun kommunal xərci var, 3 və 4-cü siniflərdə oxuyan uşaqlarımın xərcləri var. Bütün bunları bir yerdə çatdıra bilmirəm”. 

Z. Bərxudarova deyir ki, həyat yoldaşı Toğrul Bərxudarov 13 yaşından 33 yaşınadək hərb sahəsində olub, C. Naxçıvanski adına Hərbi Liseyi, Ali Hərbi Akademiyanı bitirib: “Xətkeşlə düz xətti necə çəkirsinizsə, mənim yoldaşım o cür düz işləyən adam olub. Barelyefi hazırlanır, İcra Hakimiyyətindən deyiblər ki, gətirib vuracaqlar, hələ də vurmayıblar. Çünki bizim bina çox çökmüş vəziyyətdədir. Deyirlər təmir olunsun, sonra. “YAŞAT” Fonduna müraciət elədim, gəlib evin şəkillərini çəkdilər, sonra dedilər ki, sizə tezliklə ev veriləcək. İxtisasca psixoloqam, yoldaşımın şəhid olmasından sonra aldığım travmalardan işləyə də bilmirəm. Hətta övladlarımla vaxt keçirməyə səbrim çatmır. Bizim evin ərazisi eyvan, hamam və s daxil 42 kv metrdir. Buna heçmi kömək etmək mümkün deyil, ev verilənə kimi kirayədən çıxım?”

Şəhid xanımı evinin şəraitsizliyini əks etdirən görüntüləri də redaksiyamıza göndərib:

Z. Bərxudarova bildirib ki, şəhid ailəsi kimi mənzil növbəsində qeydiyyata durub. Yeni mənzilin veriləcəyi tarixi öyrənmək üçün aidiyyati quruma yaxınlaşsa da,  hələ həmin tarixin bilinmədiyini söyləyiblər. Şəhidin xanımının sözlərinə görə, İcra Hakimiyyəti vasitəsilə özəl şirkətlərdən biri ilə müqavilə bağlanıb və hər ay ailəyə 200 manat köməklik olunub. 

Şəhid ailəsinin yaşadığı çətinliklərlə bağlı Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra Hakimiyyətindən saytımıza bildirildi ki, Vətən müharibəsi şəhidi Toğrul Bərxudarovun həyat yoldaşı Zəhra Bərxudarova Nəsimi RİH başçısının 19 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən 3 nəfər ailə tərkibi ilə şəhid ailəsi kimi mənzil növbəsinə götürülüb. Həmçinin Prezidentin Sərəncamına uyğun olaraq mənzillə təmin olunması üçün sənədləri ƏƏSMN-nin tabeliyində olan Sosial Xidmətlər Agentliyinə təqdim edilib: “Nəsimi rayon İcra Hakimiyyətinin təşəbbüsünə əsasən Nəsimi rayon ərazisində fəaliyyət göstərən şirkətlərdən biri tərəfindən 5 il müddətində hər ay 200 AZN məbləğində şəhid ailəsi Bərxudarova Zəhra Elxan qızına maddi yardım verilir. Rayon İcra Hakimiyyəti tərəfindən bayram günlərində rayonda yaşayan bütün şəhid və qazi ailələri kimi ona da bayram sovqatı və maddi yardım verilir. Hazırda şəhid ailəsinə məxsus olan 20 Yanvar küçəsi 9 №-li evin 45 №-li mənzilinin yerləşdiyi binanın rayon İcra Hakimiyyəti tərəfindən təmir olunması nəzərdə tutulub. Binanın təmirindən sonra şəhidin barelyefi şəhidin yaşadığı binaya vurulacaq”.

İcra Hakimiyyətindən həmçinin bildirilib ki, Toğrul Bərxudarov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon İdarəsindən orduya çağırılıb və nəşi Yevlax şəhərində dəfn olunub. T. Bərxudarov şəhid kimi Yevlax şəhərində qeydiyyata alınıb və Yevlax rayon İcra Hakimiyyəti tərəfindən də onun ailəsinə mütəmadi olaraq yardım edilir. 

“YAŞAT” Fondundan isə “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Fondun əməkdaşları tərəfindən şəhid Toğrul Bərxudarov Məmməd oğlunun ailəsinin qeydiyyatı 2020-ci il 25 dekabr tarixində aparılıb, şəhid ailəsi qeydiyyat zamanı əsas zərurət kimi məişət avadanlıqlarının alınmasını seçib: “Müvafiq istiqamət üzrə şəhidin həyat yoldaşının bank hesabına 2021-ci il 17 fevral tarixində 2500 AZN vəsait köçürülüb. Hazırda Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan şəhid ailələri üzvlərinin müvafiq qurumlar tərəfindən növbəlilik əsasında mənzil və ya fərdi evlə təmin edilməsi prosesi davam etdiyindən yaşayış yeri üzrə Bakı şəhərində qeydiyyatda olan şəhid ailələri üzvlərinə evin təmiri istiqaməti üzrə yardımın ayrılması tərəfimizdən həyata keçirilmir”.

Şəhid ailəsinin mənzil qeydiyyatına gəlincə isə, Sosial Xidmətlər Agentliyindən bildirilib ki, hazırda şəhid ailəsinin mənzillə bağlı sənədləşmə proseduru davam edir:

“Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamının icrası olaraq, 2014-2019-cu illərdə uçota alınmış şəxslərlə bərabər, 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələri və bu müharibə əlillərinin mənzillə təminatı işləri aparılır. Vətən müharibəsi şəhidinin həyat yoldaşı Bərxudarova Zəhra Elxan qızı da mənzillə təmin olunmaq üçün ötən ilin oktyabr ayında Nəsimi rayonu üzrə qeydiyyata alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə onun tərəfindən aidiyyəti sənədlərin təqdim edilməsi və  müvafiq sənədləşdirmə proseduru davam edir. Bu prosedur yaxın vaxtlarda bitdikdən sonra nəticəsi barədə  məlumat veriləcək”.

Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru Bərxudarov Toğrul Məmməd oğlu 1987-ci ildə, Gəncə şəhərində anadan olub. Tərtər rayonunda N saylı hərbi hissədə qərargah rəisi kimi xidmət edib. Sentyabrın 30-u Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçimiz Yevlax rayon Fəxri Xiyabanında dəfn olunub. Müharibədə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. 

Məqalədə : Şəhid xanımı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda yeni Nəbatat bağı salınacaq

22

İyun
16:53
ÖLKƏ
601

Köçəryan seçkilərə etiraz edəcək

22

İyun
15:33
DÜNYA
593

Kəlbəcərə 24,5 milyon manat ayrıldı - SƏRƏNCAM

22

İyun
15:13
İQTİSADİYYAT
598

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

22

İyun
11:59
İQTİSADİYYAT
542

Milli Məclisin iclası başlayıb

22

İyun
11:27
HÜQUQ,HADİSƏ
618

Reuters İranın neftindən yazdı

22

İyun
11:22
DÜNYA
628
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2021 08:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru