Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2021
15:13
Ramazan - dua və münacat fürsəti

Ramazan və Allah ziyafəti ayıdır. Bu bərəkətli qonaqlığın açarı təqvadır. Bu ayda bizim üzərimizə düşən vəzifələrdən, daha doğrusu, bizim üçün yaranan fürsətlərdən biri duadır. 

Biz Haqq-Taalanın dərgahına dua etdikdə, əslində öz istəklərimizə nail olmaq üçün bir vasitə axtarır, bu istəklərə sarı bir yol keçir və ondan istifadə edirik. Bu bir növ dua etməkdir: istədiyini almaq üçün dua etmək. İnsanın bütün məqsədləri maddi vasitə və yollarla əldə edilmir. Bəzi şeylər dua ilə əldə olunur; sözsüz ki, yalqız və əməlsiz dua ilə yox. İnsanın əməl qapısını bağlayıb, dua ilə kifayətlənməsinin heç bir faydası yoxdur. Lakin əməlin yanında, işin yanında, iradə və səyin yanında Allahdan istəmək də lazımdır. Bu dua insanın istəklərini təmin edir. Görürsünüz ki, əziz Peyğəmbər (s) döyüş meydanında bütün işləri gördükdən sonra dua da edir. Deməli, dua etmək, bu yolla öz istək və məqsədlərimizə nail olmaq bizim vəzifələrimizdən biridir.

Duanın qəbul olunmasının qayda və şərtləri

Dua digər vasitələrin yanında bir vasitədir. Bizim böyük tədqiqatçı və mütəfəkkirlərimizin sözü ilə desək, Allah-Taala varlıq aləmində onlarla vasitə və səbəb qoyub; dua da onlardan biridir. Duaların çoxunda hacət və istək irəli sürülür. Misal üçün, mübarək ramazan ayının çox yüksək məzmuna malik olan Səhər duasında Allah-Taalanı ad və atributlarına and verdikdən sonra deyir: “İstədiyini dua et və nəzərdə tutduqlarını Allahdan istə”. Allah-Taalaya bu qədər and verdikdən sonra dua qəbul olunur. Əmirəlmöminindən (ə) nəql olunmuşdur ki, bəla gəlməzdən öncə dua ilə onu dəf edin. Bunlar həqiqətdir. Əlbəttə, bu o demək deyil ki, siz nə istəsəniz və onu Allah-Taalaya necə desəniz, qəbul olunacaq. Xeyr, bütün adi səbəblər və bütün istəklər kimi onun da şəraiti və qaydaları var. Əgər siz dostunuzdan da bir şey istəsəniz, onun da qaydaları və yolları var. Duaya məxsus qaydanı işlətmək lazımdır. Ən əsas qayda budur ki, insan Allah-Taalaya diqqət yetirsin və bütün qəlbi ilə Allahdan istəsin. İnsanın qəlbi yumşalıb Allaha yönəldikdə duanın zamanıdır. O zaman Allahdan istəsəniz, adətən istəyiniz təmin olunar. Əgər Allahın elmində bəzi məsləhətlər mövcud olsa, heç. Biz bu mətləbləri bilmirik. Allah-Taala bizim dualarımıza görə yaradılışın, yaxud bir xalqın ümumi maraqlarını ayaq altına atmır. Əgər bizim istəyimizə böyük bir məsləhət mane olmasa və dua halında lazımi diqqətə malik olsaq, dua qəbul olunar; ya tez, ya gec.

Hədislərdə göstərilmişdir ki, hacətlər üçün dua etdikdə öz duanızı və istəyinizi çox bilməyin. Yəni nə qədər istəyirsinizsə, Allahdan diləyin. Deməyin bu çoxdur, azını istəyim ki, mümkün olsun. Duanı çox hesab etmək bizə qadağan olunmuşdur. Yəni Allah qarşısında duanı və istəyi çox saymayın. Allahdan böyük istəklər diləyin, Allah-Taala verəcək. Duaya ümid qapısını üzünüzə bağlamayın. Allah-Taalanın özü ilə bəndələri arasında yaratdığı bu yolu və vasitəni üzünüzə bağlamayın. Hədis kitablarında belə bir fəsil var: Duada tələsməmək. Yəni duada tələsməyin. Əgər bir şey istədinizsə və o sizin istədiyiniz zaman təmin olunmadısa, deməyin ki, Allah-Taala mənim duamı qəbul etmədi. Xeyr, hər şeyin öz zamanı var. Hədisdə gtöstərilir ki, Allah-Taala Bəni-İsraili xilas etməsini söz verdikdən sonra onlar qırx il dua etdilər və nəhayət baş verdi. Böyük iş görüldü. Fironun qərq olması və Musanın ona qələbə çalması üçün qırx il çalışmaq çox deyil. Tələsməyin, Allahı diqqətlə çağırın və nə istəyirsinizsə, Ondan diləyin. Bəzi dualarda buna işarə vurulub. Bir duada göstərilir ki, böyük arzular hər bir qapıdan və hər bir şəxsin yanından qaytarılır, lakin Sənin yanında belə deyil. Sənin yanında böyük arzular da təmin edilir.

Məqalədə : Ramazan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
740

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
872

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
791
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 02:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru