Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Noyabr

2019
16:22
Hərbdə və mənəviyyatda generallıq

Azərbaycanın mədəniyyət beşiyi, Qafqazın konservatoriyası sayılan Şuşanın tarixi çox zəngin və qədimdir. Mədəniyyətimizə görkəmli şəxsiyyətlər, sənət inciləri bəxş etmiş bu ulu yurd yerimiz təkcə qala şəhər deyil, həm də ən qədim tariximizi özündə yaşadan milli mədəniyyət mərkəzi, açıq səma altında muzeylər məkanıdır.

Hələ Molla Pənah Vaqifin dövründən başlayaraq, Şuşa ədəbi mərkəz kimi şöhrət tapmışdı. XIX əsrin ortalarında çarizmin müstəmləkə siyasətinə zidd olaraq Azərbaycanda yeni bir mədəni həyat qaynayırdı. Qarabağda, xüsusilə Şuşada elm və ədəbi fəaliyyət artırdı.

Azərbaycan xalqı tarix boyu nəsillərimizə örnək olacaq dahi şəxsiyyətlər yetirmişdir. Azərbaycanı dünyaya tanıtmış belə dahi insanlar içərisində Qarabağda, xüsusən də Şuşada doğulmuş və ya şuşalı köklərə malik şəxsiyyətlər də çoxdur. Müsəlman Şərqində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri Səməd bəy Sadıq bəy oğlu Mehmandarov (1855-1931) da əslən şuşalı idi. Bu yazıda milli hərb sənətimizin böyük simalarından olan Səməd bəyin ömür yoluna nəzər salacağıq.

Qeyd edək ki, Sadıq bəy Mehmandarov işi ilə əlaqədar olaraq bir müddət Lənkəranda yaşamalı olmuş və Səməd bəy 1855-ci il oktyabrın 16-da bu şəhərdə dünyaya göz açmışdır. O, Bakıda gimnaziyada təhsil almış, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka Artilleriya Məktəbinə daxil olmuşdur.

Sonralar odlu-alovlu yollar keçən, müharibələrdə əsl sərkərdə kimi yetişən Səməd bəy Mehmandarov gənc yaşlarından nəzərəçarpacaq dərəcədə bacarıqlı olması ilə diqqəti cəlb etmişdir. 1875-ci ildə (20 yaşında) podporuçik rütbəsində ikən üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif edilmişdir. Ardıcıl olaraq hərbi rütbələrə yüksələn Səməd bəy Mehmandarova 1904-cü ildə, qırx səkkiz yaşında general-mayor, Rus-Yapon müharibəsində böyük rəşadət göstərdiyinə görə 1908-ci ildə tam artilleriya generalı (general-polkovnik) rütbəsi verilmişdir. O, Port-Artur döyüşlərində dəyanətinə, komandirlik bacarığına görə Şərq cəbhəsinin rəisi təyin edilmişdi.

I Dünya müharibəsi başlanarkən (1914) Varşava ətrafında xidmət edən və vətən sevgisi ilə yaşayan generalın komandir olduğu 21-ci piyada diviziyasının tərkibində 81-ci “Abşeron alayı”, 82-ci “Dağıstan alayı”, 83-cü “Samur alayı” və 84-cü “Şirvan alayı” xidmət göstərmişdir. Diviziya komandiri S.Mehmandarovun fitri istedadı onu Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə qazandırmağa müvəffəq etmişdi. 1915-ci ildə o, korpus komandiri təyin edilmiş, 1917-ci ilin əvvəlində Rusiyanın, demək olar ki, bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordeni ilə təltif olunmuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra S.Mehmandarov vətənə qayıdır. 1918-ci il dekabrın 25-də Cümhuriyyətin Hərbi naziri təyin edilir. O, qısa müddət ərzində müstəqil Azərbaycanın 30 minlik ordusunu yaratmağa nail olmuşdur. 1919-cu ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə nazir S.Mehmandarov Cümhuriyyət Hökumətinin başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, ingilis hərbi dəstələri Azərbaycanda məskun olduqları yerlərdə talanlar edir, kəşfiyyat işi aparırlar. Bunlara etiraz olaraq şərəfli zabit və qürurlu şəxsiyyət olan S.Mehmandarov İngiltərənin I Dünya müharibəsi illərində ona verdiyi ordenləri geri qaytarmağı Azərbaycan hökumətindən xahiş etmişdi.

General sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirmiş və Azərbaycanda yaradılmış Hərbi Komandirlər Məktəbində 1921-1928-ci illərdə müəllimlik etmişdir.

“Xalqımız şanlı tariximizi bilməlidir”

Əfsus ki, tarix boyunca xalqımızın görkəmli şəxslərinə və onların ailələrinə düşmənlərimiz tərəfindən divan tutulmuş, tariximizin və mədəniyyətimizin məhvinə yönəldilmiş məqsədyönlü siyasət aparılmış, arxivlərimiz yandırılmışdır. Minlərlə ziyalı və ictimai xadim təqiblərə məruz qalmışdır. Mehmandarovlar ailəsi də belə qurbanlardan sayılır.

Hərb tariximizin tanınmış tədqiqatçısı Şəmistan Nəzirlinin araşdırmalarında qeyd edildiyi kimi, S.Mehmandarov xalqımıza müraciətlərində milli hərbi xadimlərin tanıdılmasının əhəmiyyətini xüsusi vurğulayırdı: “Dünya tarixçilərinin yazdıqları, avropalıların da bizim barədə bizdən çox bildikləri və danışdıqları – yalnız azərbaycanlılardan təşkil olunmuş hərbi qüvvələrimizin rəşadətini və qəhrəmanlıqlardan ibarət şanlı tariximizi xalqımız bilməlidir. Biz daim boyunduruq altında olmamışıq, müxtəlif dövrlərdə istər Asiyaya, istərsə də Avropaya öz tələblərimizi diktə etmişik”. General S.Mehmandarov bu mənada maarifləndirmənin, xalqın savadlanması, köklərinə qayıtmasının vacibliyini, tarixinə və mədəniyyətinə sahib çıxmasını önə çəkmişdir.

S.Mehmandarov təkcə hərb sənətinin bilicisi deyildi. O, həmçinin xalqının təəssübünü çəkən dəyərli vətəndaş olmuşdur. Görkəmli hərbi xadim yaşadığı dövrdə də rusların ermənilərə mütəmadi olaraq köməklik göstərdiyini öz yazılarında dəfələrlə vurğulamışdır. 1918-20-ci illərdə ermənilər Şuşa üzərinə dəfələrlə hücum edib onu yandırsalar da, şuşalılar qəhrəmanlıqla müdafiə olunaraq, böyük itkilər hesabına şəhəri mənfur düşmənə təslim etmədilər. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulması Qarabağa dinclik gətirmədi. Yüksək rütbəli sovet rəhbərliyinin himayədarlığı ilə Dağlıq Qarabağda rəhbər vəzifələrə sahib olmuş ermənilər indi öz məkrli siyasətlərini “sinfi mübarizə” adı altında həyata keçirir, bölgənin azərbaycanlı əhalisinə qarşı, sözün əsl mənasında, soyqırımı və deportasiya siyasəti yeridirdilər. Odur ki, general S.Mehmandarov sosial statusundan asılı olmayaraq, gənclərimizin hərb elminə yiyələnməsini daim tövsiyə edirdi.

Xalça Muzeyinin Şuşa filialı Səməd bəyin evində yerləşib

Qeyd edək ki, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 19 may 1987-ci il tarixli əmri ilə yaradılmış Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı məhz S.Mehmandarovun şəhərdəki malikanəsində yerləşirdi. Niyə məhz bu bina seçilmişdi? Çünki bu malikanənin mürəkkəb dağ relyefinə malik Şuşa şəhərinin mərkəzində, turizm üçün əlverişli və gözəl tarixi-memarlıq binasında yerləşməsi, sadə landşafta və çox münasib infrastruktura malik olması, daxili interyerinin Şərq üslubunda xalça naxışları ilə bəzədilmiş rəsmlərdən ibarət olması uyğun hesab edilmişdi.

Təəssüf ki, muzeyimizin Şuşa filialının ömrü çox qısa oldu. Qarabağın işğalı prosesi başlayan zaman filialın sərəncamında olan əksər xalça eksponatları xilas edilərək Bakıya – Xalça Muzeyinə təhvil verildi. Ürək ağrıdan odur ki, S.Mehmandarovun malikanəsi işğaldan sonra da, lakin artıq ermənilər tərəfindən eyni məqsədlə istifadə olunur. Bu malikanədə indi nümayiş olunan xalçalar Qarabağda işğal zamanı qəsb edilmiş Azərbaycan xalçalarıdır, amma erməni xalqının mədəni irsi kimi təqdim edilir.

Xalqımız inamını heç zaman itirməyib. Biz işğal altında olan torpaqlarımıza şərəfimizlə, şücaətimizlə tezliklə dönəcəyik. Bu əminlik xalqımızın sevgisindən ilham alan ölkə rəhbərinin apardığı məqsədyönlü siyasətə inamdan irəli gəlir. Şübhə etmirik ki, tezliklə üçrəngli, ay-ulduzlu möhtəşəm Azərbaycan bayrağı Qarabağda dalğalanacaq!

***

Onu da bildirək ki, Azərbaycan Milli Xalça Muzeyində xalqımızın tarixində önəmli yeri olan insanlar, o cümlədən general S.Mehmandarovun əziz xatirəsi tez-tez yad edilir. Bu günlərdə muzeydə generalın anadan olmasının 164-cü ildönümünə həsr edilmiş mühazirə təşkil edilmişdir. Tədbirdə tədqiqatçı-jurnalist Şəmistan Nəzirlinin “Azərbaycanın ilk Hərbi naziri” adlı mühazirəsi maraqla dinlənilmişdir.

Əlisəfa NURİYEV

Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşı

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ağstafada əl qumbaraları tapılıb - FOTO

12

Dekabr
19:50
HÜQUQ,HADİSƏ
235

Dekabrın 13-nə manatın məzənnəsi

12

Dekabr
17:45
İQTİSADİYYAT
224

Səudiyyə Ərəbistan ziyarətçiləri sığortalayacaq

12

Dekabr
17:30
BÖLMƏNİ DÜZ SEÇ!
257

Azərbaycan Dünya Bankının kreditindən imtina edib

12

Dekabr
17:09
İQTİSADİYYAT
280

Azərbaycanda inflyasiya göstəriciləri açıqlanıb

12

Dekabr
13:08
İQTİSADİYYAT
447
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2019 03:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru