Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2018
09:30
Şeyxülislam Abel Məhərrəmov hadisələrini inkar etdi: `Belə məsələ olmayıb`

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müsahibə verib. Hörmətli Şeyximiz həmin müsahibədə son günlərin gündəm mövzularına dair bütün suallarımızı cavablandırıb. Hətta Şeyx həzrətləri hələ heç yerdə demədiyi bəzi məsələləri də müxbirimizə açıqlayıb. İnanırıq ki, bu müsahibə ölkə ictimaiyyəti üçün son dərəcə maraqlı olacaq.

- Müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirəm, Şeyxülislam həzrətləri, Sizin şəxsi müşahidəniz bizim üçün çox maraqlıdır. Hazırda dünyada dinlər, xüsusən də müsəlmanlar arasında davam edən ixtilafları aradan qaldırmaq mümkün olacaqmı? Yoxsa elə belə də davam edəcək?

- Bismillahir rəhmanir rəhim. Hazırda Peyğəmbər əleyhissəlamın mübarək mövlud günləridir. İstərdim sizin qəzetiniz vasitəsilə dünya müsəlmanlarının mövludunu təbrik edəm. Qurani-Kərimdə Allah buyurur ki, “İnnə ərsəlnakə rəhmətən lilaləmin”, yəni Peyğəmbərə xitabən bildirir ki, “Mən səni aləmlərə rəhmət olaraq” göndərmişəm. Aləmlər dedikdə bütün varlıq aləmi nəzərdə tutulur, orda müsəlman da var, xristian da, yəhudi də, buddist də və sair. Peyğəmbər aləmlərə rəhmətdir.

Ümidsiz olan şeytandır. İnsan son nəfəsinə qədər ümidini üzməməlidir. Peyğəmbərdən (s.ə.s) gələn hədislərə baxanda bunu aydın görürük. Biz ümidlə yaşamalıyıq. Düzəlməyəcək deyə yaxşı işlərimizdən əl çəkək düşüncəsi olmamalıdır. Quran bizə bu cür öyrətmir, Peyğəmbərimiz (s.ə.s), imamlar, böyük şəxsiyyətlər bizə bu yolu göstərmir.

Ancaq təbii ki, problemlər var. Zənnimcə, əsas çətinliklərdən biri də odur ki, bəzi siyasi xadimlər dini məsələləri öz xeyrinə istifadə edir. Özünü dindar kimi göstərib, din adından çıxış edib dinə olan münasibəti öz xeyrinə istifadə etmək cəhdi var. Ona görə də, bu cür qarşıdurmalar baş verir. Əlbəttə, bütün siyasətçi və ya dövlət rəhbərləri deyil, bəzilərinin səbəbindən bu vəziyyət hətta məzhəblər arasında, xalqlar, millətlər içərisində də qarşıdurmalara gətirir.

Müsəlman dünyasında da bu cür vəziyyət var. Mən bunu müşahidə edirəm. Amma bu o demək deyil ki, biz ümidsiz olaq. Mən inanıram ki, bir gün gələcək qardaşlıq, dostluq, ədalət üstün dəyərə çevriləcək.

- Azərbaycanda açığı vəziyyət digər müsəlman ölkələri ilə müqayisədə daha ümidvericidir, ölkəmiz müsbət mənada xeyli irəlidə görünür. Hətta bəziləri bunu yenilik də sayır: müsəlmanların birgə vəhdət namazlarının qılmasını, heç bir münaqişələrin olmamasını və sair. Sizin bu mövzuda ölkəmiz üçün dəyərləndirməniz necədir?

- Əlbəttə, bizdə vəziyyət yaxşıdır. Azərbaycanda olan dinlər, məzhəblərarası münasibət, xalqımızın qanında olan tolerantlıq, başqa dinlərlə birlikdə yaşamaq qabiliyyəti, başqa din və məzhəblərə, hətta başqa xalqlara münasibət çox yaxşıdır. Biz görürük ki, digər müsəlman ölkələrində məzhəblər arasında münasibət o qədər də yaxşı deyil. Amma bizdə o problem yoxdur. Bizim ölkəmizdə yaşayan həm sünnilər, həm şiələr çox tolerantdır, bir-birinə qarşı qardaş münasibəti bəsləyirlər. Ona görə də bir çox məscidlərimizdə, hansı ki, həmin bölgədə azlıqda sünni və ya şiə varsa, o məscidlərə iki imam təyin edirik. Həm sünni, həm də şiə imamlar. Bu bizim həyatımızdır. Eyni zamanda dövlətin də siyasəti bunu gərəkdirir. Bu vəziyyətin yaranması dövlətin siyasətindən də asılıdır. Dövlət ilk növbədə bu şəraiti yarada bilir. Həm müsəlmanlar, həm də başqa dinlər üçün. Bu da indi dünyada nadir nümunədir. Təsadüfi deyil ki, hazırda dünyada mövcud olan azsaylı dinlərarası, sivilizasiyalar arası dialoq mərkəzlərindən biri də Azərbaycanda yerləşir, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində yaradılıb. Bu mərkəzin həm ölkə daxilində, həm də xaricdə apardığı dini, dialoq təbliğatı və buna olan reaksiyalar göstərir ki, Azərbaycanın tutduğu yol doğru yoldur. 

- Artıq 3 ildən çoxdur ki, qeyd etdiyiniz təşkilatın xətti ilə müxtəlif ölkələrdə - Türkiyə, İran, İspaniya, Finlandiya, Rusiya, Orta Asiya – tolerantlıq mövzusunda beynəlxalq konfranslar keçirilir. Hazırda dünyada etnik və dini-məzhəbi zəmində nifrətin yayıldığı bir zamanda dinlərarası dostluq, qardaşlıq, yaxınlaşma mövzusunda konfranslar, beynəlxalq tədbirlər keçirirsiniz. Dünyada bu təşəbbüsə reaksiya necədir? Həqiqətən, dinlərarası dostluq yaratmaq mümkündürmü?

- Təbii ki mümkündür. Bu sahədə  çox ciddi nəticələr var. Bu il 3 konfrans keçirmişik. Bunlardan birini Şimali Qafqazda keçirmişik, keçmiş SSRİ ərazisində yaşayan müftilərlə birlikdə. İkinci tədbiri İspaniyada, nəhayət üçüncünü də bu yaxınlarda Almaniyanın Berlin şəhərində keçirmişik. Sonuncu tədbirdən yeni gəlmişəm, hələ də məktublar, reaksiyalar gəlməkdədir. Çox müsbət təsir qoyub, təqdir edirlər. O konfranslarda iştirak edən çox yüksək vəzifəli şəxsiyyətlər, keçmiş prezidentlər, siyasətçilər, demək olar ki, bütün geniş yayılmış dinlərin təmsilçiləri, din xadimlərinin fikirləri yüksək idi. Əksər insanlar bu cür tədbirin təşkilinə təəccüblə baxır, həm də təqdir edirdilər. 

Hətta Bundestaqın nümayəndəsi çıxışında dedi ki, mənə çox xoş gəlir ki, Azərbaycan bu gün bir multikulturalizm mərkəzinə çevrilmişdir. Bu siyasəti apardığı üçün Azərbaycan dövlət rəhbərliyinə təşəkkürünü bildirdilər. Bu böyük işdir. Bilirsiniz, Azərbaycan çox da böyük bir dövlət deyil. Bu təşəbbüsü ələ almaq, dünyada öz sözünü demək, tolerantlıq təbliğatını aparmaq böyük uğurdur. Bunu davam etdirməliyik. Çünki ölkə prezidenti, İlham Əliyev cənabları bu prosesi başladıb, islam həmrəyliyini insan həmrəyliyinə çevirmək fikrindədir. O istəyir ki, ölkəmiz bütün dinlərin həmrəyliyi mərkəzinə çevrilsin. Bu da insan həmrəyliyinə gətirib çıxarsın. Biz bu tədbirləri həm Avropada, həm Asiyada, həm də Yaxın Şərqdə keçirdik və baxdıq ki, bütün dünyada həmrəylik çağırışlarına ehtiyac var. 

- Yeri gəlmişkən, noyabrın əvvəlində Madriddə keçirdiyiniz tədbirlə bağlı mediada çoxlu sayda yazılar dərc olundu. BDU-nun keçmiş rektoru Abel Məhərrəmovla bağlı, xüsusən də təyyarədə şərab aparılması, bundan başqa oteldə qalmaqalla bağlı yazılar oldu. Bu yazılara münasibətinizi bilmək istərdik. Orda həqiqətən nə baş vermişdi?

- Mən açığı bir şey baş verdiyini görməmişəm. Bəzi adamların da Şeyxülislam haqda düşüncələri qəribədir. Mən bu cür səfərlər olanda evdə hazırlaşıram, məlumat verirlər ki, təyyarə hazırdır, uça bilərik. Ondan sonra mən də gəlirəm, təyyarəyə minib yola düşürük. Təyyarədə mənim və digər səfər iştirakçılarının geyimləri, şəxsi əşyaları olan çantalar olur. Bir də bizim heyətdə olan çəkiliş qrupunun avadanlıqları.

Amma qəti şəkildə deyirəm ki, belə bir məsələ olmayıb, bu, yalandır. Nəyə görəsə bunu yazırlar, deyirlər. Yəqin ki, düşmənçilik məqsədi ilə edirlər. Axı dövlət var, dövlətin sərhəd, gömrük xidməti var. media var. İspaniya böyük bir dövlətdir, ciddi nəzarət sistemi var. Hətta biz ora gedəndə sərhəddə ayaqqabılarımıza qədər yoxlayırlar. Necə oldu ki, bu qədər yükü oradan keçirdilər? Bütün bunlar necə ola bilər? Elə başa düşürəm ki, bütün bunlar quraşdırmadır. Təyyarənin gecikməsi normal hadisədir, çarter reyslər də bir qayda olaraq yubanır. Mən o zaman soruşmuram ki, təyyarə niyə ləngiyir? Digət tərəfdən, mən nə Abel müəllimin, nə də heyətdə olan digər şəxslərin içki içdiyini görməmişəm.

Tədbirimiz yüksək səviyyəli bir konfrans idi. 260 nəfərdən çox nüfuzlu qonaq vardı. Orda mən də, Siyavuş müəllim də, Abel müəllim də çıxış etdi. Axırda da prezident həzrətlərinin məktubu oxundu. Burda bəzi şeylər yazırlar, mən Bakıya gələndən sonra oxudum. Guya məni nömrədən çıxarıb dəvət ediblər. Belə şey olmayıb.

Oteldə qalarkən nümayəndə heyətinin üzvləri adətən otelin foyesində oturub çay içirdilər. Bir dəfə məni də dəvət etdilər, oturub çay içdik.   Səhəri gün nümayəndə heyəti ilə birlikdə Əli bəyin evində qonaq olduq, səmimi şəraitdə söhbətlər oldu, orada Abel Məhərrəmov da, Siyavuş Novruzov da gözəl çıxışlar etdilər, beynəlxalq konfransın yüksək səviyyədə təşkilində roluna görə Əli bəyi təbrik etdilər. Çox gözəl münasibət oldu. Heç bir başqa söhbət olmayıb. Ölkəmizin İspaniyadakı səfiri — Abel müəllimin oğlu Anar Məhərrəmov da orada bizimlə birgə idi.

Anar müəllim bizim ötən illərdə İspaniyada keçirdiyimiz konfranslarda da iştirak edib. Mən keçən il İspaniyada konfransdan sonra Bakıya qayıdanda prezident cənabları ilə görüşümüz oldu və mən orda səfirimizin müsbət fəaliyyətini,  gördüyü işləri qeyd elədim. Prezident bundan məmnun qaldı. Biz Abel müəllimlə illərlə dostuq, münasibətimiz olub. Ona böyük hörmətim var. Uzun illər İlahiyyat Fakültəsində imtahan komissiyasının sədri olmuşam, universitetdə dərs demişəm, professor  olmuşam, birgə tədbirlər keçirmişik. O işdən azad ediləndə mən burda olmamışam, qayıdandan sonra telefon açmışam. Ancaq hələlik danışa bilməmişik, mümkündür ki, xəbərsiz olub.

O ki qaldı Abel müəllimin rektorluqdan azad edilməsinə, bu prezident cənablarının müstəsna səlahiyyətidir. Heç kimin bu işə qarışmağa ixtiyarı yoxdur. Prezident kimə görəsə kimisə işdən azad etmir. Bu gün işdən azad edib, bəlkə gələcəkdə başqa yerdə lazım olacaq? Bu işə Abel müəllimin oğlunu, qardaşlarını qarışdırmaq mən elə bilirəm ki, çox böyük haqsızlıqdır.

- Şəxsi münasibətləriniz necədir? Bu tədbirdən sonra Abel Məhərrəmov, ya da Siyavuş Novruzovla aranızda soyuqluq yaranmayıb?

Yox, heç bir soyuqluqdan söhbət gedə bilməz. Mən onunla bu gün də dostam. Mən onun oğluna oğlum kimi baxıram, nəvəsinə nəvəm kimi. O da mənə qarşı elədir. Bizim aramızda heç bir problem yoxdur. Siyavuşu da oğlumdan, qardaşımdan ayırmıram. Vaxtilə onun nikahını da mən kəsmişəm. Bir böyük, agsaqqal olaraq özümə hər zaman ondan yalnız ehtiram görmüşəm.

- Azərbaycan müstəqil olduqdan sonra dövlət bir mənada dini fəaliyyətləri QMİ-nin öhdəsinə buraxıb. Ancaq sonradan tədricən dövlət də dini sahədə müəyyən işləri görməyə başlayıb. Bu həm də dünyada baş verən proseslərlə bağlı olsa da, nəticə etibarı ilə son illərdə dini fəaliyyətləri QMİ ilə yanaşı dövlət qurumları da aparır. Bu səbəbdən də belə bir qənaət formalaşıb ki, QMİ-nin səlahiyyətləri azalıb. Sizcə belədirmi?

- QMİ-nin səlahiyyəti deyilən  məqam  məscidlərdir, ibadətlərin həyata keçirilməsi, namaz qılmaq, moizə deməkdir. Bunlar  bizim qurumun  —  dini mərkəzin səlahiyyətimdə olan məsələlərdir. Əvvəldən də bu belə idi, indi də belədir. Qaldı ki, başqa işlər, onlarla bağlı situasiya əvvəllə müqayisdə dəyişib. Hazırda 800-dən çox aktiv, işlək məscid var. Onların fəaliyyətini təmin etmək -  böyük ehtiyacları var - onları qarşılamaq QMİ üçün çətindir. İdarə olaraq çatdıra bilmirəm. Dövlətsiz bu işləri görmək mənim üçün çox çətindir. Biz hazırda bu konfransları da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə keçiririk. Dövlətin bu sahədə işlrə görməsi mənə yardımdır. Mənim səlahiyyətim dediyim kimi, məscidin içi, ibadət, moizədir. Bundan qalan məsələlər ümumi işlərdir, biz bir yerdə işləyirik, onlar da bizə yardım edirlər. Yəni heç bir ayrı-seçkilik yoxdur. Açığını deyim ki, bizim bu gün bir yerdə fəaliyyət göstərməyimiz ümumi işimizin xeyrinədir, həm dövlətçiliyimizin, həm də dinin. ("Yeni Müsavat")

Məqalədə : Şeyxulislam müsahibə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68459

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65877

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67684

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
67031

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72496

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66754

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
67098
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-03-2021 08:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru