Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2017
10:48
Kəlbəcər köçkününün qapısını icra məmurları döyəndən sonra...

“Özləri məhkəmə qurur, özləri istədikləri qərarı çıxarır, verir icra məmuruna, deyir, get filankəsin evini sök. Nə məhkəmə vaxtı çağırıb soruşan olub ki, bu evi tikmisən, hansı sənədin var, yoxdu, nə xəbərdarlıq olub, heç nə...”

Göygölün Xanlar qəsəbəsində yaşayan Kəlbəcər köçkünü Akif İsgəndərov AzadlıqRadiosu-na danışır ki, bu il aprelin əvvəlində qapını icra məmurları döyüb. Ona qətnamə və icra vərəqəsi göstərərək xəbərdarlıq ediblər ki, ev təcili sökülməlidir. Akif İsgəndərov deyir, qanuni yolla aldığı torpaqda ev tikərkən heç kəs gəlməyib:

“8 il əvvəl Xanlar qəsəbəsində 8 sot sənədli torpaq almışam. Ev tikmək üçün icra hakimiyyətinə rəsmi müraciət etmişəm. Qanunla müəyyən olunan vaxtda cavab almadıqda evimi tikməyə başlamışam. Evin tikintisi zamanı icra hakimiyyətinin bircə işçisi də gəlib irad, qadağa bildirməyib. Ev tikilib, üstü örtülüb, içərisinə yığışmışıq”.

“BUNUN AXIRI YAXŞI GÖRÜNMÜR”

Bundan sonra evin sökülməsi üçün məhkəməyə müraciət olunub. Ancaq Akif İsgəndərov deyir, o, məhkəmə keçirilməsindən yalnız icra məmuru gələndə xəbər tutub:

“Sual olunur – niyə vətəndaş xərc çəkib ev-eşik tikdirib üstünü örtüb içinə yığışanda sökməyə gəlirsiz? Bunu qəsdən edirsiz? Siz bilirsiz vətəndaşın tikdiyi evi sökmək qədər təhlükəli iş yoxdur? Siz vətəndaşa sataşırsız? Aqibətini fikirləşirsiz? Bütün ölkədə bu başdan o başa insanların yuvaları başlarına uçurdulur. Bunun axırı yaxşı görünmür. Mənim evim icra hakimiyyəti ilə bələdiyyə arasında özlərinə aid olan mübahisələrin güdazına gedib. Bələdiyyə torpaq satır, vətəndaş yeni qanuna uyğun olaraq icranı rəsmi xəbərdarlıq edir, səs çıxmır. Vətəndaş başlayır tikməyə, sonra da icra bələdiyyə ilə yola getməyəndə gəlib bələdiyyənin satdığı torpaqlarda tikilmiş evi sökdürür. Bələdiyyəylə aran dəyib, get bələdiyyəylə haqq-hesabını apar, vətəndaşın əziyyətlə tikdiyi evi niyə sökürsən?”

Aprelin əvvəlindən əlində icra vərəqi ilə gələn icra məmurları evi sökə bilmirlər. Daha doğrusu, ev sahibi buna imkan vermir. İcra məmurları hər dəfə ev sahibinə “bax, gələn dəfə gələk görək köçünü daşımısan, sökməliyik, vəssalam” deyə barmaq silkələyib gedir. Ev sahibi deyir, icra məmurları gedəndən sonra səhhəti ağırlaşır, hətta əzab-əziyyət, borc-xərclə tikdiyi evini sökəcəklərini düşünəndə, əli heç yerə çatmayanda, az qalır, özünü öldürsün.

VƏTƏNDAŞ EVİ BOŞALTMASA...

Göygöl rayon icra şöbəsindən “Qaynar xətt”ə bildirilib ki, şöbəyə evin sökülməsi ilə bağlı icra vərəqəsi daxil olub. Onların vəzifəsinə düşənsə icranı yerinə yetirməkdir. Vətəndaş evi boşaltmasa, zorla boşaltmaq və sökmək məcburiyyətində qalacaqlar.

Göygöl rayon icra hakimiyyətindənsə bildirilib ki, mübahisəyə aidiyyətləri yoxdur: “O mübahisə bələdiyyə ilə həmin köçkünün torpağı aldığı şəxs arasındadır. Bələdiyyə iddia edib ki, torpaq zəbt olunub, məhkəmə də təmin edib. Bildiyimiz bura qədərdir”.

Hüquqşünas Namizəd Səfərov deyir, üstü örtülmüş tikilini sökmək qanunaziddir.

“Məhkəmə üstü örtülmüş tikilinin sökülməsi barədə necə, hansı marağa qətnamə çıxarıb, mənə bəlli deyil, ancaq bu qətnamə qanunaziddir. Vətəndaş bu qətnamədən yuxarı instansiyalara şikayət etməlidir”, – hüquqşünas bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
336

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
580
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 03:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru