Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Avqust

2015
10:13
Neftin qiyməti 40 dollardan aşağı düşərsə Azərbaycan iqtisadiyyatına necə təsir edəcək

«Neftin dünya bazar qiymətləri yenidən ucuzlaşmağa başlayıb. Bu ilin fevral və aprel aylarında isə keçən ilin iyun ayından başlanan ucuzlaşma prosesi sabitləşmişdi. Və buna nəzərən hətta bizdə də optimist fikir yaranmışdı ki, kəskin ucuzlaşma artıq, arxada qaldı. Lakin görünür, neftlə bağlı hava proqnozu kimi 1 həftədən sonra barədə dəqiq fikir irəli sürmək mümkün də deyil və buna çalışmaq da düzgün deyil». FaktXəbər-in verdiyi məlumata görə, bu sözləri iqtisadçı ekspert Pərviz Heydərov neftin qiymətlərinin aşağı düşməsi ilə bağlı fikir bildirərkən deyib.

O, bildirir ki, neft "oyun" oynayır: «Və bu oyun göstərir ki, onun hasilatı və satışı, daha doğrusu təklifi və tələbi üzərində artıq, bu sahədə əsas diqtə sahibləri də deyəsən, nəzarəti itiriblər. Əgər, bu dəqiqdirsə, çox təhlükəli tendensiyadır».

Hazırda qiymətlər 50 dollardan demək olar ki, aşağı səviyyədədir. Əsas narahatçılıq doğuran məqam isə ondan ibarətdir ki, qiymət 40 dollara və bundan da aşağı düşə bilərmi? İqtisadçəı qiymətlərin 30 və hətta 20 dollardan da aşağı səviyyədə olduğu vaxtları xatırladır: «Lakin dünya iqtisadiyyatının həmin vaxtları çoxdan arxada qalmışdır. Belə ki, neftin qiymətinin ucuzlaşmasının hazırda psixoloji həddi 50 dollardan aşağı hesab olunursa, 40 dollar və ondan aşağı düşərsə fəlakət demək olacaq. Məsələn, 1984-cü ildə 6 ay ərzində 30 % ucuzlaşma halı baş vermişdir. Sonrakı illərdə - 1985-86-da 1 barel neft 10 dollara qədər belə düşmüşdü. Və yaxud, çox uzağa getməyək, 2008-ci ildə 146 dollardan birdən-birə 36 dollara endi. 2014-cü ilin iyun ayından başlanan sonuncu ucuzlaşmanın fərqi isə ondan ibarətdir ki, bu dəfə proses tədricən və uzunmüddətli davam edir. Bu isə daha təsiredicidir. O səbəbdən ki, yəni, kəskin və qısamüddətli ağrıya dözmək olsa da, uzunmüddətli ağrı orqanizmi haldan salır. Və bu mənada, büdcəsi neftdən asılı olan ölkələr bu dəfə lap, təngə düşüblər».

Pərviz Heydərov bu proses nəylə nəticələnə biləcəyini də açıqlayıb: «Yuxarıda qeyd etdik ki, neft "oyun" oynayır. Və bu oyun belə göstərir ki, onun hasilatı və satışı - təklifi ilə tələbi üzərində artıq, bu sahədə əsas diqtə sahibləri nəzarəti itiriblər. Başqa sözlə desək, neftin qiymətinin ucuzlaşması bir növ bumeranqa çevrilib.

Belə ki, iri neft hasilatçısı olan şirkətlər sürətlə zərərə gedirlər. Amerikanın ən böyük və ən zəngin neft şirkəti olan Exxon Mobil Corp. mənfəəti ikinci rübdə 52 % aşağı düşüb. Chevron şirkətinin mənfəəti II rübdə kəskin azalıb – şirkət aşağı neft qiymətləri fonunda 2 milyard dollarlıq aktivlərin silinməsi və layihələrin kecikməsi ilə bağlı xərclərinin artması ilə üzləşib. İlin birinci yarısında Britaniyanın neft və qaz nəhəngi BP Plc şirkətinin xalis zərəri bir il əvvəlki $ 6,89 milyarda qarşı 3,22 milyard dollar təşkil edib. Bu siyahını uzatmaq da olar.

Məlumdur ki, ABŞ dünya neft bazarların bir nömrəli söz sahibidir. Bu ölkədə çıxarılan şist neftinin özü ilin əvvəlindən bəridir zərərlə başa gəlir. Çıxarılanın maya dəyəri ödənilmir, üstəlik əlavə investisiyalar həyata keçirmək mümkün sayılmır. Odur ki, biz, yenə təkrar edirik ki, neftin qiymətinin 50 dollardan aşağı düşməsini heç də iqtisadi faktorlarla izah etmək olmaz...»

İqtisadçının sözlərinə görə, neftin qiymətinin ucuzlaşmasının bir "döşəmə" həddi var və inandırıcı deyil ki, o, 40 dollardan da aşağı düşsün: «Bazara lap, İran da girsə hasilatın xərci var. Şərhlərimizin birində də qeyd etmişdik ki, neft ağacda yetişən meyvə deyil ki, dərib vedrəyə yığaraq bazara çıxardasan. Maya dəyərdən əlavə, istehsalı saxlamaq və genişləndirmək üçün vəsait lazımdır.

Bu mənada, Azərbaycan üçün ciddi təşvişə düşməyə dəyməz. Ölkəmizdə neft hasilatı SOCAR-a 12-15 dollara başa gəlir. Sadəcə, xərcləri düzgün təşkil etmək lazımdır. Onsuz da bizdə neft hasilatı enir. Odur ki, yeni hasilat üçün ölkəmizdə də müvafiq investisyalara ehtiyac var. Lakin neft hasilatının real vəziyyəti üçün dünya bazar qiymətləri təhlükə törətmir».

Ekspert sadəcə, manatın neftə bağlılığı faktorundan yaxa qutarmaq lazım olduğunu vurğulayıb: «Bunun üçün isə qeyri-neft sektorunun inkişaf etdirilməsi vaxt aparacaq. Hələliksə, iqtisadiyyatın əsas sektorları və xüsusən də aparıcı subyektləri üzrə mövcud qeyri-leqal gəlir və dövriyyə mənbələrinə qarşı "müharibəyə" başlamaq lazımdır. AZAL, Dəmir Yolları, Xəzər Dəniz Gəmiçiliyi, Azərenerji kimi qurumlarda və digər sahələrdə "qara qızıldan" qiymətli gəlir mənbələri var və hətta tam gücü ilə "işlək" vəziyyətdədir».

«Manatı yaxın perespektivdə xilas etməyin birinci yolu dövlət büdcəsindən yayınan gəlir mənbələrini və dövriyyəni məhz üzə çıxarmaqdan keçir», - deyə Pərviz Heydərov bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
450

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
387

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
357
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-05-2020 01:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru