Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyun

2015
10:23
İlham Əliyev: Artıq neft amilindən daha az asılıyıq

1994-cü ildə ilk belə sərginin keçirilməsi çox mühüm idi, o ildən sonra Azərbaycan inkişaf etməyə başladı. Azərbaycan 1992-1993-cü ildə böhranla üzləşmişdi, neft sənayesində böhran vardı. 1994-cü ildə birinci sərgi Azərbaycanı dünyaya tanıtdı.

Bunu bu gün Bakıda keçirilən 22-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin (“Caspian Oil and Gas 2015”) rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı deyib ki, bu sərgilər Azərbaycanın artan enerji potensialını dünyaya nümayiş etdirir:

“Sərgidə 300 şirkət iştirak edir. Ötən müddətdə sərgiyə maraq azalmayıb. 1994-cü ildə birinci Xəzər Neft və Qaz Sərgisindən sonra Azərbaycanın neft strategiyası yaradılıb. 1994-cü ildə ilk neft müqaviləsi imzalanıb. O müqavilə imzalanmasaydı, Azərbaycanın inkişafını təsəvvür etmək çox çətin olardı. Baxmayaraq ki, Azərbaycan o dövrdə riski ölkə sayılırdı, ancaq həm investorların, həm də Azərbaycanın maraqları üst-üstə düşürdü. Bu, Azərbaycanın inkişafını təmin etdi”.

Dövlət başçısı bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi də strateji layihədir: 

“Neft-qaz strategiyası uğurla həyata keçirilməsəydi, bu işləri görə bilməzdik. Neft-qaz və onların ixracı sahəsində Azərbaycan strateji valyuta ehtiyatları əldə etdi. Azərbaycan iqtisadiyyatı son 10 ildə 300 faiz artıb, sosial məsələlər həllini tapıb. Biz düşünülmüş iqtisadi siyasət apararaq neftdən asılılığı böyük dərəcədə azalda bilmişik. İqtisadiyyatımızda neft amili 30 faiz təşkil edir.

Biz Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində böyük uğura imza atmışıq. Artıq neft amilindən daha az asılıyıq. Neftin qiyməti 2 dəfə düşsə də, bu il 5% iqtisadi artım əldə etmişik”.

Prezident bildirib ki, qarşıda duran əsas vəzifə iqtisadiyyatı şaxələndirmək, neft-qaz amilindən asılılığı daha da azaltmaq, icra edilməmiş böyük infrastruktur layihələrini reallaşdırmaqdır: 

“Bununla bərabər, enerji sektorunda da qarşıda duran vəzifələr həllini tapacaq. Çünki bunun üçün çox böyük əsas var. Neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq göstərir ki, Azərbaycanın xarici əməkdaşlığı səmərəli qurulub. Xüsusilə BP bizim əsas tərəfdaşımızdır, həm “Əsrin Müqaviləsi”, həm də “Şahdəniz” layihəsində aparıcı sərmayədardır. Bu əməkdaşlığın 20 ildən çox tarixi var. SOCAR və BP əməkdaşlığı bundan sonra daha neçə on illiklər davam edəcək”. 

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda neft-qaz müqavilələri qanunla qorunur: 

“Bu gün keçmişə baxaraq deyə bilərik ki, Azərbaycan enerji sahəsində layihələri vaxtlı vaxtında icra edib”.

İlham Əliyev deyib ki, Azərbaycanın təsdiqlənən qaz ehtiyatları 2,6 trilyon kubmetrdir: 

“Bir neçə yataqda iş aparılır, inanıram ki, təsdiqlənən ehtiyatlar daha böyük olacaq”.

Dövlət başçısı bildirib ki, enerji marşrutlarının şaxələndirilməsinin böyük önəmi var: 

“Bu yaxınlarda Avropa İttifaqının enerji siyasətində gedən proseslər göstərir ki, Azərbaycan çox önəmli tərəfdaş kimi qəbul edilir. Biz bunu yaxşı bilirik, öz rolumuzu yaxşı anlayır və məsuliyyətimizi dərk edirik. Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi fəaliyyət göstərir. Bütün bunlar Avropa və Azərbaycan arasında münasibətləri daha da yüksək səviyyəyə qaldıracaq. Biz istəyirik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq formatı təşkil olunsun”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın düşünülmüş addımları Avropanın enerji xəritəsini yenidən tərtib edir: 

“Bu, ölkəmizi gücləndirəcək, yeni siyasi və iqtisadi dividentlər gətirəcək, nəticədə Azərbaycan xalqının daha yaxşı yaşaması təmin olunacaq”.

Dövlət başçısı Azərbaycanda islahatların davam etdiyini söyləyib: 

“Azərbaycanda böyük beynəlxalq tədbirlər, toplantılar da keçirilir. Biz qısa müddətdə - iki ildə Birinci Avropa Oyunlarına hazırlığı başa çatdırdıq. Bu, Azərbaycanın qüdrətini göstərir”.

TANAP layihəsi ilə bağlı danışan İlham Əliyev bildirib:

“Artıq Cənub Qaz Dəhlizinin icrasına başlanıb. Azərbaycan bu sahədə də öz liderlik mövqeyini bir daha göstərib. Xəzər qazının Avropaya ixracı ilə bağlı uzun müddət müzakirə getdi. Azərbaycan isə Türkiyə ilə TANAP layihəsinə imza ataraq əsas addımı atdı”.

Dövlət başçısı bildirib ki, artıq Cənub Qaz Dəhlizinin təməli qoyulub, bununla bağlı Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası keçirilib:

“Bu ilin mart ayında biz Türkiyədə TANAP layihəsinə start verdik. Artıq Cənub Qaz Dəhlizi reallıqdır, icra edilir. TANAP layihəsinin 3 ildən sonra icra ediləcəyinə əminəm. Beləliklə, “Şahdəniz” qazı Türkiyə və Gürcüstana ixrac ediləcək”.

Prezident İlham Əliyev TAP layihəsinin icrasında da problem yaşanacağına inanmadığını qeyd edib:

“Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası göstərdi ki, bütün tərəflər məsuliyyətini dərk edir. Burada heç kim əlavə güzəştlər əldə etməyə çalışmamalıdır. Çünki bundan hər kəs mənfəət götürür. Yunanıstan, Albaniya və digər Balkan ölkələri Cənub Qaz Dəhlizinin iştirakçısıdır.

Bu, həm üstünlükdür, həm də müəyyən mərhələlərdə bir sıra məsələlər ortaya çıxa bilər. Gərək bu məsələlər müzakirə yolu ilə həll edilsin.

Qarşımızda heç bir süni əngəl olmamalıdır. Yalnız bu halda Azərbaycan qazının Avropaya nəqlinə başlanacaq. Bu da bizim üçün böyük tarixi hadisə olacaq. Həm böyük ehtiyatlara malik Azərbaycan qazını Avropaya ixrac edəcək, həm də Avropa yeni enerji mənbəyi qazanacaq”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
450

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
387

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
362
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-05-2020 02:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru