Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2015
20:13
Ölkədə neftçilərin ixtisarı davam edir və qanunlar kobud şəkildə pozulur

İxtisar olunan Məlahət Hətəmova: “Bu, qanunsuzdur və şikayətimə baxılmır”

Ölkədə neftçilərin ixtisarı davam edir. “Qarasu” Əməliyyat Şirkətindən tezliklə iki yüz nəfərə yaxın işçinin ixtisar ediləcəyi bildirilir. İşçilər həm də ixtisarların normal, qanunauyğun şəkildə aparılmamasından narazıdırlar.

Şirkətin ixtisara düşən işçilərindən olan Şirvan şəhər sakini Məlahət Hətəmova redaksiyamıza bununla bağlı şikayət məktubu göndərib.

Onun sözlərinə görə, aprelin 6-da işdən çıxarılıb: “Ondan iki ay əvvəl də bununla bağlı bildiriş verilmişdi. İxtisara düşməyim qanunsuzdur. Mən ixtisasca neftçiyəm, ancaq qeyri-ixtisas sahibləri işdə qaldıqları halda, məni ixtisar ediblər. Üstəlik, mən 1977-ci ildən neft sənayesində çalışıram, 93-cü ildən də “Qarasu” Əməliyyat Şirkətində işləyirəm. Orada ixtisaslı kadrlar çox azdır, mən də ixtisaslı kadram. Qeyri-ixtisas sahibləri ixtisara salınmır. Hətta orta təhsillilər orada qalıb işləyirlər. Məndən sonra işə götürülənlər çıxarılmadığı halda, məni çıxarıblar. Pensiyaya çıxmağıma dörd il qalıb. Ailə başçısı rəhmətə gedib, çörək qazananım yoxdur. Bunların heç biri işdən çıxaranlar üçün vacib deyil. Dediyim faktların heç biri nəzərə alınmayıb”.

M.Hətəmovanın sözlərinə görə, şirkətdə iki yüz nəfərin ixtisarı gözlənilir: “İxtisar davam edir. İxtisarla bağlı bir çox qurumlara müraciət etsəm də, nəticəsi olmayıb. Şirkətdə ixtisar məsələlərinə vitse-prezident İslam Ovçuyev baxır. O, qanuna söykənmədən, necə gəldi, ixtisar edir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək niyyətindəyəm”.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə bildirir ki, son aylarda dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması və neft hasilatının aşağı düşməsi ilə əlaqədar ölkəmizdə neftçilər ixtisara salınır: “Çox hallarda isə işəgötürənlər, xüsusilə də Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər işçilərini ixtisara salarkən və ya əmək müqaviləsinə xitam verərkən mövcud qanunvericiliyi nəzərə almırlar. Əmək müqavilələrinə xitam verərkən Əmək Məcəlləsinin tələblərini pozurlar. Nəticədə hüquqlarının pozulduğunu iddia edən işçilər məhkəmələrə müraciət edirlər.

Belə ki, “Bahar Enerji” şirkətindən təşkilata daxil olan məlumata əsasən, Nərimanov rayon məhkəməsi 15 fevral 2015-ci il tarixində “Bahar Enerji” Əməliyyat Şirkətində əmək müqaviləsinə qanunsuz xitam verilmiş işçinin əvvəlki işinə bərpa edilməsi ilə bağlı qətnamə çıxarıb. Məlumatda bildirilir ki, həmin işçi yüksək ixtisaslı mütəxəssisdir və quyuların qazılması texnologiyası üzrə fəlsəfə doktorudur.

Araşdırma zamanı aydın olub ki, işçi ilə 2014-cü ilin oktyabr ayında növbəti 1 il müddətinə müqavilə uzadılsa da, şirkət 2015-ci ilin yanvar ayında məzuniyyətdən sonrakı ilk iş günündə heç bir xəbərdarlıq bildirmədən onun əmək müqaviləsinə Əmək Məcəlləsin 75-ci maddəsinin 2-ci hissəsi ilə birtərəfli qaydada xitam verilib. Bununla əlaqədar təşkilatımızın hüquqşünası Azər Quliyev işçinin əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmiş və ona hüquqi yardım göstərmişdir. Belə ki, Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsi ilə yəni işin və ya göstərilən xidmətin həcminin azalması ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən işəgötürən müəyyən dövr keçdikdən sonra işçi ilə yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə yazılı öhdəlik götürməlidir. Onu da qeyd edim ki, “Bahar Enerji” ölkə qanunvericiliyini ən çox pozan şirkətlərdən biri hesab edilir. Şirkət Nərimanov rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib”.

Mirvari Qəhrəmanlı “Qarasu” Əməliyyat Şirkətinin ixtisar olunan neftçisi Məlahət Hətəmovanın da onlara müraciət etdiyini və pulsuz hüquqi yardımla təmin olunduğunu bildirib: “Qarasu” Əməliyyat Şirkəti bu şirkətdə uzun müddət çalışmış mütəxəssis xanımı qeyri-qanuni ixtisar edib. Xanım Dövlət Əmək Müfəttişliyinə müraciət edib. Müfəttişliyin rəhbəri diqqətli araşdırma aparmadan xanıma məsləhət görüb ki, “Get, məşğulluqda qeydiyyata düş”. Xanım təqaüd yaşına çatmayıb. Bəs altı aydan sonra hələ təqaüdə çıxmayan, 54 yaşında iş tapmaq ehtimalı sıfır olan bu qadın çörək pulunu hardan tapacaq? Xanım Prezident Adminstrasiyasında da qəbula düşüb. Qəbul zamanı ona cavab veriblər ki, “Azərbaycan hökuməti özəl şirkətlərin işinə qarışa bilməz”. Görünür, işçini qəbul edən xanım bu maddə ilə tanış deyil: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin beşinci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, bu məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
151

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
161

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
207

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
262

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
283

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 15:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru