Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Dekabr

2014
22:16
Neftin qiymətləri düşürsə, Azərbaycan nə etməli? - ANALİZ
Azərbaycan üçün antiböhran paketi - keçmiş maliyyə naziri Saleh Məmmədov yazır

Azərbaycan dövlət büdcəsində neftin bir barelinin qiyməti 90 dollar götürülsə də bu gün dünya bazarında qiymətlər sürətlə enməkdədir və artıq neftin bir bareli 50 dollardan aşağı satılır.

OPEK isə neftinin bir barrelinin hətta 40 dollara enəcəyi təqdirdə belə, istehsalı azlatmayacağını bildirib.

Görəsən bu tendensiya ikinci qlobal maliyyə böhranına səbəb ola bilərmi? Bundan qaçmaq üçün Azərbaycanda hansı antiböhran konsepsiyası işlənməlidir? 

Keçmiş maliyyə naziri Saleh Məmmədov moderator.az saytına yazdığı iki məqalədə Azərbaycanın atmalı olduğu addımlardan bəhs edib. Bu fikirlərin yetərincə maraqlı olduğunu və ictimai müzakirəni haqq etdiyini düşünərək, FaktXəbər olaraq, iki yazını birləşdirərək, oxucularımıza təqdim edir, mütəxəssisləri isə müzakirəyə qoşulmağa çarırırq.

Azərbaycan üçün antiböhran paketi 

Əvvəla, onu deyim ki, bu böhran dünya böhranı deyil, dünyada elə ciddi proseslər getmir ki, ciddi böhrana gətirib çıxarsın. Amma neftin qiyməti düşməkdə davam edir. Bunun səbəbi isə, əgər amillər üzrə təhlil etsək görərik ki, 80%-i siyasi amillərlə əlaqədardı. Rusiyanın dünyanın iri güc birliklərinə qarşı durması və Rusiya-Ukrayna nüharibəsinin faktiki olaraq davam etməsi, Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi neftin qiymətinin sürətlə düşməsinə gətirib çıxarıb. Bundan sonra necə olacaq sualının cavabı da yenə də Rusiya-Ukrayna konfliktinin həllindən asılıdır: konflikt həll olunan kimi proses tənzimlənə bilər. Bu məsələ də subyektiv oldugundan dogru- düzgün obyektiv proqnoz vermək çox çətindir. Amma demək olmaz ki, burada iqtisadi amillər heç yoxdu: var, amma təsiri çox zəifdi. Məsələn, Səudiyyə Ərəbistanının, Liviyanın, ABŞ-ın neft (slans neftinin) istehsalının artırılması, İrana qarşı sanksiyaların yumşaldılması və neft ixracının artırılması, alternativ enerji ehtiyyatlarının genişləndirilməsi və s. Amma bütövlükdə baxanda bu iqtisadi amillər də siyasiləşdirilib, ABŞ-ın Rusiyaya qarşı ciddi iradı olmasaydı bu iqtisadi amillər də aradan qaldırıla və ya yumşaldıla bilərdi. Bir şeyi dərk etmək lazımdır ki, dünya neft yanacaq tənzimləmə prosesinə ABŞ başcılıq edir və bundan qaçmaq mümkün deyil. Bu hegemonluq o vaxta qədər davam edəcək ki, hansısa başqa bir ölkə ABŞ -dan güclü iqtsadiyyata malik olacaq. Dünyada gedən proseslər müasir dövrdə döyüş, qarşı-qarşıya müharibə yolu ilə deyil, iqtisadi "müharibələrlə" tənzimlənir. ABŞ-ın ümumi daxili məhsulu 17 trillion dollardısa, Rusiyanınkı cəmi 2 trillion, Çininki - 9 trillion dollardı. Hələ hər hansı ölkənin ABŞ səviyyəsinə çatması real görünmür. 

O ki, qaldı qlobal maliyyə böhranının daha da genişlənməsi məsələsinə, zənn etmirəm ki, ümumdünya maliyyə böhranı olacaq, daha çox bu 1998-ci il Rusiya böhranına və onunla əlaqədar təzadlara bənzəyir, regional böhrandı...

Azərbaycan hazır olmalıdır

Amma hər halda Azərbaycan hər cür ssenariyə hazır olmalıdır və hesab edirəm ki, buna da hazırdı. Azərbaycan höküməti və Mərkəzi Bankı 2008-ci il böhranından çıxmaq üçün ən optimal yolu seçdi və böhrandan ən az zərərlə çıxa bildi. İndi təbii ki, bir qədər fərqli vəziyyət yaranıb, amma Azərbaycan ciddi təsirsiz keçinə bilər. Doğrudur, bu böhran neftin qiyməti ilə əlaqədardı və Azərbaycan neft - qaz ixracatından asılı ölkədir, ixracdan asılılıq göstəricisi faktiki olaraq kritik vəziyyətdədi. Amma ölkənin böyük məbləgdə valyuta ehtiyyatları toplaması onu bu vəziyyətdən tam xilas edir. Hesablamalar göstərir ki, hətta neft və qazdan ölkə heç bir gəlir əldə etməsə belə hələ üç il iqtisadi və siyasi həyatı bu günkü səviyyədə təmin etmək olar və əlavə olaraq daha sürətli iqtisadi inkişaf əldə etmək olar. Amma, təbii ki, iqtisadi islahatları dərinləşdirmək şərti ilə. 

Məsələ burasındadır ki, dünyada iqtisadi və siyasi proseslər, məhsuldar qüvvələr və elm-texnika  çox sürətlə inkişaf edir, buna görə də iqtisadi münasibətlərin inkişafı da bu sürətə uyğunlaşdırılmalıdır, yəni iqtisadi islahatlar davamlı olmalıdı, hər il yenilənməli və dərinləşdirilməlidi. Real olaraq iqtisadi islahatlarda bu gün bir "durğunluq" var, amma onların startı və dərinləşdirilməsi üçün hər cür iqtisadi şərait yaranıb. Bu problem üzərində mən işləyirəm və sizə də təşəkkür edirəm, sizin redaksiya davamlı dərc edir, yaxın günlərdə növbəti bölməni göndərəcəm. 

Antiböhran tədbirləri

Amma bu gün operativ antiböhran tədbirləri haqqında danışmaq istəyirəm. Bu böhran nə 1991-92 ci il, nə 1998-ci il və nə də 2008-ci il böhranının eynisi deyil. Azərbaycanın daxili bazarında məhsullara tələb azalmayıb, tam əksinə, sürətlə artır, xarici bazarda da Azərbaycan qeyri neft məhsullarına tələbat sürətlə artır, xüsusilə, Rusiya ilə düzgün qonşuluq siyasəti nəticəsində bu bazar tamamilə Azərbaycana açılıb. Əgər tələb artırsa, deməli, bu böhranı canlanmaya çevirmək olar. Bir yalnız neftin qiymətlərinin düşməsi nəticəsində neft dollarının azalması problemi qalır ki, bunu da valyuta ehtiyyatlarının qeyri- neft sektoruna yönləndirmək və geniş iqtisadi aktivliyə nail olmaq yolu ilə həll etmək olar;

- iık növbədə kiçik biznesə yeni nəfəs verməklə qeyri -neft istehsal və xidmət sahələrini sürətlə inkişaf etdirmək, kiçik biznesin inkişafına investisiyaların minimum 50%-ni yönəltmək, bu istiqamətdə onlarla proqram yerinə yetirmək, kiçik biznesin ümumi daxili məhsulda payının hədəf olaraq 4-5 il ərzində dünya səviyyəsinə qaldırmaq (50-70%, bu gün Azərbaycanda -10%), bununla inhisarçılığa son qoymaq, neftdən asılılığı aradan qaldırmaq "bu məsələlər üzrə islahatların dərinləşdirilməsi tezislərini bu yaxınlarda geniş formada sizə təqdim edəcəm";

- bu məqsədlə məhdudlaşdırıcı maliyyə siyasətinə son vermək və tam genişləndirici maliyyə siyasətinə keçmək: büdcənin kəsirinin ciddi artırılması və bütün böyük investisiya layihələrinin maliyyələşdirilməsinin davam etdirilməsi, uçot dərəcəsinin və kredit faizlərinin (ən azı investisiya kreditləri üçün) Avropa ölkələri səviyyəsinə endirilməsi, Mərkəzi Bankın rezerv normalarının ciddi surətdə endirilməsi, Mərkəzi Bankın qiymətli kağızlar bazarına müdaxiləsinə ciddi təkan verilməsi, mərkəzi bankın rezervləri hesabına böyük korporasiyaların, bankların, dövlətin qiymətli kağızlarının kütləvi şəkildə alınması hesabına dövriyyədə pul təklifinin artırılması;

- tədriclə emissiyanın gücləndirilməsi və manatın kursunun yumşaldılması, yəni dəyərinin yumşaq sürətlə azaldılması və qeyri neft ixracının artırılması;

- dövlətin investisiyaların  maliyyələşdirilməsində iştirakının təmini, xüsusilə, qeyri neft sektorunda və kiçik biznesin formalaşmasında: həm birbaşa yardım, həm kredit ehtiyyatlarının formalaşmasında iştirak, həm dövlət-özəl əməkdaşlıq sisteminin yaradılması və s. Rusiya bazarından gələn tələb kənd təsərüfatının inkişafına dövlətin böyük yardımını tələb edir. Elə bu məqsədlə nəqliyyatın inkişafı üçün böyük şərait yaranıb. Azərbaycanın inkişaf etməkdə olan Şərqlə inkişaf etmiş Qərb, şimal və cənubun dünya miqyaslı nəhəngləri arasında "körpü" rolundan istifadə etməliyik.

İqtisadi islahatların dərinləşdirilməsi 

Birinci başlanıgıc tezisdə biz Azərbaycanın bu gün böyük iqtisadi potensiala malik olmasını, bununla bərabər iqtisadi rezervlərin də olduqca böyük olmasını göstərmişdik, həmin rezervlərin isə qısa müddətdə hərəkətə gətirilməsi üçün iqtisadi islahatların dərinləşdirilməsi zərurətini qeyd etmişdik. Bu gündən başlayaraq bütün istiqamətlər üzrə iqtisadi islahatların dərinləşdirilməsi yollarını göstərməyə çalışacağıq. İlk olaraq istehsaldan və onun əsas bazası olan kiçik biznesdən başlayaq. 

Dünya miqyasında əksər dövlətlərdə ümumi daxili məhsulun 50-70%-ni kiçik biznes verir, amma Azərbaycan daxil əksəriyyət Sovet ölkələrində bu rəqəm 20%-dən yuxarı qalxmır ki, bu da sırf dövlət iqtisadiyyatı ilə əlaqədar olmuşdu. Azərbaycanda kiçik biznesin payı 10 %-dən yuxarı deyil. Amma burada daha yaxşı şərait var: çünki əvvəla, çox böyük tətbiq sahələri və ehtiyyatlar var. Milli iqtisadiyyatın bütün sahələrində kiçik biznesin inkişafı üçün obyektlər tapmaq olar: yüngül sənaye, yeyinti sənayesi, yerli xammalın istifadəsi, nəqliyyat, kənd təsərrüfatı, hətta belə neft və qaz sənayesi və s. Digər tərəfdən, ciddi təşəbbüskar, biznesə və ticarətə yatımlı əhali var. Hələ təşəbbüskarlıq cinayət sayılan sovet vaxtından Azərbaycan əhalisi gizlin olaraq kiçik biznesi inkişaf etdirir və böyük müvaffəqiyyətlərə nail olurdu...

Həm də kiçik biznes daha səmərəli çıxış edir. Biznesin inkişafının bir mühüm qanunauyğunluğu var: biznes (istehsal, ticarət və s.) əhatə dairəsi ilə iqtisadiyyatın inkişafı, biznesin gücləndirilməsi və səmərəliliyi arasında düz mütənasib asılılıq (biznesdə və ümumiyyətlə iqtisadiyyatın idarə olunmasının əhatə dairəsi nə qədər geniş  olsa iqtisadiyatın inkişafı bir o qədər sürətli olmalıdır). 

Sovet vaxtı bütün investisiyaları dövlət öz üzərinə götürürdü, amma sonrakı dönəmdə demək olar ki, tamamilə biznes və əhalinin üzərinə atıldı. Hər iki halda istehsal eyni funksiyaları yerinə yetirir (məhsul istehsalı, işçi yerlərinin yaradılması, əhalini gəlir mənbəyi ilə təmin etmək, iqtisadi sabitliyi təmin etmək və s.). Hər iki halda da bu funksiya mənafe baxımından dövlətin işidi. Belə olanda dövlət istehsalın maliyyələşdirilməsində, xüsusilə kiçik biznesin maliyyə təminatında iştirak etməlidir. İllah da Azərbaycan kimi ölkələrdə. Çünki dövlət iqtisadiyyatından bazar iqtisadiyyatına yeni keçid olmuşdu, biznes subyektində ilkin kapital yığımı azdı və ya yox dərəcəsindədi, təbii ehtiyyatlar və oradan gələn gəlir dövlətin əlində cəmləşdirilmiş, milli gəlirin dövlət vasitəsilə sahələr arası və regionlararası yenidən bölgüsünə ehtiyac var və s. 

Azərbaycanı ən inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaq istəyiriksə...

Kiçik biznesi inkişaf etdirmədən ciddi nailiyyətlərə çatmaq qətiyyən mümkün deyil. Son dövrlərdə Azərbaycanda bu istiqamətdə xeyli işlər görülmüş və bu da öz bəhrəsini vermişdir. Amma böyük məqsədlərə, məsələn, Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaq istəyiriksə (buna da hər cür real şərait var), geniş miqyaslı tədbirlər həyata keçirək. 

Mən indiki Türkiyə hökümətinin orta və kiçik biznesin inkişafı üzrə proqramlarının işlənməsində iştirak etdiyimə görə qardaş ölkənin təcrübəsinə bələdəm, bu proqramlar dünya miqyasında məşhurlaşmış və Türkiyə iqtisadiyyatında böyük iqtisadi səmərə vermişdir (http://www.kosgeb.gov.tr). Azərbaycan üçün təklif edəcəyim tezislər həmin proqramlar üzərində qurulmuşdur. Türkiyə iqtisadiyyatı kiçik biznesin hesabına sürətlə artır və inkişaf edir. Kiçik biznesin sürətlə inkişaf etdirilməsi üçün bu gün Azərbaycanda əsasən üç şərt vacibdi: Dövlətin işə müdaxiləsi, inkişafı pul vəsaitləri ilə təmin etmək və təşkilatı formaları müəyyən etmək. Dövlət əlbəttə maraqlıdı və təcrübə də göstərir ki, istəyir ki, kiçik biznes inkişaf etdirilsin, işçi yerlərinin sayı çoxalsın, iqtisadi artım yüksəlsin. Pul vəsaitləri cəhətdən də, Azərbaycan qədər böyük imkanları olan dövlətlər çox azdı. Neftdən gələn gəlirlər, ehtiyyat fondu, valyuta rezervləri, əhalidə toplanan pullar və s. O ki, qaldı təşkilatı formalara, zənn edirəm, bu məsələdə də, dünyada, xüsusilə də Türkiyədə və həmçinin Azərbaycanda toplanan təcrübəyə əsaslanan proqram sənədləri qəbul edərək işə başlamaq lazımdır: 

- Birinci növbədə kiçik biznesə arxalanan hədəf müəyyənləşdirilməlidi: hədəf illik ümumi iqtisadi artımın 10%-dən az olmaması. Aydındır ki, neft sektorunda artım ımkanları məhduddu, hətta yaxın zamanlarda azalma meylləri başlayacaq. Artım əsasən qeyri-neft sektoru və üstün olaraq kiçik biznes hesabına olacaq və bu artım həm də neft sektorundakı azalmanı və durmanı da kompensasiya edə bilsin. Bunun üçün qeyri neft sektorunun ən azı ildə 20-25% artırılması lazımdı. Belə artımı təmin etmək üçün isə ümumi investisiyaların ümumi daxili məhsulda payını 50% -ə qaldırmaq tələb olunur.

- Demək investisiya məbləği müəyyən edilməlidi. İqtisadi artımın əsasında investisiya məbləği durur. Ümumi investisiyaların məbləği 30 mlrd manatın üstündə olmalıdr və əsas məbləğ dövlət vəsaitlərindən formalaşmalı və əsas etibarı ilə kiçik biznesin maliyyələşdirilməsinə yönəlməlidir. Təcrübə göstərir ki, hökümətin ayırdıgı hər manat investisiya o qədər də əhalidən və digər subyektlərdən cəlb edə bilir. 

- Ən vacibi, bu vəsaitlərin necə və nə formada istifadə olunmasıdı. Müvəffəqiyyətlər bu amildən daha çox asılıdı. 

Azərbaycanda bu gün sahibkarlığa yardım fondundan birbaşa güzəştli kredit verilməsi üsulundan istifadə edilir və bu yardımın həcmi cəmi ildə 150 milyon manat təşkil edir. Türkiyədə kiçik biznesə yardım məqsədilə 8-10 üsul və proqram fəaliyyət göstərir və büdcədən milyardlarla vəsait ayrılır. Hər il bu istiqamətdə hökümət yeni və ya yeniləşmiş proqram qoyur. 

Kiçik biznesin stimullaşdırılması

Zənnimcə,  Azərbaycan üçün aşagıdakı üsullarla kiçik biznesin inkişafı stimullaşdırılsa yaxşı nəticələr əldə etmək olar:

- kreditləşmə. Bütün qeyri neft sektoruna aid layihələr banklar tərəfindən kreditləşdirilir. Kreditlərin faiz dərəcəsi 5%-dən yuxarı qalxmamalıdı, əgər banklar bu faizlə kreditləşməni həyata keçirə bilmirsə, ya dövlət faiz fərqini öz büdcəsi hesabına təmin edir, ya da hökümət əmanətləri hesabına həmin bankları tender əsasında kredit resursları ilə təmin edir. 

- layihələrin maliyyələşdirilməsində iştirak. Dövlət büdcə hesabına ən vacib layihələrin maliyyələşdirilməsində iştirak edir. Bu əsasən dövlətin prioritet elan etdiyi regionlarda və sahələrdə həyata keçirilir. Bu məqsədlə hökümət ölkəni regionlar üzrə təsnifatlaşdırır (Türkiyə təcrübəsinə əsasən), məsələn, inkişafı geri qalmış dag rayonları, kənd yerləri, yeni salınmaqda olan şəhərlər, istehsal məhdudlaşdırılan regionlar və s., həmçinin dövlət hər dövr üçün prioritet inkişaf sahələrini müəyyənləşdirir. Bu sahələrdə və regionlarda vacib layihələrin maliyyələşdirilməsinin region və sahələrin xarakterindən asılı olaraq əvəzi ödənilmədən 70%-inə qədərini həyata keçirir (bu təcrübə 60-cı illərdə İngiltərədə tətbiq olunmağa başlamışdır). Eyni zamanda dövlət bələdiyyələrin vasitəsilə infrastruktur sisteminin yaradılmasında iştirak edir, su, qaz, elektrik enerjisi, telefon, internet və s. Bütün kiçik biznesi, sonradan tədriclə haqqı ödənilmək şərti ilə,  infrastutuktur elementləri ilə təmin edir. 

- hökümət xüsusi müəssisələr və dövlət mülkiyyəti əməkdaşlığı əsasında bütün ərazi vahidlərində (xüsysilə kənd yerlırində) bələdiyyələrin iştirakı ilə (51%) sənaye parkları yaradır, əldə olunmuş iş yerlərini kiçik biznes sahiblərinə kirayəyə verir və ya satır ki, burada sənaye bazası yaratmaq mümkün olsun. Eksperiment olaraq bir neçə inkişafdan geri qalmış kəndlərdə Avropa tipli sənayeləşmə və şəhərləşmə sistemini həyata keçirmək olardı ki, bu da işin sürətləndirilməsinə təkan verə bilərdi. 

- kiçik biznesə daha bir dəstək proqramı elmi texniki proseslərin sürətləndirlməsi üzərində qurulmalıdı. Türkiyədə kiçik biznesi çoxsaylı dəstək proqramları içərisində bu sahədə fəaliyyət göstərən "AR-GE, İNNOVASİYA VƏ SƏNAYEDƏ TƏTBİQ DƏSTƏK PROQRAMI" xüsusi yer tutur və bu proqramın yerinə yetirilməsinə böyük miqdarda vəsait yönəldilir. Azərbaycanda bu gün cəmiyyətin inkişafının ən böyük lokomativi olan elm sahəsinə ən az fikir verilir: həm kəmiyyət etibarı ilə, həm də keyfİyyət. Kiçik biznesdə isə demək olar ki, elm əlamətləri hiss olunmur. Faktlar göstərir ki, inkişaf etmiş dünya ölkələrində elmə ümumi daxili məhsulun 4%-i həcmində vəsait ayrılır və bu payla ölkələrin ümumi inkişaf səviyyəsi düz mütənasib asılılıqdadı. Azərbaycanda isə bu pay cəmi 0,25% təşkil edir. Büdcədən elmə ayrılan məbləg 150 milyon manatdır. Amma belə sürətli inkişafa uyğun olaraq 4% ayırsaydı, bu məbləğ 3 milyarda yaxın olmalı idi ki, bu da iqtisadi və sosial inkişafı çox sürətləndirə bilərdi. Digər tərəfdən, elmin maliyyələşdirilməsinin sovet  metodları bu günkü tələbata cavab vermir, bu da kı, ayrılan vəsaitlərin səmərəliliyini çox azaldır. Belə bir təkmilləşmənin kiçik biznesdən başlanması prosesin çox uğurlu keçməsinə səbəb olacaq. Ümumiyyətlə elmin maliyyələşdirilməsində qrant sisteminə keçilməsi, yeni məhsulların, kəşflərin, ixtiraların əsasən kiçik biznes vasitəsilə maliyyələşdirilməsi çox böyük elmi sıçrayışa səbəb ola bilər.

- təhsilə dəstək proqramı, iş adamlarının məslək və peşə təhsilinin artırılması, bazarın araşdırılması və məlumatların iş adamlarına verilməsi, menecment və marketinqin əasaslarının öyrədilməsi və s. Bu vəsaitlərin tender üsulu ilə alınması və xidmətin göstərilməsi həm dövlət, həm xüsusi təşkilatlar və ya xarici şirkətlər tərəfindən həyata keçirilə bilər. Mümkündür ki, sahibkarlığa yardım  fondu Biznes TV açsın və bunun vasitəsilə həm tədris, həm məlumatlandırma və həm də kiçik biznesin reklam kampaniyasını aparsın.

- ixracata dəstək proqramı -  Bu proqramda kiçik biznesə mane olan bürokratik əngəllər aradan qaldırılması ilə yanaşı, xarici bazarlara çıxarılacaq mallara ƏDV-nin qaytarılmasının təmin olunması (fakt üzrə valyuta daxil olan kimi), ixrac mallarının nəqliyyat, laboratoriya, sığorta məsrəflərinin  məhsul növündən asılı olaraq bir qisminin ödənilməsi, xarici ölkələrdə bazarın öyrənilməsi və ixrac mallarının satışının təşkili məsrəflərinin büdcədən ödənilməsi (Türkiyə təcrübəsi), xarici ölkələrdə Azərbaycan iş adamlarının anloji biznesinin və ya istehsalının təşkilinə maliyyə və kredit yardımlnın təşkili (Çin təcrübəsi) və s. 

- layihələndirmə dəstək proqramı - bu proqram layihələrin öyrənilməsi, təşviqatı və hazırlanmasının maliyyələşdirilməsini əhatə edir. Kiçik biznesə aid müfafiq qurum və ya şirkətlər qrant vasitəsilə vəsaitləri alır, proqram layihələri hazırlayır və istehsalçılara təqdim edir. Bu gün Azərbaycan şəraitində ən defisit şey ideya defisitidi. Hətta bir çox insanlar pul vəsaiti və bütün şəraiti olduğu halda kapitalını hara yerləşdirəcəyini bilmir. Amma xüsusi şirkətlər və qurmların əlində minlərlə sərmayə qoyulacaq istiqamətlər mövcuddur. Bu proqram həm də elmi texniki tərəqqinin sürətləndirilməsinə ciddi təkan verə biləcək. 

- müharibə əlilləri və veteranlarının, şəhid ailələrinin, ümumiyyətlə bütün əlillərin potensialından istifadə etmək üçün bu kateqoriyadan olan insanların kiçik biznesinə dəstək proqramı. Bu proqram özəl işlənməli və biznesə yardım metodlarının bütün üstünlüklərindən istifadə olunmalı, əlavə olaraq xüsusi güzəştlər nəzərdə tutulmalıdı. Məsələn, müharibə əlilinə və veteranına, şəhid ailəsinə biznes təşkil etmək üçün 100 min manat 10 illik faizsiz kredit vermək, əlillər üçün 50 min manat 5 illik kredit vermək, iş yerləri kirayəsində 50%-ə qədər güzəşt etmək və s. 

Bu addımlar Azərbaycana nə verəcək?

Əlbəttə, yuxarıda dediklərimiz bu böyük əhatəli proqramın tezisləridi, bütün detallar işlənməlidi, qanunvericilik aktları dəyişdirilməli və yeniləri hazırlanmalıdı, bütün ayrılan vəsaitlərin istifadəsi və nəzarəti büdcə vəsaitlərinə bərabər tutulmalıdı, sistem hər il prezidentin yeni proqramı ilə yenilənməlidi. Təbii ki, işin həyata keçirilməsinə əks arqumentlər qoyulacaq, bu işdə yeyinti, israfçılığa yol verilə biləcək. Amma təcrübə göstərir ki, bu işdən gələn xeyir o qədər böyükdür ki, israfçılıq, oğurluq və s. cüzi və hiss olunmaz rəqəmlərlə ölçülür. Belə bir proqramın həyata keçirilməsi:

- ölkənin sürətli inkişafını təmin edəcək və qısa zamanda Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə qaldıracq;

- inhisarçılığa son qoya biləcək;

- ölkəni yanacaq və ixracat asılılığından tam xilas edə biləcək;

- ölkənin əmək və resurs potensialından səmərəli istifadəni təmin edəcək və işsizliyi minimuma endirəck və ya problemi aradan qaldıracaq;

- regionlar və bölgələr arasında inkişaf qeyri bərabarliyini aradan qaldıracaq, Avropa tipli kənd şəhər fərqlərinin ardan qaldırılmasına nail olunacaq, iri şəhərləri böyük sıxıntıdan və yükdən azad edəcək, bölgələrin ahəngli və bərabar inkişafını təmin edəcək;

- elm və texnikanın, texnalogiyanın sürətli inkişafını təmin edəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
257

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
476

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
468
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-05-2020 16:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru