Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2013
22:39
`Səfər Əbiyev məni toya dəvət etməmişdi`
Siyavuş Novruzov: "Azərbaycanda enerji daşıyıcılarının qiyməti digər ölkələrin hamısından kifayət qədər aşağıdır"

“ABŞ-Azərbaycan münasibətlərində nəsə baş verməyib ki, soyuqluq da yaransın”

Bahalaşmanın növbəti dalğasının rəsmi qərarla gələcəyi barədə ehtimallar, bunu isbatlaya biləcək açıqlamalar əhali arasında ciddi narahatlıq yaradıb. Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovla ən müxtəlif məsələləri əhatə edən söhbətimizdə bu məsələdən də danışdıq.

- Tarif Şurasının enerjidaşıyıcıları ilə bağlı qiymətləri artıracağı ilə bağlı xəbər ölkədə ciddi narahatlıq yaradıb. Sizdə bu məsələ ilə bağlı nə məlumat var?

- Hələ ki, belə bir qərar yoxdur. Olsa da, orda fərq o qədər də böyük olmayacaq. Yəni elə bir ciddi artım nəzərdə tutulmur. Bu saat Azərbaycanda enerjidaşıyıcılarının qiyməti digər ölkələrin hamısından kifayət qədər aşağıdır. O baxımdan da burda bir uyğunlaşdırma aparıla bilər. Ancaq böyük qiymət artımı nəzərdə tutulmayıb. Bizdə elektrik enerjisi, su, qazın qiymətləri MDB ölkələrinin əksəriyyəti ilə müqayisə aşağıdır. Burda 2 dəfə, ya 50 faiz artımdan söhbət getmir. Ola bilər hər birində 5-10 faiz dəyişiklik olsun.

- Ancaq siyasi opponentlər hesab edir ki, hakimiyyət seçkinin taleyini həll etdi və ardınca da əvvəlcədən proqnoz verildiyi kimi, bahalaşma dalğasına start verir...

- Bu, qəti şəkildə bahalaşma dalğası  deyil. Burda müəyyən tənzimlənmədən söhbət gedir. Opponentlər hər bir məsələdən sui-istifadə etməyə, özlərinə sərf edən formada yararlanmağa çalışacaqlar, bu da təbiidir. Əgər kimsə ekspertdirsə, bunun iqtisadi tərəfini hesablayıb ortaya qoymaq əvəzinə, şou formasında ortaya fikirlər qoyur ki, bunun da heç bir əsası yoxdur.

- Bu barədə Milli Məclisin komitələrində keçirilən büdcə müzakirələrində də etirazlar səslənib, özü də iqtidaryönlü deputatlar tərəfindən...

- Bu, şayiədir, ortada hələ rəsmi heç nə yoxdur. Rəsmi olmadığı halda bunun haqqında geniş fikir mübadiləsi aparmağa ehtiyac görmürəm.

- Gürcüstan prezidentinin inauqurasiya mərasimində  Azərbaycanın iştirak etməyəcəyi barədə qərarın səbəbini nə ilə izah etmək olar?

- Ümumiyyətlə, inauqurasiya mərasimlərinin hər birinə getməklə bağlı təcrübə yoxdur. Heç keçmişdə də belə hallar yox idi. Deyək ki, birinci dəfə Saakaşvili seçiləndə rəhmətlik Murtuz Ələsgərov iştirak etmişdi. O zaman hərbi parad da keçirildi, bu, onların “qızılgül inqilabı”nın təntənəsi idi. Həmin inauqurasiyada ABŞ və digər dövlətlərin rəsmiləri iştirak etsə də, ikinci inauqurasiyada heç kim iştirak etmədi. O cümlədən də Azərbaycanda. Yəni bu, dəvətlə bağlı olan məsələdir.

- Hər halda dəvət göndərilən 70 dövlətin sırasında Azərbaycan da var. Dəvətdən imtina çox yaxın münasibətlərin olduğu Saakaşvilinin hakimiyyətdən getməsi ilə əlaqəli ola bilərmi?

- Yox. Burda hər hansı münasibətdən söhbət getmir. Kimliyindən asılı olmayaraq bizim Gürcüstanla münasibətlərimiz həmişə yaxşı olub. Elə Şevardnadze ilə münasibətlər də  çox yaxşı idi. Qamsaxurdiyanı çıxmaq şərtilə, qalan prezidentlərin dövründə Azərbaycan və Gürcüstan rəhbərliyinin arasında heç bir problem olmayıb. Yeni seçki də Gürcüstan xalqının seçimidir. Gürcü və Azərbaycan xalqları arasında münasibətlər həmişə yaxşı olub. Dövlətlərarası münasibətlər də bu xətt üzrə davam edəcək.

- Qonşu ölkədə hökumətin 31 yaşlı bir gəncə  tapşırılması xeyli müzakirələrə səbəb oldu və  Azərbaycanın qocaman baş naziri ilə müqayisələr də  aparıldı. Siz bu təyinata nə deyirsiniz?  

- İşləmək insanın yaşından asılı  deyil, insanın enerjisindən, işə yanaşma tərzindən asılıdır. Adam var ki, 30 yaşı ola bilər, heç bir işlə məşğul ola bilməz, adam da var 60-70 yaşında da çox fəal şəkildə işləyər. Yaş məsələsini ki, bəzən ortalığa atırlar, bu, doğru deyil. Həyat təcrübəsi hər şeydən üstündür. Vaxtilə Gürcüstanda 6-7 baş nazir olub ki, hərəsi 5,6, 7 ay bu postda çalışıblar, Noqaidelidən başlamış, üzü bəri. Bununla da sistem qurmaq mümkün deyil. Müqayisə edən də başqa məsələlərlə müqayisə eləsin. Azərbaycanda stabil dövlət, inkişaf var və bu, davam edir. Başqa ölkələrə nəzər salsaq görərik ki, müxtəlif dəyişikliklər hər an müxtəlif problemlər yaradır.   

- Gürcüstanın dəvətdən kənarda saxladığı  Rusiya paytaxtında “Gülüstan” müqaviləsi ilə bağlı keçirilən tədbirdə Azərbaycana yönəlik ittihamlar, iddialar səsləndi. Qarabağ separatçılarının da qatıldığı bu tədbirə Bakıdan reaksiya verməməsini nə ilə izah etmək olar?

- Ayrı-ayrı QHT-lər belə tədbirlər keçirir. Amma bunun heç bir hüquqi əsası yoxdur. Azərbaycan müstəqil dövlətdir, BMT-nin üzvüdür və öz siyasətini müstəqil şəkildə davam etdirir. Bizdə də dəfələrlə İranla bağlı QHT-lərin tədbirləri olub. Belə təşkilatlar tədbirlər keçirə, kimi istəsələr, dəvət edə bilərlər.

- Belə bir tədbirə ev sahibliyi etməklə Rusiya Azərbaycana təzyiqlərini davam etdirmirmi?

- Bu, QHT-nin keçirtdiyi tədbirdir. Bu faktdır ki, ermənilərin özlərinin Rusiya ilə münasibətləri kəskinləşir. Bu tədbirin keçirilməsi ola bilsin ki, qismən də ermənilərin sakitləşdirilməsi üçündür. Çünki bu iki ölkə arasında gərginlik yaşanır.

- Azərbaycan hakimiyyəti ABŞ-la münasibətlərdəki soyuqluğun aradan qaldırılması üçün hansı addımları  atır və ya atmaq fikrindədir?

- Birincisi, elə bir soyuqluq yoxdur. Sadəcə ABŞ-da müxtəlif qurumlar, o cümlədən QHT-lər Azərbaycana qərəzli münasibət sərgiləyir. Dövlətlər arası isə heç bir problem yoxdur. İstər ABŞ-ın Bakıdakı səfirinin bəyanatında, istərsə də ABŞ dövlət nümayəndələri, konqresmen və senatorlarının açıqlamalarında da Azərbaycanla ikitərəfli, çox yaxın münasibətlərin olduğu vurğulanıb. ABŞ-Azərbaycan münasibətlərində nəsə baş verməyib ki, soyuqluq da yaransın.

- Ölkədə müxalif fəallarla bağlı keçirilən məhkəmə proseslərini izləyirsinizmi?

- İzləyirəm də, oxuyuram da.

- Məhkəmə proseslərinin normal şəraitdə  keçirilməsi, onların minimal hüquqlarının təminatı, yaxınlarının iştirakına şərait yaradılması bu qədərmi mümkünsüzdür?

- Bu, qanunla bağlıdır. Elə məhkəmələr var ki, açıq gedir. Orda istənilən şəxs iştirak edə bilər. Elə məhkəmələr var ki, qapalıdır, burada həmin şəxsin vəkilindən və şahidlərdən başqa digər şəxslərin iştirakı nəzərdə tutulmayıb. Prosesin formasını məhkəmə müəyyənləşdirir.

- Səfər Əbiyevin oğlunun toyunda iştirak etdiniz?

- Məni dəvət etməmişdi, etsəydi, iştirak edərdim.

- Keçmiş müdafiə nazirini gözləyən tale ilə  bağlı sizdə nə məlumat var?

- Seçkili orqanı çıxmaq şərtilə, qalan təyinatlar hamısı  cənab prezidentin səlahiyyətlərinə aiddir. O baxıb görür, hansı sahədə dəyişikliklər etmək lazımdırsa, onu edir. Səfər Əbiyev də Azərbaycanda 20 il müdafiə naziri işləyib, indi başqası ilə əvəz olunub. Cənab prezident haranı məsləhət görəcəksə, yəqin ki, orda da fəaliyyətini davam etdirəcək.

- Parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü kimi yeni müdafiə naziri Zakir Həsənovun imkanlarını necə dəyərləndirirsiniz?

- Kifayət qədər təcrübəli bir insandır. Azərbaycanda müxtəlif qoşun növlərində xidmət göstərib, uzun müddət Daxili Qoşunlara rəhbərlik edib, təcrübəsi böyükdür. Hesab edirəm ki, orduda ciddi islahatlar aparacaq.

- Professor Cəmil Həsənlini məhkəməyə verməkdə  israrlısınızmı?

- Jurnalistlər bu barədə məlumatı düzgün verməyib. Söhbət ondan gedir ki, biz sənədləri toplayıb təhlilləri aparırıq. İndi bunun üzərində təhlillər gedir. Belə bir şey olacaqsa, ictimaiyyətə məlumat verəcəyik.

- Amma hesab olunur ki, məhkəməyə müraciət olacaqsa da, bu, hüquqazidd addım olar.

- Bunu qabaqcadan deyə bilməzsiniz ki, bu, hüquqa zidd olar.

- Seçki təbliğatı dövründə deyilən fikirlərə görə cavabdehliyin olmaması məsələsi var...

- Qanunda elə şey yoxdur ki, seçki təbliğat-təşviqatı  dövründə kimisə təhqir elə, söy və bunun hüquqi məsələsi olmasın. Seçki Məcəlləsi əksinə, məsələ qoyur ki, kampaniya dövründə şəxsiyyəti təhqir etmək, dini, etnik çağırışlarla çıxış etmək yolverilməzdir, əks təqdirdə bu, Cinayət Məcəlləsi ilə tənzimlənir./Yenimusavat

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
1186
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 08:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru