Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2010
10:44
ƏRDOĞAN MOSKVAYA, LAVROV İRƏVANA...
Türkiyə, Rusiya və ABŞ protokollar üçün hərəkətə keçir, qarşıda həlledici iki ay var

Türkiyə ilə Ermənistan arasında qarşılıqlı münasibətlərə dair protokollarla bağlı həlledici mərhələ başlayır. Bu həftə Türkiyə ilə Rusiya və Rusiya ilə Ermənistan arasında yüksək səviyyədə təmaslar olacaq, gələn ay isə Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması layihəsinin patronu olan ABŞ-ın dövlət katibi erməni təşkilatlarının rəhbərləri ilə məsləhətləşmələr aparacaq. Gözlənilir ki, protokolların qarşıdakı iki ayda ratifikasiyası baxımından bu təmasların həlledici əhəmiyyəti olacaq. Xəbərlərə görə, sabah Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvaya səfər edir.

O, yanvarın 12-də və 13-də Rusiyanın baş naziri və prezidenti ilə danışıqlar aparacaq. Ərdoğanın Moskvaya səfərinin baş nazir Vladimir Putinin dəvəti əsasında həyata keçirildiyi bildirilir. Rəsmi açıqlamalara görə, onun səfərinin gündəmində ikitərəfli iqtisadi münasibətlər, enerji məsələləri, regional və beynəlxalq mövzular olacaq. Həmçinin Ərdoğanın səfəri zamanı Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların vəziyyəti də müzakirə edilməlidir.
Ərdoğanın Moskvaya səfəri ilə eyni vaxtda Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana səfər edəcək. Lavrovun Ermənistan prezidenti Serj Sərkisyan, xarici işlər naziri Edvard Nalbəndyanla danışıqlar aparacağı bildirilir. Bu dəfə də gündəmdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, habelə Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların vəziyyəti dayanacaq. Maraqlıdır ki, eyni gündə Ermənistanın Konstitusiya Məhkəməsi Türkiyə ilə imzalanmış protokolların ratifikasiyasının məqsədəuyğunluğuna baxacaq. Göründüyü kimi, Türkiyə Ermənistanla imzalanmış protokolların ratifikasiya prosesini Rusiya ilə razılaşdırır, paralel olaraq Rusiya bu prosesdə necə davranmaq barədə Ermənistan rəhbərliyinə təlimatlar verir. Türkiyə-Ermənistan sərhədlərinin açılması layihəsinin müəllifi olan ABŞ da proseslə yaxından məşğul olmaqdadır. Xəbərlərə görə, gələn ay dövlət katibi Hillari Klinton ABŞ-dakı erməni təşkilatlarının rəhbərləri ilə görüşərək protokollar və Türkiyə ilə münasibətlər, habelə Konqresdə “soyqırım”ın tanınmasına dair erməni diasporunun fəaliyyətlərinə dair məsləhətləşmələr aparacaq.
Bəs protokollar məsələsində bu hərəkətliliyin arxasında nə dayanır? Bir halda ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində tərəflər hansısa razılaşma əldə etməyə yaxın deyillər, o zaman Türkiyənin Rusiya üzərindən apardığı bu danışıqların məqsədi nədir? Qeyd edək ki, Türkiyə dəfələrlə və israrla bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair razılaşma əldə olunmadan protokolların ratifikasiyasından söhbət gedə bilməz. Bu cür razılaşmanın yaxın bir neçə ayda əldə edilməsi ehtimalı isə demək olar ki, sıfırdır. Doğrudur, Türkiyə qaynaqları dəfələrlə belə xəbərlər yayıblar ki, Ermənistan və Azərbaycan prezidentləri ətraf rayonlardan 5-nin boşaldılmasına yol açan və Dağlıq Qarabağda referendumu nəzərdə tutan təkliflər üzərində anlaşmaya yaxındır. Lakin Azərbaycan tərəfi belə anlaşmanın yaxında olduğunu təsdiq etmir. Eyni zamanda danışıqlar prosesini izləyən xarici mənbələr də tezliklə çərçivə razılaşmasının əldə edilməsini real saymır. Bununla belə Türkiyənin prezidenti Abdullah Gül bildirir ki, onun ölkəsi Rusiya ilə Ermənistan və Qarabağ məsələsi ilə bağlı “səssiz və fəal” diplomatiya aparmaqdadır. Bu açıqlamalardan belə başa düşmək olardı ki, Türkiyə münaqişənin açarının Rusiyada olduğuna inanaraq Kremli Ermənistanı yola gətirməyə inandırmağa çalışır. Rusiya Türkiyə-Ermənistan yaxınlaşması layihəsinin təşəbbüskarı deyil, ancaq sonradan bu layihəyə dəstək verib. Bunun əvəzində Rusiyanın Türkiyədən enerji sahəsində bir sıra strateji güzəştlər qopardığına dair məlumatlar var. Söhbət geniş planda Türkiyənin özünün Qərbdən uzaqlaşıb müəyyən ölçülərdə Rusiyanın təsir dairəsi altına düşməsinə yol açan layihədən gedir. Bu baxımdan Ərdoğanın Moskva təmasları və onunla eyni gündə Lavrovun İrəvana səfəri bölgədə proseslərin yaxın bir neçə ay üçün istiqamətini müəyyən edə bilər.
Rusiyanın MDB İnstitutunun direktoru Aleksey Vlasova görə, artıq Moskva ilə Ankara arasında kifayət qədər dərin strateji münasibətlər yaranıb. Yəni əvvəlcə Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması sayəsində İrəvanın Rusiyanın təsirindən uzaqlaşıb Qərbə meyil edəcəyi haqda Kremldə narahatlıqlar var idisə, indi bu narahatlıqlar aradan qalxmış kimi görünür. Ona görə ki, Rusiya Türkiyənin özünün Qərbdən uzaqlaşmasını görür və sərhədlərin açılması ilə Ermənistanın çox uzağa gedə bilməyəcəyini nəzərə alır. Vlasov qeyd edib ki, 2008-ci ilin payızında Gürcüstana qarşı hərbi əməliyyatlar zamanı Türkiyə ABŞ gəmilərinin boğazlardan keçməsini əngəllədi. Bununla da Türkiyə müstəqil regional oyunçu olduğunu təsdiqləyib. “Türkiyənin çox vektorlu siyasətində Rusiya daha önəmli yer tutur. Türkiyə NATO-nun üzvüdür, ancaq bu üzvlük Rusiya ilə münasibətlərin inkişafına mane olmur” deyə Vlasov bildirib. Rusiyalı ekspertə görə, bütün bunlara baxmayaraq Rusiya və Türkiyənin ABŞ və Avropanı nəzərə almadan Qafqazdakı problemlərin həllinə nail olması, o cümlədən Qarabağ münaqişəsinin həllini təmin etməsi şişirdilmiş görünərdi. “Lakin Türkiyənin indi Rusiyanın köməyinə çox ehtiyacı var. Bir tərəfdən Ermənistanla imzalanan protokolların ratifikasiyası mərhələsi var. Digər tərəfdən Azərbaycanla münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli. Bu məsələlərdə Moskva Ankaraya önəmli dəstək təmin edə bilər. Biz bu il Ermənistanın ətraf rayonlardan 5-ni Azərbaycana qaytarmasının şahidi ola bilərik. Bu durumda regionda sülh prosesi də sürətlənə bilər, Türkiyə-Ermənistan sərhədləri də açılar” deyə ekspert bildirib./F.Məmmədov, Yeni Müsavat/

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda saxlanılan şəxs polis şöbəsindən qaçdı

04

Avqust
16:49
HÜQUQ,HADİSƏ
644

Prezident Təhsil Nazirliyinə 7 milyon ayırdı

04

Avqust
15:24
İQTİSADİYYAT
691

Müdafiə Nazirliyi məlumat yayıb

04

Avqust
14:57
HƏRB
615

“Azeri Light” nefti ucuzlaşıb

04

Avqust
11:12
İQTİSADİYYAT
806
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2021 05:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru