Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


20 Avqust

2009
1578
Qarabağ problemi və siyasi partiyalar
Bu yaxınlarda Vətəndaş Həmrəyliyi Partiyasının təşəbbüsü ilə "Qarabağ probleminin həllində siyasi partiyaların və ictimai təşkilatların rolu" mövzusunda elmi-praktiki konfrans təşkil edilmişdi. Ədalət naminə demək lazımdır ki, konfransın təşkilati işi kifayət qədər yaxşı qurulmuşdu. Konfransda Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların və ictimai təşkilatların geniş spektri təmsil olunurdu. Həmçinin, Milli Məclisin bir neçə üzvü də konfransın işinə qoşulmuşdu. Görünür, həm mövzunun aktuallığı, həm də təşkilatçıların siyasi arenada tanınması öz təsirini göstərmişdi.
Konfransda Azərbaycan Yaşıllar Partiyası nümayəndəsinin çıxış etmək imkanı məhdud olduğundan, bu konfrans və müzakirə edilən məsələ haqqında ayrıca yazmaq qərarına gəldik. Konfransda diqqətimi cəlb edən nə idi? Təbii ki, hər şeydən əvvəl, konfransın elmi-praktiki adlandırılması.
Həm siyasi tədqiqatçı, həm də praktiki siyasətçi kimi dərk edirəm ki, istənilən siyasi proses və ya hadisənin elmi cəhətdən araşdırılması, öyrənilməsi bu problemlərin düzgün həllinə imkan yaradar. Qarabağ problemi ilk baxışdan elmi yox, daha çox siyasi problem kimi görünsə də, onun düzgün anlaşılması və həlli elmi metodoloji yanaşmadan istifadəni nəzərdə tutur. Odur ki, Qarabağ problemi ilə bağlı hər hansı hadisənin, o cümlədən bu problemin həllində siyasi partiya və ictimai təşkilatların rolunun öyrənilməsi, ciddi elmi araşdırmaların predmeti ola bilər. Bu məsələnin sosial elmi obyekt kimi öyrənilməsi problemə təsir göstərən müxtəlif amillərin əvvəl ayrı-ayrılıqda, sonra isə birlikdə öyrənilməsini tələb edir. Bu mənada, Azərbaycanda fəaliyyət göstərən siyasi partiya və ictimai təşkilatların bir araya gətirilməsi, bu problemin müzakirəsinə cəhd mühüm hadisə ola bilərdi.
Mənim konfransdan gözləntilərim daha çox onun elmi-praktiki adlandırılması ilə bağlı idi. Belə ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların son dövrə qədər Qarabağ münaqişəsi ilə bağlı aydın siyasətlərinin olmaması Azərbaycan cəmiyyətinin siyasi aktivliyinə ciddi təsir göstərir. Mən belə düşünürdüm ki, nəhayət, bu konfransda siyasi partiyalar Qarabağ problemini bir siyasi tədqiqat obyekti kimi öyrənərək, onun həll edilməsində aydın və elmi cəhətdən əsaslandırılmış strateji fəaliyyət xətti müəyyənləşdirəcəklər. Hətta özümü xeyli günahlandırdım ki, siyasi partiyalar tərəfindən belə ciddi sənədin hazırlanmasında iştirak edə bilməmişik. Sonra isə düşündüm ki, təəssüflənməyə dəyməz, çünki həmsədri olduğum Yaşıllar Partiyası cəmi iki illik siyasi təcrübəyə malikdir. Vətəndaş Həmrəyliyi Partiyası və bu prosesə qoşulan digər partiyalar isə daha təcrübəli, siyasi cəhətdən yetkin partiyalardır. Odur ki, bu prosesdə bizim ümumi işə verəcəyimiz tövhə o qədər də çox ola bilməz. Beləliklə, bizim öhdəmizdə siyasi təcrübəsi çox olan siyasi partiya liderlərinin çıxışlarını diqqətlə izləmək və onlardan öyrənmək qalırdı. Bəlkə də elə buna görə konfransa sədrlik edən Sabir Rüstəmxanlı çıxışları ona verilən siyahı əsasında yox, "çox təcrübəlidən az təcrübəliyə doğru",- prinsipi əsasında qurdu. Elə buna görə də ən axırda (konfransın qurtarmağına bir dəqiqə qalmış) söz Azərbaycan Yaşıllar Partiyasına verildi. Bəlkə də belə yaxşı idi. Çünki bütün çıxışlarda "elmi-praktiki" xarakter axtara-axtara siyasi elitanın hələ də Qarabağ problemini bizdən fərqli başa düşdüyünü və real beynəlxalq siyasətə başqa cür yanaşdığını anladım.
Konfransa çox ambisiyalı adın verilməsinə baxmayaraq, o, nə elmi, nə praktiki, nə də elmi-praktiki idi. Bu konfrans, daha çox son illərdə "tribunadan" məhrum edilmiş siyasi partiya və ictimai təşkilatların Qarabağla bağlı dəfələrlə təkrar etdikləri fikirlərin bir daha "ayaqüstü" dilə gətirilməsi idi. Konfransda səsləndirilmiş bütün fikirlər (iki natiqin çıxışındakı bir fikirdən başqa!) mahiyyət etibarı ilə dörd məsələni əhatə edirdi:
1) Qarabağ ərazisi ermənilər tərəfindən işğal edilib və bu həqiqəti dünyaya yaymaq lazımdır;
2) Bu həqiqəti eşitmək istəməyən Qərb və Rusiya ikili siyasət irəli sürərək, Azərbaycanın haqq işini dəstəkləmir;
3) Sülh danışıqları heç bir fayda verməyəcək və biz öz torpaqlarımızı silah gücü ilə geri almalıyıq;
4) Hökumət Qarabağ problemi ilə bağlı məsələləri "monopoliyada" saxlayır.
Oxucu yəqin hiss etdi ki, bu tezislərin heç biri yeni deyil və ən azı 15 ildir təkrarlanır. İki natiqin bir-birini təkrarlayan və digərlərindən fərqlənən tezisləri isə Azərbaycan cəmiyyəti üçün çox təhlükəli və yeni etnik qarşıdurmalara yol aça bilən fikirlər idi. Doğrusu, bu fikrin (Azərbaycan cəmiyyəti üçün etnik məsələlərin həssas olduğunu nəzərə alaraq, fikrin mahiyyətini açmağı lazım bilmirəm!) mənim də hörmət bəslədiyim və kifayət qədər məlumatlı iqtisadçı və millət vəkili tərəfindən səslənməsi məsələnin adi olmadığından xəbər verir.
Çıxışların yuxarıda səslənən tezislər əsasında qurulması heç də pis deyildi. Lakin bu tezislərin müəllifləri elmi araşdırmalara əsaslanaraq digər suallara da cavab axtarmalı idilər. Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, istənilən problemi həll etməzdən əvvəl bu problemi aydın ifadə etmək, onun mahiyyətini, ona təsir edən elementləri müəyyənləşdirmək lazımdır.
"Qarabağ problemi nədir",- sualı ciddi elmi araşdırmanın predmetidir. Hər bir siyasi partiya və ictimai təşkilat bunu aydın ifadə etməlidir. Yəqin bəzi oxucular gülür ki, məqalənin müəllifi məgər bilmir ki, "Qarabağ problemi Azərbaycan ərazilərinin işğal edilməsidir"? Təəssüf ki, Azərbaycanın siyasi elitası 20 ildir ki, Azərbaycan cəmiyyətinə Qarabağ problemini məhz belə təqdim edir. Elə bu konfransda da bütün çıxışların əsasında problemin belə anlamı üstünlük təşkil edirdi. Hər hansı konkret siyasi problem beynəlxalq siyasətə və regional reallığa əsaslanaraq elmi metodologiya əsasında tədqiq edilmirsə, ciddi nəticələri olan çaşqınlıq yaranır. Azərbaycan Yaşıllar Partiyası belə hesab edir ki, bu problem müxtəlif etnik özünəməxsusluğu, o cümlədən dil, din, mədəni fərqləri olan, qeyri-demokratik və sosial cəhətdən zəif inkişaf etmiş iki cəmiyyətin birgə yaşayışı ilə bağlı olan problemdir.
Bəs, Qarabağ problemi daxili problemdirmi? Qarabağ probleminə "Azərbaycan ərazilərinin işğalı kimi" baxılarsa, o daxili problem deyil və xarici faktorlarla əlaqəlidir. Belə olan təqdirdə siyasi və ictimai qurumların bu problemin həllində hansı rolu ola bilər? Qarabağ probleminə "birgəyaşayışla bağlı problem" kimi baxılarsa, onda bu problem daxili problem kimi xarakterizə edilər. Qarabağ probleminə "birgəyaşayışla bağlı problem" kimi baxılması Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi faktını inkar etmir. Lakin bu işğala əsas problemin "həlli" üçün seçilmiş səhv fəaliyyətin nəticəsi kimi baxılır. Əgər vaxtında bu problem "birgəyaşayışla bağlı problem" kimi xarakterizə edilsəydi və onun həlli üçün lazım olan, o cümlədən xarici faktorların qarşısını alan addımlar atılsaydı, bu problem daha da şiddətlənərək etnik səviyyəyə transformasiya etməzdi.
Bu problemə Azərbaycanın daxili problemi kimi yanaşılarsa və xarici faktorlar (subyektiv faktorlar) yalnız "katalizator" rolunu oynayırsa, onun təsirini azaltmaq üçün siyasi partiyalar tamamilə başqa strategiya seçməlidirlər. Problemin son 20 ildə etnik münaqişə səviyyəsinə transformasiyası yuxarıda qeyd etdiyimiz ikinci tərifin daha da möhkəmlənməsi deməkdir. Başqa sözlə, bu problemin mahiyyətində obyektiv faktorlar getdikcə daha çox üstünlük təşkil edir.
Problemin düzgün anlaşılmaması ona adekvat olan siyasi fəaliyyətin qurulmaması deməkdir. Bu isə həm daxili, həm də xarici siyasətin müvəffəqiyyətsizliyini şərtləndirir. Məsələn, natiqlərin demək olar ki, əksəriyyəti ATƏT-in Minsk Qrupunun fəaliyyətini mənfi qiymətləndirdi. ATƏT-ə həmsədr ölkələrin ikili siyasəti isə xüsusi qeyd edilirdi. Hətta ABŞ-ın Cənubi Qafqaz siyasətinə dəstək verən siyasilər də "ehtiyatsızlıq" edərək ABŞ-ı Ermənistana dəstək verməkdə günahlandırdılar. Tənqidlərin əsas axını isə Rusiyaya yönəldi. Lakin nəzərə almaq lazımdır ki, nə Rusiyanın, nə də ABŞ-ın Cənubi Qafqaz siyasəti beynəlxalq siyasi strukurun tərkib hissəsi kimi hələ də siyasi partiyalar tərəfindən tədqiq edilməyib. Odur ki, regional siyasi struktur haqqında Azərbaycanın siyasi və ictimai elitasının məlumatsızlığı Qarabağ haqqında fraqmentar xarakterli eqoist fikirlərin, çox hallarda isə əsassız qarşıdurmaların yaranmasına səbəb olur.
Əlbəttə, konfransın ambisiyalı adı bunu deməyə inam yaradırdı ki, çoxlu sayda siyasi və ictimai təşkilatlar bir araya gələrək Qarabağ probleminin həllində siyasi partiyaların rolunun aydınlaşdırılmasına və artırılmasına olan zərurəti hiss edəcəklər. Bu zərurət onları məcbur edəcək ki, heç bir əsası olmayan siyasi qarşıdurmaları kənara qoyaraq, qlobal problemlər kontekstində regional problemləri, həmçinin milli təhlükəsizliyi əsas gətirərək, siyasi tədqiqat üçün ümumi komissiya formalaşdırsınlar. Bu komissiyada regional siyasət və münaqişələr üzrə ekspertlər, siyasi partiya və ictimai təşkilatların nümayəndələri və sair mütəxəssislər elmi-praktiki diskussiyalar apararaq bir neçə suala cavab axtara biləcəklər.
Qarabağ probleminin həllinin nə demək olduğu da ciddi elmi müzakirə obyekti olmalıdır. Aydındır ki, problemin həlli onun mahiyyəti ilə birbaşa bağlıdır. Görünür, elə buna görə konfransda çıxış edən və Qarabağ problemini "işğal" kimi xarakterizə edən bütün natiqlər "işğaldan azad edilməni" problemin həlli kimi xarakterizə etdilər. Problemin mahiyyətinə digər yanaşma, məsələn, "birgəyaşayışla bağlı problem" kimi yanaşma, daxili problemlərin həllini və birgəyaşayışla bağlı problemlərin, xüsusilə sosial məsələlərlə və idarəetmə ilə bağlı problemlərin həllini prioritet edir.
Bu sualların cavabları digər sualların xarakterinə də ciddi təsir göstərir. Məsələn, problemin dinc yolla və ya zor işlətməklə həlli variantları problemin mahiyyətindən çox asılıdır. Belə ki, əgər Qarabağ probleminə "işğal" kimi yanaşılarsa, onun dinc yolla həlli mümkün deyil. "İşğal edilmiş ərazilər",- dedikdə isə Qarabağdan kənar rayonlarla yanaşı həm də etnik ermənilərin kompakt yaşadıqları ərazilər nəzərdə tutulursa, onda "işğaldan azad etmə" nəinki mövcud problemi həll etmir, əksinə, yeni və uzun müddətli problemlər doğurur.
Əlbəttə, burada Qarabağ problemi ilə bağlı yalnız iki variant müqayisə edildi. Problemə elmi yanaşma və açıq diskussiyaların aparılması digər mümkün variantların da olmasını istisna etməyəcək. Belə müzakirələrdən siyasi partiyalar, hakimiyyət və KİV-lər qorxmamalıdır.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 02:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru