Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


17 Yanvar

2011
4929
DÜNYAVİLİK NƏDİR?
(ikinci məqalə)

Azərbaycan Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə hicaba qeyri-qanuni qadağanın qoyulması vətəndaşların Konstitusiya hüquqlarının qorunmasına zəmanət verən dövlət orqanları tərəfindən   də dəstəkləndi. İnsan hüquqlarının, demokratiyanın "carçısı" olan ABŞ və Avropa təşkilatları, Avropa dəyərlərindən bəhs edən Azərbaycan "ziyalıları" da susdu. Azərbaycan dövlətinin dünyavi olduğunu bəhanə gətirən hökumət nümayəndələri isə insan hüquqlarına, Azərabcan Konstitusiyasının təsbit etdiyi vicdan azadlığına daha kobud yanaşaraq hicabın qadağan edilməsinə etiraz edən dindarların kütləvi həbsinə başladı.

    Hökumət nümayəndələri tərəfindən dindarlara qarşı aşıq-aşkar represiyaların  başlanması hicaba qoyulan qadağanın  heç də sadə bir məslələ olmadığını sübut etdi. Bəli, hicab adi "baş örtüyü" və inanc simvolu deyil, həm də dindar ailələrin şərəf və qeyrət simvoludur. Hicaba hər hansı qadağanın qoyulması belə ailələrin şərəf və ləyaqətinə edilən təcavüz kimi qiymətləndirilir. Beləliklə, dünyavilik ideyasının "dindən ayrı" dünya və ya cəmiyyət kimi yox, dinsiz, yəni "ateist" və ya "dinə qarşı" cəmiyyət kimi xarakterizə edilməsi göz qabağındadır. Dünyaviliyin belə anlaşılması və hicaba qarşı qoyulması bir qrup dindar insanların şərəf və ləyaqətinin təhlükə altında olması deməkdir. Məhz buna görə özünü demokratik hesab edən bütün ölkələrin qanunlarında, o cümlədən Azərbaycan Konstitusiyalarında "şərəf və ləyaqətin müdafiəsi hüququ" əsas hüquqlardan biri kimi təsbit edilib. Heç kəs inkar edə bilməz kmi, "şərəf", "ləyaqət", "vicdan", "mənəviyyat", "xeyir", "şər", "rəhmlilik", "məhəbbət", "sevgi" və sair bu kimi anlayışlar dünyəvi və elmi anlayışlar deyil, dinə, mənəviyyata söykənən etik anlayışlardır. Dünyəvi cəmiyyətin "ateist" və ya "din əleyhinə" olan bir cəmiyyət kimi qəbul edilməsi "mənəviyyatsız"  və ya  "əxlaqsız" cəmiyyətin  qəbul edilməsi deməkdir. Dinsiz və mənəviyyatsız insan cəmiyyəti isə qısa müddətdə  məhvə məhkumdur.
    Beləliklə, heç şübhə yoxdur ki, Azərbaycan cəmiyyəti Azərbaycan Konstitusiyasındakı "dünyəvilik" anlayışının arxasında nə dayandığının fərqində olmalıdır. Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan xalqının niyyətlərindən biri  kimi "...qanunların aliliyini təmin edən  hüquqi, dünyavi dövlət qurmaq" göstərilir. Azərbaycan respublikasının Konstitusiyasının 7 maddəsinin 1-ci hissəsində də qeyd edilir ki, " Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır". Bəs nədir bu dünyavilik? Məgər "dünyavilik" cəmiyyətdən dinin sıxışdırılması və dini dəyərlərin, o cümlədən mənəvi dəyərlərin məhv edilməsi, beləliklə də   insanların şərəf və ləyaqətlərinə təhlükə yaratmaq deməkdirmi?
    Qeyd edək ki, dünyavilik və onun mahiyyəti haqqında çox fundamental əsərlər, məqalələr yaşılıb. "Dünyavilik" ictimai şüurda, elmi və siyasi ədəbiyyatda olan elə anlayışlardandır ki, bu günə qərəd onun haqqında birmənalı fikirlər mövcud deyil. Lakin bu anlayışın siyasi xarakterli olması şübhəsizdir. Qeyd edək ki, 1851-ci ildə dünyavilik terminini ilk dəfə işlədən Britaniya yazıçısı Corc Holyuk "dünyavilik" deyəndə dinin tənqidini   və yaxud ondan inkarı nəzərdə tutmurdu. İbn Rüşdin fəlsəfə məktəbində yayılan və  "dünyavilik" mahiyyəti daşıyan fəlsəfi ideyaların dini ideyalardan ayrılması ideyası da dinin və dini dəyərlərin inkarı deyildi.
    Dünyəvi cəmiyyətlərdə öyrənilən hakimiyyət və hüquq problemləri heç də dini dəyərlərdən ayrı, necə deyərlər "xalis" şəkildə formalaşmayıb. "İnsan hüququ", "demokratik idarəetmə" anlayışları öz mahiyyətində dini ehkamlara əsaslanır. Özünü "dünyavi" adlandıran bütün Avropa ölkələrində və ABŞ-ın ictimai həyatında və konstitusiyalarında səmavi dinlərin əsaslandığı ehkamların təsirini görmək çətin deyil.
    Lakin dünyaviliyin mahiyyətində daha çox materialist və ateist elementlər gizlənib. Dünyaviliyin əsas prinsipləri olan 1) Həyatın maddi sərvətlərlə inkişaf etdirilməsi, 2) maddi elmə xüsusi üstünlüyün verilməsi, 3)mövcud həyatda yaxşı olanın yaxşı kimi qəbul edilməsi və onun uğrunda mübarizənin təşkili materialist prinsiplərdir. Təbii ki, belə prinsiplərə ardıcıl olaraq əsaslanan cəmiyyətlərdə din və mənəvi dəyərlər ikinci plana keçməlidir.  Lakin bütün cəmiyyətlərdə dinin, dini əxlaqın və mənəvi dəyərlərin konservativ daşıyıcıları olduğu üçün cəmiyyətlər öznəməxsusluğunu müəyyən qədər saxlaya bilir. Hətta Türkiyədə və keçmiş Sovet İttifaqına daxil olan respublikalarda  son 90 ildə ən radikal  mahiyyətli dünyavilik modeli qəbul edilsə də, bu cəmiyyətlərdəki konservativ qruplar milli və dini dəyərlərin daşıyıcısı kimi öz cəmiyyətlərinin öznəməxsusluğunu qoruya bildilər.
    Dünyəviliyin ən asan başa düşülən və ən çox təbliğ edilən  tərifi "dövlətin və dövlət qurumlarının dindən ayrı olması" kimidir. Lakin bu tərifdə bir neçə məqama aydınlıq gətirilməlidir. Birincisi, dünyavi dövlət insanların dini inanclarına müdaxilə edə bilərmi? İkincisi, dini qurumlar dövlətin siyasətinə müdaxilə edə bilərmi? Dünyavilik ideyasının, daha doğrusu "qeyri-dini" cəmiyyətlərin təbliğatşıları Didro, Volter, C. Lok və sairləri elə cəmiyyətin yaradılmasını nəzərdə tuturdular ki, din və dövlət ayrı olsunlar və bir-birilərinin işinə qarışmasınlar. Beləliklə, dünyavi dövlətdə  rəsmi dövlət dini olmur, lakin dövlət və dövlət qurumlarının dinə müdaxiləsi də olmamalıdır. Dünyaviliyin bu tələbləri Azərbaycan Konstitusiyasının 18-ci ("Din və Dövlət") maddəsində və 48-ci ("Vicdan azadlığı") maddəsində təsbit edilib. İlk baxışda elə görünür ki, dünyaviliyin hər iki tələbi aydınca yerinə yetirilib. Lakin
elə bu maddələrdə "insan ləyaqəti", "insanpərvərlik prinsipi", "ictimai əxlaq" anlayışları işlənir. Bu anlayışlar isə mənəvi anlayışlardır və dini dəyərlərlə sıx bağlıdır. Başqa sözlə desək, dövlət dinin təsirindən "yaxa qurtara" bilməz.
    ABŞ Konstitusiyasının yaranma tarixi, ABŞ-a daxil olan ölkələrin konstitusiyalarında dünyaviliyə münasibət dünyavilik ideyasının mahiyyətində gizli məqamların olmasından xəbər verir. Belə ki, son vaxtlar ABŞ Ali məhkəmə hüquqşünasları, siyasilər və din xadimləri belə fikir irəli sürürlər ki, ABŞ konstitusiyası Allahın kəlamlarına əsaslanır. Onların bəziləri açıq-aşkar iddia edirlər ki, ABŞ Konstitusiyasını hazırlayanlar  onu xristian xalqı üçün xristian idarəetmə sənədi kimi formalaşdırıblar və bu belə də olmalıdır.
Qeyd edək ki, son vaxtlar ABŞ-da dövlət və dinin  ayrı olması ilə bağlı prinsiplərə, yəni Azərbaycan siyasilərinin və "ziyalılarının" fəxr etdiyi "dünyaviliyə" həm respublikaçılar, həm də demokratlar tərəfindən hücum edilir. 2000-ci ilin prezident seçkilərində demokratlar partiyasından vitse-prezident vəzifəsinə namizədliyi irəli srülən Jozef Liberman ABŞ Konstitusiyasına edilən Birinci Əlavə haqqında qeyd edirdi ki, "Konstitusiya din azadlığına zəmanət verir, dindən azad olmağa zəmanət vermir". Prezidentliyə namizədliyi irəli sürülən Al Qor isə söz verirdi ki, əgər prezident seçilərsə bütün vacib məsələlərlə bağlı  qərar qəbul edərkən bir suala əsaslanacaq: "İsa peyğəmbər bu halda nə edərdi?" Corc Buş da öz fəaliyyətinə  Allaha ibadətlə başladı.
    2003-2005-ci illərdə ABŞ Nümayəndələr Palatasında çoxluğun lideri olan Tom Delay birmənalı olaraq yazırdı ki, "ABŞ Konstitusiyasında dövlətin kilsədən ayrı olması haqqında heç nə yazılmayıb". "Ailəyə diqqət" təşkilatının rəhvəri Jeyms Dobson da ABŞ-ın bütün qanunlarının Tövratın 10 ehkamı üzərində qurulduğunu israr edir.
    ABŞ tarixindən məlumdur ki, hələ 1777-ci ildə Tomas Cefersonun  Yepiskop Kilsəsi  Virginiyanın rəsmi kilsəsi idi. Evangel Protestant kilsəsi azlıqda olduğu üçün rəsmi kilsənin olmasına müxalif idi. Odur ki, ABŞ-ın federal dövlət kimi formalaşdığı ərəfədə dövlət ilə kilsənin münasibəti haqqında üç mövqe formalaşmışdı: 1) dövlət yalnız bir kilsəni-Xristian kilsəsini müdafiə etməli idi;  2) dövlət yalnız Xristian olan bütün kilsələri müdafiə etməli idi; 3) dövlət heç bir kilsəni və ya dini müdafiə etməməli idi. Beləliklə, üçüncü variant "barışdırıcı variant" idi və xristianlığın dəstəklənməsinə müəyyən məhdudiyyətlər qoysa da ateistik mahiyyət daşımırdı.
    Bu gün ABŞ siyasilərinin əsaslandığı 1786-cı il Dini Azadlıqların Təsisi Aktı  (Virginia Planı) o dövrdə müxtəlif ştatlarda rəsmi dini qruplarla azlıqda olan dini qrupların arasındakı ziddiyyətli münasibətləri aradan qaldırmaq üçün və milli birlik yaratmaq üçün qəbul edilmişdi. Belə ki, Massacusi ştatında protestanlar xristianlarla eyni hüquqlu olmağı tələb edirdilər.  Nyu York konstitusiyasında isə yalnız yəhudilərin hüququ təmin edilmiş, katoliklərin hüququ isə təmin edilməmişdi. Marilan ştatında isə protestanlara və katoliklərə verilən mülki hüquqların əksəriyyəti  yəhudilərə verilməmişdi. Müxtəlif ştatlarda dövlətlə dini qruplar arasında müxtəlif münasibətlərin olması səbəbindən 1786-cı il Dini Azadlıqların Təsisi Aktı  ABŞ konstitusiyasını hazırlayanlar üçün əsas kimi qəbul edilib. Bu sənəd bu gün "dünyavi" sənəd kimi xarakterizə edilir. Lakin "dünyaviliyə" yalnız mülki işlərin dindən ayrılması kimi yanaşan ABŞ siyasiləri belə hesab edir ki, "dünyavilik" dindən uzaqlaşma və ya dinin inkarı deyil. Başqa sözlə desək, dini fəaliyyətlə məşğul olanlara  nə üstün mülki hüquqlar verilməli, nə də dindar olduqları üçün onların mülki hüquqları məhdudlaşmamalıdır.
    Yeni müstəmləkəçilik siyasətini həyata keçirmək üçün ABŞ digər ölkələrin konstitusiyalarında dövlətlə dinin ayrılığını və dünyaviliyi təbliğ edir. Bu məqsədlə ABŞ Konstitusiyasında "Allah" ifadəsinin olmaması əsas gətirilir və nümunə kimi göstərilir. Dügər ölkələrə "idxal edilən dünyavilik" daha radikal və çox hallarda qeyri-müəyyən mahiyyətlidir. Bu gün ABŞ –da üstünlük təşkil edən fəlsəfə dünyavi fəlsəfədir və ABŞ Konstitusiyası dünyəvi hesab edilir. Çünki ABŞ Konstitusiyasında "Allah" sözü yoxdur.  Dünyavilər hesab edir ki, ABŞ konstitusiyasında "Allah" sözünün olmaması vacibdir.  Guya bu o deməkdir ki,  ABŞ dövləti  "Allahın" nəzarəti altında olmamalıdır. Bəs nə üçün "Allah" sözü ABŞ-a daxil olan bir çox ştatın konstitusiyalarının preambulasında və vətəndaşların hüquqlarını müəyyən edən maddələrə daxil edilib? Belə ki, ABŞ-ın 30 ştatının konstitusiyasının preambulasında "Hər şeyə qadir Allah" ifadəsi var. İlahi qüvvəyə istinad Oregon ştatından başqa ABŞ-a daxil olan bütün ştatların konstitusiyalarının preambulasında var. ABŞ-ın ən yüksək dövlət rəsmiləri dini mərasimlərdə yaxından iştirak edirlər. ABŞ cəmiyyətində dini tədbirlər geniş miqyasda aparılır.
     Bəs Azərbaycan Konstitusiyasındakı "dünyavilik" ifadəsi nə üçün "anti-islam" və ateist məna daşımalıdır? Əgər bu belə deyilsə və "dünyavilik" sadəcə olaraq, din və dövlət işlərinin ayrılığını ifadə edirsə, onda nə üçün dini inanclı insanlar təhsil müəssisələrində "anti-islam"  geyimində olmağa məcbur edilməlidirlər və təzyiqlərə məruz qalmalıdırlar?
    Mahiyyətində cəmiyyətlərin "allahsızlaşdırılması" və mənəvi köklərdən ayrılaraq təklənməsi ideyası dayanan "dünyavilik" siyasi mənada təkcə dövlət və dinin ayrılması deyil.  Dövlət və din arasında əlaqələrin zəifləməsi, dini əsaslara söykənən hüquq sistemi əvəzində, vətəndaş hüquq sisteminin formalaşması da dünyaviliyin yalnız görünən mənalarıdır.  İlk baxışda elə görsənir ki, guya dünyavilik dini əsaslarda diskriminasiyaların da azaldılmasını nəzərdə tutur və dini azlıqların hüquqlarının müdafiəsi  üçün mühüm mexanizmdir.
    Dünyavilik ideyası nə qədər pərdələnsə də onun masonçuluqla, yeni müstəmləkəçilik ideyası ilə, "yeni dünya düzəni" ilə əlaqəsi şübhəsizdir. XX əsrdə həyata keçirilən yeni müstəmləkəçilik siyasəti əsarət altına alınan ölkələrdə yeni hüquqi sistemin yaradılmasını zəruri edir.  Unutmaq lazım deyil ki, dövlətlərin xırda hissələrə parçalanması və onların hüquqi sisteminin ABŞ siyasətinə uyğun formalaşdırılması ABŞ xarici siyasətinin tərkib hissəsidir.

HİCAB VƏ DÜNYAVİLİK - (I məqalə)
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 03:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru