Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


01 İyul

2010
4077
AZƏRİ ÜÇBUCAĞI SINDIMI?

600 nəfərdən çox dinc insanın Qəzza bölgəsində İsrail blokadasndan əziyyət çəkən fələstinlilərə humanitar yardım aparan gəmilərdə zorakılığa məruz qalması Türkiyə ilə İsrail arasındakı gərginliyi yenidən artırdı. Bu hadisə dünya ictimaiyyəti tərəfindən də geniş etirazla qarşılandı. Demək olar ki, bütün ölkələrdə, o cümlədən Azərbaycanda bu və ya digər miqyasda İsrail əleyhinə nümayişlər, etiraz aksiyaları keçirildi, qeyri-humanist hərəkəti ciddi pisləndi. Bu hadisədən sonra Türkiyənin hansı addımlar atacağı və regionda nələr baş verə biləcəyi dünya ictimaiyyətini xeyli narahat etdi. Elə bu zaman region üçün digər mühüm bir hadisə, İrana qarşı BMT-nin yeni sanksiya qəbul etməsi əvvəlki hadisəni, ilk baxışda, ikinci plana keçirdi. Lakin nəzərə almaq lazımdır ki, bu iki hadisə öz xarakteri ilə ciddi fərqlənsə də, mahiyyət etibarı ilə sıx şəkildə bağlıdır. Elə BMT tərəfindən belə qərarın tələm-tələsik qəbul edilməsi də birinci hadisənin əks-sədasının səngidilməsinə xidmət edirdi. Belə ki, hər iki hadisənin arxasında İsrail və ABŞ-ın dayanması, müdafiə olunan tərəflərin isə iki müsəlman ölkəsinin, yəni Türkiyə və İran olması Yaxın Şərqdə İslam dünyasına qarşı ABŞ-İsrail alyansının genişləndiyindən xəbər verir.

ABŞ və İsrailin İrana qarşı belə aqressiv olması səbəbləri kifayət qədər aydındır və bu məsələnin xüsusi araşdırılmasına ehtiyac yoxdur. İslam Respublikasının nəinki regionda, hətta dünyada digər ölkələr üçün də nümunə ola bilməsi ehtimalı ABŞ və İsraili ciddi narahat edir. Burada yaradılmış yeni idarəetmə və inkişaf modeli onun ABŞ üçün "müştəri ölkəyə" çevrilməsinə qətiyyən imkan vermir, hətta regionda ciddi müqavimət formalaşdırır. Bəs ABŞ-İsrail alyansı ilə Türkiyənin münasibətlərinin belə soyumasının səbəbləri nə ola bilər? Türkiyənin getdikcə İsrailin "ən yaxın müttəfiqi" imicindən uzaqlaşması və "Azəri üçbucağının" sınması Türkiyənin Yaxın Şərq siyasətindən bilavasitə doğurmu və qaçılmazdırmı? Heç şübhəsiz ki, Türkiyənin Yaxın Şərq siyasəti Azərbaycanın Yaxın Şərq siyasətinə də birbaşa təsir göstərir. Odur ki, "Azəri üçbucağında" Türkiyə-İsrail münasibətlərinin geniş araşdırılmasına ehtiyac var.

 "Azəri üçbucağının" Azərbaycan və Türkiyə üçün nə dərəcədə əhəmiyyətli olduğunu qiymətləndimək üçün onun mahiyyətini, hansı geosiyasi və ya iqtisadi reallıqla şərtləndiyini nəzərə almaq lazımdır. Başqa sözlə desək, "Azəri üçbucağı" Azərbaycanın və Türkiyənin qarşısında dayanan hansı mövcud problemləri həll etməli idi? Azərbaycan və Türkiyə üçün həlli vacib olan problemləri "Azəri üçbucağına" daxil olan digər tərəflə, yəni İsraillə birgə həll etmək mümkündürmü? "Azəri üçbucağı" nə dərəcədə dayanıqlıdır? "Azəri üçbucağını" mahiyyətcə fərqli olan digər geosiyasi əməkdaşlıq strukturu ilə, məsələn "Azəri dördbucağı" ilə əvəz etmək zamanı deyilmi? Bütün bu suallara İsrail-Türkiyə və İsrail-Azərbaycan əlaqələrinin tarixinə və mahiyyətinə varmaqla cavab tapmaq olar.

Təqribən 61 il bundan əvvəl, yəni 1949-cu ilin 28 mart tarixində Türkiyə İsrail dövlətini tanıyıb. 1958-ci ildə isə Türkiyənin baş naziri Adnan Menderes ilə İsrailin baş naziri David Ben-Gurion arasında keçirilən gizli görüşdə iki ölkə arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bu saziş iki ölkə vətəndaşlarının yaxınlaşmasını və hərbi əməkdaşlığı nəzərdə tuturdu. Türkiyə 1967-ci ildə Qərb ölkələrinin dəstəyi ilə İsrailin regionda yeni əraziləri zəbt etməsini pisləsə və zəbt edilmiş ərazilərdən İsrail qoşunlarının çıxarılmasını tələb etsə də İsrailin "işğalçı dövlət" kimi adlanmasına tərəfdar çıxmayıb. İki il sonra isə İslam Konfransı Təşkilatının Mərakeşdə keçirilən iclasında İsraillə hər hansı diplomatik əlaqələrin kəsilməsinə dair qəbul edilmiş qətnaməyə qoşulmayıb. Əksinə, keçən əsrin səksəninci illərində Türkiyə ilə İsrail arasında diplomatik əlaqələr xeyli möhkəmlənib. Lakin bununla yanaşı, Türkiyə fələstinlilərin özünü təyin hüququnu və müstəqil Fələstin dövlətinin yaradılmasını müdafiə edib. 1990-cı ildə Türkiyə ilə İsrail arasında illik ticarət dövriyyəsi 100 milyon dollardan 150 milyon dollara qədər yüksəlmişdi.

Keçən əsrin 90-cı illərində iki dövlət arasında müdafiə və turizm sahəsində əməkdaşlığın genişlənməsi, İsrail-Türkiyə Biznes Şurasının yaradılması, yüksək rəsmi şəxslərin qarşılıqlı səfərləri İsrail-Türkiyə münasibətlərinin yüksələn xəttlə inkişaf etdiyini göstərirdi. Məhz bu dövrlərdən başlayaraq İsrail-Türkiyə münasibətləri İsrail-Azərbaycan münasibətləri ilə paralel inkişaf etməyə başlayıb. Bu dövrlərdə terrorizm və fundamentalizm təhlükəsinə qarşı birgə mübarizə haqqında anlaşma memorandumu imzalanıb. Lakin iki ölkə arasında mühüm əhəmiyyət daşıyan müqavilələr, əsasən hərbi əməkdaşlıqla bağlı idi. Türkiyənin Avropa Birliyinin Gömrük İttifaqına qoşulması İsrail tərəfindən ciddi müdafiə edilirdi. İsrail ümid edirdi ki, Türkiyənin Avropa İttifaqına yaxınlaşması onun Yaxın Şərqlə əlaqəsinin zəifləməsinə səbəb ola bilər.

İsraillə əlaqələrin kəsilməsini vəd edən və seçkilərdə qalib gələn Rifah Partiyasının hakimiyyəti dövründə də İsrail-Türkiyə münasibətləri, əslində yüksələn xətlə inkişaf edib. İki ölkə arasında hərbi sahədə təlimlərin keçirilməsi və əməkdaşlıq haqqında razılaşmalar, yüksək rəsmi şəxslərin qarşılıqlı səfərləri, müxtəlif iqtisadi müqavilələrin imzalanması, nəhayət hava qüvvələrinin birgə keçirdiyi təlimlər İsrail-Türkiyə əlaqələrinin genişləndyini göstərirdi.

Bu əməkdaşlıq isə region ölkələrini həmişə narahat edib. Çünki dolayısı ilə İsrailin hərbi imkanlarının genişlənməsinə yadım onun regionda işğalçılıq fəaliyyətinə haqq qazandırmaq demək idi. 1996-cı ildə Ərbəkan hökuməti 54 dənə Türk F-4 Fantomunun modernləşməsi üçün İsrail Hərbi Təyyarə Sənayesi ilə 632,5 milyon dollarlıq müqavilə imzaladı. Popeye II raketlərinin birgə istehsalı, İsraildən müxtəlif hərbi texnikaların alınması, hərbi əməkdaşlığın genişlənməsi üçün yüksək səviyyəli dövlət və hərbi rəsmi şəxslərin qarşılıqlı səfərləri bu dövrdə İsrail-Türkiyə münasibətlərini xeyli möhkəmlətmişdi.

Türkiyə-İsrail əlaqələrində hərbi əməkdaşlıqdan sonra digər mühüm yeri İsrailin içməli su ilə təminatı tutur. 2000-ci ildə İsrail və Türkiyə arasında hər il 50 milyon kub metr suyun alınması haqqında müqavilə imzalanıb. 2002-ci ildə isə İsrail Türkiyədən bir milyard dollarlıq su idxal edib, təqribən bu məbləğdə hərbi avadanlığı isə Türkiyəyə ixrac edib. "Su əvəzinə hərbi avadanlıq" Türkiyə-İsrail ticarət əlaqələrinin zahiri göstəricisi olsa da mahiyyət etibarı ilə belə əlaqələr Türkiyənin regiondan təcrid edilməsinə və İsrail hərbi sənayesindən asılı vəziyyətdə saxlanmasına xidmət etmişdir. Odur ki, Türkiyə tərəfindən vaxtaşırı Fələstinin müdafiə edilməsi, bəzi hallada İsrail rəsmi şəxslərinə ciddi iradların bildirilməsi həmin dövlətləri qətiyyən uzaqlaşdıra bilməzdi. Xüsusilə, bu dövrdə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin razılaşdırılması və Azərbaycan neftinin Türkiyə vasitəsilə İsrailə çatdırılmasının təmin edilməsi müsəlman ölkəsini yəhudi dövləti üçün mühüm strateji ölkəyə çevirmişdi.

Bu məsələdə diqqət çəkən ən maraqlı məqam Türkiyənin İsraildən hərbi avadanlıq almasıdır. Həm insan resursları, həm də iqtisadi potensialı İsraildən qat-qat çox olan Türkiyənin hərbi potensialının asılı olması regionda hərbi balansın nə dərəcədə pozulduğunu bir daha əyani sübut edir. Başqa bir sual Türkiyənin İsrail vasitəsilə sürətli silahlanmaya sövq edilməsi ilə bağlıdır. NATO-nun üzvü olan Türkiyənin İsraildən böyük miqdarda hərbi texnika alması hansı zərurətdən doğur? Başqa sözlə desək, Türkiyə hansı təzyiqlərlə üzləşərək İsraillə əməkdaşlığa razı olub? İsrailin Yaxın Şərq siyasətinə kəskin reaksiya verən Türkiyə nə üçün İsrail ilə, Ərdoğanın dili ilə desək, "dövlət terroru" ilə məşğul olan bir ölkə ilə ən yüksək səviyyədə iqtisadi və hərbi əməkdaşlıq aparmaqda davam edir?

Əlbəttə, belə əməkdaşlığın əsas səbəbi ABŞ və Avropa İttifaqı tərəfindən Türkiyəyə edilən və müxtəlif məsəlləri əhatələyən təzyiqlərdir. Heç şübhəsiz ki, İsrail tərəfindən Türkiyəyə və ya hər hansı bir ölkəyə, o cümlədən Azərbaycana satılan hərbi avadanlığın istehsalı birbaşa və ya dolayısı ilə ABŞ siyasi elitası ilə bağlıdır. Son 60 ildə ABŞ-ın Yaxın Şərqdə hərbi və iqtisadi maraqlarını yerinə yetirən İsrail, əslində ABŞ-ın "hərbi bazasıdır". Türkiyə siyasiləri İsrail ilə əlaqələrə müxtəlif "don geydirə" bilərlər. Məsələn, yəhudi lobbisinin Türkiyənin maraqlarını Vaşinqtonda qoruması və ya İsraillə iqtisadi əməkdaşlıqda həmin mənafeyin önə çəkilməsi, ərəb dövlətləri və ya Rusiya tərəfindən Türkiyəyə hər hansı hərbi təhlükələrin mövcudluğu və sair. Lakin bu arqumentlərin heç biri Türkiyənin İsraillə əməkdaşlığında obyektiv xarakterli deyil. Türkiyənin iqtisadi maraqları da prioritet sayıla bilməz. Belə ki, Türkiyə hərbi avadanlıq alaraq, İsrailə valyuta ödəyir. İsrailə satdığı suyun və ya mal və xidmətlərin miqdarı, həmçinin İsrail turistlərinin gətirdiyi gəlir Türkiyənin İsrailə qaytardığından xeyli azdır. İsrailin Türkiyəyə ixracatı təqribən 1,5 milyard dollardır. Türkiyədən isə təqribən 1 milyard dollarlıq mal idxal edir. Türkiyədən İsrailə neft və qaz boru kəmərlərinin tikintisi də nəzərdə tutulub ki, belə infrastruktur vasitəsilə Xəzər dənizinin enerji resursları İsrailə çatdırıla bilər. Belə boru kəmərlərinə nəzarəti əldə saxlamaqla İsrail regionun "enerji damarlarına" sahib olmağı planlaşdırır. Digər tərəfdən, Türkiyənin İsraillə hərbi əməkdaşlığnın belə geniş vüsət alması Türkiyəni nəinki regionda gücləndirmir, əkinə onun nüfuzuna xeyli ziyan vuraraq, qonşu müsəlman ölkələrindən təcrid edir və regionu sürətli silahlanmaya sürükləyir.

Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndən sonra İsrailin Yaxın Şərq siyasətini ən kəskin tənqid edən ölkələrdən biri də Türkiyə olub. Son 6-7 ildə Türkiyə Yaxın Şərq ölkələri ilə yaxşı münasibətlərin qurulmasına cəhdlər göstərir. İsrailin Fələstində törətdiyi qətliamı açıq-aşkar tənqid edən T. Ərdoğan, "irqçi dövlətlə" iqtisadi və hərbi əməkdaşlığın davam etdirilməməsində israrlı deyil. İsrail Livanı işğal etdi, Türkiyə isə yalnız etiraz bəyanatı verməklə kifayətləndi, İsrailə qarşı konkret iqtisadi sanksiyalar tətbiq edilmədi. Əksinə, Türkiyə ərazisindən İsrailə neft ixracı davam etdirildi. 2008-ci ilin sonu 2009-cu ilin əvvəllərində İsrail Qəza bölgəsində çoxlu sayda insan qırğını törətdi. Türkiyə bu qətliama kəskin reaksiya göstərən ölkələrdən biri oldu. Lakin buna baxmayaraq, İsraillə hərbi və iqtisadi əməkdaşlıq məhdudlaşdırılmadı. Bəzi siyasilər və politoloqlar qeyd edirlər ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbul edilməsi Türkiyə hökumətinin son illərdə İsrailə qarşı kəskin mövqe tutması ilə bağlıdır. Əgər belədirsə və Türkiyənin müstəqil dövlət kimi region ölkələri ilə hər hansı əlaqələrinə İsrail tərəfindən "xüsusi nəzarət" olunacaqsa, regional siyasətdə rəsmi Təl-Əvivə nə dərəcədə etibar etmək olar? Regionda sülhü və təhlükəsizliyi müdafiə etmək və iqtisadi əməkdaşlıq qurmaq üçün Türkiyə tərəfindən edilən səylər İsrailin hədələrinə tuş gələcəksə, onlar arasında strateji əməkdaşlıq nə dərəcədə dayanıqlıdır? Bu sualların cavablandırılması "Azəri üçbucağının" üçüncü tərəfinin, yəni Azərbaycanın gələcək təhlükəsizliyi üçün də mühüm əhəmiyyət daşıyır.

Heç şübhəsiz ki, İsrail ABŞ və onun yaxın müttəfiqi olan Türkiyə vasitəsilə həm iqtisadi, həm də hərbi cəhətdən güclənib. Elə buna görə də İsrail Türkiyə kimi ölkələrlə ikitərəfli əməkdaşlıqda dominantlığı öz üzərinə götürür. Hətta Türkiyə kimi ölkələrin səfirlərinə hörmətsizlik göstərməkdən belə çəkinmir. Müstəqil addımları cəzalandırmaq və Yaxın Şərqi İsrail vasitəsilə nəzarətdə saxlamaq üçün ABŞ "soyqırım" və yaxud "insan hüquqlarının qorunması" kimi bəhanələrdən ustalıqla istifadə edir və gələcəkdə də edəcəkdir.

Türkiyə ilə İsrail arasında son 60 ildə davam edən, sözün həqiqi mənasında, "subordinasiya" pozulmaq istiqamətində davam edir. Daha nə Türkiyə, nə də digər Yaxın Şərq ölkələri İsrailin, daha doğrusu ABŞ-ın, Yaxın Şərq siyasətinə dözmək iqtidarında deyil. Türkiyə dərk edir ki, belə siyasətə dəstək verməklə özü-özünə ciddi problemlər yaradır. Başqa sözlə desək, irqçi İsrailin işğalçılıq siyasəti dəstəkləndikcə, hərbi imkanları gücləndikcə regionda təhlükə artır və Türkiyənin özünə hərbi və iqisadi problemlər yaranır. Nəzərə almaq lazımdır ki, Ərdoğanla Peresin Davos mübahisəsi iki siyasətçinin sadəcə söz savaşı deyildi. Bu, Türkiyə baş nazirinin Yaxın Şərqdə sionist hegemonluğuna, və "Azəri üçbucağında" İsrail dominantlığına qarşı üsyanı idi. İsrail hərbçilərinin fələstinlilərə yardım gətirən dinc insanlara qarşı qətliamı isə regionda öz dominantlığını sübut etmək üçün İsrailin yeni "əzələ nümayişi" oldu. Növbəti onilliyin region üçün düşündürücü sualı belədir: görəsən Türkiyə və digər region ölkələri İsrailin belə haqsız hegemonluğuna dözəcəklərmi?

Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 01:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru