Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


23 İyun

2010
2271
`Ənənəvi müxalifət`lə iqtidarın böyük səhvi
Azərbaycan siyasi leksikonunda "siyasi müxalifət" anlayışı o qədər də aydın deyil. Sədrləri Milli Məclisdə olan və ya olmayan çoxlu sayda siyasi partiyalar var ki, hakimiyyətin həyata keçirdiyi siyasi kursu birbaşa dəstəkləyərək "müxalifət" adına da iddialıdırlar. Eləcə də hakimiyyətin həyata keçirdiyi siyasətdən konseptual fərqlənən siyasətə və proqrama malik olmayan, lakin hakimiyyətin ələ keçirilməsinə iddialı olan siyasi qüvvələr də "müxalifət" kimi öz yerlərini siyasi arenada saxlayırlar. "Müxalifət" anlayışının siyasi leksikonda düzgün müəyyən edilməməsi həm hakimiyyətə, həm də beynəlxalq güclərə, xüsusilə ABŞ institutlarına "müxalifət" anlayışı ilə manipulyasiya etməyə və onlardan öz məqsədləri üçün istifadəyə imkan verir. Başqa sözlə, "müxalifət" düşərgəsindəki mahiyyət müxtəlifliyi ona qarşı hər hansı təxribatlara asanlıqla yol açır. Məhz bu səbəbdəndir ki, Mərkəzi Seçki Komissiyası tərkibinin hansı "müxalifətdən" ibarət təşkil edilməsi sualı qoyulanda da xeyli çaşqınlıq əmələ gəlir. Təəssüflə qeyd etmək lazımdır ki, iqtisadiyyatda monopolist qüvvələr olduğu kimi siyasətdə də "müxalifət" adına iddialı olan siyasi qüvvələr bu ad ətrafında monopoliya yaratmağa cəhd göstərirlər. Məhz bu səbəbdəndir ki, son 15 ildə hakimiyyətə bu və ya digər formada müxalif olan qüvvələrin birləşməsi və bir mövqedən çıxış etməsi mümkünsüz olub.
"Siyasi müxalifətin" aydın xarakteristikasının olmaması cəmiyyətdə də ciddi parçalanma və ideoloji qeyri-müəyyənlik yaradıb. Azərbaycanda son 15 ildə siyasi proseslərin zəifləmə istiqamətində getməsi və 2003-cü ildən hökm sürən siyasi durğunluq, digər səbəblərlə yanaşı, həm də "siyasi müxalifət" anlayışının aydın və başa düşülən olmaması ilə bağlıdır. Siyasi hakimiyyətə iddialı olan partiyaların aydın ideoloji bazasının, siyasi mübarizə strategiyasının və perspektiv inkişaf proqramının olmaması bu partiyalar ətrafında mümkün sosial qrupların təşkilatlanmasına imkan vermir. Azərbaycan siyasi partiyalarının ən ciddi çatışmazlığı Azərbaycan cəmiyyətindəki problemləri qlobal problemlərlə uyğunlaşdırmaq bacarığının olmamasından irəli gəlir. Bu zərurət real vəziyyətdən çıxış etməklə Azərbaycanın perspektiv inkişaf xəritəsini müəyyənləşdirməklə bağlıdır. Azərbaycan Qlobal Dünya ilə müqayisədə çox kiçik bir ölkədir. Odur ki, onun qlobal problemlərə immuniteti də zəifdir. Qlobal miqyasda kiçik bir dəyişiklik Azərbaycan cəmiyyətində ciddi şəkildə özünü göstərə bilər. Dünyanı düşündürən
1) enerji problemləri;
2) əhali artımının yaratdığı problemlər;
3) ərzaq çatışmazlığı;
4) ekoloji problemlər - Azərbaycanın siyasi həyatında diqqət mərkəzində dayanmalıdır.
Təəssüf ki, hakimiyyətə iddialı olan "siyasi müxalifət" bu problemlərin fonunda Azərbaycanın gələcək perspektivlərini araşdırmaq və müvafiq siyasi qərar qəbul etmək gücündə deyil.
Əvvəlki tədqiqatlarımızda qeyd etdiyimiz kimi, mövcud şəraitdə müxalifətin geniş xalq kütlələrindən təcrid edilməsinin səbəbi təkcə hakimiyyətin "siyasi bacarığı" ilə şərtlənmir. Burada daha iki ciddi amil öz mənfi təsirini göstərməkdədir. Bunlardan birincisi, Azərbaycanda iqtisadi və siyasi maraqları olan böyük güclərin, xüsusilə ABŞ-ın mövcud müxalifətdən hakimiyyətə təsir vasitəsi kimi istifadə etmək və ondan lazım olan güzəştləri almaq siyasətidir. İkincisi isə müxalifətin ardıcıl ideoloji bazasının və aydın məqsədinin olmaması ilə, çox hallarda müxalifət tərəfindən xalq kütlələrinin marağının satılması və ya siyasi qorxaqlığı ilə bağlıdır. "Siyasi müxalifət"in ideoloji cəhətdən səfərbər edilməməsi və Azərbaycanın mövcud problemlərinin həllində alternativ proqrama malik olmaması cəmiyyətdə müxalifətə qarşı ciddi inamsızlıq yaradır. "Siyasi müxalifət" hakimiyyətin müvəffəqiyyətsizliyinə sevinib yalnız hakimiyyətdən narazılara arxalana bilməz. "Siyasi müxalifət" hakimiyyətə iddialı insanların təkəbbürünə və ya hərisliyinə əsaslanıb cəmiyyəti qarşıdurmaya sürükləməməlidir.
Siyasi mübarizənin mahiyyətinə hakimiyyət uğrunda mübarizə yox, cəmiyyətdəki problemlərin düzgün müəyyənləşdirilməsi və onların aradan qaldırılması yollarının axtarılması daxil olmalıdır. Siyasi hakimiyyətin ələ alınması bu problemlərin həlli üçün mümkün variantlardan yalnız biridir. "Siyasi müxalifət"i heç də hakimiyyətin həyata keçirdiyi siyasəti yalnız tənqid edən və ya hakimiyyətə iddialı olan siyasi qurumlar kimi xarakterizə etmək də düzgün yanaşma deyil.
"Siyasi müxalifət" hər şeydən əvvəl ictimai-siyasi proseslər, cəmiyyətdə baş verən hadisələr, qlobal problemlər, dövlətin və cəmiyyətin bütöv siyasi sistem kimi daxili və xarici əlaqələri, cəmiyyətin və dövlətin perspektiv siyasi inkişafı və sair problemlər haqqında alternativ siyasi proqrama malik təşkilatlanmış insan qrupları kimi xarakterizə olunmalıdır. Göründüyü kimi, "siyasi müxalifət" tərəfindən hakimiyyətin hər hansı siyasətinin tənqid edilməsi, hələ siyasi müxaliflik deyil. Belə tənqidlər alternativ siyasi kursla əsaslandırılmalıdır. Yalnız bu halda "siyasi müxalifət" geniş xalq kütlələrinin dəstəyini qazana bilər. "Siyasi müxalifət"in belə tərifinə əsaslansaq, təəssüflə qeyd edə bilərik ki, Azərbaycanda hələ "siyasi müxalifət" institutu formalaşmayıb. Azərbaycanda bu ada iddialı olan partiyalar isə beynəlxalq təşkilatların məqsədyönlü fəaliyyəti ilə "siyasi müxalifət"lik imitasiyası yaradırlar. Belə ki, "siyasi müxalif"lik üçün tələb edilən alternativ yanaşma mövcud deyil.
Azərbaycanda "siyasi müxalifət" adına iddialı olan siyasi partiyaların bütün mənalarda "tərksilah" olunmasının əsas səbəbi də belə alternativ siyasi kursun olmamasıdır. Alternativ siyasi kursun olmaması həm iqtidar, həm də "ənənəvi müxalifət"in siyasi baxışları arasında ciddi fərqlərin olmamasından xəbər verir. Azərbaycanda ənənəvi müxalifətlə iqtidar arasında konseptual siyasi-ideoloji fərqlərin olmaması bugünkü "ənənəvi müxalifət"i ictimai dəstəkdən məhrum edir. Bəzi siyasi problemlərin, o cümlədən
1) Dağlıq Qarabağ probleminin;
2) Azərbaycan - NATO əlaqələrinin;
3) neft iqtisadiyyatının genişlənməsinin;
4) Azərbaycanla yaxın qonşu ölkələrin münasibətlərinin;
5) Xəzərin hərbiləşdirilməsinin;
6) Beynəlxalq Maliyyə qurumlarının Azərbaycandakı fəaliyyətinin;
7) sosial problemlərin;
8) neft gəlirlərinin şəffaflığı və idarə edilməsi problemlərinin və sair mövcud problemlərin başa düşülməsində iqtidarla "ənənəvi müxalifət" arasında prinsipial fərqlərin olmaması cəmiyyətdə siyasi aktivliyə də mənfi təsir göstərir.
Qarabağ probleminin həllində iqtidarın fəaliyyətsizliyi və dolayısı ilə problemin "dondurulması"na maraqlı olması onu "ənənəvi müxalifət"dən xeyli tədbirli və humanist göstərir. Belə ki, bəzi müxalifət partiyaları bu problemin həllini atəşkəsin dayandırılmasında və müharibənin bərpa edilməsində görürlər. Hərbi və siyasi araşdırmalara əsaslanmayan belə məsuliyyətsiz çağırışlar müharibə yolu ilə iqtidarın zəiflədilməsi və beynəlxalq imicinə zərbə vurulması məqsədi daşıyır. Belə qüvvələr bilir ki, müharibəyə sürüklənmiş iqtidar ictimai qəzəbə tuş gələrək asanlıqla hakimiyyətdən gedə bilər. Belə təcrübədən 1990, 1992-ci və 1993-cü illərdə hakimiyyət dəyişikliyində istifadə edilib. Hakimiyyətin ələ keçirilməsi naminə insan qırğınına və dağıntılara rəvac verməyə hazır olan belə "ənənəvi müxalifət" regionla bağlı qlobal siyasətdən və regionda gedən "Böyük Oyun"dan xəbərsizdir. Bir qrup müxalifət isə beynəlxalq təşkilatların təhriki ilə iqtidarın dəstəklədiyi dinc həll yoluna üstünlük verməyə məcbur olub. Həm "ənənəvi müxalifət", həm də iqtidar arasında ümumi cəhət ondan ibarətdir ki, Azərbaycan və Ermənistan cəmiyyətləri arasında, Azərbaycan cəmiyyəti ilə Qarabağda yaşayan erməni icması arasında hər hansı humanitar əlaqələr istisna edilir. Lakin nə iqtidar, nə də "ənənəvi müxalifət" qəbul etmək istəmir ki, belə vəziyyət Dağlıq Qarabağı Azərbaycandan daha da uzaqlaşdırır.
NATO-Azərbaycan əlaqələrinə münasibətdə də Azərbaycan iqtidarı ilə "ənənəvi müxalifət"i arasında ciddi fərqlər yoxdur. Belə ki, həm iqtidar, həm də ənənəvi müxalifət düşünür ki,
1) bu əlaqələr Azərbaycanın gələcəkdə təhlükəsizliyinə tam əminlik yaradır;
2) Azərbaycan üçün həllini gözləyən vacib problemin-Dağlıq Qarabağ probleminin həlli reallaşacaq;
3) neft hasilatının və ixracatının təhlükəsizliyi təmin ediləcək,
4) Xəzərin statusunun həlli başa çatdırılacaq və ən nəhayət, Azərbaycan ordusu NATO standartlarına uyğun formalaşacaq. Azərbaycan ictimaiyyətinə təlqin edilən bu arqumentlərin nə dərəcədə əsaslı olmasına həsr edilmiş nə elmi, nə də siyasi tədqiqatlar yoxdur. NATO-Azərbaycan əlaqələrinin zəruriliyini təbliğ etməklə öz siyasi məqsədlərini inkişaf etdirən Azərbaycan müxalifətinin əksəriyyəti də bu əlaqələrdən Azərbaycanın necə faydalana biləcəyini əks etdirən konkret siyasi platformaya malik deyildirlər. NATO-nun Cənubi Qafqaza genişlənməsini dəstəkləməklə "ənənəvi müxalifət" də iqtidar kimi nəinki NATO-nun dəstəyinə ümid edir, həm də ABŞ tərəfindən Azərbaycanın müstəmləkə dövlət kimi siyasi nəzarətə alınmasını daha da sürətləndirirlər.
Azərbaycanda neft hasilatının genişlənməsinə və transmilli şirkətlərin fəaliyyətinə münasibətdə də iqtidarla "ənənəvi müxalifət" arasında prinsipial fərq yoxdur. Belə ki, həm iqtidar, həm də ənənəvi müxalifət transmilli şirkətlərə ən əlverişli iqtisadi şəraitin yaradılmasını dəstəkləyirlər. Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə əmək hüquqlarının pozulması ilə bağlı faktlara göz yummağı hər iki siyasi düşərgə daha məqsədəuyğun hesab edir. Bu gün Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin Azərbaycan iqtisadiyyatına dolayısı və ya birbaşa mənfi təsirləri nə "ənənəvi müxalifət", nə də iqtidar tərəfindən etiraf edilmir. Nəzərə almaq lazımdır ki, Azərbaycan regionlarında yaşayan və fəaliyyət göstərən hər bir Azərbaycan vətəndaşı belə təsirləri hər an hiss edir və yaşayır. Azərbaycanda neft hasilatı genişləndikcə qeyri-neft sektorunda olan ixtisaslı mütəxəssislərin neft sektoruna axını və ixtisaslı kadrların çatışmaması səbəbindən qeyri-neft sektorunda təşəbbüslərin zəifləməsi baş verir. "Ənənəvi müxalifət" gündəlik tələbat mallarının sürətli qiymət artımını dünyada baş verən qlobal problemlərlə, həm də Azərbaycanın neft strategiyası ilə əlaqələndirməlidir. Azərbaycanda neft hasilatının genişlənməsinin mənfi təsirlərini araşdırmadan dəstəkləmək, Azərbaycan iqtisadiyyatına və ətraf mühitə dəyən ziyanı siyasi mübarizə motivinə çevirməmək mövcud "ənənəvi müxalifət"in ən bağışlanmaz səhvidir. Təəssüf ki, transmilli şirkətlərin fəaliyyətini dəstəkləməklə "ənənəvi müxalifət" partiyaları hakimiyyət uğrunda mübarizədə bu şirkətlərin hər hansı bir formada dəstəyinə hələ də sadəlövhcəsinə ümid edirlər. Azərbaycanın yaxın qonşu ölkələrlə münasibətlərinin müəyyənləşməsində də iqtidar ənənəvi müxalifətdən daha çevik və praqmatik görsənir. Belə ki, iki milyon azərbaycanlının Rusiyada məskunlaşdığını deyən "ənənəvi müxalifət" bu ölkə ilə əlaqələrin durmadan zəiflədilməsini təbliğ edir. Əlbəttə, "ənənəvi müxalifət"in belə düşünülməmiş siyasəti iqtidarla Rusiya hakimiyyəti arasında münasibətlərin daha da yaxşılaşmasına və iqtidarın Rusiya hakimiyyəti tərəfindən müdafiə olunmasına şərait yaradır. Eyni fikirləri Azərbaycanın İranla münasibətinə də aid etmək olar. İranda milyonlarla azərbaycanlının yaşadığını deyən "ənənəvi müxalifət" eyni zamanda bu ölkədə separatizmi dəstəkləməklə ABŞ-ın Yaşın Şərq siyasətinə dəstək vermiş olurlar. Bu siyasətdən milyonlarla insanın əzab çəkməsi ehtimalı "ənənəvi müxalifət"in heç vecinə də deyil. ABŞ-ın Rusiya ilə bağlı siyasətini dəstəkləməklə Azərbaycanın "ənənəvi müxalifət"i milyonlarla seçici səsini itirməklə yanaşı, həm də Rusiyada yaşayan soydaşlarımızın həyatına və fəaliyyətinə ciddi təhlükələr yaradırlar.
Xəzərin ekoloji problemlərinin başa düşülməsində və həlli yollarının axtarılmasında da iqtidarla "ənənəvi müxalifət" arasında ciddi fərqlər yoxdur. Belə ki, Xəzərin statusunun həll edilmədiyi şəraitdə karbohidrogen yataqlarının geniş miqyaslı işlənilməsi hər iki siyasi düşərgə tərəfindən dəstəklənir. Karbohidrogen yataqlarının geniş miqyaslı işlənilməsi və hasil edilən məhsulun təhlükəsiz nəql edilməsi bəhanəsi ilə regionda ABŞ hərbi qüvvələrinin yerləşdirilməsi həm iqtidar, həm də "ənənəvi müxalifət" tərəfindən dəstəklənir. Nə "ənənəvi müxalifət", nə də iqtidar fərqində deyillər ki, Xəzərətrafı ölkələrə aidiyyəti olmayan hərbi qüvvələrin regiona müdaxiləsi regionda gərginliyin artması deməkdir. Beynəlxalq Maliyyə qurumlarının Azərbaycandakı fəaliyyətinin qiymətləndirilməsində də iqtidar və "ənənəvi müxalifət" arasında ciddi fərqlər yoxdur. Hər iki siyasi düşərgə maliyyə institutlarına yaxın olmağa və ondan dəstək almağa səy göstərirlər. Lakin bu gün neft gəlirlərinin Azərbaycan iqtisadiyyatına gətirə biləcəyi bəlalardan danışan "ənənəvi müxalifət" bu bəlaların arxasında təkcə iqtidarın deyil, həm də Beynəlxalq Maliyyə institutlarının (BMİ) dayandığını etiraf etməlidir. Nəzərə almaq lazımdır ki, son illərdə gündəlik tələbat mallarının qiymətlərinin kəskin artmasının əsasında da BMİ-nin siyasəti, o cümlədən Azərbaycanda apardığı iqtisadi islahatlar dayanır.
"Ənənəvi müxalifət" tərəfindən iqtidarın tənqid edildiyi ən əsas sahələrdən biri də sosial sahədir. Cəmiyyəti bürümüş korrupsiya halları, işsizlik iqtidarın siyasətindən haqlı narazılıqlar yaradır. Lakin "ənənəvi müxalifət"in bu problemlərin həlli ilə bağlı konkret proqramının olmaması ictimai narazılıqları təşkilatlandırmağa imkan vermir. Dövlət idarəetməsində korrupsiya hallarının aradan qaldırılması və "yaxşı idarəçiliyin" yaradılması idarəçilik problemidir və bu problemin dayanıqlı həlli elmi əsaslara söykənməlidir. Təəssüf ki, "ənənəvi müxalifət" mövcud idarəetmənin təkmilləşdirilməsi və "yaxşı idarəetmənin" qurulmasında ABŞ-ın və BMİ-nin mənfi rolunu görə bilmir. Söz azadlığının və insan hüquqlarının qorunması, demokratik islahatların həyata keçirilməsi bayrağı altında "ənənəvi müxalifət"ə ABŞ və beynəlxalq təşkilatlar tərəfindən verilən dəstək əslində Azərbaycan hakimiyyətinə siyasi təzyiq vasitəsidir və Azərbaycan hakimiyyətindən iqtisadi və siyasi güzəştlər əldə etmək məqsədi daşıyır. Azərbaycan iqtidarı isə hakimiyyət xatirinə belə güzəştlərə getməyə həmişə hazırdır.
Bəli cənablar, unutmayın ki, son 15 ildə siyasi mübarizə səhnəsində "monopolist müxalifətçi" kimi fəaliyyət göstərən "ənənəvi müxalifət" həm iqtidara, həm də beynəlxalq təşkilatlara "məhrəm siyasət" həyata keçirdiyi üçün hələ uzun ömürlüdür.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 03:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru