Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


11 May

2010
1580
Müxalifətin siyasi mübarizə motivləri
Son 20 ildə keçirilən seçkiləri əhalinin siyasi aktivliyinə görə qiymətləndirsək, 1991-1992-ci illərdə keçirilən seçkilər daha aktiv hesab edilə bilər. O dövrdə müxalifətin təşkil etdiyi mitinqlərdə on minlərlə insanın iştirakı da danılmaz faktdır. Etiraf etmək lazımdır ki, o dövrdə siyasi müxalifətin dövlət idarəçiliyinə təsir gücü də xeyli yüksək idi. Müxalifətin həm Ali Sovetdə (sonralar Milli Məclisdə) xeyli səsə malik olması, həm də Milli Müdafiə Şurasında təmsil olunması onun siyasi çəkisinin yüksək olmasından xəbər verirdi. Qeyd edək ki, 1993, 1998 və 2003-cü il prezident seçkilərində, həmçinin 1995 və 2000-ci ildə Milli Məclisə keçirilən seçkilərdə də siyasi aktivlik heç də indiki qədər az olmayıb. Lakin bu seçkilərin xarakterik cəhəti ondan ibarətdir ki, əhalinin siyasi aktivliyi ildən- ilə azalma xətti ilə davam etmişdir. Eyni fikirləri bələdiyyə seçkilərinə də aid etmək olar.
Əhalinin siyasi aktivliyi mövcud iqtidarla müxalifət arasındakı siyasi mübarizənin göstəricisi olduğundan siyasi aktivliyin azalması həm də belə mübarizənin zəiflədiyindən xəbər verir. Azərbaycanda əhalinin siyasi aktivliyinin və ya müxalifətlə geniş əhali kütləsi arasındakı əlaqələrin sürətlə zəifləməsi subyektiv (məsələn, müxalifət partiyalarının ideoloji əsaslarının və ya siyasi mübarizələrinin mahiyyətinin aydın olmaması) və obyektiv faktorla bağlıdır. Obyektiv faktorlar kimi
1) mövcud qanunvericiliyin siyasi aktivliyə stimul verməməsi, o cümlədən proporsional seçki sisteminin ləğv edilməsini;
2) müxalifət düşərgəsində olan ziyalıların müxtəlif növ repressiyalara məruz qalmasını;
3) əhalinin daha geniş aktiv təbəqələrinin müxtəlif qurumlar tərəfindən müvəqqəti olaraq ələ alınmasını;
4) informasiya blokadasını və ya mövcud hakimiyyətin əks təbliğatını misal gətirmək olar.
Obyektiv faktorlar, yəni mövcud hakimiyyətin öz hökmranlığını uzatmaq məqsədilə həyata keçirdiyi fəaliyyətlər nəinki müxalifətin zəifləməsinə birbaşa təsir göstərir, həmçinin onun zəifliyinin nəticəsində daha da genişlənir. Daha doğrusu, sadaladığımız faktorlar bir-birini şərtləndirir. Əlbəttə, obyektiv faktorlar təkcə mövcud Azərbaycan hökumətinin fəaliyyəti ilə deyil, həmçinin Azərbaycanda iqtisadi və geosiyasi maraqları olan Qərb dövlətlərinin, xüsusilə ABŞ institutlarının fəaliyyəti ilə sıx bağlıdır.
Etiraf etmək lazımdır ki, hər bir cəmiyyətdə, o cümlədən Azərbaycanda siyasi mübarizənin daşıyıcısı təşkilatlanmış müxalifət qüvvələridir. Digər tərəfdən, siyasi aktivliyin əsas göstəricisi olan müxalifət-xalq kütləsi birliyində aparıcı tərəf də müxalif siyasi partiyalardır. Odur ki, müxalifətlə əhali kütləsi arasındakı əlaqələrin getdikcə zəifləməsi və ya cəmiyyətdə siyasi aktivliyin azalması müxalif siyasi partiyaların siyasi mübarizəsinin mahiyyətindən birbaşa asılıdır.
Beləliklə, son 20 ildə Azərbaycan cəmiyyətində baş verən hadisələr fonunda
1) siyasi mübarizənin motivlərinin,
2) siyasi mübarizənin mahiyyətinin,
3) siyasi mübarizənin dəyərinin və nəhayət,
4) siyasi mübarizənin formalarının öyrənilməsinə ciddi ehtiyac vardır.
Qeyd edək ki, "siyasi mübarizənin motivi", "siyasi mübarizənin mahiyyəti" və "siyasi mübarizənin dəyəri" anlayışları bir-birindən ciddi fərqlənərək təşkilatlanmış siyasi aktivliyi siyasi partiyalardan xalq kütlələrinə tərəf yönəldir. Belə ki, "Siyasi mübarizənin motivi" daha çox siyasi partiyaların aparıcı qüvvələrinin nəzəri və ideoloji fəaliyyəti ilə müəyyənləşməli və partiyaların strateji proqramlarının əsasını təşkil etməlidir. Məhz belə motivlər əsasında siyasi mübarizənin mahiyyəti formalaşmalıdır.
Siyasi partiyalar o vaxt müvəffəqiyyət qazana bilər ki, siyasi mübarizənin mahiyyətini geniş kütlələrin dəyərinə çevirə bilir. Başqa sözlə, o halda xalq kütlələri siyasi partiyaları dəstəkləyir ki, siyasi mübarizənin dəyəri həm ictimai dəyərə, həm də çoxluğun ayrı-ayılıqda fərdi dəyərinə çevrilir. Odur ki, siyasi partiyalarla xalq kütlələri arasındakı münasibət daha çox bu iki anlayışla, yəni "siyasi mübarizələrin mahiyyəti" və "siyasi mübarizənin dəyəri" anlayışları ilə bağlı olur. Məhz buna görə də siyasi partiyalar tərəfindən siyasi mübarizə motivinin düzgün müəyyənləşməsi və mübarizənin mahiyyətinin düzgün formalaşması mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, 1988-ci ildən 1993-cü ilədək olan dövrdə siyasi mübarizədə əsas motiv Dağlıq Qarabağ problemi ilə bağlı olmuşdur. Bu motiv o qədər güclü və onun əsasında formalaşan "siyasi mübarizənin mahiyyəti" o qədər aydın və başa düşülən olmuşdur ki, hakimiyyətin dəyişdirilməsinə (hətta zorla!), o dövrdəki mövcud qanunların pozulmasına, zavod və fabriklərin işinin iflic vəziyyətə salınmasına və s. yönələn hər hansı fəaliyyət xalq kütlələri tərəfindən yüksək dəyər səviyyəsinə qalxmış və o dövrdəki müxalifətlə xalq kütlələri arasındakı geniş ideoloji birlik təmin edilmişdir. Belə siyasi motivin cəmiyyətin geniş təbəqələri tərəfindən siyasi dəyərə çevrilməsi hadisələrin inkişafında maraqlı olan daxili və ya xarici qüvvələr tərəfindən daha da stimullaşdırılmışdır.
Lakin 1992-1993-cü illər ərzində siyasi mübarizənin motivi kəskin surətdə dəyişmişdir. Belə ki, bu dövrdə müharibədən yorulmuş, yeni itkilər verməkdən ehtiyat edən geniş əhali kütləsi Dağlıq Qarabağın hərb yolu ilə azad edilməsini, milli eqoizmi, yaxın qonşularla münasibətlərin qırılmasını dəyər kimi qəbul edə bilmədi. Bu elə dövr idi ki, dövlət orqanlarındakı zəif idarəçilik cəmiyyətdə hərc-mərclik, ciddi iqtisadi və sosial tənəzzül yaratmışdı. Bu dövrdə cəmiyyət demokratik dəyişikliklərdən daha çox sabitliyi və təhlükəsizliyi dəyər kimi qarşıya çıxardı. Bir vaxtlar Elçibəy müxalifətinin siyasi motivini öz mübarizə dəyərinə çevirmiş geniş xalq kütləsi yeni siyasi dəyərləri önə çəkərək, Elçibəy hakimiyyətinin siyasi motivlərindən imtina etdi. Müxalifətlə və ya hakimiyyətlə cəmiyyət arasındakı belə "ideoloji toqquşma" təbiidir. Lakin belə "toqquşma"da o siyasi partiya qələbə çalır ki, geniş xalq kütlələrinin cari maraqlarını ifadə edən motivlər formalaşdıra və onu çoxluğun dəyərinə çevirə bilir.
Siyasi mübarizə tarixində elə dövrlər olur ki, cəmiyyətdə dominant ictimai fikir siyasi mübarizənin motivini müəyyən etməyə stimul yaradır. Bu halda motiv çox asanlıqla siyasi dəyərə çevrilir və geniş xalq kütləsi tərəfindən dəstəklənir. 1993-cü ildə Xalq Cəbhəsi hakimiyyətinin devrilməsində məhz belə motivlərdən istifadə edilib. Sonrakı dövrlərdə də əhalinin cari maraqlarını ifadə edən bir çox hadisələrdən, o cümlədən atəşkəsin təmin edilməsindən, 1994-cü ildə Əsrin Kontraktının imzalanmasından, BTC boru kəmərinin tikilməsinə dəstək verilməsindən, Avropa Şurasına daxil olmaqdan, ATO ilə əməkdaşlığın genişlənməsindən, Dağlıq Qarabağ probleminin dinc yolla nizamlanmasına sadiqlik göstərilməsindən, özəlləşdirmənin və torpaq islahatlarının həyata keçirilməsindən və s. hadisələrdən iqtidarın siyasi fəaliyyətinin əsas motivləri kimi istifadə edilib. Əlbəttə, belə siyasi addımların Azərbaycanın perspektiv maraqlarına hansı dərəcədə xidmət etməsi başqa müzakirənin mövzusudur. Fakt isə bundan ibarətdir ki, cəmiyyətdə mövcud dominant ictimai fikrə əsaslanan siyasi motiv perspektiv maraq nöqteyi-nəzərdən hansı mahiyyət daşımasından asılı olmayaraq müəyyən müddət yaşarlı olur. Məhz belə hallarda siyasi müxalifət Azərbaycanın perspektiv maraqlarını (Qərb ölkələrinin, xüsusilə ABŞ-ın maraqlarını yox!) əsas götürərək hakimiyyətin siyasi motivinin mahiyyətini açmalı və cəmiyyətdə yeni siyasi dəyərlərin formalaşmasına çalışmalıdırlar. Bunların müqabilində müxalifət hansı motivləri təklif edib? Bəli, etiraf etmək lazımdır ki, 1993-cü ildən bu günə kimi Azərbaycan cəmiyyəti mövcud müxalifətdən aktiv siyasi mübarizə üçün fərqli motivlər eşitməyib. Məhz bunun nəticəsidir ki, mövcud müxalifətin dəstəklənməsi və aktiv mübarizə üçün yeni siyasi dəyərlərin formalaşması mümkün ola bilməzdi.
1993-cü ildən bu günə qədər müxalifətin irəli sürdüyü heç bir motiv, o cümlədən Dağlıq Qarabağın işğaldan azad edilməsi, geniş kütlələrin siyasi mübarizəsi üçün dəyərə çevrilə bilmədi. Ona görə yox ki, əhali Dağlıq Qarabağın azad edilməsini istəmir, əsla yox! Ona görə ki, bu motivin reallaşması üçün müxalifət tərəfindən inandırıcı və real proqram təklif edilmir. Çox hallarda Azərbaycan müxalifəti siyasi mübarizənin həm motivini, həm də mahiyyətini dəqiq müəyyən edə bilmir və mövcud hakimiyyətin dəyişməsini motiv kimi irəli sürməyə cəhd göstərir. Cəmiyyətdə mövcud olan problemlər, xüsusilə insan hüquqları ilə, işsizliklə, total korrupsiya ilə bağlı problemlər o vaxt siyasi aktivliyə səbəb ola bilər ki, bu problemlər geniş əhali kütləsi üçün siyasi dəyərə çevrilə bilsin. Mövcud problemlərin siyasi motiv kimi inkişaf etdirilməsi və siyasi dəyərə çevrilməsi siyasi partiyalardan həm ideoloji, həm də təşkilati güc tələb edir.
Təəssüf ki, son 15 ildə həm prezident, həm də Milli Məclisə seçkilərdə də müxalifətin siyasi mübarizəsində əsas motiv kimi hakimiyyətin dəyişdirilməsi götürülmüşdür. Unutmaq lazım deyil ki, "pis idarəçiliyin" olması, qanunların işləməməsi, sosial problemlərin getdikcə dərinləşməsi mövcud hakimiyyətin dəyişdirilməsini zəruri etsə də, belə reallığın dərk edilməsi hakimiyyətin devrilməsi üçün hələ kafi deyil. Bu siyasi motiv "yaxşı idarəçiliyin" qurulmasına zəmanəti ifadə edən siyasi mahiyyətlə zənginləşməli və geniş əhali kütləsinin siyasi dəyərinə çevrilməli idi. Bu dövrdə Azərbaycan cəmiyyətinin gələcək həyatına ciddi təsir göstərə biləcək mühüm hadisələrin baş verməsinə baxmayaraq, müxalifət siyasi motiv kimi həmin hadisələrdən istifadə etməmişdir.
Qarşıdan Milli Məclisə seçkilər gəlir. Təəssüf ki, müxalifət hələ də siyasi mübarizəsinin aydın motivini ifadə edə bilmir. Bəzi siyasi partiyalar ABŞ-ın Yaxın Şərq siyasətinə dəstək verməklə bütöv Azərbaycan ideyasını, bəziləri yenə də Dağlıq Qarabağ problemini, bəziləri də cəmiyyətdə hamıya bəlli olan problemləri, o cümlədən korrupsiyanı, işsizlik problemlərini, sadalamaqla öz siyasi mübarizə motivlərini ifadə edirlər.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 03:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru