Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


29 Mart

2010
1482
İşğaldan 7 il sonra
ABŞ-ın İraqı işğal etməsindən 7 il ötdü. Son 7 ildə ABŞ-ın Yaxın Şərqdə və dünyanın digər bölgələrindəki qlobal siyasəti "demokratiya" pərdəsi altında nələrin gizləndiyini sübut etdi. İndi çox az adam tapılar ki, ABŞ-İraq müharibəsinin demokratiya uğrunda və ya terrora qarşı müharibə olduğunu düşünsün. ABŞ-Yaxın Şərq əlaqələrindən az da olsa xəbəri olan hər bir kəsə bəllidir ki, bu müharibənin əsasında İraqın və Yaxın Şərqin digər bölgələrinin malik olduğu çox zəngin neft yataqları dayanır.
Yaxın Şərq ölkələrinin, o cümlədən, İraqın zəngin neft yataqlarının ələ keçirilməsi hələ 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərindən Böyük Britaniyanın, sonralar isə ABŞ-ın xarici siyasətinin prioriteti kimi qiymətləndirilmişdir. Böyük Britaniyanın Müharibə Kabinetinin Birinci Katibi Maurise Hankey 1918-ci ildə yazırdı ki, "İndiki müharibədə kömürün yerini növbəti müharibədə neft tutacaqdır və ya onlar uğrunda mübarizə eyni dərəcədə vacib olacaqdır. Britaniyanın nəzarətində ola biləcək əsas potensial yataqlar yalnız Fars və Mesopotamiya yataqları ola bilər. Bu neft yataqlarının ələ keçirilməsi Britaniya müharibələrinin əsas məqsədi olmağa başlayır".
Birinci Dünya müharibəsindən qalib çıxmış Böyük Britaniya doğrudan da sonralar bu yataqların ələ keçirilməsini bir müddət reallaşdıra bildi. İkinci Dünya müharibəsindən sonra da Yaxın Şərq neft yataqlarının ələ keçirilməsi və nəzarətdə saxlanması ABŞ və Böyük Britaniyanın hər ikisinin xarici siyasətinin prioriteti olaraq qaldı. ABŞ Səudiyyə Ərəbistanının neft yataqlarına "dünya tarixində ən böyük maddi nemət və strateji güc üçün mühüm əhəmiyyəti olan mənbə",- kimi baxırdı.
Yaxın Şərqdə mövcud neft yataqları bu gün də Böyük Britaniyanın və ABŞ-ın strateji məqsədləri kimi prioritet əhəmiyyət kəsb edir. II Dünya müharibəsindən sonra ABŞ-ın nüfuzunun güclənməsi, "Soyuq müharibədən" sonra isə daha da möhkəmlənməsi "neft uğrunda müharibə"nin xarakterini də xeyli dəyişdi. Belə ki, əvvəllər bir-biri ilə açıq rəqabət aparan "böyük güclər" XX əsrin sonu XXI əsrin əvvəllərində ABŞ-ı "enerji təminatçısı" kimi sakitcə qəbul etməyə, bu ölkənin Üçüncü Dünya ölkələrinə qarşı işğalçılıq siyasətinə göz yummağa nəinki məcbur oldular, hətta öz siyasətini həyata keçirməkdə ABŞ-a yaxından kömək göstərməyə məhkumdurlar. Son 50 ildə neft və qaz yataqlarına, nəqliyyat infrastrukturuna nəzarəti ələ keçirən ABŞ XXI əsrdə Yeni Dünya Düzəni formalaşdırmaq ümidindədir.
Əlbəttə, enerji mənbələri üzərində nəzarətin təmin edilməsi metodları zamanla dəyişmiş, ölkələrin hərb yolu ilə klassik müstəmləkə vəziyyətinə salınmasından və ya yerli hökumətlərin məhv edilməsindən tutmuş, yeni müstəmləkəçilik formalarının işlənməsinə qədər uzun "inkişaf yolu" keçmişdir. Dəyişməyən isə əsas məqsəddir: enerji resurslarının və digər sərvətlərin ələ keçirilməsi və onlar üzərində nəzarətin təmin edilməsi. Əgər ABŞ-İraq müharibəsinin tarixi gedişini yada salsaq və ABŞ-ın digər "müştəri ölkələrdə"ki fəaliyyəti ilə, məsələn, Azərbaycandakı fəaliyyəti ilə müqayisə etsək, ABŞ-İraq və ABŞ-Azərbaycan münasibətlərinin inkişaf xətlərində ciddi paralellik müşahidə etmək olar. Hər iki halda hadisələrin kulminasiyası yerli hökumətlərlə ABŞ-ın nəzarətində olan şirkətlər arasında Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) bağlanmasıdır. Hasilatın Pay Bölgüsü sazişlərinin bağlanması tarixi bütün ölkələrdə ictimai-siyasi elitadan və cəmiyyətdən gizlədilən, lakin ölkə tarixinin əsil mahiyyətini müəyyən edən tarixdir.
Hasilatın Pay Bölgüsü sazişlərinin bağlanması tarixinin bir neçə ölkədə araşdırılması bunu deməyə əsas verir ki, belə sazişlər əsasən vətəndaş qarşıdurmaları və yerli hökumətlərin ciddi çətinliklər qarşısında qaldığı ictimai-siyasi şəraitdə imzalanır. Məhz belə siyasi və iqtisadi çətinliklər şəraitində imzalanmış HPBS "müştəri ölkə"nin sonrakı dövrlərdə ABŞ-dan və onun nəzarətində olan Maliyyə institutlarından ciddi asılılığını təmin edir. Yerli qanunlardan daha üstün gücə malik olan HPBS əslində, təbii sərvətlərin ABŞ-ın nəzarətində olan şirkətlər tərəfindən "özəlləşməsidir".
Beləliklə, ABŞ-İraq, ABŞ-Azərbaycan və ABŞ-ın digər ölkələrlə münasibətlərini əsasən iki tarixi dövrə bölmək mümkündür: HPBS imzalanana qədər olan dövr və HPBS imzalandıqdan sonrakı dövr. Birinci dövrdə ABŞ-ın bütün səyləri bu sazişin imzalanmasına yönəlirsə, ikinci dövrdə bütün səylər imzalanmış sazişin yerinə yetirilməsinə və nəzərdə tutulan gəlirlərin əldə edilməsi üçün münbit siyasi şəraitin yaranmasına və saxlanmasına yönəldilir.
Təqribən 200 milyard barel neft ehtiyatı olan İraq dünyada neft ehtiyatının miqdarına görə üçüncü yerdədir. Başqa sözlə, dünya neft ehtiyatının təqribən 10 faizi onun, 1 faizə yaxını isə Azərbaycanın payına düşür. 1970-ci illərdə Yaxın Şərqdə əsas neft sənayelərinin milliləşməsinə qədər buradakı neft yataqları Qərbin, xüsusilə ABŞ-ın birbaşa nəzarətində deyildi. Əsasən Şimal dənizində və Alyaskada fəaliyyət göstərən Qərb şirkətləri sonralar Xəzər dənizinə və Qərbi Afrikaya doğru "hərəkət etməyə başladılar".
Təəssüf ki, ABŞ-ın enerjiyə olan ehtiyacı və getdikcə artan istehlak həcmi neftlə zəngin ölkələrlə demokratik və beynəlxalq hüquqa əsaslanan əlaqələrin qurulmasına şərait yaratmadı, əksinə, çox hallarda ABŞ hərbi gücdən istifadə etməyə və bu ölkələrin "müştəri ölkələrə" çevrilərək ondan iqtisadi və siyasi asılı olmasına üstünlük verdi. 1999-cu ildə Londonun Neft İnstitutunda çıxış edən, o vaxtlar Halliburton şirkətinin icraçı direktoru olmuş Dik Çeyni qeyd etmişdir ki, "2010-cu ildən başlayaraq biz hər gün daha 5 milyon barelə ehtiyac hiss edəcəyik. Bəs bu 5 milyon bareli biz haradan əldə etməliyik? Baxmayaraq ki, dünyanın bir çox regionları neft imkanlarını təklif edə bilərlər, lakin dünya neft ehtiyatının üçdə ikisinə malik olan və daha ucuz başa gələn Yaxın Şərq nefti diqqət mərkəzindədir".
İki il sonra Buş hökuməti D.Çeynini uzun dövr üçün enerji təhlükəsizliyi problemlərini həll etmək məqsədilə ABŞ-ın vitse-prezidenti vəzifəsinə təyin edir. ABŞ-ın enerji təhlükəsizliyində Yaxın Şərqin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən şəxsin belə yüksək vəzifəyə təyinatı regionun ABŞ xarici siyasətində mərkəzi prioritet olduğundan xəbər verirdi.
İraq neftinin nəyin bahasına olursa-olsun ələ keçirilməsi məsələsi dəfələrlə ABŞ və Böyük Britaniya dövlətlərinin ən yüksək rəsmiləri tərəfindən müzakirə edilmişdir. Hətta 2002-ci ilin aprelində C.Buş və T.Bleyer arasında ABŞ-Böyük Britaniya ikitərəfli Enerji Dialoqu yaradılmışdır. Bu Dialoq enerji məsələlərində əməkdaşlığın və fəaliyyətin əlaqələndirilməsinin, həmçinin Yaxın Şərq neftinin nəzarətə alınmasının vacibliyini qeyd edirdi. Məhz bu Dialoq yaxın on illərdə neftin həcminin 120 milyon barelə çatdırılmasını və Yaxın Şərqdə neft yataqlarının nəzarətə alınması yolu ilə bu regiondan çıxarılan neftin həcminin hər gündə 23 milyon bareldən 52 milyon barelə çatdırılmasını nəzərdə tuturdu. Oxucunun diqqətini bir daha, bu Dialoqun yaradıldığı tarixə yönəltməyi vacib hesab edirəm: 2002-ci ilin apreli. Bu dövr ABŞ-İraq qarşıdurmasının ən kəskin dövrlərindən biridir. Hadisələrin kulminasiyaya yaxınlaşdığı dövrdür. Məhz bu dövrdə sonralar Buşun iqtisadi məsələlər üzrə məsləhətçisi olmuş Larry Lindsey İraqla müharibənin əsil mahiyyətinin neftlə bağlı olduğunu və ABŞ iqtisadiyyatı üçün xeyirli olacağını gizlətmirdi.
Bu dövrdə ABŞ və Böyük Britaniyanın nəzarətində olan kütləvi informasiya vasitələri, siyasilər İraqda atom silahının olması təhlükəsinə bütün dünyanı inandırmağa çalışırdılar və ABŞ hərbi qüvvələri beynəlxalq hüquq normalarını pozaraq İraqa təcavüz etdi.
Qeyd edək ki, ABŞ-ın İraqa təcavüzünə haqq qazandırmaq üçün bütün vasitələrdən istifadə edilirdi. Bu təcavüzə haqq qazandırmaq üçün İsrail mediası daha çox canfəşanlıq göstərirdi. Maraqlı faktdır ki, 2002-ci ildə hələ ABŞ-İraq müharibəsi başlamamış Dövlət Departamenti tərəfindən İraq neftinin gələcəyi haqqında İşçi Qrupu formalaşmışdır. Bu qrup İraq neftinin müharibədən sonra ABŞ-ın nəzarətinə keçməsi mexanizmlərini və hansı şirkətlər arasında "bölüşdürüləcəyini" hüquqi cəhətdən işləməli idi. Başqa sözlə desək, elə hüquqi çərçivə yaradılmalı idi ki, neftin ABŞ tərəfindən faktiki olaraq "özəlləşdirilməsi" hüquqi cəhətdən hiss olunmasın və neft şirkətləri ABŞ-ın enerji təhlükəsizliyini təmin etməklə bərabər, həm də maksimum gəlir əldə etsinlər. Əlbəttə, belə mexanizm kimi ən geniş yayılmış variantdan, yəni HPBS-dən istifadə etmək qərara alınmışdır.
İraq neftinin ABŞ tərəfindən "özəlləşdirilməsi" əsasən üç mərhələni keçmişdir. Birinci mərhələdə hakimiyyət koalisiya qüvvələrində və İraq İdarə Şurasında, İkinci mərhələdə İraqın Müvəqqəti hökumətində, üçüncü mərhələdə isə yeni yaradılmış Keçid hökumətində olmuşdur. İraqın yeni Konstitusiyası üçüncü mərhələdə hazırlanmışdır. Bu tarixi mərhələlərin hər birinin neft sazişlərinin şərtləri ilə və İraq xalqının gələcəkdə neft ixracından əldə edə biləcəyi mümkün gəlirlərin miqdarı ilə birbaşa əlaqəsi var.
BMT tərəfindən İraqa tətbiq edilən sanksiyalar İraq hökumətinə neft sənayesini müasirləşdirmək imkanı verməmişdi. Buna baxmayaraq, ABŞ təcavüzünə qədər İraqın neft sənayesi BMT-nin "neft əvəzinə ərzaq" proqramı çərçivəsində hər gün 2 milyon barel xam neft ixrac etməyə müvəffəq olurdu. Təcavüzdən sonra ABŞ şirkətləri İraqdan hər gün 7 milyon barel neft ixrac etməyi planlaşdırırlar. Qeyd etmək vacibdir ki, İraqda neft sənayesinə və ixracatına nə İraq hökuməti, nə də ictimaiyyət tərəfindən nəzarət mexanizmi qətiyyət mövcud deyil.
İraq neftinin ABŞ hərbi qüvvələri tərəfindən ələ keçirilməsi və HPBS adı ilə faktiki olaraq "özəlləşdirilməsi" əslində İraq xalqının neftdən əldə edə biləcəyi mümkün gəlirlərin böyük bir hissəsinin mənimsənilməsi ilə nəticələnmişdir. Hesablamalar göstərir ki, əgər neftin bir barelinin qiyməti 40$ olarsa, İraqda imzalanmış HPBS nəticəsində İraq büdcəsi 74 milyarddan 194 milyard dollara qədər vəsait itirir. Bu rəqəm hər bir yaşlı iraqlının 30 il ərzində orta hesabla 5000 dollar itirdiyindən xəbər verir. Son dövrlərdə neftin qiymətinin xeyli artması, hətta bir barelin qiymətinin 70$ ötməsi İraq xalqının iqtisadi itkilərinin daha çox olduğundan xəbər verir.
Bəs ABŞ-ın qazandığı nə oldu? Dünya neft ehtiyatının daha 10 faizini ələ keçirməkmi, öz iqtisadiyyatını və dollarını möhkəmlətməkmi, hərb maşınını "yeni qanlı döyüşlər" üçün hazırlamaqmı? İnkaredilməz faktdır ki, İraq nefti ABŞ cəmiyyətini və iqtisadiyyatını nəzarətdə saxlayan "bir ovuc" oliqarx üçün çox "qiymətlidir", hətta 150000 ABŞ hərbiçisinin və 20 milyon iraqlının həyatından da. İraq xalqının əsas itkisi isə neft və ondan gələn gəlirlər deyil! Bu, ABŞ hərbi qüvvələri tərəfindən məhv edilmiş günahsız iraqlılardır!
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 01:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru