Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


09 Mart

2010
1829
Türkiyə yol ayrıcında
Şərqlə Qərb arasında "körpü" rolunu oynamağa cəhd Türkiyə və Azərbaycana uğursuzluqlar vəd edir

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Türkiyəyə qarşı qəbul edilmiş qətnamə təkcə Türkiyəni yox, həm də Azərbaycan ictimaiyyətini silkələdi. ABŞ Konqresi "soyqırım oyunu"nu yenidən gündəmə gətirməklə Türkiyəyə "barmaq silkələdi". Türkiyə ABŞ-dakı səfirini geri çağırdı. Türkiyə rəsmiləri ən yüksək səviyyədə bu qərarı pislədi. İnsalar ABŞ-ın işğalçı xarici siyasətini pisləyərək, küçələrə axışdı.
Bəs görəsən, ABŞ-ın maraqları naminə öz qonşuları ilə neçə on illərdir soyuq münasibətdə olan, öz ərazisini ABŞ və NATO qoşunları üçün "peşkəş" edən, Avropa və ABŞ-a xoş gəlmək üçün "əslini danmağa" belə məcbur olan Türkiyənin günahı nədir? Axı, Türkiyə ABŞ-ın Əfqanıstanda və İraqda "demokratiya quruculuğu"na lazım olan dəstəyi vermişdi. Axı, Türkiyə ona düşmən olmayan Əfqanıstanda və qonşu İraqda ABŞ-ın maraqları naminə öz əsgərlərinin ölümünə belə razı olaraq "koalisiya"ya qoşulmuşdu. Axı, Türkiyə ABŞ-ın hansı əmrini yerinə yetirməmişdir ki, ona bu gün barmaq silkələnir?
Bəli, bu gün həm Türkiyə, həm də Azərbaycan mətbuatında ABŞ əleyhinə kifayət qədər sərt fikirlər səslənməkdədir. Maraqlı olan budur ki, ABŞ-ın təcavüzkar xarici siyasəti haqqında o siyasilər və şərhçilər gündəmdədirlər ki, onlar Konqresin qərarına qədər ABŞ-ın regional təhlükəsizlik üçün vacib xidmətlərindən gen-bol danışırdılar. Məhz onlar Azərbaycanın həmişə ABŞ-ın yanında olmasını təbliğ edirdilər. Bütün bunlara baxmayaraq, Əfqanıstanda və İraqda ABŞ tərəfindən soyqırım törədilməsi, "demokratiya" və "insan hüquları" bəhanəsi ilə digər ölkələrin ABŞ tərəfindən iqtisadi əsarətə alınması və s. kimi fikirlərin Azərbaycan mətbuatında geniş yer alması ictimai şüurda ciddi dəyişikliklərin olmasından xəbər verir.
ABŞ əleyhinə səsləndirilən fikirlər içərisində mənim diqqətimi ən çox çəkəni Milli Məclisdə səsləndirilənlər oldu. Son iyirmi ildə "demokratiya carçısı", "insan hüquqlarının qoruyucusu" və s. kimi "imic" qazanmış ABŞ haqqında "ABŞ təcavüzkardır", "ABŞ özü soyqırım törədib", "ABŞ-dan səfirimizi geri çağırmalıyıq",- kimi ifadələrin işlənməsi kifayət qədər düşüməyə haqq verir. Məsələn, Azərbaycanın həmişə ABŞ-ın yanında olmasını təbliğ edən Ümid Partiyasının sədri İqbal Ağazadə ABŞ-ın heç də Azərbaycanın problemlərinə ədalətlə yanaşmadığını nəhayət ki, etiraf edir. Belə ki, Milli Məclisin 5 mart tarixli iclasında çıxış edən İ.Ağazadə layihənin qəbul olunmasını regionda sülhə, əmin-amanlığa və Türkiyəyə zərbə vuracağını qeyd edib. Qənirə Paşayeva isə ABŞ-ın ünvanına daha kəskin ifadələr işlədərək, ABŞ Konqresinin müvafiq komitəsinin qərarını dünyanın hər yerində yaşayan türklər üçün təhqir olduğunu deyib. Milli Məclisin sədr müavini Ziyafət Əsgərov isə ABŞ-ı Amerikanın yerli əhalisinə qarşı soyqırım törətməkdə ittiham edib. O, Əfqanıstanda və İraqda baş verənlərə görə ABŞ-ın hesabat verməli olduğunu bildirib.
Azərbaycanın bəzi siyasi partiyaları, xüsusilə ABŞ-ın regional siyasətinə dəstək verən partiyalar, o cümlədən YAP, AMİP, Müsavat və Ana Vətən də "soyqırım oyunu"nun regional sülhə, sabitliyə və təhlükəsizliyə ciddi zərbə vuracağını, regional münaqişələrin dinc yolla həllinə mane olacağını qeyd ediblər. Bəs, dəyişən nədir? ABŞ, yoxsa Azərbaycan cəmiyyəti? ABŞ, yoxsa Azərbaycanın Milli Məclisi? ABŞ,yoxsa Azərbaycan siyasiləri?
Son on ildə ABŞ-ın xarici siyasəti haqqında mənim yazdığım məqalələrə və "Böyük Şeytan və ya sonun başlanğıcı" monoqrafiyasına görə mənə edilən təzyiqlərə normal yanaşaraq, cəmiyyətin, həmçinin KİV-lərin hələ ABŞ haqqında məlumatsız oluğunu güman edirdim. Düşünürdüm ki, ABŞ-ın sülhpərvər dünyanın başına gətirdiyi və gətirəcəyi fəlakətlərdən insanlar xəbərsiz olduqları üçün mənim tədqiqatlarıma şübhə ilə yanaşırlar. Düşünürdüm ki, KİV-lər, xüsusilə elektron KİV-lər, hələ ABŞ xarici siyasətinin təcavüzkar "anatomiyası"ndan xəbərsiz olduqları üçün mənim ABŞ haqqında tənqidi fikirlərimə yer ayırmağa çəkinirlər. Elə güman edirdim ki, Milli Məclisin üzvləri də ABŞ-ın dünyada törətdiyi faciələrdən xəbərsizdirlər və bu səbəbdən də Azərbaycan cəmiyyətində ABŞ xarici siyasətinə tənqidi yanaşanlar hər tərəfdən təzyiqlərə məruz qalırlar. Məhz bu səbəbdəndir ki, onlar iş yerlərini itirirlər, siyasi fəaliyyətləri məhdudlaşır, beynəlxalq əlaqələri zəifləyir və maddi cəhətdən sıxıntıya düşərək "zərərli ünsürlər kimi ictimaiyyətdən təcrid edilirlər". Ancaq mən səhv edirəmmiş! Belə ki, Amerikanın aborogen hindu tayfalarına qarşı soyqırımdan tutmuş, İraqda və Əfqanıstanda törədilmiş cinayətlərə qədər ABŞ dövləti tərəfindən edilmiş qeyri-insani hərəkətlərdən Milli Məclis üzvlərinin də xəbəri varmış! "ABŞ tərəfindən İraqda və Əfqanıstanda törədilən soyqırıma görə kim hesabat verəcək?", -deyən Milli Məclisin sədr müavini Z.Əsgərov yəqin ki, bu soyqırıma görə ABŞ-ın cavabdeh olduğunu nəzərdə tuturdu. Bəs bu bəyanat nə üçün 2001-ci və ya 2003-cü ildə yox, məhz 2010-cu ildə - ABŞ-ın Türkiyəyə qarşı haqsız siyasətindən sonra verildi? Görəsən, Konqres "soyqırım oyunu"nu təxirə salarsa Milli Məclis üvlərinin "qeyri-demokratik", İraqda və Əfqanıstanda soyqırım törədən ABŞ-a münasibəti dəyişəcəkmi? Təəssüf ki, bəli! Türkiyədən istədiyini almağa müvəffəq olan ABŞ yenə də soyqırım məsələsini növbəti ilə saxlasa və "əfəndim, bu bir şaka idi",- desə, Azərbaycan siyasiləri də "Biz bilirdik ki, "demokratiya carçısı" ABŞ belə şey etməz",- deyərək, ABŞ səfirliyi ilə münasibətlərini normallaşdırmağa tələsəcəklər. Bəzi siyasi şərhçilər isə "soyqırım oyunu"na ABŞ-da fəaliyyət göstərən erməni lobbisinin türklərə qarşı fəaliyyəti kimi yanaşır. Belə yanaşma ABŞ xarici siyasətinin mahiyyətini gizlətmək deməkdir. Guya ki, konqresmenlər 1915-ci ildə baş verən hadisələrdən sadəcə olaraq, xəbərsizdirlər və onların bəziləri erməni lobbisinin toruna düşərək, saxta soyqırım məsələsini vaxtaşırı qaldırırlar. Belə fikirlərin müdafiəçilərindən biri də Rasim Musabəyovdur. Onun fikrincə, ermənilər "1915-ci ildə uydurma erməni soyqırımı" haqqında qətnaməni ABŞ-a qəbul etdirməklə azərbaycanlılara qarşı etdikləri cinayətləri ört-basdır etməyə cəhd göstərirlər. Başqa sözlə, R.Musabəyov düşünür ki, ABŞ Konqresində baş verənlərə görə ABŞ yox, ermənilər günahkardır. Amma hadisəyə belə yanaşma "soyqırım oyunu"nun mahiyyətində ABŞ maraqlarının dayandığını ört-basdır edir.
Bəzi siyasilər və şərhçilər "soyqırım oyunu"nda əsas məqsədin Ermənistan sərhədlərinin açılması ilə bağlı Türkiyəyə təzyiqdən ibarət olduğunu bildirirlər. Məsələn, Milli Məclisin üzvü Gültəkin Hacıbəyli də belə düşünür. Amma "soyqırım" məsələsinə belə yanaşma ABŞ-ın Yaxın Şərq siyasətini pərdələmək deməkdir. Unutmaq olmaz ki, ABŞ-a "xırda" hissələrə paçalanmış, zəif, münaqişəli Yaxın Şərq lazımdır. Elə Yaxın Şərq ki, orada ABŞ-ın geniş köməyi və hərbi kontingenti olmadan hətta İsrail hakimlik edə bilsin. ABŞ son 60 ildə ona sadiq olan, ərəb dünyasına qənim kəsilmiş İsraili ilk tanıyan dövlətlərdən olan və ona yardımlar edən, İraqın və Əfqanıstanın işğalında ABŞ-a yardım göstərən Türkiyəni Ermənistanla sərhədlərinin açılması naminə itirə bilməz. Bəs, ABŞ-Türkiyə, Türkiyə-İsrail münasibətlərinin soyumasının səbəbi nədir? Bəs, hansı səbəbdən "soyqırım" adlı "Domokl qılıncı" yenidən Türkiyənin başı üstündə fırlanır?
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbuluna həm Azərbaycan, həm də Türkiyə siyasilərinin və ictimaiyyətinin müxtəlif rakurslardan yanaşmasına baxmayaraq iki məqam çoxluq tərəfindən etiraf edilir:
1) ABŞ "soyqırım oyunu" vasitəsilə Türkiyəyə təzyiq edir;
2) "Soyqırım"ın Konqresdə də qəbul edilməsi regionda vəziyyəti gərginləşdirə bilər.
Bəzi siyasilər, hətta dövlət rəsmiləri "soyqırım" haqqında qərarın qəbulunun ABŞ-ın maraqlarına zidd olduğunu qeyd edirlər. Məsələyə fikir bildirən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov da belə bir qərarın qəbulundan təəssüfləndiyini bildirməklə yanaşı, bunun ABŞ maraqlarına zidd olduğunu qeyd etmişdir. Doğrudan da, yuxarıda qeyd etdiyimiz kimi, son 60 ildə ABŞ-ın regionda maraqlarını ən yüksək səviyyədə qoruyan Türkiyənin itirilməsi, Avropanın enerji təminatının zərbə altına alınması ABŞ maraqlarına uyğun deyil. Heç şübhəsiz ki, "soyqırım"ın uydurulması ABŞ maraqlarına uyğundur. Məhz belə "Domokl qılıncı" Türkiyəni ABŞ-a hər hansı güzəştlərə getməyə məcbur edə bilərdi. Bəs, bu uydurmanın qəbulu ABŞ maraqlarına uyğundurmu? Qətiyyən yox! "Soyqırım"ın qəbulu Türkiyə ilə ABŞ arasında bütün körpülərin yandırılması demək olardı.
Lakin aydındır ki, ABŞ tərəfindən "soyqırım" məsələsinin vaxtaşırı gündəmə gəlməsi sadəcə olaraq, Türkiyə ictimaiyyətinin "nəbz"inin yoxlanması da deyil. Digər tərəfdən, ABŞ-ın Türkiyəyə "soyqırım"dan başqa hələ digər təyiq vasitələri də var. Bu, etnik azlıqların problemləri və Şimali Kipr məsələsi ilə bağlıdır. Bəs, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı müəyyən razılaşmanın əldə edildiyi bir məqamda "soyqırım"ın gündəmə gəlməsi nə ilə bağlıdır? Əlbəttə ki, bu, Türkiyənin son illərdə apardığı siyasətlə əlaqəlidir. Son illərdə Türkiyənin Yaxın Şərq siyasəti, xüsusilə İsraillə münasbətlərin kəskinləşməsi, İslam dünyası ilə münasibətlərin "istiləşməsi" ABŞ-ın diqqətindən qətiyyən yayınmır. Heç şübhəsiz ki, Yaxın Şərqdə güclü Türkiyə ABŞ-ın və İsrailin Yaxın Şərq siyasətinə ciddi əngəl törədə bilər. Xüsusilə, ABŞ-ın İraq və Əfqanıstanda hərbi əməliyyatlarının getdikcə uzanması, İsrailin regionda sürətli silahlanması Türkiyəni də getdikcə narahat edir. Türkiyə ilə İranın iqtisadi, siyasi və mədəni sahələrdə yaxınlaşması isə ABŞ-ın Yaxın Şərq siyasətinə uyğun deyil. Əlbəttə, öz təhlükəsizliyini və dövlət maraqlarını ABŞ maraqlarına qurban verməkdən getdikcə imtina edən Türkiyə "soyqırım" hədələrinə tuş gəlməli idi. Lakin bütün bunlara baxmayaraq, inandırıcı deyil ki, hələ də ABŞ-a qarşı açıq çıxış etməyən və onun strateji müttəfiqi rolunu "can-başla" oynayan Türkiyəni ABŞ "soyqırım" uydurması ilə itirməyə tələssin. Bu halda ABŞ-ın itirdiyi qazancından xeyli çox olar.
Bəli cənablar! Dünyada yeni müstəmləkəçilik siyasəti yürüdən, Yaxın Şərqdə təcavüzlə məşğul olan və soyqırımlar törədən ABŞ-la əməkdaşlıq nə qədər perspektivlidir? Uydurma erməni soyqırımı ilə bağlı qərarın Konqresdə qəbul edilməsi az ehtimallı olsa da, həm Türkiyə, həm də Azərbaycanın ABŞ-la münasibətinə yenidən baxması zamanı gəlib çatmamışdırmı? Bu gün dünyada və regionda baş verən hadisələr kontekstində hər iki dövlət üç yol ayrıcında dayanıb:
1) ABŞ-ın Türkiyəyə təzyiqlərinə "yumşaq müqavimət" göstərmək. Başqa sözlə, ABŞ-ın xarici siyasətini sadəcə tənqid etmək yox, ABŞ təzyiqlərinə adekvat təzyiqlərlə cavab vermək. Məsələn, NATO və ABŞ hərbi qüvvələrinin Türkiyədən çıxarılmasını tələb etmək, ABŞ şirkətləri üçün yaradılmış əlverişli iqtisadi və hüquqi şəraiti sərtləşdırmək, ABŞ-ın Əfqanıstan və İraqda təcavüzkar siyasətinə "ortaq" olmaqdan imtina etmək və sair;
2) ABŞ-ın Türkiyəyə təzyiqlərinə ciddi müqavimət göstərmək. Başqa cözlə, ABŞ-ın "soyqırım"la bağlı necə qərar qəbul etməsindən asılı olmayaraq "yumşaq müqavimət"i reallaşdırmaq. ABŞ-ın növbəti təzyiqlərinə tuş gəlməmək və Yaxın Şərqdən ABŞ-ı sıxışdırmaq üşün Yaxın Şərqdə siyasi, iqtisadi və hərbi alyansın yaradılmasına cəhd göstərmək;
3) ABŞ-ın Türkiyəyə təzyiqlərinə ABŞ-ın arzuladığı güzəştlərlə cavab vermək. Başqa sözlə, ABŞ-ın Yaxın Şərqdə "çaldığı mahnılara oynamaqda" davam etmək. Nəzərə almaq lazımdır ki, son 60 ildə Türkiyənin seçdiyi üçüncü yol Türkiyəni getdikcə zəiflətməklə yanaşı, həm də ABŞ-dan və İsraildən daha çox asılı edəcəkdir.
Türkiyə bir dövlət kimi yol ayrıcında daha gözləməməli və nəhayət ki, öz yolunu seçməlidir. Şərq ilə Qərb arasında "körpü" rolunu oynamağa hər hansı cəhd həm Türkiyəyə, həm də Azərbaycana ciddi uğursuzluqlar vəd edir. Unutmayaq ki, "körpü" müvəqqəti keçid üçün nəzərdə tutulur və sahil deyil. Türkiyənin "sahil" olmasının zamanı çoxdan yetişib. Bu "sahil" ya Şərqdə, ya da Qərbdə olmalıdır. Türkiyə cəmiyyəti öz seçimini etməlidir: ya Avropa İttifaqına üzv olmaq üçün alçalmaqda və istismar edilməkdə davam etmək, ya da öz tarixi özünəməxsusluğunu qoruyaraq, qonşu dövlətlərlə birgə iqtisadi, siyasi və mədən inteqrasiya şəraitində inkişaf etmək.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 02:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru