Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


03 Dekabr

2009
1834
NATO və Azərbaycan

Terrorun dialektikasını tədqiq edən Peter Mklaren haqlı olaraq qeyd edir ki, "Qloballaşma adlanan hadisə imperialist dövlətin tüfənginin lüləsindən inkişaf edən hadisədir. Xaricdə olan kapitalını gələcəkdə qorumaq üçün ABŞ və Avropa Birliyi onların iqtisadi maraqlarına təhlükə ola bilən ölkələrə qarşı Avropadan kənarda hücum xarakterli müharibələri qanuniləşdirən yeni NATO doktrinası yaratdılar... NATO Şərqi Avropada yeni "müştəri dövlətləri"ni və keçmiş SSRİ respublikaları arasından yeni sülh tərəfdaşlarını öz sırasına daxil etmək üçün genişlənir. Başqa sözlə, Avropa və Birləşmiş Ştatların hər hansı hücumdan rəsmi müdafiəsinə əminlik üçün imperialist dövlətlərin hərbi alyansı daha çox ölkəni öz sıralarına daxil edir və əvvəlkinə nisbətən daha çox ölkənin strukturu cəlb edilir".
Təəssüf ki, ABŞ-ın və Qərbi Avropa ölkələrinin Azərbaycandakı geniş iqtisadi maraqları imperialist dövlətlərin hərbi alyansı olan NATO-ya Azərbaycanın da müxtəlif strukturlarının cəlbini labüd edəcəkdir. Azərbaycan hökuməti ilə NATO arasında 1992-ci ildən başlanmış əlaqələr artan istiqamətdə davam edir. 1994-cü ilin 4 may tarixində Çərçivə Sazişini imzalayaraq Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulan Azərbaycan, sonrakı dövrlərdə NATO-nun tədbirlərində yaxından iştirak etməyə başladı. Son dövrlərdə həm müxalifət, həm də iqtidar partiyalarının nəzarətində olan KİV-də Azərbaycanın NATO-ya inteqrasiyasının zəruriliyi durmadan təbliğ edilir. Belə inteqrasiyanın Azərbaycanın təhlükəsizlik siyasətinin strateji məqsədi olduğu da bildirilir. İctimaiyyətə təlqin edilir ki, BTC neft boru kəmərinin qorunmasında və Xəzərin təhlükəsizliyinin təminatında NATO qüvvələrinin iştirakı məqbul ola bilər. Hərbi Alyans kimi formalaşmış NATO-ya "demokratiya keşikçisi" kimi yanaşanlar və NATO-ya "kollektiv müdafiə vasitəsi" kimi baxaraq, Azərbaycanın gələcəkdə mümkün təhlükələrdən qorunması üçün ona qoşulmasının vacibliyini qeyd edənlər də az deyil.
Təəssüf ki, Azərbaycan ictimaiyyətində NATO ilə bağlı məlumatlar hələ xeyli azdır. Azərbaycan mətbuatında bu mövzunun açıq müzakirəsi də demək olar ki, aparılmır. Bu da təsadüfi deyil. Belə ki, NATO regionun ictimai-siyasi həyatına ciddi təsir imkanında olan ABŞ-ın hərbi təcavüzünün əsas icraçısıdır və ABŞ-ın beynəlxalq miqyasda hərbi cinayətlərinin ört-basdır edilməsini və beləliklə, bəşəriyyət qarşısında məsuliyyətinin bölüşdürülməsini öz üzərinə götürmüşdür.
Azərbaycanın ictimai-siyasi həyatında NATO-Azərbaycan əlaqələrinin zəruriliyinə əsas kimi göstərilən arqumentləri belə qruplaşdırmaq mümkündür:
1) Bu əlaqələr Azərbaycanın gələcəkdə təhlükəsizliyinə tam əminlik yaradır;
2) Azərbaycan üçün həllini gözləyən vacib problemin-Dağlıq Qarabağ probleminin həlli reallaşacaq;
3) Neft hasilatının və ixracatının təhlükəsizliyi təmin ediləcək;
4) Xəzərin statusunun həlli başa çatdırılacaq;
5) Azərbaycan ordusu NATO standartlarına uyğun olaraq formalaşacaq.

NATO-Azərbaycan münasibətlərini tədqiq edənlərin və siyasi ekspertlərin əksəriyyəti NATO-nun Şərqə genişlənməsinə haqq qazandıraraq, belə genişlənmənin məhz təhlükəsizlik üçün vacib olduğunu arqument kimi irəli sürürlər. Lakin belə təhlükəsizliyin mahiyyəti və ya hansı tərəfin təhlükəsizliyinin nəzərdə tutulduğu adətən qabardılmır. NATO-nun son 15 ildəki hərbi əməliyyatlarının mahiyyəti göstərir ki, belə əməkdaşlıq heç də yerli əhalinin təhlükəsizliyinin qorunması məqsədilə həyata keçirilmir. NATO-nun Balkan yarımadasında və Əfqanıstandakı hərbi əməliyyatları da bu regionda ABŞ-ın gələcəyə yönəlmiş maraqlarından xəbər verir. Qərb imperializminin təcavüzkar siyasətinə müqavimət göstərə biləcək ölkələrin parçalanması və ya məhv edilməsi NATO-nun genişlənməsinin gizli məqsədlərindəndir.
Azərbaycan cəmiyyətində NATO-Azərbaycan əlaqələrinin mahiyyətinin geniş müzakirə olunmaması səbəbindən belə əlaqələrə Azərbaycanın gələcək təhlükəsizliyinin təminatı kimi yanaşanlar az deyil. Bu məsələ ətrafında ictimaiyyətin məlumatsızlığı mahiyyətcə 1994-cü ildə imzalanmış "Əsrin kontraktı" ilə bağlı vəziyyəti xatırladır. Belə ki, bir tərəfli məlumatların yayılmasının təmin edilməsi yolu ilə ictimai fikrin manipulyasiyası həyata keçirilir.
Qeyd edək ki, NATO-Azərbaycan əməkdaşlığı Azərbaycanın təhlükəsizliyinin təminatçısı kimi çıxış edə bilərsə, onda hər şeydən əvvəl mümkün təhlükələrin xarakteri təhlil edilməlidir. Yəni, Azərbaycan hansı ölkələrdən təhlükə gözləyir? Aydındır ki, Azərbaycanın indiki ictimai-siyasi vəziyyətində mümkün təhlükələr onun iqtisadi və siyasi maraqlarının toqquşduğu ölkələrlə daha ehtimallıdır. Beləliklə, təhlükələrin xarakterini və mahiyyətini düzgün dərk etmək üçün maraqların toqquşduğu sahələri müəyyənləşdirək. Bu hər şeydən əvvəl Xəzərin neft və qaz yataqlarıdır. Nəzəri olaraq, deyə bilərik ki, bu sahədə Azərbaycanın maraqları transmilli neft şirkətləri ilə və onları himayə edən ölkələrlə, o cümlədən ABŞ, Böyük Britaniya ilə daha ciddi toqquşur. Xəzərin neft yataqlarının işlənməsi sahəsində isə Azərbaycanın maraqları digər Xəzəryanı ölkələrlə, neftə və qaza olan ehtiyacların ödənilməsində isə Gürcüstan və Türkiyə ilə toqquşur. Neft hasilatının dünya bazarında rəqabət gücünü nəzərə alarıqsa, Azərbaycanın neft istehsal edən digər ölkələrlə, xüsusilə Yaxın Şərq ölkələri ilə də maraqları nəzəri cəhətdən toqquşa bilər. Bəs, maraqların nəzəri cəhətdən belə toqquşması bu qüvvələr tərəfindən Azərbaycanın təhlükəsizliyinə hər hansı real qorxunu yaradırmı?
Öz neft ehtiyaclarını ödəmək üçün Türkiyə və ya Gürcüstan Azərbaycana heç vaxt açıq hərbi müdaxilə etməz. Türkiyə özünə müttəfiq hökumətin formalaşması üçün Azərbaycanın daxili siyasi həyatına hər hansı müdaxilələr edə bilər, lakin belə müdaxilə hərbi toqquşma səviyyəsinə qədər inkişaf edə bilməz. Gürcüstanın Azərbaycana təsir imkanları daha çoxdur. Çünki orada beş yüz mindən çox etnik azərbaycanlı yaşayır və onlar Gürcüstanın ictimai həyatına çətinliklə inteqrasiya edirlər. Gürcüstan azərbaycanlılarının Azərbaycana immiqrasiya etməsi ehtimalı çox böyükdür və bu proses artıq gedir. Azərbaycanın ixrac neft kəmərlərinin və Türkiyə ilə quru yolunun Gürcüstandan keçməsi də onun Gürcüstandan asılılığını xeyli artırıb. Odur ki, Gürcüstanın Azərbaycana hərbi müdaxiləsinə heç bir zərurət yoxdur. Azərbaycanın Gürcüstana ucuz qiymətə qaz satışı və ya BTC boru kəmərinə görə tranzit qiymətlərində güzəştə getməsi də Azərbaycan-Gürcüstan əlaqələrində ikincinin əhəmiyyətinin getdikcə artmasından xəbər verir.
Xəzəryanı ölkələrin, o cümlədən Rusiyanın və ya Türkmənistanın Azərbaycanla hər hansı bir sahədə, məsələn, Xəzərin neft-qaz ehtiyatlarının istifadəsində mübahisələri olarsa, bu ölkələrin dərhal hərbi vasitədən istifadəsi mümkünsüzdür. Belə ki, tərəflər hərbi müdaxilədən daha əvvəl hasilatın dayandırılmasını və Xəzərin statusunun dinc yolla müəyyənləşməsini seçə bilərlər. Bu ölkələr arasındakı maraqların hərbi toqquşması yalnız o zaman mümkün ola bilər ki, tərəflərdən hər hansı biri mübahisəli ərazilərdə hasilatı dayandırmaqdan kobudcasına imtina etsin və ya açıq-aşkar haqlı olmasın. Xəzəryanı ölkələrin hər birinə aid olan sektorlarda neft və qaz ehtiyatlarının kifayət qədər olduğunu nəzərə alsaq, tərəflərin bir-birinə müvəqqəti güzəştə getməməsi və Azərbaycanın haqlı olduğu hallarda mübahisələrin hərbi toqquşma səviyyəsinə çatdırılması qətiyyən inandırıcı deyil. Xəzəryanı ölkələr arasında Azərbaycana təsir imkanları daha çox olan Rusiyadır. Belə ki, Rusiya hökuməti orada yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan Rusiya yönlü etnik azlıqlar vasitəsilə Azərbaycan hökumətinə ciddi təsir imkanına malikdir. Azərbaycan-İran münasibətlərinə gəldikdə isə İranın Azərbaycana məxsus olan hər hansı neft və ya qaz yatağına görə zor tətbiq etməsi və ya hərbi təcavüzü İran cəmiyyətində, həm də beynəlxalq aləmdə mənfi qarşılana bilər və belə təcavüz, onsuz da İrana güc tətbiq etmək üçün bəhanə axtaran Qərb ölkələri üçün "göydəndüşmə" olardı. Odur ki, Azərbaycanın haqlı olduğu hallarda neft və ya qaz yataqlarına görə bu ölkələr tərəfindən hər hansı mübahisəli məsələlərin hərb yolu ilə həllinə heç bir səbəb yoxdur. Odur ki, Azərbaycan hakimiyyəti və cəmiyyəti regional sülh üçün NATO-nun zor gücünə yox, regional əməkdaşlığa və ədalətli siyasətə əsaslanmalıdır.
Eyni vəziyyəti Azərbaycanda maraqları olan transmilli şirkətlərə və onları himayə edən böyük dövlətlərə, xüsusilə ABŞ və Böyük Britaniyaya aid etmək olmur. Belə ki, ABŞ-ın iki yüz illik yaranma tarixi belə hərbi təcavüzlərin açıq-aşkar real ola bilməsinə işarə edir. Son 20 ildə Yaxın Şərqdə, Əfqanıstanda və Yuqoslaviyada baş verən hadisələr ABŞ-ın Azərbaycana və ya neftlə zəngin olan digər ölkələrə də istənilən vaxt hərbi təcavüz etmək imkanında olduğunu sübuta yetirir.
Azərbaycanın həllini gözləyən digər vacib problemi Dağlıq Qarabağdır. Azərbaycanın NATO-ya inteqrasiyasını təbliğ edən siyasilərin və politoloqların əksəriyyəti Azərbaycanın NATO-ya qoşulacağı təqdirdə bu problemin həllinin mümkünlüyünü dolayısı ilə qeyd edirlər. Lakin NATO-nun mahiyyətini diqqətlə öyrəndikdə və bu qurumun Şərqə genişlənməsinin, Qafqazdakı fəaliyyətinin əsas məqsədlərini araşdırdıqda məlum olur ki, Azərbaycanın NATO-ya qoşulması Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəinki mümkün etmir, əksinə, bu problemin uzun müddət üçün "dondurulmasını" stimullaşdırır. Belə ki, əgər Azərbaycan və Ermənistan NATO ilə əməkdaşlıq edəcəksə, NATO bu ölkələrin bir-biri ilə münasibətlərinə qətiyyən qarışmayacaq və Dağlıq Qarabağ probleminin "dinc yolla həllinin axtarılması" bəhanəsi ilə "dondurulması"nı daha məqsədəuyğun hesab edəcək.
Azərbaycanın NATO-ya inteqrasiyasını təbliğ edən siyasilərin və politoloqların əksəriyyəti düşünür ki, Azərbaycan NATO ilə əməkdaşlığını genişləndirərsə, Ermənistan isə NATO-nu öz ərazisinə yaxın buraxmayacaqsa, bu halda da NATO Azərbaycan tərəfində dayanaraq Dağlıq Qarabağ probleminin həllinin hərb variantını dəstəkləyəcək. Əksinə, ABŞ və digər Qərb ölkələrinin regiondakı maraqları bunu deməyə əsas verir ki, Dağlıq Qarabağ probleminin həlli üçün hərb variantı seçildiyi halda NATO tərəfindən Azərbaycana təzyiqlər ciddi sürətdə artacaq. Çünki NATO-nun Qafqazdakı missiyası Dağlıq Qarabağın erməni separatçılarından və ya Ermənistan qoşunlarından azad edilməsi deyil, ABŞ-ın və NATO üzvü olan Avropa ölkələrinin təhlükəsizliyinin, o cümlədən enerji təhlükəsizliyinin təmin edilməsidir. Bu "təhlükəsizlik kəmərinin" Qafqazdan keçən hissəsi isə "Əsrin Müqaviləsi", BTC və CQBK layihələri ilə bağlıdır. Odur ki, hər iki halda NATO yalnız bu missiyanı həyata keçirəcəkdir.

Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 02:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru