Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


21 Sentyabr

2009
1572
Qarabağ problemi...

Dağlıq Qarabağla bağlı Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşü də geridə qaldı. Siyasi icmalçılar bu görüşü müxtəlif tərəflərdən şərh etməyə cəhd göstərirlər. Zahirən isə dəyişən heç nə yoxdur. Dağlıq Qarabağla bağlı Azərbaycan və Ermənistan prezidentlərinin və ya xarici işlər nazirlərinin hər bir görüşünə, çoxlarından fərli olaraq, mən, müsbət yanaşıram. Ona görə yox ki, belə görüşlər yaxın vaxtlarda problemin həllinə imkan verəcək. Əsla yox! Biz dəfələrlə qeyd etmişik ki, bu problemin rəsmi səviyyədə həlli və sülh müqaviləsinin imzalanması yalnız "Əsrin Müqaviləsi"nin müddəti başa çatdıqdan sonra, yəni 2025-ci ildən sonra mümkün ola bilər.

Lakin ölkə prezidentləri arasında keçirilən görüşlərə ona görə mühüm əhəmiyyət veririk ki, hər belə görüşdən sonra "regional əməkdaşlıq" və ya "regional inteqrasiya"nın hər iki cəmiyyət üçün qaçılmaz olması bir daha təsdiqlənir. Bu görüşlərin digər faydası da ondan ibarətdir ki, hər iki cəmiyyətdə son 20 ildə formalaşmış eqoizm qismən də olsa cilovlanır və ictimai diqqət dünyada baş verən real dəyişikliklərə və qlobal problemlərə yönəlir. Biz dəfələrlə qeyd etmişik ki, Qarabağ probleminin həllindən danışanda hər şeydən əvvəl,

1) bu problemin həllinin nədən ibarət olduğunu,

2) bu problemin həllində mümkün maraqlı tərəflərin müəyyənləşdirilməsini və qruplaşdırılmasını,

3) Azərbaycan hökumətinin və xalqın mövcud imkanlarını,

4) regionun gələcək inkişaf perspektivlərini və s. analiz etmək, nəzərdə tutmaq lazımdır.

 

Sadaladıqlarımızdan birincisinə nəzər salaq. "Qarabağ probleminin həlli" nə deməkdir? İlk baxışda hamıya aydın olan bu anlayış əslində münaqişə tərəflərinin və bu problemlə məşğul olan beynəlxalq təşkilatların nümayəndələrinin leksikonunda eyni mənanı daşımır. Məsələn, Azərbaycan tərəfi bu anlayışı işlədəndə əsasən ərazi bütövlüyünü nəzərdə tutaraq mümkün həlli düşünür. Çox hallarda belə həllin arxasında qalibiyyət hissi və eyforiyası əsas hərəkətverici olur. Problemin həllinin ədalətliliyini dəyərləndirmək üçün məhz "ərazi bütövlüyü"nün əsas götürülməsi Azərbaycan cəmiyyətinin ictimai şüurunun əsasını təşkil edir. Odur ki, həm müxalifət qüvvələrinin əksəriyyəti, həm də iqtidar düşərgəsi "ərazi bütövlüyü" anlayışından ciddi istifadə edir. Bu halda beynəlxalq hüququn müddəalarına da xüsusi önəm verilir.

Ermənistan tərəfi isə "Qarabağ probleminin həlli" dedikdə bu ərazinin əsasən müstəqilliyinin və Azərbaycandan ayrılmasının hüquqi təsbitini nəzərdə tutur. Bu halda Qarabağ probleminin həllinin ədalətliliyini dəyərləndirmək üçün məhz "millətlərin özünütəyin hüququ" anlayışından istifadə edilir. Ermənistan cəmiyyətinin ictimai şüuruna görə bu problemin həlli yalnız o halda ədalətli ola bilər ki, Qarabağın müstəqilliyi hüquq cəhətdən tanınsın. Bu problemin həllində guya vasitəçi rolu oynayan, əslində onu idarə edən tərəflər isə, xususilə ABŞ öz "Troya atı" olan ATƏT vasitəsilə hadisələrə tamamilə digər mövqedən yanaşaraq, bu problemi öz məqsədlərinə uyğunlaşdırmış və ondan məharətlə istifadə edir. İlk baxışda elə təəssürat yaranır ki, beynəlxalq təşkilatların anlamında problemin həlli elə olmalıdır ki, hər iki tərəfi qane etsin. Başqa sözlə, elə bir variant tapılmalıdır ki, həm "ərazi bütövlüyü", həm də etnik qrupun "özünütəyin hüququ" və yaxud "müstəqilliyi" təmin edilsin. Tərəflərin güzəştə hazır olmaması və "status kvo"nun hər iki ölkənin hakimiyyətinin nəzarətdə saxlanması üçün mühüm əhəmiyyət daşıması regionda iqtisadi və siyasi marağı olan ABŞ-ın xarici siyasət prioritetlərinə uyğundur.

Hadisələrin məntiqi araşdırılması və proqnozlaşdırılması elmi yanaşma tələb edir. Yuxarıda qeyd etdim ki, ilk baxışda yalnız Ermənistan cəmiyyətinə və ya yalnız Azərbaycan cəmiyyətinə sərf edən iki mümkün variant indiki reallıqda bu cəmiyyətlərin özü tərəfindən qəbul edilmir. Mən "ilk baxışda" ifadəsini ona görə işlədirəm ki, əslində bu həllərin hər ikisi tərəflərin demokratik inkişaf yolu seçəcəkləri təqdirdə onların inkişafını təmin edə bilər. Başqa sözlə, problemin "necə həlli" yox, "hansı şəraitdə həlli" daha mühümdür. Bütün problemlərin həllinin məqsədi olur. Bəs, Qarabağ probleminin həllinin məqsədi nədir? Təkcə zəbt olunmuş torpaqların qayıtmasımı? Təəssüf edirəm ki, bu problemlərlə məşğul olan politoloqların və təşkilatların böyük əksəriyyəti məhz belə düşünür.

Gəlin, problemə kənardan, elə problemə təsir etmək imkanı olan ölkələrin, məsələn, ABŞ siyasilərinin gözü ilə baxaq. ABŞ bu problemin "necə" və "hansı şəraitdə" həllində maraqlı ola bilər? Bəzən deyirlər ki, həll necə olursa-olsun ATƏT-in Minsk Qrupu və dolayısı ilə ABŞ razıdır. Bu çox yalnış fikirdir. ABŞ tərəfi Qarabağ probleminin həllinin elə olmasını istəyir ki,

1) regionda neft ixracının təhlükəsizliyi üçün stabillik olsun,

2) regionda balanslı inkişaf təmin edilsin,

3) yerli hakimiyyətləri hər an nəzarətdə saxlamaq mümkün olsun,

4) Cənubi Qafqazdan yaxın regionlara təsir vasitəsi kimi istifadə etmək mümkün olsun.

Qarabağ probleminin həllində münaqişə tərəflərinin yalnız birinin nəzərdə tutduğu həll variantı ABŞ-ın qarşıya qoyduğu bu məqsədlərə hazırki dövrdə cavab verirmi? Qətiyyən yox! ABŞ siyasiləri və analitikləri aydın dərk edirlər ki, Qarabağın həm "müstəqilliyi", həm də Azərbaycanın tərkib hissəsi kimi geri qaytarılması münaqişənin yenidən qızışması və nəticədə ABŞ-ın iqtisadi maraqlarının təhlükəyə məruz qalması deməkdir. ATƏT-in canfəşanlığı ilə hazırlanan və guya hər iki tərəfi nəzəri cəhətdən qane edə biləcək hər hansı üçüncü həll variantının da ABŞ-ın maraqlarını indiki şəraitdə qoruya biləcəyi şübhə altındadır. Belə ki, elə həll variantı tapılmalıdır ki, yuxarıda qeyd etdiyimiz dörd şərtin hamısı eyni zamanda təmin edilsin. Məğzinə varmadan tutaq ki, elə bir variant mövcuddur və münaqişə tərfləri bu variantla tanış olan kimi öz razılıqlarını verdilər və müvafiq addımlar atılaraq sülh sazişi imzalandı. Belə olan halda ABŞ-ın regionda maraqlarına uyğun olan birinci məqsədə nail olunsa da, ikinci məqsəd, yəni region ölkələrinin balanslı inkişafının təmin edilməsi gündəmdə qalmış olur. Yəni yaxın dövrlərdə 200 milyard dollar gəliri proqnozlaşdırılan Azərbaycanla kifayət qədər az sərvəti və iqtisadi imkanları olan Ermənistan və Gürcüstanın balanslı inkişafının təmin edilməsi imkanları çox böyük suallar doğurur. Belə olan halda ikinci məqsədin yerinə yetirilməsi üçün iki mümkün variantdan birinin seçilməsi zərurəti meydana çıxır:

1) Ermənistan, Gürcüstan və Azərbaycanın iqtisadi inteqrasiyası və neft gəlirlərindən hər üç respublikada investisiya kimi istifadə edilməsi,

2) Azərbaycanda pis idarəçiliyin təşviq edilməsi yolu ilə gələn gəlirlərin səmərəsiz istifadəsinin təmin edilməsi və beləliklə, hər üç respublikanın təqribən bərabər inkişafının təmini.

Birinci variant hər üç respublikada yaxşı idarəçiliyin yaranmasını və yüksək səviyyədə iqtisadi inteqrasiyanı tələb etsə də, siyasi cəhətdən çox çətin proseslərlə müşaiyət oluna bilər. ABŞ politoloqları və analitikləri çox gözəl dərk edirlər ki, bu variant regionun ümumilikdə inkişafını təmin etsə də, iqtisadi cəhətdən qonşu ölkələrlə inteqrasiya etmiş və yaxşı idarəçilik qurmuş Azərbaycan cəmiyyətinin gələcəkdə neft kontraktları ilə və onun mənfi təsirləri ilə bağlı, o cümlədən ekoloji problemlərlə bağlı kəskin sualları yarana bilər.

Nəzəri cəhətdən mümkün olan ikinci variant isə daha "aydındır". Bu variant yerlərdə fəaliyyət göstərən ABŞ nümayəndələri, həmçinin hakimiyyət nümayəndələri üçün daha gəlirli və "başağrısız" bir variant olduğu üçün onun seçilməsi daha ehtimallıdır. Göründüyü kimi, hətta hər iki tərəfi qane edə bilən hər hansı bir variant tapılsa belə, ABŞ-ın regionda maraqlarına xidmət etmədiyi üçün qəbul edilməyəcək.

Qeyd etdiyim kimi, indiki şəraitdə mümkün həll variantlarından hər biri ABŞ-ın regiondakı maraqlarına ziddir. Odur ki, ABŞ problemin dondurulmasını və uzun müddət üçün təxirə salınması variantını seçir. Aydın məsələdir ki, problemin dondurulması prosesi də müəyyən fəaliyyətin həyata keçirilməsini, məsələn, tez-tez görüşlərin keçirilməsini, həll imitasiyasının yaradılmasını, mütəmadi olaraq tərəflərin bir-biri ilə razılığa gəlməməsinin qabardılmasını və hətta tərəflərin müharibəyə hazırlıqla bağlı çağırışlarının olmasını və s. bu kimi fəaiyyətləri nəzərdə tutur.

İndiki reallıqda Azərbaycan hökuməti müharibə yolu ilə torpaqlarını geri qaytarmaq gücündə olsa belə, müharibə etmək ixtiyarında deyil. Çünki buna ABŞ imkan verməz. Əgər Azərbaycan hökuməti belə bir addım atarsa, hakimiyyət çevirilişi ola bilər. Digər tərəfdən, Qarabağ probleminə təkcə "işğal edilmiş ərazi problemi" kimi baxmaq düzgün yanaşma deyil. Bu problem hər şeydən əvvəl Azərbaycan cəmiyyətində mövcud olan "vətəndaş-hökumət" problemidir. Bu problemi isə müharibə yolu ilə həll etmək mümkün deyil. Müharibə və ya vətəndaşlara tətbiq edilən istənilən qeyri-qanuni hərəkətlər "vətəndaş-hökumət" problemlərini yalnız dərinləşdirə bilər. Qarabağ problemi hələ sovet dövründə mövcud olmuş, sovet rejiminin süqutundan sonra isə daha da dərinləşən "vətəndaş-hökumət" probleminin nəticəsidir. Əlbəttə, bu problemi qeyri-peşəkar siyasətçilər və regionda iqtisadi marağı olan ökələr etnik konflikt səviyyəsinə transformasiya etməyə həmişə cəhd göstərmişlər və müəyyən dövrlərdə buna nail olmuşlar. Bu konfliktin hər hansı bir formada həlli isə onun etnik səviyyədən "vətəndaş-hökumət" səviyyəsinə transformasiyasını tələb edir. Məhz ABŞ-ın Sovet İttifaqını dağıtmaq və onun bərpa olunması imkanlarını heçə endirmək üçün ən müvəffəqiyyətlə istifadə etdiyi variant belə problemlərin etnik konflikt kimi şişirdilməsindən ibarət olmuşdur. Müxtəlif ölkələrin parçalanması və nəzarətə alınması üçün ABŞ həmişə milli münaqişələrin və etnik konfliktlərin yaranmasını dolayısı ilə dəstəkləmişdir. Bu problemin həll edilməsi Azərbaycanda yaxşı idarəçiliyin qurulması ilə müşaiyət olunacaqsa, həll formasındın asılı olmayacaq belə sülhdən həm Azərbaycan, həm də Ermənistan cəmiyyəti udacaqdır. Əksinə, əgər mövcud pis idarəçilik davam edəcəksə, həll formasındın asılı olmayacaq belə sülhdən həm Azərbaycan, həm də Ermənistan cəmiyyəti uduzacaqdır. Belə vəziyyət həllin referendum variantına da aiddir. Odur ki, prioriteti Qarabağ ərazisinin kimin nəzarətində olması faktından "vətəndaş-hökumət" problemlərinin həlli faktoruna yönəltmək və regionda marağı olan böyük güclərin, xüsusilə də ABŞ-ın maraqlarının məhdudlaşdırılması istiqamətində konkret addımlar atmaq lazımdır.

Əlbəttə, ABŞ-ın yuxarıda qeyd etdiyim maraqlarını məhdudlaşdırmaq o qədər də asan deyil. Lakin ictimai müqavimət göstərərək ABŞ maraqlarının Azərbaycan və regional maraqlarla uzlaşdırılmasına nail olmaq mümkündür. Əgər hökumətin fəaliyyətindəki prioritetlər "vətəndaş-hökumət" problemlərinin həllinə və konkret vətəndaşın hərtərəfli inkişafına istiqamətlənərsə, Azərbaycanda yaxşı idarəçiliyin yaradılması istiqamətində konkret addımlar atılarsa, Qarabağ probleminin hər hansı variantda həllində mən hökuməti dəstəkləyəcəm.

Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 02:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru