Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Dekabr

2016
11:30
1361
Yeni ilə özəl endirim, yoxsa artım kampaniyaları?

Yeni il qabağı bir sıra mağazalarda endirim kampaniyaları başlayıb. Bu kampaniyalar daha gözəgəlimli şəkildə ən çox məişət avadanlıqları, mebellər satılan mağazalardadır. Hər gün bu barədə telefonlarımıza müxtəlif mesajlar daxil olur. Həmin mesajlardakı endirimləri görüb sevinən alıcılar mağazaya gedəndə isə tam başqa mənzərə ilə üzləşirlər. 

Şirnikləndirici endirim kampaniyalarının bəzilərinə diqqət etsək, əslində bunun endirim olmadığını görərik. El dili ilə desək, qiymətləri 100 faiz qaldırıb sonra 50 faiz endirirlər ki, bu da əslində həmin malın qiymətində endirimin olmadığını, əksinə, bahalaşma olduğunu  deməyə əsas verir. Üstəlik, endirimə düşən malların əslində elə də vacib və zəruri mallar olmadığı və ya köhnə mallar olduğu üzə çıxır. 

Bu cür endirim kampaniyası gedən mağazalardan biri də “Music Gallery”dir.  Bu mağaza öncə endirim kampaniyasını ad günü münasibətilə edib. Bununla bağlı bəlkə də bir çoxlarının telefonuna “3-4 dekabr Music Gallery ad günü münasibətilə möhtəşəm endirimlərə dəvət edir! Gorenje çaydan cəmi 19 AZN və 81 sm rəqəmsal HD TV 299 manat” kimi mesaj daxil olub. Bu cür mesajlardan biri də bizim əməkdaşımızın telefonuna gəlib və o, kampaniyadan yararlanmaq üçün “Music Gallery”ə üz tutub. Lakin televizor almaq üçün həmin mağazaya müraciət edəndə ona kompaniyanın bitdiyini deyiblər. Halbuki mağazaya müraciət edərkən kampaniya müddəti hələ başa çatmayıbmış. 

Hazırda da “Music Gallery”də yeni endirim kampaniyası var. Ancaq bu mağazaya baş çəkdikdə endirimlərin əslində yeni model mallara yox, köhnə məhsullara aid olduğunu gördük.

Müqayisə üçün deyək ki, endirim olsa belə, bu mallar öz qiymətindən dəfələrlə baha satılır. Məsələn, Gorenje BM 6240SY2B  markalı mikrodalğalı soba “Music Gallery”də 819 manat 90 qəpiyə, “Kontakt Home”da isə eyni məhsul 699 manat 90 qəpiyə satılır. Göründüyü kimi, hər iki eyni məhsulun qiymət fərqi 120 manatdır.  

“Kontakt Home”da da endirim kampaniyasıdır. 2017 manatadək endirim adı ilə keçirilən kampaniyaya görə məhsulu nağd alana 10 manatdan 2350 manatadək endirim elan edilir. Məsələn, 1069 manat 90 qəpiyə “Samsung” markalı paltar yuyan maşını nağd alana 160 manat endirim edilir. Ancaq endirim olan mağazaların heç birində kredit şərtlərinə dair bir yenilik, faizlərin aşağı salınması prosesi baş vermir. 

Misal üçün, siz 229 manat 90 qəpiyə Hoffmann AI8689 markalı ətçəkən alsanız, 149 manata, ancaq kreditlə alsanız, 229 manat 90 qəpiyə alacaq, üstəlik, məhsulun rəsmiləşdirilməsi üçün bu qiymətin üzərinə 5 faiz xidmət haqqı da əlavə olunacaq. “Kontakt Home”dən də şikayətlər kifayət qədərdir. Alıcılardan birinin dediyinə görə, mağaza endirim kampaniyalarını illərdir qalıb satılmayan, köhnə mallara şamil edir. 

Son zamanlar ucuzluğu ilə hər kəsin diqqətini çəkən digər mağazaya “Maxi.az”a da baş çəkdik. "Maxi.az"da da dekabrın 2-dən dekabrın 21-dək dövrü əhatə edən kampaniya nəzərdə tutulub. Buradakı kampaniyanın adı “Ucuz tapsan 110 % fərqini geri apar” adlanır. Aksiya zamanı “Maxi.az” mağazasında alış-veriş edən və ya planlaşdıran şəxs rəqib mağazalarda daha ucuz qiymət gördükdə qiymətin fərqini 110 % həcmində Bonus Plus kartına bonus şəklində qazanmaq imkanı var. Qeyd edək ki, bir sıra mebel mağazalarında da endirimlər var.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu kimi halları istehlakçının hüquqlarının pozulması adlandırdı: “Bazar iqtisadiyyatı şəraitində istənilən dükan istənilən malı istədiyi qiymətə sata bilər. Buna heç bir məhdudiyyət yoxdur. Hökumətin səhv siyasəti var ki, hökumətin tənzimləmədiyi malların qiymətinə müdaxilə edirlər. Məsəl üçün, Kənd Təsərrüfatı Nazirliyi kartofun, soğanın, çörəyin qiymətini müəyyən edir ki, bunların hamısı anormal haldır. Onu da qeyd edim ki, bu il ərzində ən çox şikayət ”Kontakt Home" ticarət şəbəkəsindən gəlib. “Music Gallery” təxminən yeganə məişət texnikası satan mağazadır ki, istehlakçılara kredit adı altında şişirdilmiş mal satışını həyata keçirmir. 

Yəni kredit adı altında nisyə mal satışını guya həyata keçirir. Ən azından “Music Gallery” istehlakçıların bu cür aldadılması faktından uzaqdır. “Kontakt Home” və digər mağazalar şəbəkəsində kredit adı altında malları 40-50 faiz yüksək qiymətə satırlar. Üstəlik, “Kontakt Home” haqda bizə məlumat gəlib ki, köhnə malları təzə mal adı altında satırlar. O ki qaldı endirim kampaniyalarına, əgər “Music Gallery” endirim kampaniyasında yalnız köhnə malları endirimə saldıqlarını elan edirlərsə, öncədən istehlakçıya bu barədə məlumat verirlərsə, bu normaldır. Əgər istehlakçı ora gələndən sonra bunu başa düşürsə, bu, istehlakçı hüquqlarının pozulmasıdır. İstehlakçıların hüququ var ki, endirim kampaniyasında aldıqları malları malın zavod nöqsanları olarsa, onu 14 gün müddətində geri qaytarsın və ya dəyişsin. Əgər mal istehlakçının tələbini ödəmirsə, endirim kampaniyasında da istehlakçı malı 14 gün ərzində dəyişmək, dəyişməyə mal olmasa qaytarmaq hüququna malikdir". (musavat.com)  

 

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru