11-01-2017 tarixində əlavə olundu
"Son beş ildə 58 nəfər Azərbaycan vətəndaşlığını itirib"
934



“Son beş il ərzində 68 min 270 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib. 58 nəfərin Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim olunub və məhkəmələr tərəfindən artıq müvafiq qərarlar qəbul edilib”.
 
Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
 
Firudin Nəbiyev vurğulayıb ki, 2016-cı ildə 7 min 956 ikili vətəndaşlığı olan şəxslər müəyyənləşdirilib, onların adları müvafiq bazaya daxil edilib: “Hesabat dövründə “qaçqın” statusu almaq niyyətində olan 95 əcnəbinin (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır. Hesabat dövründə 26 min 435 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması müəyyən olunub. Onlardan əsas olduğu üçün 2372 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 18 min 540 nəfərin 48 saat ərzində ölkə ərazisini tərk etməklə, 5523 nəfərin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma və girişinə məhdudiyyət qoyulması ilə bağlı Xidmətin müvafiq qərarlarının icrası təmin olunub, qanunsuz miqrantların sayı minimuma endirilib. Hazırda vizalarının müddəti bitmiş 929 nəfər əcnəbinin Azərbaycanda qanunsuz qalması faktı müəyyən edilib və həmin şəxslərin ölkədən çıxarılması istiqamətində hüquq-mühafizə orqanları ilə birgə iş aparılır”. (Modern.az)
http://faktxeber.com/-son-be-ild-58-nfr-azrbaycan-vtndaln-itirib-_h490767.html