|
Şəmkir rayonu ərazisində planlaşdırılmış təlim uçuşu zamanı Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” hərbi təyyarəsi qəzaya uğraması nəticəsində həlak olan pilot, polkovnik - leytenant Famil Elman oğlu Məmmədlinin cəsədi ekspertizadan keçirilib. Bu barədə APA-ya Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir olayla bağlı qaldırılmış cinayət işininin istintaqının davam etdirildiyi bildirilib. İstintaq qrupu tərəfindən məhkəmə tibbi ekspertləri və mütəxəssislərin iştirakı ilə hadisə yerinin müayinəsi aparılmaqla qəza nəticəsində həlak olan pilotun meyitinin məhkəmə tibbi ekspertizası keçirilib, qəzaya uğrayan təyyarənin hissələri, eləcə də, iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb.
Müdafiə Nazirliyi hər zaman olduğu kimi hadisənin səbəblərinin araşdırıldığını açıqlayıb və əlavə məlumat verməyib.
Müəmmalı qəzalar
Qeyd edək ki, Azərbaycan ordusu Qarabağ müharibəsindən sonra 3 təyyarəsini itirib. 2005- il də MN-ə məxsus İL-76 hərbi yük təyyarəsi Cin Xalq Respublikasının Urumçi şəhərində qəzaya uğrayıb. Qəza zamanı təyyarənin ukraynalı pilotları ilə yanaşı Azərbaycan ordusunun giziri Əli Cabbarov həlak olub. MN təyyarənin Ukraynaya icarəyə verildiyini açıqlasa da, müstəqil mənbələr İL-76 -nın qanunsuz kommersiya uçuşu həyata keçirdiyini bildiriblər. 2008-ci ilin yanvarın 30-da Hərbi Hava Qüvvələrinin “MİQ-29\" qırıcı-bombardmançı təyyarəsi Bakı yaxınlığında qəzaya uğrayıb. Qəza zamanı pilotlar - polkovnik - leytenant Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. Bir aydan artıq davam edəm axtarışlardan sonra pilot Əfqan Aslanovun cəsədi dənizdən tapılsa da, Fəxrəddin Əsgərovun cəsədini tapmaq mümkün olmayıb. Müdafiə Nazirliyi qəzanın səbəbləri barədə məlumat verməyib.
Hərbi Hava Qüvvələrində Sovet təyyarələri üstünlük təşkil edir
Qeyri rəsmi məlumatlara görə, hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) arsenalına 70-ə yaxın döyüş təyyarəsi, 40-a yaxın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı təyyarə və helikopter daxildir. 7200 nəfər personalın xidmət etdiyi HHQ-nin arsenalında “Aero L-29”, “Aero L-39” təlim-hücumçu, müxtəlif təyinatlı MiQ-21, MiQ-25, MiQ-29, Su-17, Su-24, Su-25, İl-76, An-24, An-12, Tu-134A, Tu-16, Pakistan istehsalı olan JF-17 döyüş təyyarələri, Mi-2, Mi-6, Mi-8, Mi-24 markalı helikopterlər, həmçinin dünyanın tanınmış şirkətlərinin istehsalı olan pilotsuz uçan aparatlar var. 2006-cı ildə Ukrayna ilə imzalanmış müqaviləyə əsasən Azərbaycan bu ölkədən 29 ədəd modernləşdirilmiş MiQ-29 döyüş təyyarəsi, Pakistandan isə 26 ədəd JF-17 (Thunder), həmçinin Mi-24 helikopterləri təyarələri alıb.
“SU-25\" təyyarəsinin istehsalına 1970-ci ildə SSRİ-də başlanıb. ”Suxoy\" Konstruktor Bürosunun istehsal etdiyi “SU-25\"-in ilk uçuşu 1975-ci ildə həyata keçirilib. Bu təyyarənin istismarına 1981-ci ilin aprelindən başlanıb. Rusiyada onun istehsalı hazırda da davam edir. Azərbaycan 2000 - 2007-ci illərdə Gürcüstandan 13 ədəd “SU-25\" alıb. Sonrakı dövrdə Azərbaycan Çexiyadan daha 12 ”SU-25\" alıb. Azərbaycan ordusunun ilk “SU-25\"-i təyyarəsini isə 1992-ci il aprelin 8-də baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan qaçıraraq gətirib.
Qəbələ RLS-lə bağlı müqavilədə əlavə nə nəzərdə tutulub?
Azərbaycan hərbi texnikanı əsasən Rusiya və Ukraynadan alır.
Azərbaycan hərbi rəsmiləri alınmış hərbi texnika barədə səhih məlumat vermirlər. Bu səbəbdən xarici mətbuatda verilən xəbərlərə istinad edilir. Belə xəbərlər isə daha çox Rusiya mətbuatında verilir.
Rusiyanın \"Moscow Defense Brief\" jurnalı Azərbaycanın 2000-2007-ci illərdə aldığı hərbi texnikaların siyahısını görə iki ölkə arasında hərbi texniki sahədə geniş əməkdaşlıq mövcuddur. Jurnalın verdiyi məlumata görə, 2008-ci ildə «Arzamaş» maşınqayırma zavodunda istehsal olunmuş bir neçə ədəd BTR-90S və 70 ədəd BTR-80A alıb. Bundan əlavə Rusiya tərəfi 2002-ci ildə Qəbələ radiolokasiya stansiyasının statusu barədə imzalanmış sənədə əsasən Azərbaycanın Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qüvvələrinin müasirləşdirilməsinə yardım göstərməsi, Azərbaycan hərbi qulluqçularının Rusiyada təhsil alması və həmçinin hərbi texnikanın təmir olunmasına yardım edilməsi barədə üzərinə öhdəlik götürüb.
Siyahıda daha çox Ukraynanın adı çəkilir
Strateji müttəfiqimiz olan Türkiyə 2005-ci ildə Azərbaycana 170 milyon dollar həcmində yardım göstərib. Azərbaycan həmçinin ABŞ və İsrail firmalarından kommersiya əsasında atıcı silahlar və müasir vasitələr əldə edib. 2005-ci ildə Azərbaycan Ukrayna ilə 12 MiQ-29 döyüş təyyarəsinin, 2 MiQ-29UB təyyarəsinin və 12 L-39 təlim təyyarəsinin alınması ilə bağlı müqavilə imzalayıb. Bu dövrdə Azərbaycan Çexiyadan 12 ədəd Su-25 hücum təyyarəsi və Gürcüstandan 1 ədəd Su-27UB alıb. Ukrayna ilə aparılan danışıqlarda Su-27 təyyarəsi və Su-25 hücüm təyyarəsinin alınması ilə bağlı razılıq əldə olunub. Eynu zamanda Azərbaycanın Mi-24 zərbə vertolyotları Ukraynada fəaliyyət göstərən Cənubi Afrikanın \"South African ATE Companys Super Hind Mk-III Program\" şirkəti tərəfindən modernləşdiriləcək. Jurnal qeyd edir ki, Azərbaycan yaxın perspektivdə Çindən FC-1 yüngül qırıcı təyyarələri də almaq niyyətindədir. Jurnalda həmçinin Azərbaycanın 2002-2006-ci illərdə aldığı hərbi texnikanın siyahısını dərc edib. Siyahıya əsasən göstərilən dövrdə Azərbaycan 106 T-72 tankı alıb. Onlardan 45-i Ukraynadan (2004-2006), 60-ı Belarusdan (2005-2006), 1-i isə Slovakiyadan (2002) alınıb. Ölkəmiz həmçinin 2005-ci ildə Ukraynadan 2 BMP-1 zirehli texnikası alıb. 2006-cı iıdə 3 ədəd BTR-3U zirehli texnika, 2002-ci ildə Ukraynadan 36 ədəd 130 mm-lik M-46 mərmi yedəyi, 2002-ci ildə Bolqarıstandan 72 ədəd 100 mm-lik MT-12 tankəleyhinə mərmi, 2004-2005-ci illərdə Ukraynadan 12 ədəd 9RK58 Smerch reaktiv yaylım atəş sistemi, 2005-2006-cı illərdə Ukraynadan 85 ədəd PM-38 qumbaratanı, 2006-2007-ci illərdə Ukraynadan 12 ədəd MiQ-29 qırıcısı, 2006-cı ildə yenə Ukraynadan 2 ədəd MiQ-29UB, 2002-2005-ci illərdə Gürcüstandan 12 ədəd Su-25, 2005-ci ildə Gürcüstandan 1 ədəd Su-25 UB təlim təyyarəsi, 2006-cı ildə Ukraynadan 12 ədəd L-39 təlim təyyarəsi, 2000-ci ildə Türkiyədən 1 ədəd AB-25 patrul kateri, 2003-cü ildə ABŞ-dan 1 ədəd \"Point\" patrul kateri, 2001-ci ildə ABŞ-dan 2 ədəd kiçik patrul kateri, 2001-2005-ci illərdə Türkiyədən 30 ədəd kiçik patrul kateri alınıb. Ukraynanın sabiq prezidenti Viktor Yüşşenko ölkəsinin silah satışı ilə bağlı hesabatında Azərbaycanın adını çəkib.
BMT-nin hesabatı
BMT-nin Azərbaycanın silahlanması baglı sonuncu hesabatını 2008-ci ildə verib. BMT-nin Adi Silahlar Registrinə 2008-ci ildə aldığı silahlarla bağlı hesabatını təqdim edib. Hesabatda Azərbaycanın 2008 -ci ildə yalnız Rusiya, Ukrayna və Belarusdan silah və texnika aldığını açıqlayıb. Azərbaycan hesabatını BMT Registrinə oktyabrın 1-də təqdim edib. Hesabata görə, Azərbaycan 20 ədəd zirehli nəqliyyat vasitəsi, Ukraynadan 18 ədəd 122 mm çaplı 2C1 \"Qvozdika\" alıb. Bundan başqa, Azərbaycan 2008-ci ildə Ukraynadan 18 ədəd 9M36-1 \"Strela-3\" və 10 ədəd 9P58M \"Strela-3\" raketi aldığını göstərib. Ukrayna tərəfi isə BMT-nin Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda müxtəlif vaxtlarda Azərbaycana 55 ədəd D-30A iriçaplı artilleriya qurğusu, 9 ədəd \"MiQ-29\" döyüş təyyarəsi satdığını bildirib. Bundan başqa, Azərbaycanın Ukraynadan aldığı silah və sursatlar arasında təyyarələrin silahlanması üçün \"hava-hava\" tipli 43 ədəd R-27 raketi, çoxlu sayda atıcı silah və onlar üçün müxtəlif çaplı sursatlar var.
Ordu NATO standartlarına uyğun formalaşmalıdır
Hərbi ekspertlər Azərbaycan ordusunun Sovet və Rusiya texnikası ilə təchiz edilməsinin qüsurlu olduğunu bildirirlər. Müstəqil hərbi ekspertlərin rəyinə görə Azərbaycan NATO qarşısında götürdüyü öhdəlikləri təxirə salmadan yerinə yetirməlidir. Ordunun hərbi texnikası NATO standartlarına cavab verməlidir. MN-nin adının acıqlanmasını istəməyən yüksək rütbəli zabiti Rusiya və Ukraynadan silah alınmasının daha çox özəl maraqlardan irəli gəldiyini bildirib: “Postsovet ölkələrində korrupsiya faktları mövcuddur. Azərbaycanın hərbi rəhbərliyi bu faktdan öz şəxsi məqsədləri üçün istifadə olunur. Köhnə texnika yeni adı altında Azərbaycana gətirilir. Bu da öz növbəsində qəzalara səbəb olur. NATO ölkələrində isə faktlar mövcud deyil”.
Əfqan /Bizim Yol |