Artıq, ölkə İNTİHAR xəbəri ilə səhəri açmağa adət edib. Bu gün də ənənəyə sadiq qalan Azərbaycan mətbuatı paytaxtda və bölgələrdə bir neçə şəxsin özünə qəsd etməsindən yazır. Maraqlısı odur ki, hər dəfə eyni maddə ilə cinayət işi açılır, Özünü öldürmə həddinə çatdırma. Amma bu işin necə bağlanması hamı kimi bizə də məlum deyil. Görəsən dünya malından, hətta hər şeydən əziz olan canlarına insanlar niyə belə asanlıqla qəsd edirlər? Onları bu işıqlı dünya ilə vidalaşmağa nə vadar edir? Hə, intihar halları o qədər adiləşib ki, hətta belə köçhaköçdə adam bir az şübhəyə düşür. Qonşudan geri qalmamaq üçün bir metr ipdən keçməyi saatlarla götür-qoy edir... Amma cənab ali - çox hörmətli şeyxin təmtəraqlı, gözoxşayan və bir-birindən ləzzətli təamlarla bəzədilmiş, nə bilim hətta əfsanəvi dünyadan toyuq südünün gətirildiyi iftar süfrəsini görəndə yaşamaq insanın gözündə 180 dərəcə dəyişilir. Özü də bilsəniz ki, süfrənin ətrafında kimlər oturub, bütün qazandığınızı verib hər il o simaları və şahanə süfrəni görmək üçün, dirilik suyu alarsınız. Əşii, onların iftara təqribən iki saat qalmış şeyxin xüsusi iqamətgahına axınını görsəydiniz, necə aclıq iztirabı çəkdiklərini də anlayardınız. Hamısı oruc, bir tərəfdən də ictimai-sosial problemlər, xalqın acı taleyi və sair. Elə düşünməyin ki, mən də orada olmuşam. Yox, əsla belə deyil. Ona görə yox ki, mən o süfrəni bəyənmirəm, sadəcə məni heç o süfrənin beş kliometrliyinə buraxmırlar. Buraxmırlar da, gedim dava edim. Axı orada oturmaq üçün müstəsna xidmətlər göstərməlisən. Özünə qəsd edənlərə gəldikdə, tutaq ki, özümüzü öldürdük, nə qazanacağıq? Gərək, ipi boğazımıza keçirməzdən əvvəl bunu düşünək. Canımıza qəsd etməsək isə, qazanacağıq! Heç olmasa, ildə bir dəfə belə cazibədar süfrələri müşahidə edəcəyik. Şeyxin, artıq ənənə halına çevrilmiş bir xidmətini də qeyd etməliyik. Belə ki, bu il də iki gün bayram namazı qılınacaq. Bundan əlavə QMİ-dən bildirilib ki, Ramazan ayı 30 gündən ibarət olduğu üçün 31-ci gün mütləq bayram edilməlidir. Əvvəl, QİM tərəfindən bayram namazının iki gün qılınmasına gətirilən səbəblə sizi tanış edim. Bəzən insanlar öz gözləri ilə ayı görməmiş bayram etmirlər. Bayramın və bayram namazının iki gün olması imkan verir ki, həmin insanlar da namazlarını qıla bilsinlər. Bundan əlavə bayram namazı camaatla bir yerdə qılınmalıdır. Təzə Pir məscidində bayramın ilk günü namaz qılmağa yer tapmayanlar, ikinci gün bunu edə bilərlər. Dini hökmlərə əsasən Fitr bayramı bir gün olur. O da Şəvval ayının 1-ə təsadüf edir. Eyni zamanda bayram günü oruc tutmaq haramdır. Əks halda, bilərəkdən kim Ramazan ayının son günü orucunu yeyərsə, ya 61 gün oruc tutmalı, ya bir qul azad etməli, ya da 60 kasıbı yedizdirməlidir. Namazın qılınmasına gəldikdə, bu, məsum İmamın qeybət dövrü vacib deyil. Buna görə də hər kəs istədiyi yerdə namaz qıla bilər. Onun üçün təkcə Təzə Pir məscidi yaxud hansısa digər ibadət ocağı təyin olunmayıb ki, mütləq hamı orada namaz qılsın. Yetər ki, Quran və Əhli-Beytin (ə) dediyi kimi ibadətinizi edəsiniz. Bunun üçün etdiyiniz əməlləri dəyərləndirmək lazımdır, nəinki zay etmək. Allah orucunuzu qəbul etsin!
|