Hələ qədim zamanlardan Azərbaycan insanının düşüncəsində
və əməlində ailə "müqəddəs ocaq"anlamında olmuşdur. Qədimdə də belə idi,
bu gün də belədir. Azərbaycan ailəsi kişilərin atalıq, qadınların isə
analıq məktəbidir. Bu, dünyada da bəzi dəyişikliklər və fərqlililiklər
nisbətində belədir. Odur ki, beynəlxalq səviyyədə ailələr, onların
rifahı, ailənin risk altına düşməsinin qarşısının alınması, həyat və
şəraitinin yaxşılaşdırılması gündəmdədir. Heç təsadüfü deyil ki, 1994-cü
ildən etibarən hər il 15 may tarixi BMT tərəfindən "Beynəlxalq Ailə
Günü"kimi qeyd edilir. Təbii ki, ailə günü təyin etməkdə məqsəd ailələrə
dəstək, ailələrin gücləndirilməsi olmuşdur. Dünya dövlətləri ailə
hüququ və ailə məcəlləsi adlı qanunlar qəbul etməklə, həyatda yaşam
anlamını verən bu müqəddəs ittifaqı hər cür problem və çətinliklərdən
qorumağa çalışır. Ailə rifahı istənilən qanun və qərarlarda başda olur.
Bu və ya digər şəkildə, insan hüquq və azadlıqları haqda qəbul edilmiş
bütün qanunlar elə əslində ailə ilə bağlıdır. Çünki, hər bir fərd
cəmiyyətdə ailənin təmsilçisidir və onun hüquq və azadlıqları əslində
elə onun ailəsinin haqqıdır. Odurki, ailə cəmiyyətin təməli, onun
özəyidir. Hələ qədim mütəfəkkir və siyasətşünaslar dövlətə tərif vermək
istəyərkən ailə modelini "kiçik dövlət"adlandırmışlar. Beləliklə,
dövlətin problemləri məhz bu "kiçik dövlət”dən, onun problemlərinin
həllindən başlayır.
Ancaq, bununla belə beynəlxalq səviyyədə ailələrin özlərinə məxsus
problemləri vardır. Müasir ailənin sosial problemləri əsasən özünü
cəmiyyətin kəskin sosial-iqtisadi təbəqələşməsində, ailə büdcələrinin
qıtlığında, sosial və coğrafi mobilliyin mümkünsüzlüyündə, arzuolunmaz
miqrasiyada, ailənin sağlamlıq vəziyyətinin pisləşməsində, əhalinin
təbii azalmasında təzahür edən demoqrafik situasiyada, ailədə qadınların
rolunun köklü şəkildə dəyişməsində, natamam ailələrin sayca artmasında,
başqasının hesabına yaşama əmsalınının çoxalmasında, ailədaxili
zorakılıqda, sosial yetimlikdə və s. göstərir.
Bəzən bütün bu problemlər ailələrin dağılmasına gətirib çıxarır ki, bu
da dünya dövlətlərinə, insanlarına heç də başıucalıq gətirən hal deyil.
Əsasən sosial-iqtisadi vəziyyətin acınacaqlı olması ailələr daxili
münaqişəli situasiyalara gətirib çıxarır. Təbii ki, dünyada qəbul
olunmuş ailələrin gücləndirilməsi proqramları məhz, bu ilk riski aradan
qaldırmağa istiqamətlənir. İnsaların gündəlik qida və geyim
ehtiyaclarının ödənilməsi ailənin formallığında əsas şərtdir. Belə
desək, ailənin hüququ ilk növbədə səhər yeməyinə qida tapmaması ilə
pozulur.
Beynəlxalq səviyyədə ailələrin özlərinə məxsus problemlərin bəzilərini
Azərbaycan ailəsi də yaşayır. Ancaq, Azərbaycan ailəsinin başqa aktual
sosial problemləri də vardır. Xüsusi ilə, erməni işğalından sonra 1
milyonadək qaçqın və məcburi köçkündən ibarət ailələrin mövcud sosial
şəraiti, digər tərəfdən ölkədə yoxsulluq və işsizliyin olması, ailədə
uşaqlara qarşı zorakılıq və uşaqlardan imtina, dövlət qayğısında olan
uşaqların hələ də internat evlərində məskunlaşması, xüsusi qayğıya
ehtiyacı olan uşaqlar ilə aparılan işin səviyyəsi, küçə uşaqları və
onların reabilitasiyası ilə bağlı mövcud problemlər ümumilikdə
Azərbaycan ailəsinin problemlərində sayıla bilər.
Belə olan halda, ailələrin gücləndirilməsi dövlətin prioritet məsələsinə
çevrilir. Nəzərə alsaq ki, Azərbaycanın 9 milyon insanı var və
ailələrin sayı da çoxdur, o halda problemlərin olması təbiidir. Ancaq,
problemlərin hələ də qalması və onların həll olunması istiqamətində
qəbul edilmiş xüsusi ailə proqramlarının normal həyata keçirilməməsi
bəzən ailələrin dağılması və risk altına düşməsinə çox münbit şərait
yaradır.
Bundan ötrü dövlət ailələr ilə sosial işi gücləndirməlidir ki, hər bir
ailəyə fərdi yanaşma metodu ilə ehtiyaca uyğun dəstək göstərsin.
Ehtiyaca uyğun dəstək, son nəticədə ailənin ehtiyacının aradan
qalxmasına və inkişafına səbəb ola bilər. Belə olan halda isə ilk
növbədə sosial xidmət keyfiyyəti məsələsi gündəmə gəlir. Bu gün sosial
xidmət müəssisələrində işləməyi bacaran sosial işçilər
yetişdirilməlidir. Azərbaycanda ailələr ilə işdə sosial işin əsas
prinsiplərinə əməl olunsa, yuxarıda sadaladığım problemlərin
əksəriyyətinin həlli tezləşər və problem aradan qalxar. Bu gün ailəyə
sosial xidmət göstərən müvafiq dövlət qrumları ilk növbdə ailədə uşaq
haqları və maraqlarının üstün tutulmasına önəm verməlidirlər. Çünki,
uşaqlar ailənin ən qayğısız üzvləridir. Ailələr ilə sosial işin
prinsiplərinə valideynlərin hüquqlarına hörmət, sosial xidmətlər
tərəfindən ailədəki vəziyyətin obyektiv və səriştəli qiymətləndirilməsi,
ailədə zorakılıq olmadığı təqdirdə məxfiliyin gözlənilməsi, hakimlik və
nəzarətdən əsaslandırılmış istifadə, ailədə əlverişsiz amillərin nəzərə
alınması, risk mövqeyindən yanaşma və s. aid ola bilər.
Ancaq, ailələrə xidmət müəssisələrinin peşakarlığını və keyfiyyətini
artırmaqla ailəyə xidmətin kefiyyətini artırmaq olar. Azərbaycanda
sosial işə diqqət və qayğı artmadığı təqdirdə, cəmiyyətin də problemləri
qalacaqdır. Çünki, peşəkar sosial iş bu problemlərin standartlara uyğun
aradan qaldırımasının yolunu bilir və ailənin inkişafını təmin edə
biləcək plan hazırlayır.
|