Şərqlə Qərb arasında "körpü" rolunu oynamağa cəhd Türkiyə və Azərbaycana
uğursuzluqlar vəd edir
ABŞ Konqresinin Nümayəndələr Palatasının
Xarici Əlaqələr Komitəsində Türkiyəyə qarşı qəbul edilmiş qətnamə təkcə
Türkiyəni yox, həm də Azərbaycan ictimaiyyətini silkələdi. ABŞ Konqresi
"soyqırım oyunu"nu yenidən gündəmə gətirməklə Türkiyəyə "barmaq silkələdi".
Türkiyə ABŞ-dakı səfirini geri çağırdı. Türkiyə rəsmiləri ən yüksək səviyyədə bu
qərarı pislədi. İnsalar ABŞ-ın işğalçı xarici siyasətini pisləyərək, küçələrə
axışdı.
Bəs görəsən, ABŞ-ın maraqları naminə öz qonşuları ilə neçə on
illərdir soyuq münasibətdə olan, öz ərazisini ABŞ və NATO qoşunları üçün
"peşkəş" edən, Avropa və ABŞ-a xoş gəlmək üçün "əslini danmağa" belə məcbur olan
Türkiyənin günahı nədir? Axı, Türkiyə ABŞ-ın Əfqanıstanda və İraqda "demokratiya
quruculuğu"na lazım olan dəstəyi vermişdi. Axı, Türkiyə ona düşmən olmayan
Əfqanıstanda və qonşu İraqda ABŞ-ın maraqları naminə öz əsgərlərinin ölümünə
belə razı olaraq "koalisiya"ya qoşulmuşdu. Axı, Türkiyə ABŞ-ın hansı əmrini
yerinə yetirməmişdir ki, ona bu gün barmaq silkələnir?
Bəli, bu gün həm
Türkiyə, həm də Azərbaycan mətbuatında ABŞ əleyhinə kifayət qədər sərt fikirlər
səslənməkdədir. Maraqlı olan budur ki, ABŞ-ın təcavüzkar xarici siyasəti
haqqında o siyasilər və şərhçilər gündəmdədirlər ki, onlar Konqresin qərarına
qədər ABŞ-ın regional təhlükəsizlik üçün vacib xidmətlərindən gen-bol
danışırdılar. Məhz onlar Azərbaycanın həmişə ABŞ-ın yanında olmasını təbliğ
edirdilər. Bütün bunlara baxmayaraq, Əfqanıstanda və İraqda ABŞ tərəfindən
soyqırım törədilməsi, "demokratiya" və "insan hüquları" bəhanəsi ilə digər
ölkələrin ABŞ tərəfindən iqtisadi əsarətə alınması və s. kimi fikirlərin
Azərbaycan mətbuatında geniş yer alması ictimai şüurda ciddi dəyişikliklərin
olmasından xəbər verir.
ABŞ əleyhinə səsləndirilən fikirlər içərisində mənim
diqqətimi ən çox çəkəni Milli Məclisdə səsləndirilənlər oldu. Son iyirmi ildə
"demokratiya carçısı", "insan hüquqlarının qoruyucusu" və s. kimi "imic"
qazanmış ABŞ haqqında "ABŞ təcavüzkardır", "ABŞ özü soyqırım törədib", "ABŞ-dan
səfirimizi geri çağırmalıyıq",- kimi ifadələrin işlənməsi kifayət qədər düşüməyə
haqq verir. Məsələn, Azərbaycanın həmişə ABŞ-ın yanında olmasını təbliğ edən
Ümid Partiyasının sədri İqbal Ağazadə ABŞ-ın heç də Azərbaycanın problemlərinə
ədalətlə yanaşmadığını nəhayət ki, etiraf edir. Belə ki, Milli Məclisin 5 mart
tarixli iclasında çıxış edən İ.Ağazadə layihənin qəbul olunmasını regionda
sülhə, əmin-amanlığa və Türkiyəyə zərbə vuracağını qeyd edib. Qənirə Paşayeva
isə ABŞ-ın ünvanına daha kəskin ifadələr işlədərək, ABŞ Konqresinin müvafiq
komitəsinin qərarını dünyanın hər yerində yaşayan türklər üçün təhqir olduğunu
deyib. Milli Məclisin sədr müavini Ziyafət Əsgərov isə ABŞ-ı Amerikanın yerli
əhalisinə qarşı soyqırım törətməkdə ittiham edib. O, Əfqanıstanda və İraqda baş
verənlərə görə ABŞ-ın hesabat verməli olduğunu bildirib.
Azərbaycanın bəzi
siyasi partiyaları, xüsusilə ABŞ-ın regional siyasətinə dəstək verən partiyalar,
o cümlədən YAP, AMİP, Müsavat və Ana Vətən də "soyqırım oyunu"nun regional
sülhə, sabitliyə və təhlükəsizliyə ciddi zərbə vuracağını, regional
münaqişələrin dinc yolla həllinə mane olacağını qeyd ediblər. Bəs, dəyişən
nədir? ABŞ, yoxsa Azərbaycan cəmiyyəti? ABŞ, yoxsa Azərbaycanın Milli Məclisi?
ABŞ,yoxsa Azərbaycan siyasiləri?
Son on ildə ABŞ-ın xarici siyasəti haqqında
mənim yazdığım məqalələrə və "Böyük Şeytan və ya sonun başlanğıcı"
monoqrafiyasına görə mənə edilən təzyiqlərə normal yanaşaraq, cəmiyyətin,
həmçinin KİV-lərin hələ ABŞ haqqında məlumatsız oluğunu güman edirdim.
Düşünürdüm ki, ABŞ-ın sülhpərvər dünyanın başına gətirdiyi və gətirəcəyi
fəlakətlərdən insanlar xəbərsiz olduqları üçün mənim tədqiqatlarıma şübhə ilə
yanaşırlar. Düşünürdüm ki, KİV-lər, xüsusilə elektron KİV-lər, hələ ABŞ xarici
siyasətinin təcavüzkar "anatomiyası"ndan xəbərsiz olduqları üçün mənim ABŞ
haqqında tənqidi fikirlərimə yer ayırmağa çəkinirlər. Elə güman edirdim ki,
Milli Məclisin üzvləri də ABŞ-ın dünyada törətdiyi faciələrdən xəbərsizdirlər və
bu səbəbdən də Azərbaycan cəmiyyətində ABŞ xarici siyasətinə tənqidi yanaşanlar
hər tərəfdən təzyiqlərə məruz qalırlar. Məhz bu səbəbdəndir ki, onlar iş
yerlərini itirirlər, siyasi fəaliyyətləri məhdudlaşır, beynəlxalq əlaqələri
zəifləyir və maddi cəhətdən sıxıntıya düşərək "zərərli ünsürlər kimi
ictimaiyyətdən təcrid edilirlər". Ancaq mən səhv edirəmmiş! Belə ki, Amerikanın
aborogen hindu tayfalarına qarşı soyqırımdan tutmuş, İraqda və Əfqanıstanda
törədilmiş cinayətlərə qədər ABŞ dövləti tərəfindən edilmiş qeyri-insani
hərəkətlərdən Milli Məclis üzvlərinin də xəbəri varmış! "ABŞ tərəfindən İraqda
və Əfqanıstanda törədilən soyqırıma görə kim hesabat verəcək?", -deyən Milli
Məclisin sədr müavini Z.Əsgərov yəqin ki, bu soyqırıma görə ABŞ-ın cavabdeh
olduğunu nəzərdə tuturdu. Bəs bu bəyanat nə üçün 2001-ci və ya 2003-cü ildə yox,
məhz 2010-cu ildə - ABŞ-ın Türkiyəyə qarşı haqsız siyasətindən sonra verildi?
Görəsən, Konqres "soyqırım oyunu"nu təxirə salarsa Milli Məclis üvlərinin
"qeyri-demokratik", İraqda və Əfqanıstanda soyqırım törədən ABŞ-a münasibəti
dəyişəcəkmi? Təəssüf ki, bəli! Türkiyədən istədiyini almağa müvəffəq olan ABŞ
yenə də soyqırım məsələsini növbəti ilə saxlasa və "əfəndim, bu bir şaka idi",-
desə, Azərbaycan siyasiləri də "Biz bilirdik ki, "demokratiya carçısı" ABŞ belə
şey etməz",- deyərək, ABŞ səfirliyi ilə münasibətlərini normallaşdırmağa
tələsəcəklər. Bəzi siyasi şərhçilər isə "soyqırım oyunu"na ABŞ-da fəaliyyət
göstərən erməni lobbisinin türklərə qarşı fəaliyyəti kimi yanaşır. Belə yanaşma
ABŞ xarici siyasətinin mahiyyətini gizlətmək deməkdir. Guya ki, konqresmenlər
1915-ci ildə baş verən hadisələrdən sadəcə olaraq, xəbərsizdirlər və onların
bəziləri erməni lobbisinin toruna düşərək, saxta soyqırım məsələsini vaxtaşırı
qaldırırlar. Belə fikirlərin müdafiəçilərindən biri də Rasim Musabəyovdur. Onun
fikrincə, ermənilər "1915-ci ildə uydurma erməni soyqırımı" haqqında qətnaməni
ABŞ-a qəbul etdirməklə azərbaycanlılara qarşı etdikləri cinayətləri ört-basdır
etməyə cəhd göstərirlər. Başqa sözlə, R.Musabəyov düşünür ki, ABŞ Konqresində
baş verənlərə görə ABŞ yox, ermənilər günahkardır. Amma hadisəyə belə yanaşma
"soyqırım oyunu"nun mahiyyətində ABŞ maraqlarının dayandığını ört-basdır edir.
Bəzi siyasilər və şərhçilər "soyqırım oyunu"nda əsas məqsədin Ermənistan
sərhədlərinin açılması ilə bağlı Türkiyəyə təzyiqdən ibarət olduğunu
bildirirlər. Məsələn, Milli Məclisin üzvü Gültəkin Hacıbəyli də belə düşünür.
Amma "soyqırım" məsələsinə belə yanaşma ABŞ-ın Yaxın Şərq siyasətini pərdələmək
deməkdir. Unutmaq olmaz ki, ABŞ-a "xırda" hissələrə paçalanmış, zəif, münaqişəli
Yaxın Şərq lazımdır. Elə Yaxın Şərq ki, orada ABŞ-ın geniş köməyi və hərbi
kontingenti olmadan hətta İsrail hakimlik edə bilsin. ABŞ son 60 ildə ona sadiq
olan, ərəb dünyasına qənim kəsilmiş İsraili ilk tanıyan dövlətlərdən olan və ona
yardımlar edən, İraqın və Əfqanıstanın işğalında ABŞ-a yardım göstərən Türkiyəni
Ermənistanla sərhədlərinin açılması naminə itirə bilməz. Bəs, ABŞ-Türkiyə,
Türkiyə-İsrail münasibətlərinin soyumasının səbəbi nədir? Bəs, hansı səbəbdən
"soyqırım" adlı "Domokl qılıncı" yenidən Türkiyənin başı üstündə fırlanır?
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində "erməni
soyqırımı" ilə bağlı qətnamənin qəbuluna həm Azərbaycan, həm də Türkiyə
siyasilərinin və ictimaiyyətinin müxtəlif rakurslardan yanaşmasına baxmayaraq
iki məqam çoxluq tərəfindən etiraf edilir:
1) ABŞ "soyqırım oyunu"
vasitəsilə Türkiyəyə təzyiq edir;
2) "Soyqırım"ın Konqresdə də qəbul
edilməsi regionda vəziyyəti gərginləşdirə bilər.
Bəzi siyasilər, hətta
dövlət rəsmiləri "soyqırım" haqqında qərarın qəbulunun ABŞ-ın maraqlarına zidd
olduğunu qeyd edirlər. Məsələyə fikir bildirən Prezident Administrasiyasının
ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov da belə bir qərarın qəbulundan
təəssüfləndiyini bildirməklə yanaşı, bunun ABŞ maraqlarına zidd olduğunu qeyd
etmişdir. Doğrudan da, yuxarıda qeyd etdiyimiz kimi, son 60 ildə ABŞ-ın regionda
maraqlarını ən yüksək səviyyədə qoruyan Türkiyənin itirilməsi, Avropanın enerji
təminatının zərbə altına alınması ABŞ maraqlarına uyğun deyil. Heç şübhəsiz ki,
"soyqırım"ın uydurulması ABŞ maraqlarına uyğundur. Məhz belə "Domokl qılıncı"
Türkiyəni ABŞ-a hər hansı güzəştlərə getməyə məcbur edə bilərdi. Bəs, bu
uydurmanın qəbulu ABŞ maraqlarına uyğundurmu? Qətiyyən yox! "Soyqırım"ın qəbulu
Türkiyə ilə ABŞ arasında bütün körpülərin yandırılması demək olardı.
Lakin
aydındır ki, ABŞ tərəfindən "soyqırım" məsələsinin vaxtaşırı gündəmə gəlməsi
sadəcə olaraq, Türkiyə ictimaiyyətinin "nəbz"inin yoxlanması da deyil. Digər
tərəfdən, ABŞ-ın Türkiyəyə "soyqırım"dan başqa hələ digər təyiq vasitələri də
var. Bu, etnik azlıqların problemləri və Şimali Kipr məsələsi ilə bağlıdır. Bəs,
Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı müəyyən
razılaşmanın əldə edildiyi bir məqamda "soyqırım"ın gündəmə gəlməsi nə ilə
bağlıdır? Əlbəttə ki, bu, Türkiyənin son illərdə apardığı siyasətlə əlaqəlidir.
Son illərdə Türkiyənin Yaxın Şərq siyasəti, xüsusilə İsraillə münasbətlərin
kəskinləşməsi, İslam dünyası ilə münasibətlərin "istiləşməsi" ABŞ-ın diqqətindən
qətiyyən yayınmır. Heç şübhəsiz ki, Yaxın Şərqdə güclü Türkiyə ABŞ-ın və
İsrailin Yaxın Şərq siyasətinə ciddi əngəl törədə bilər. Xüsusilə, ABŞ-ın İraq
və Əfqanıstanda hərbi əməliyyatlarının getdikcə uzanması, İsrailin regionda
sürətli silahlanması Türkiyəni də getdikcə narahat edir. Türkiyə ilə İranın
iqtisadi, siyasi və mədəni sahələrdə yaxınlaşması isə ABŞ-ın Yaxın Şərq
siyasətinə uyğun deyil. Əlbəttə, öz təhlükəsizliyini və dövlət maraqlarını ABŞ
maraqlarına qurban verməkdən getdikcə imtina edən Türkiyə "soyqırım" hədələrinə
tuş gəlməli idi. Lakin bütün bunlara baxmayaraq, inandırıcı deyil ki, hələ də
ABŞ-a qarşı açıq çıxış etməyən və onun strateji müttəfiqi rolunu "can-başla"
oynayan Türkiyəni ABŞ "soyqırım" uydurması ilə itirməyə tələssin. Bu halda
ABŞ-ın itirdiyi qazancından xeyli çox olar.
Bəli cənablar! Dünyada yeni
müstəmləkəçilik siyasəti yürüdən, Yaxın Şərqdə təcavüzlə məşğul olan və
soyqırımlar törədən ABŞ-la əməkdaşlıq nə qədər perspektivlidir? Uydurma erməni
soyqırımı ilə bağlı qərarın Konqresdə qəbul edilməsi az ehtimallı olsa da, həm
Türkiyə, həm də Azərbaycanın ABŞ-la münasibətinə yenidən baxması zamanı gəlib
çatmamışdırmı? Bu gün dünyada və regionda baş verən hadisələr kontekstində hər
iki dövlət üç yol ayrıcında dayanıb:
1) ABŞ-ın Türkiyəyə təzyiqlərinə
"yumşaq müqavimət" göstərmək. Başqa sözlə, ABŞ-ın xarici siyasətini sadəcə
tənqid etmək yox, ABŞ təzyiqlərinə adekvat təzyiqlərlə cavab vermək. Məsələn,
NATO və ABŞ hərbi qüvvələrinin Türkiyədən çıxarılmasını tələb etmək, ABŞ
şirkətləri üçün yaradılmış əlverişli iqtisadi və hüquqi şəraiti sərtləşdırmək,
ABŞ-ın Əfqanıstan və İraqda təcavüzkar siyasətinə "ortaq" olmaqdan imtina etmək
və sair;
2) ABŞ-ın Türkiyəyə təzyiqlərinə ciddi müqavimət göstərmək. Başqa
cözlə, ABŞ-ın "soyqırım"la bağlı necə qərar qəbul etməsindən asılı olmayaraq
"yumşaq müqavimət"i reallaşdırmaq. ABŞ-ın növbəti təzyiqlərinə tuş gəlməmək və
Yaxın Şərqdən ABŞ-ı sıxışdırmaq üşün Yaxın Şərqdə siyasi, iqtisadi və hərbi
alyansın yaradılmasına cəhd göstərmək;
3) ABŞ-ın Türkiyəyə təzyiqlərinə
ABŞ-ın arzuladığı güzəştlərlə cavab vermək. Başqa sözlə, ABŞ-ın Yaxın Şərqdə
"çaldığı mahnılara oynamaqda" davam etmək. Nəzərə almaq lazımdır ki, son 60 ildə
Türkiyənin seçdiyi üçüncü yol Türkiyəni getdikcə zəiflətməklə yanaşı, həm də
ABŞ-dan və İsraildən daha çox asılı edəcəkdir.
Türkiyə bir dövlət kimi yol
ayrıcında daha gözləməməli və nəhayət ki, öz yolunu seçməlidir. Şərq ilə Qərb
arasında "körpü" rolunu oynamağa hər hansı cəhd həm Türkiyəyə, həm də
Azərbaycana ciddi uğursuzluqlar vəd edir. Unutmayaq ki, "körpü" müvəqqəti keçid
üçün nəzərdə tutulur və sahil deyil. Türkiyənin "sahil" olmasının zamanı çoxdan
yetişib. Bu "sahil" ya Şərqdə, ya da Qərbdə olmalıdır. Türkiyə cəmiyyəti öz
seçimini etməlidir: ya Avropa İttifaqına üzv olmaq üçün alçalmaqda və istismar
edilməkdə davam etmək, ya da öz tarixi özünəməxsusluğunu qoruyaraq, qonşu
dövlətlərlə birgə iqtisadi, siyasi və mədən inteqrasiya şəraitində inkişaf
etmək.
|