Əgər Ana Yasamıza əməl olunsaydı, bu ölkədə heç bir inanclı xanımın hüquq və haqları tapdalanmazdı
Qərb insanı mənəvi cəhətdən nə qədər geriləsə də mövcud qanunlar daim
yenilənməkdədir. Düzdür, bu qanunlar bəzən həddini aşır və dini dəyərlərin təhqirinə yol
açır (əslində bu da mənəvi geriləməyin baş bir təzahürüdür). Ancaq çox hallarda insan haqları qanunların
əsas prinsipi olaraq qalır. Bu
cəhətdən hələ bizlərin onlardan öyrənəsi çox məsələlərimiz var. Təbii ki, İslam
bütün bunlara 14 əsr əvvəl cavab verib və nizama salıb, ancaq dünyəvi yolla
gedən ölkəmiz və bu ölkənin idarəçiləri gərək hərdən Qərbin bu yaxşı
cəhətlərinə fikr versinlər.
Xəbəriniz olmamış olmaz, artıq qərb ölkələrində başıörtülü qızların
təhsil alması üçün şərait yaradılmaqdadır. Elə faktxəbərin yazdığı kimi "Başörtüyü
qadağası" kimi faşist ruhlu qadağaların olmadığı İngiltərədə daha bir müsəlman
qızlar məktəbi istifadəyə verilib. Kembricşayr bölgəsində ilk qızlar məktəbi
olan Peterburqdakı İqra akademiyası qız uşaqlarını orta məktəblərə göndərmək
istəməyən müsəlmanlar üçün nəzərdə tutulub. Müsəlman qızlar məktəbində digər
məktəblərdə tədris olunan fənnlərlə yanaşı, İslam dini dərsi də keçiləcək.
Qızlar məktəbində müsəlman şagirdlərlə yanaşı, digər dinlərdən olan qızlar da
təhsil ala biləcəklər. Məktəbin açılmasında öz köməkliyini əsirgəməyən
Peterburq bələdiyyəsinin nümayəndələri bunun müsəlman uşaqların təhsilinə
verilən əhəmiyyətdən irəli gəldiyini bildiriblər. Qeyd edək ki, Peterburq
Müsəlmanları Təhsil Dərnəyi tərəfindən açılan məktəbdə hal-hazırda 23 şagird
təhsil alır. Bax, bu Qərbin özəllik və gözəlliklərindən biridir. Təbii ki,
bizim məmləkət qərbyönümlü inkişaf və tərəqqi yolunda irəliləməyə çalışırsa,
gərək ki bu məsələləri də nəzərə alsın. Ancaq, çox təəssüflər ki, bizim icra
hakmiyyəti orqanları (belə deyək də bizdə bələdiyyələr hələ nəzərə çarpacaq
dərəcədə gözə dəymədiyindən icra orqanları əsas götürülür) məktəb
direktorlarına xüsusi göstərişlər verməklə hicablı şagirdləri məktəbə və ya
universitetlərə buraxmamaq haqqında göstərişlər verirlər. Buna nə ad verək
"Qərb yönümlü Azərbaycanvari siyasət" yoxsa?! Hər halda mən buna bir ad tapıb
qoya bilmirəm. Bəlkə siz biləsiz?!
Hə, bu gün əldə etdiyim xəbər isə məni yaxşı mənada qərbin müsəlman
qadınına verdiyi dəyərə həsəd aparmağıma səbəb oldu (təbii ki, ölkə məmurları
ilə müqayisədə). Beləki, müsəlman qadın boksçular Londondakı 2012-ci il
Olimpiadasında hicabla çıxış edəcəklər. Hazırda 25 qadın idmançı Kabil
stadionunda məşq edir. Onların məşqçisinin sözlərinə görə, yarışlara ənənəvi
İslam geyimində çıxmaq niyyətindədirlər.Beynəlxalq Boks Federasiyasının
nümayəndəsi isə bildirib ki, qadın boksçulara rinqə İslam geyimində çıxmağa heç
nə mane olmur: "Sözsüz ki, dini tələblər nəzərə alınmalıdır. Ona görə də biz bu
məsələdə mümkün qədər tolerant olmaq istəyirik".
Zərif cinsin nümayəndələri ağır idman növündə və üstəlik də öz dini
zinətləri ilə birgə. Bu artıq qələbədir. Bunun üçün maddi cəhətdən zənglinlik tələb olunmur. Sadəcə, qanun və qaydanın mövcudluğu və ona əməl olunması
lazımdır. Lap elə konstitusiyamızın biz hicablı xanımlara verdiyi hüquqlar kimi. Əgər Ana Yasamıza
əməl olunsaydı, bu ölkədə heç bir inanclı xanımın hüquq və haqları
tapdalanmazdı.
Sərdar Səlaloğlu: "ATƏT və Avropa Şurası Azərbaycanda demokratikləşməyə heç bir kömək etməyəcək, hələ 2005-ci il parlament seçkiləri Avropa Şurasında müzakirə olunmayıb"