Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

04 Avqust

2017
15:36
853
Yağış sularının yığılma təhlükəsi olan yollarda kollektorlar tikilir - FOTO

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil  yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamından irəli gələn layihələrin icrasını davam etdirir. 

Sərəncama əsasən, Abşeron yarımadasının müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulub. Artıq 4 ərazidə - Böyükşor gölü, Ramana Südçülük Sovxozu və Binəqədi şosesi və Ə.Əliyev küçəsində tikinti-quraşdırma işləri başa çatdırılıb, digər istiqamətlərdə layihələrin icrası davam etdirilir. Qısa müddətdə tikintisi nəzərdə tutulan 21,5 km kanalizasiya kollektorlarının 11,5 km-lik  hissəsi inşa edilib.

Binəqədi şosesi boyu yağış sularının kənarlaşdırılması məqsədilə müxtəlif diametrli borularla 2,8 km uzunluğunda kollektor tikilib. Bununla da intensiv yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni inşa olunmuş kollektorla Böyükşor gölünə axıdılacaq. Eyni zamanda Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi layihəsi çərçivəsində 1,5 km uzunluğunda kanalizasiya kollektorunun tikintisi yekunlaşıb. Bu layihə çərçivəsində digər infrastrukturların yaradılması işləri həyata keçirilir.

Məhəmmədi gölünün səviyyəsinin tənzimlənməsi məqsədilə işlərin birinci mərhələsi yekunlaşıb. Göldə su səviyyəsinin tənzimlənməsi üçün 1000-1200 millimetr diametrli borularla 4,7 km kollektor tikilib. Suyun səviyyəsi azaldıqdan sonra növbəti mərhələdə kollektor gölün içərisinə doğru daha 200 metr uzadılacaq və burada sugötürücü kamera tikiləcək. 

Ramana Südçülük Sovxozunun ərazisində yağış sularının kənarlaşdırılması məqsədilə 1 km uzunluğunda kanalizasiya kollektorunun inşası yekunlaşıb. 

Hazırda digər layihələr üzrə də işlər davam etdirilir. Cari ilin sonuna qədər layihələr üzrə nəzərdə tutulmuş işlərin tam başa çatdırılması planlaşdırılır. Bu layihələrin icrası  nəticəsində subasma təhlükəsi olan ərazilərdə su yığılmalarının qarşısı alınacaq. Eyni zamanda bir sıra göllərdə  suyun səviyyəsinin tənzimlənməsi göllərin daşması və yaşayış evlərinə ziyan vurması təhlükəsini aradan qaldıracaqdır.

Qeyd edək ki, Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə 2017-ci ilin dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 14,7 milyon manat vəsait ayrılıb.

İcra olunan layihələr:

1. Ziya Bünyadov prospekti boyu kollektorun tikintisi.

2. Nərimanov rayonu Əliyar Əliyev küçəsi boyu kollektorun tikintisi.  

3. Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi.

4. Binəqədi şosesi boyu kollektorun tikintisi.

5. Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi boyu kollektorun tikintisi.

6. Sabunçu rayonu ərazisində kollektorun tikintisi.

7. Məhəmmədi gölündə su səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi.

8. Taşağıl və Böyükşor gölünün su səviyyəsinin saxlanılması və su keyfiyyətinin  yaxşılaşdırılması  üçün sistemlərin tikintisi.

9. Sabunçu rayonu “Şuşa” şəhərciyi ərazisində yağış suları kollektorunun tikintisi.

10.Ramana Südçülük Sovxozunun ərazisində yağış suları kollektorunun tikintisi. 

11.Yasamal rayonu  Əhməd Cəmil küçəsi boyu yağış suları kollektorunun tikintisi.

12.Xətai rayonu Yusif Səfərov küçəsi boyu yağış suları kollektorunun tikintisi.

13.Xətai rayonu Kazımağa Kərimov küçəsi boyu yağış suları kollektorunun tikintisi.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2017 05:17

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru