Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Avqust

2015
16:39
7970
Yarpaq dolmasının 12 manata satıldığı Qəbələ kanatı - FOTO

“Yaxşı ki, masa arxasına oturmamışdan öncə ofisiantdan menyunu təqdim etməsini istədim. Əks halda, Bakıya qayıtmaq üçün qohumlarımızdan borc pul almalı olacaqdıq.”

Bu ilki yay məzuniyyətini çoxdan arzusunda olduğum Azərbaycanın gözəl və səfalı rayonlarından biri olan Qəbələdə keçirməyi planlaşdırırdım. Nəhayət, arzusunda olduğumuz rayona ailəliklə istirahət üçün yollandıq. 3 nəfərdən ibarət ailəyə üç günlük istirahəti üçün təxminən 200 manatlıq büdcə nəzərdə tutmuşdum. Azərbaycanın mövcud reallıqların və aylıq ortalama əmək haqqının 450-500 manat olduğunu nəzər alsaq, bir ailə üçün 200 manatlıq istirahət xərci kifayət qədər böyük bir rəqəmdir. 

Onu da qeyd edim ki, səfər çərçivəsində qalmaq üçün istifadə edəcəyimiz yer qohumlarımıza aid olduğuna görə, yer pulu xərcləmədik. 3-4 saatlıq məsafəni qət edərək, Qəbələyə çatdıq. Şəhərin girişi, yolları, məmurlara aid villalara və rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan iqamətgahlara gedən yollara qədər hamısı yüksək formada təmir edilib. Hətta kənarlardakı eyibləri örtmək üçün işıq saçan, çıraqlı yol kənarlarını Bakıda olduğu kimi hasarlamağı da unutmayıblar. 

Qəbələdə ən çox diqqət çəkən məqamlardan biri isə addım başı “Gilan” Holdinqə aid reklamların görünməsi idi. 

3 günlük səfər müddətinin 1 gününü ailə ilə birlikdə Qəbələdə yeni inşa edilən kanat xəttinə getmək qərarına gəldik. İnsafən, olduqca gözəl bir iş görülüb və əhali də belə bir xidmətin təşkilindən məmnundur. Kanata minərək mənzərələrə heyran qalanlar, gözəl mənzərələr arasında foto çəkdirənlər, ailələri ilə birlikdə yüksəkliklərə çıxaraq təbiətin bəxş etdiyi gözəllikdən zövq alanların sayı yüzlərlə idi. Kanatdan istifadə üçün alınan biletə kanatın 4 dayanacağına gün ərzində istənilən qədər gedib gəlmək daxildir. 

Kanat üçün 6 yaşdan aşağı uşaqlar üçün pulsuz, qalan şəxslər üçün isə 10 manatdır. Yerli turistlər kanata nəzarət və işləri koordinasiya edən personalın xidmətindən məmnun qalsalar da, qiymətin 10 manat olması çoxlarının ürəyincə deyildi.   

Lakin səfər çərçivəsində ən çox diqqətimi çəkən kanatların dayanacaqlarında turistlərə xidmət üçün inşa edilən restoranların və otellərin qiymətləri oldu. Təbii ki, dağ havasında insanın tez acması və iştahasının açılması qaçılmaz olur. Bizlər də öz növbəmizdə kanatın birinci dayanacağına, yəni dağın başın çatar-çatmaz dərhal aclıq hiss elədik. Düşündüm ki, cibimdəki 150-200 manat civarında pulun bir hissəsini xərcləməklə sözügedən restoranların xidmətindən lazımınca istifadə edə biləcəyəm. Lakin yaxşı ki, masa arxasına oturmamışdan öncə ofisiantdan menyunu istədim. Menyudakı qiymətləri görər-görməz sözün əsl mənasında gözüm kəlləmə çıxdı. Əcaib və xarici adlardan ibarət yeməklər arasında gözüm sevincək, milli yeməyimiz olan yarpaq dolmasına sataşdı. Lakin dolmanın bir porsiyasının qiymətinin 12 manat olması sevincimi gözümdə qoydu. Menyunu bir qədər vərəqləmişdim ki, bir ədədi 2,5 manata olan ət qutabı ilə rastlaşdım. Dükanlarda 60 qəpiyə satılan “Mirinda” suları isə 2 manata satılırdı. Menyunu dərhal ofisianta təqdim edərək ərazidən uzaqlaşdım.

Yaxşı ki, kanat yerləşən ərazidəki kəndlərdə yerli kafelər və yeməkxanalar fəaliyyət göstərirdi. Əks halda, dağ havası bizi birtəhər edərdi.   

Ətrafda yerləşən kəndin səfalı yerindəki kafelərdən birində 5 şiş kabab, pendir, pomidor-xiyar salatı, kompot, çaya ümumilikdə 25 manat xərcimiz çıxdı. Düşünürəm ki, bu sifarişi kanat ərazisində yerləşən restoranlardan birində versəydik, Bakıya qayıtmaq üçün qohumlarımızdan borc pul almalı olacaqdıq. 

Nəhayət sonda onu qeyd edim ki, 3 günlük Qəbələ səfərimdən sonra əhalinin 400-500 manatlıq paketlərdən istifadə edərək xarici ölkələrə nəyə görə istirahət üçün üz tutduğunu daha yaxşı anladım.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru