Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Dekabr

2011
17:07
YİYƏSİZ QALMIŞ `QARABAĞ`
Təbriz küçəsinə qalxdıqda qarşıda açılan mənzərə Bakıdakı "Qarabağ" mehmanxanasını yox, Qarabağda erməni təcavüzünə məruz qalmış mehmanxanalardan birini xatırladır

Bakıya təzə gəldiyim üçün “Qarabağ” mehmanxanasını heç vaxt görməmişdim. Yalnız mətbuatda tez-tez “Qarabağ” mehmanxanasının yaxınlığındakı şam ağaclarında kiminsə özünü asdığı və sair xəbərlər eşitmişəm. Bir xəbər də olub. Müxalifətin yürüş mitinqini “Qarabağ” mehmanxanasının qarşısından başlaması barədə. Həm deyirlər çox yaraşıqlı bina olub. Bu gün kameramızın tozunu silib həmin məşhur “Qarabağ” mehmanxanası ilə tanış olmağa getdim.

Mehmanxana deyəndə adamın ağlına divarları xüsusi işıqlandırma sistemi ilə bəzədilmiş, böyük və yaraşıqlı bir bina gəlir. Amma 28 May metrosundan üzüyuxarı, Təbriz küçəsinə qalxdıqda qarşıda açılan mənzərə Bakıdakı “Qarabağ” mehmanxanasını yox, Qarabağda erməni təcavüzünə məruz qalmış mehmanxanalardan birini xatırladır.

İlk öncə zibillikdə eşələnən bir nəfərdən “Qarabağ” mehmanxanasını soruşuram. Kişi təəccüblə olduğu zibilxanaya işarə etdi. Zibilxana demişkən, yaxınlıqda yaşayan vətəndaşlar zibil tullantılarını mehmanxananın bir hissəsinə tökərək, ərazidə antisanitariya yaradıblar. Küçənin o biri üzündə yaşayan sakinlər bundan heç narazı da görünmürlər. Lakin bir az aralıda şam ağacları adətən Bakıya xas olmayan xüsusi bir mənzərə yaradır. İsti günlərdə burada özünü asanları unudub, şam ağaclarının kölgəsində samovar çayı da içmək olar.

Binanın yalnız birinci mərtəbəsinin dayaq hissələri qalıb. Ərazinin gözəl panoraması var. Odur ki, bu ərazi oliqarxların “diqqət”indən kənarda qala bilməzdi.
Araşdırmamıza görə, Qarabağ mehmanxanasını Sovet dövründə ermənilər işlədib. Daha sonra isə mehmanxanada Ermənistandan deportasiya olunmuş 10 ailə məskunlaşıb. 2004-cü ildə “Uğur 97” adlı şirkət mehmanxananın binasını satın aldığı üçün məcburi köçkün ailələri mehmanxana binasından çıxarılıb. Mehmanxana birinci mərtəbəsinə qədər sökülür və söküntü naməlum səbəblərdən dayandırılır. Həyəti isə pullu maşın dayanacağına çevrilir. Bir müddətdən sonra həmin dayanacaq da ləğv olunur və baxımsızlıq ərazini indi gördüyünüz formaya salır.

Binanın dağıntıları arasına şəkil çəkmək üçün getdim, bura elə formada sökülüb ki, istənilən an aşa bilər. Nabələd adam bura ehtiyacını ödəmək üçün keçsə, istənilən an dağıntıların altında qala bilər. Həm qeyd etdiyim səbəbdən, həm də zibil tullantılarına görə, ətrafda iydən beyin partlayır. Amma təəssüf ki, həmin iyi fotolardan fərqli olaraq sizə çatdıra bilməyəcəm.

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmadı. Gün ərzində qurumla əlaqə saxlasaq da, telefonları qaldırıb suallarımızı cavablandıracaq bir nəfər tapılmadı.

Cəfər Talıb

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 04:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com