Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

12 Oktyabr

2017
16:49
6057
Vəhhabilər həbsxanalarda təbliğatla məşğul olurlar
“Azərbaycanda yarıgizli, yarıaçıq fəaliyyət göstərən adamlar var, təşkilatlanmasalar da, tətikdə dayanıblar”

Son günlər vəhhabilərin Milli Məclis başda olmaqla təhsil mərkəzləri və ticarət obyektlərinə silahlı hücum təşkil etmək istəməsi gündəmi zəbt edib. Bildiyimiz kimi bu radikal qruplaşma xarici ölkələrdən kifayət qədər maliyyə dəstəyi alır. Vəhhabilərin fəaliyyəti daha çox iki istiqamət üzrə bölünür. Birinci qrup daha çox hakimiyyətə və sadə insanlara loyal münasibət göstərməklə təbliğatlarını aparırsa, digər qruplar fəaliyyətini zor, təhdid və terror müstəvisində davam etdirməkdə israrlı görünür. Halbuki, həmin radikal dediyimiz hissə məhz özünü loyal aparan digər vəhhabi cərəyanın təbliğatı nəticəsində ortaya çıxıblar.

Bakının Qaraçuxur qəsəbəsi ərazisində bu il yanvarın 31-də DTX tərəfindən zərərsizləşdirilən, 4-ü əməliyyat zamanı öldürülən, 1-i sağ yaxalanan terrorçu qrup barədə məlumat vermişdik. Onlar Azərbaycanda bir sıra mühüm yerlərə, o cümlədən Milli Məclisə hücum edib deputatları kütləvi qətlə yetirməyə hazırlaşırmışlar. Bu sensasion məlumat terrorçu qrupun sağ ələ keçirilən üzvü və terror birləşməsinin Azərbaycandakı özəyini yaradaraq terror hazırlıqları görənlərdən biri, 28 yaşlı Fərid Sadıqovun cinayət materialında yer alıb. 

Silah, partlayıcı maddələr tapmaq çətinləşəndə, bu zaman göstəriş verilir ki, mətbəx bıçağı götürüb gedin kimlərisə bıçaqlayın, qoy görsünlər ki, biz varıq.

FaktXeber.com məsələ ilə əlaqədar Azərbaycanın xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı, polkovnik-leytenantı İlham İsmayıldan və Milli Məclisin deputatı Fazil Mustafadan münasibət öyrənib.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl istənilən terror aksiyasının dövlətə qarşı təzyiq olduğunu və cəmiyyətdə xof, qorxu yaratmaq məqsədi daşıdığını bildirdi: 

«Bunun qarşısı təhlükəsizlik orqanları tərəfindən alınıbsa, çox yaxşıdır. Yeganə iradım odur ki, ölən 4 nəfərdən ən azı 2-si sağ qalmalı idi. Hesab edirəm ki, onda şəbəkənin başqa tərəflərinə də çıxmaq olardı, daha çox informasiyalar əldə etmək olardı, sağ ələ keçən Fəridin məhdud informasiyası var».

Əməliyyatın Bakıya yaxın ətrafda olduğunu bildirən polkovnik-leytenant məsələnin 4 nəfərin ölməsi, bir nəfərin ələ keçməsi ilə bitmədiyini dedi: 

«Azərbaycanda bu tip yarıgizli, yarıaçıq fəaliyyət göstərən adamlar var. Tam təşkilatlanmasalar da, tətikdə dayanıblar. Hətta bunlar fəaliyyətlərində «Əmir» söhbəti edirlər. O, Dağıstandan da ola bilər, burdan da öz içlərindən seçə bilərlər. Və onun göstərişi ilə hansısa terror hadisəsini həyata keçirə bilərlər. Avropada son dövrlərin dəbi olan maşını kütləvi insanların üzərinə sürmək kimi tapşırıqlar təxminən Azərbaycanda da verilib. Bu məsələlər bütün dünyada belədir. Silah, partlayıcı maddələr tapmaq çətinləşəndə, bu zaman göstəriş verilir ki, mətbəx bıçağı götürüb gedin kimlərisə bıçaqlayın, qoy görsünlər ki, biz varıq. Necə ki, sonuncu dəfə Fransada belə oldu. Bəzən də göstəriş bu olur ki, avtomobili kütlənin üzərinə sürün. Şükür edək ki, bu məsələlər Azərbaycanda pik həddinə çatmayıb».

İŞİD-in tərkibində dünyanın hər yerindən – Çindən tutmuş Amerikaya, Qafqaza, Rusiyaya qədər bütün ölkələrdən üzvlər olduğunu xatırladan İlham İsmayıl sözlərinə belə davam etdi: 

«Dövlət Təhlükəsizlik Xidmətinin bu yaxınlarda yaydığı hesabata görə, Azərbaycandan Suriyaya 900 nəfər gedib, onlardan 300-ü ölüb. Yerdə qalanların içərisində ölənlər, onların ailə üzvləri var, bunların hamısı qeyd olunur. Ancaq Azərbaycan onlar üçün bir nömrəli hədəf deyil. Sadəcə, hər bir üzvlərinə müraciət edirlər ki, vətəninizdə terrorçuların bayrağını qaldırmaq üçün təzyiqlər etsinlər, müəyyən addımlar atsınlar. Bu gün İŞİD-in elə günüdür ki, onlar, ancaq müdafiə olunurlar, qaçırlar. Faktiki Rəqqa uğrunda döyüş gedir, yəqin ki, bir-iki günə həll olunacaq. Bu əvvəl-axır İŞİD-in sonu ilə nəticələnəcək. Onlar indidən bundan sonrakı dövrlər üçün planlar fikirləşirlər. Əsasən Ərəb ölkələrini və Avropanın mərkəzini hədəf götürüblər. Bu səbəbdən Azərbaycanda bu mövzu hələlik qapalıdır».

Ekspert bununla belə bildirdi ki, yenə tətikdə olmalıyıq: 

«İŞİD-in son qalası alınandan sonra geri çəkilmələr, qayıtmalar kütləvi hal alacaq. İstər Şimali Qafqaz, istər Türkiyə vasitəsilə belə şeylər olacaq, hətta Azərbaycanın özünü tranzit ölkə kimi istifadə edib, burdan yayıla bilərlər».

Müsahib onu da bildirdi ki, təhlükəsizlik orqanları yaxın qonşu dövlətlər - Türkiyə, Rusiya ilə informasiya mübadiləsi aparır: 

«Amma təhlükəsizlik orqanları üçün çətin olacaq. Çünki bütün bunların hamısını nəzarətdə saxlamaq, əməliyyat informasiyaları əldə eləmək asan başa gəlmir. İnanırıq ki, bizdə olan əmin-amanlıq, terrorun geniş miqyas almamağı davam edəcək. Çünki əməliyyat şəraitinə nəzarət kifayət qədər var».

Bu şəxslər həbsxanalarda təbliğatla məşğul olurlar. Hətta onların özləri bunu etiraf edərək bildirirlər ki, biz ölümü gözə almışıq,  həbsxana təbliğat üçün çox yaxşı yerdir. Bəs dövlət hansı tədbirlər görməlidir ki, onlar həbsxanada hər şeydən ümidini üzmüş sıravi dustaqları öz tərəflərinə cəlb eləməsinlər?

Polkovnik leytenant bunun doğru məsələ olduğunu deyərək, həmin əməliyyat işinin orda da davam etdirilməli olduğunu vurğuladı: 

«Onların seçilmə kontingentinin yeri müəyyənləşdirilməlidir. Hətta mən deyərdim ki, çox məhdud bir yerə salınmalıdır ki, başqalarına da zərər gətirməsinlər. Onların digər şəxslərə olan təbliğatının qarşısının alınması üçün müxtəlif tədbirlər görmək, onları məhdud dairədə, məhdud çərçivədə saxlamaq mümkündür».

Milli Məclisin deputatı Fazil Mustafa da ölkədə sabitliyi pozmağa çalışan xeyli qüvvələr olduğunu vurğuladı: 

«Bu da görünür onlardan biridir. Hüquq-mühafizə orqanlarının bu istiqamətdə fəaliyyətlərinin gücləndirməsi vacibdir ki, belə problemlər ortaya çıxmasın. Azərbaycanın ən böyük qazancı sabitliyinin qorunmasına həssas yanaşmasıdır. Belə bir problemlər ölkədə müəyyən dərəcədə qarışıqlıq yarada bilər. Bu səbəbdən vaxtında qarşısının alınması üçün daha həssas əməliyyat tədbirləri görülməlidir».

Fazil Mustafa belə məsələlərlə əlaqədar tutulan insanların başqalarına təsir etməsinin qarşısının alınması üçün ayrı yerlərdə saxlanılması məsələsinin dəstəklədiyini bildirdi: «Ancaq bütövlükdə bunu tam mənada gerçəkləşdirmək də mümkün deyil. Çünki həbsxanada insanların böyük əksəriyyəti üçün sosial vəziyyətin yaxşılaşdırılması istiqamətində, ən azı elementar hüquqların qorunması istiqamətində addımlar atılsa, belə sərt və ağır tədbirlər görməyə ehtiyac qalmaz. Həbsxanalarda vəziyyəti düzəltmək lazımdır ki, nəzarət mexanizmi güclü olsun və belə terrorçu fikirləri olan insanlar başqalarına təsir edə bilməsin».

Belə insanların fəaliyyətinin qarşısının alınması, onlarla mübarizə üçün hansı işlər görülməli olduğuna gəldikdə isə deputat bunun üçün inzibati tədbirlər nəzərdə tutulduğunu, amma kifayət etmədiyini vurğuladı: «Maarifçilik işi görülməlidir. Maddi imkana gəldikdə isə onu deyə bilərəm ki,  belə qrupların maliyyə vəziyyəti adətən daha yüksək olur. Ona görə aldadılmış insanların bu sırada yer almamasına çalışmalıyıq».

Məqalədə : vəhhabi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 03:38

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru