Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Yanvar

2017
11:16
1854
Təəssüf ki, ümidlər özünü doğrultmadı - Yeni `aprel döyüşləri` gözlənilir

Ötən ildə baş verən hadisələrdən Azərbaycan üçün ən əsası aprel döyüşləridir. Bu, ölkənin həm daxili, həm də xarici siyasətinə təsir edən əsas mövzudur.

Bunu beynəlxalq məsələlər üzrə ekspert, "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri İlqar Vəlizadə deyib.

Politoloq qeyd edib ki, aprel döyüşləri Azərbaycan üçün çox vacib məqam oldu: "Ona görə ki, ötən ilin aprel ayı Qarabağ münaqişəsinin tənzimlənməsində bir dönüş yaratdı. Bu həm siyasi, həm də mənəvi dönüş oldu. Onun siyasi əhəmiyyəti odur ki, 1994-cü ildən bu yana ilk dəfə olaraq belə hərbi əməliyyatlar baş tutdu və cəmi 4 gün ərzində ermənilərin 22 ilə qurub möhkəmləndirdiyi və "Ohanyan xətti" adlandırdığı müdafiə xətti darmadağın edildi. Düzdür, 2014-cü ilin avqust ayında cəbhədə lokal döyüşlər olmuşdu və həmin xəttin yalnız bir hissəsi dağıdılmışdı, amma konfiqurasiyasında dəyişiklik olmamışdı. Aprel döyüşləri zamanı isə cəbhə xəttinin konfiqurasiyası dəyişdi. Yəni köhnə xətt silindi, demək olar ki, yenisi çəkildi. Əgər, məsələn, ötən əsrin 90-cı illərində belə əməliyyatların həyata keçirilməsi üçün aylarla vaxt lazım olurdusa, apreldə bu iş cəmi 4 günə həll olundu".

İ.Vəlizadənin fikrincə, bununla ermənilərə mesaj göndərildi ki, əgər biz hərbi yola üstünlük versək, bəlkə də, məsələni bir həftəyə, 10 günə tamamlaya, birdəfəlik çözə bilərik: "Lakin belə olduqda humanitar fəlakətlər baş verə bilər deyə, biz hələ ki, bu addımı atmırıq. Biz tərəddüdlə gözləyirik, bəlkə, erməni tərəfi vəziyyətin nə dərəcədə gərgin və mürəkkəb olduğunu başa düşsün və oyunbazlıqdan əl çəkib real işlərlə məşğul olsun. Təəssüflər olsun ki, Ermənistanın siyasi rəhbərliyi bundan nəticə çıxarmayıb. Amma çox maraqlıdır ki, erməni cəmiyyəti artıq nəticə çıxarmağa başlayıb. Çünki Ermənistan cəmiyyətində düşünən insanlar da var. Elə Ter-Petrosyanın son çıxışı da sübut edir ki, erməni cəmiyyətində aprel mesajını lazımi dərəcədə dərk edənlər var. Bunun özü də müsbət bir şeydir".

Ekspert hesab edir ki, aprel döyüşlərinin azərbaycanlılar üçün mənəvi dəyəri də çox böyükdür: "Bu döyüşlər Azərbaycanın daxilində insanların səfərbər olunmasına imkan verdi, xalqın döyüş ruhunu qaldırdı, cəmiyyətdə patriotik hisslər yenə də dominantlıq təşkil etdi. Bunlar ölkə üçün, cəmiyyət üçün çox vacib şeylərdir. Baxmayaraq ki, ötən il iqtisadi problemlərlə də üzləşmişik, müəyyən çətinliklər vardı və indi də mövcuddur, onlar insanların fikirlərini əsas hədəfdən yayındırmadı. Millət ona görə millətdir ki, belə hadisələrə, proseslərə düzgün reaksiya verə bilir. Aprel hadisələri Azərbaycanın siyasi rəhbərliyinin əlinə də "kozır" verdi ki, onlar yenidən hərbi əməliyyatların başlanması təhlükəsi qarşısında dursalar, artıq daha cəsarətli addım ata bilərlər. Ona görə də bu məsələ ölkənin siyasi rəhbərliyi üçün də çox əhəmiyyətli məqam idi".

Lakin onun qənaətincə, hazırda Ermənistan rəhbərliyinin oyunbazlığı və ATƏT-in Minsk qrupunun münaqişənin həllində daha çox mənfi rol oynaması fonunda aprel döyüşlərinin daha sərt formada və geniş miqyasda təkrarlanması ehtimalı çox böyükdür:

"Danışıqların yenə də nəticəsiz olması bizi məyus edir. Hadisələr göstərir ki, kim reallıqda status-kvonun dəyişməsini istəyir, kim istəmir. Açığını demək lazımdır ki, son aylarda ATƏT-in Minsk qrupunun konstruktiv yox, destruktiv fəaliyyəti gözə çarpır. Bilirik ki, apreldən sonra iki görüş oldu - əvvəlcə Vyanada, sonra Sankt-Peterburqda. Amma son aylarda demək olar ki, Minsk qrupu sırf destuktiv fəaliyyətlə məşğul olur. Çünki Vyanada da, Sankt-Peterburqda da başqa hədəflər qoyulurdu. Əsas hədəf o idi ki, danışıqlar prosesinin ilin axırı üçün hansısa konkret nəticələri olsun.

Gözləyirdik ki, işğal altında olan bir neçə rayon Azərbaycana qaytarılacaq, eyni zamanda təhlükəsizliklə bağlı məsələlər kompleks şəkildə təmin olunacaq, ermənilərə təhlükəsizliklə bağlı zəmanət veriləcək, rabitələr, kommunikasiyalar, yollar açılacaq. Ümid edirdik ki, bizim qaçqınlar artıq azad olunmuş rayonlara qayıtmağa başlayacaqlar. Lakin bu ümidlər, demək olar ki, puç oldu. Çünki Ermənistan tərəfinə heç kim təzyiq göstərmədi. Danışıqların ilkin mərhələsində rayonların qaytarılması məsələsi ilə yanaşı, təhlükəsizlik məsələləri də müzakirə olunurdu. Amma sonra Minsk qrupunun həmsədrləri diqqəti daha çox ikinci məsələyə yönəltməyə başladılar. Ona görə də, əfsuslar olsun ki, rayonların qaytarılması yenə də ikinci plana keçdi. Bu, heç də normal şey deyil və aprel hadisələrinin təkrarlanmasına şərait yaradır. Hazırda reallıq bundan ibarətdir. Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, cəbhə xəttinə səfəri isə onu göstərir ki, aprel hadisələrinin təkrarlanması ehtimalı çox yüksəkdir". (Milli.az)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru