Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Mart

2017
11:34
4821
Tələbələrin ölüm səbəbini hər birimiz görürük - VİDEO

Dünən Bakı-Sumqayıt yolunda ağır qəza baş verdi. Və 5 gəncimiz həyatını itirdi. 

Hamı dünəndən günahkarı axtarır. Amma axtarmağa ehtiyac yoxdur. Günahkarlar daim göz önündədir və biz o günahkarlara qarşı ictimai qınaq yarada bilməmişik. Səbəb isə çox sadədir: Birdən kiminsə çörəyinə, qazancına bais olarıq. Tüpürəsən belə qazancın içinə ki, kiminsə qanı ilə qazanırsan.

5 ilə yaxındır Bakı-Sumqayıt və ya Sumqayıt-Bakı istiqamətində qəzaların, onu yaradanların və necə yaranmasının şahidi oluram.

Əvvəla ondan başlayaq ki, baş verən qəzalarda avtomobillərin ön işıqlarının düzgün quraşdırılmaması, ksenon lampalar və ya kiminsə uzaqvuran işıqla maşın sürmək istəyi böyük təhlükələr yaradır. Qarşıdan gələn maşının güclü işığından əziyyət çəkən sürücülər ya qarşısındakı piyadanı görmür, ya da özünü kiməsə çırpır. Günahkar isə əks yolla hərəkətinə davam edir. Səbəb isə sadədir: Cəzasızlıq!

İkinci səbəb budur ki, qəza baş verən yoldakı sürət həddi tələblərə cavab vermir. Sumqayıt -Bakı istiqamətində “Abşeron Gənclər Şəhərciyi”nə kimi, əks istiqamətdə isə  “Abşeron Gənclər Şəhərciyi”ndən Sumqayıta kimi 110 km/saat qoyulub. Nəzərə alsaq ki, +10 km/saat sürətə də cərimə düşmür, demək avtomobillər 120 km/saat sürətlə şütüyürlər. Amma o yol ən yaxşı halda 90 km/saat sürətə cavab verir. Çünki yoldakı dalğalanmalar istənilən vaxt idarəetmənin itirilməsinə səbəb olur.

Üçüncüsü, səhər Bakıya, axşam isə Sumqayıta tərəf hərəkət edən və bütün növ yol hərəkət qaydalarını ayaq altına atıb tapdalayan sürücülərdir. Kimdənsə eşitdiyim yox, şəxsən özümün müşahidə etdiklərimi qeyd edəcəyəm. Təsəvvür edin, Xırdalan qəbiristanlığından Bakı istiqamətinə yolda hərəkət sürəti 80 km/saat-dır. Bu sürətdən 5 km/saat artıqla da sol zolaqla hərəkət edirsən. Və bu zaman sərnişin daşıyan “Ford” və ya “Mercedes” markalı avtobus arxadan sənə siqnal və uzaqvuran işıqla yol verməsini istəyir. Ona yol vermək üçün sadəcə 1 variant var, o da maşını sağ zolağa çıxarmaq. Hansı ki, magistral yol olmadığı üçün elə bu sürətlə də hərəkətini davam etdirə bilərsən, amma arxadan gələn “qəhrəman” bunu başa düşmür və israrla yol istəyir. O yoldan istifadə edənlər bilirlər ki, sağ zolaq hər zaman boş olmur və arxadan gələn yaxşı oğlana yol vermək üçün hökmən sürəti artırıb qaydanı pozmalısan. Yox əgər bunu da etməsən və “cəhənnəmə işarə eləsin, ona görə qaydaları pozan deyiləm ki, canı çıxsın, gözləsin sağ zolaq boş olanda çıxaram” kimi fikrə düşsən, həmin “qəhrəman” onlar üçün adət halını almış yola əl atacaq: qəfildən qaz verərək sağında hərəkət edən maşını sıxışdıracaq və sağdan sənin qarşına keçib əyləci basacaq. Sonra da güllə kimi sürüb daxil olacaq Xırdalan dairəsindəki tunelə. Daha sonra sürətini endirəcək və quzu balası kimi DYP postunu keçəcək. Amma onun yoldakı bu hoqqalarını DYP postunun qara şüşələri arxasındakı monitor qarşısında əyləşmiş məsul şəxslər görməyəcəklər. Nəticədə isə 5 nəfər Azərbaycan gənci dünyasını dəyişəcək. Səbəb isə sadədir: Cəzasızlıq!

Dördüncüsü isə yenə “qəhrəman” oğlanlara aiddir. “Azercell”in baş ofisi qarşısındakı yolda radar quraşdırılıb. Böyük ehtimalla işləmir. (Çünki bir dəfə tanıdığım taksi sürücüsü həmin ərazidə sürət həddini aşmışdı və sonradan öyrəndim ki, heç bir cərimə gəlməyib.) İşlədiyini güman edənlər Bakıdan Sumqayıt istiqamətinə həmin radarın əhatə dairəsindən asta sürətlə keçirlər. Radarı keçdikdən sonra isə sürət həddi avtomatik 60-dan 80-90 km/saat-a kimi qalxır. Əgər birdən kimsə səhv edib Şamanxinkadakı tuneldə 60 km/saat sürətlə hərəkət edərsə, onun yeyib-içdiyini burnundan gətirəcəklər, ya o qaranlıq tuneldə uzaqvuran işığı yandırıb gözünü çıxaracaqlar, ya da elə tuneldəcə sürət həddini 90-na qaldırıb, ötməni qadağan edən xətti tapdalayaraq sağdan sənin qarşına keçəcəklər. Halbuki, avtovağzalın qarşısına kimi həmin yolda sürət 60 km/saat-dır. İş bununla da bitmir. Məhz həmin sürücülər getdikləri yolda daim ötmə əməliyyatlarını sağdan edərək, böyük təhlükə yaradırlar. Səbəb isə sadədir: Cəzasızlıq!

Maraqlıdır, bütün bunları mən neçə ildir görürəm, amma DYP əməkdaşları görmür? “Avtsotop” verilişinin aparıcısı Tural Yusifovun maraqlı bir sözü yadıma düşdü. Deyirdi ki, “küçələrdə DYP əməkdaşlarının qaydaları pozan sürücüləri güdməsinə ehtiyac yoxdur. Ofisdə monitor arxasında oturub, bir əlində çay, digər əlində isə kompüterin siçanı olmaqla gün ərzində minlərlə sürücüyə sadəcə dönmə işığını yandırmadığı üçün cərimə yazmaq oalr.”

Bu fikirlə tam razıyam. Doğrudan da, sadəcə monitor arxasından təhlükəsizlik kameralarını izləməklə Bakı-Sumqayıt yolunda “qəhrəman”lıq edən sürücülərin gündə birini sərt şəkildə - sürücülük hüququndan məhrumetmə ilə cəzalandırsalar idi, indi o 5 tələbənin anası ağlamazdı.

5 tələbənin ölümünə səbəb olan sürücü icbari sığortasız maşın idarə edirmiş və 1 il ərzində də 24 dəfə cərimələnibmiş. Maraqlıdır, bu necə olur? Gün ərzində ən azından 2 dəfə DYP postunu keçən, ən azından 2 dəfə də 20 Yanvar dairəsində 12 yaşlı uşağı zorla uşaq kreslosuna otuzdurmaq istəyən DYP əməkdaşları ilə rastlaşan və bir neçə dəfə də ağıllı kameralara tuş gələn mikroavtobusda 26 nəfər daşıyan şəxs necə sürücülük edirmiş?

Buna bənzər hadisə öz başıma da gəlib. Əsas yolda hərəkətdə olarkən qəfildən məhəlləarası yoldan qarşıma çıxıb qəza törədən 90 ZL 390 dövlət nömrə nişanlı avtomobilin icbari sığortasız, 1000 AZN-ə yaxın cərimə və maşının üzərində həbslə şəhərdə necə hərəkət etməsini Bakı şəhər Yol Polis İdarəsinə sual etdim və belə bir cavab eşitdim: Qəza ilə bağlı iş məhkəmədədir və bu sualı siz məhkəmədə hakimə verərsiniz.

Bütün ölüm hadisələrinin kökündə də məhz belə cavablar durur. Qəza törədənlər də belə cavabları verənlərin kölgəsinə sığınaraq, öz bildiklərini edirlər. Amma unutduqları bir şey var: hər il işlərində yol verdikləri səhlənkarlığa və məsuliyyətsizliyə görə orqanlardan onlarla işçi qovulur.

Sonda bir məsələni də vurğulayım. Dünən hər kəs sual edirdi ki, 5 nəfərin öldüyü, 21 nəfərin yaralandığı qəzadakı mikroavtobusa bu qədər adam necə yerləşib. Aşağıda təqdim etdiyim video Bakıdan Sumqayıta tələbə daşıyan daha bir mikroavtobus barədədir. Düşənlərin 30 nəfərini mən saydım, qalanlarını sizin öhdənizə buraxıram.

Aqil Mehdi

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru