Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

05 Dekabr

2016
11:14
1551
Soydaşlarımızın yaşadığı Dərbənddən reportaj

Sərhəddəki bezdirici prosedurlar aradan qalxmaq bilmir; Azərbaycan nömrə nişanlı maşınla Dərbəndə getmək niyə məsləhət deyil? 

Bakı-Dərbənd yolu sərnişinlərinə bəribaşdan  məsləhət görərdik avtomobilə minən kimi gözlərini yumub rahatca yuxuya getsinlər. Narahat olmayın, Rusiya sərhədinə beş-on kilometr qala-qalmaya, bərbad yol özü yuxudan ayıldacaq sizi. Marşrutun bu hissəsində yol təmir işləri illərlə davam edib, hələ də qurtarmaq bilmir. Sərnişinlərin həmişə haqlı iradlarına səbəb olur. 

Rusiya sərhədinə yaxınlaşmağın bir başqa siqnalı isə, radioefirdə xaosun artmağıdır. Azərbaycan radiolarının səsi burda qəfil kəsilir. Başlayır kəsik-kəsik gəlməyə. Araya qısa pauzalar soxulur. Sonra sən, rus dilinin Azərbaycan türkcəsini efirdə  üstələdiyini eşidəcəksən. 

“Akula” santexnika salonunun reklam çarxları radioqəbuledicini silkələyəndə isə narahatlığın, nəhayət, bitəcək - biləcəksən ki, şükür, artıq Dərbənddəsən. Sonrakı reklam elanını eşidincə, gözlərin çıxacaq kəllənə - “Tələsin! 25 dekabrda Niyaməddin Musayev, Dərbənddə öz yeni il repertuarı ilə çıxış edəcək, pərəstəşkarlarını sevindirəcək. Biletlər...”

Avropa standartlarına öyrəşmiş səyyahlara burda nələrsə xoş gəlməyə bilər - məsəlçün, sovet rəmzi sayılan tinli (qranyonnı) stəkanlar burda hələ də işləkdir. Burda keçmişə - şirinli-acılı, ağ-qara sovet dönəminə qayıtmağa hər cür münbit şərait var. 

Ancaq neynək. Zamanın çərxi bir yerdə durmur. Dəyişir. Tinli sovet stəkanlarını unutmaqda deyəsən biz azca tələsmişik. Sən demə, bu stəkanların həmişə geriyə qayıtmaq, öz əvvəllki hökmünü həyatımızda  bərpa etmək qüdrəti də varmış.

Image result for Azərbaycan Rusiya sərhədi

Aha...bir vacib xəbəri az qala unutacaqdıq - naviqatora görə, Bakı-Dərbənd yolunun cəmi 3 saatlıq ömrü var. Ancaq nəbadə buna aldanıb Dərbəndə yola çıxasız. Yol,  üç yoxxxx...altı saat vaxtınızı rahatcana hop edib udacaq, səyahət eşqinizi öləzidəcək. Səbəb, sərhəd-keçid məntəqəsindəki nəzarətçilərin özbaşnalığı və varlanmaq ehtirasıdır. Gürcüstan səyahətindən sonra nəhəng Rusiya çöllərinə Azərbaycan nömrə nişanlı avtomobillə keçmək əsəbləri əməlli-başlı tarıma çəkir. Təsəvvür edin ki, 4-5 dəqiqəyə, maşından belə düşmədən Gürcüstan sərhədini keçə bilirsizsə, Rusiya sərhədində bu müddət 2-3 saata qədər uzana bilər. Gürcüstan sərhədini maşından belə düşmədən dönər köşklərini xatırladan pəncərələrdəki kameralarda qeydiyyata düşməklə keçirsənsə, Rusiya sərhəddində bunu heç ağlına da gətirmə. Dəmir körpüdən keçib, dəmir qapıların qarşısında düşüb maşının bütün qapılarını açıb kənarda durub sərhədçinin naz-qəmzə ilə maşına baxış keçirməsini gözləməlisən. Yaxşısı əsəbini basıb, əl-ayağın soyuqdan donsa da, prosedurun sona çatmasını gözləməlisən. Elə bilirsən bununla ucsuz-bucaqsız Rusiya çöllərinə qapılar üzünə açıldı? 

Tələsmə, taleyində qarşıdakı gömrük postunda maşınqarışıq “həbs” də var. Sərhəddəki dəmir qəfəsə xoş-naxoş girməli, gömrük bəyannəməsini  gömrükçülərdən almalısan. Bundan əvvəl sərhəddəki prosedurdan bir də keçməlisən. Maşından düş, qapıları aç, kənarda dayan, bax. Yoxlama başa çatdısa, dəmir qəfəsin əks tərəfindəki qapı açılır. Bu qapı 2-ci qəfəsin içinədir.

Burada 12 bənddən ibarət  olan bəyannaməni alıb doldurmalısan. 2 nüsxədir, birini gömrükçüyə verib, o birini özündə saxlamalısan. Başqa yol olmadığından belə də edirəm - eni 3, uzunu 2 metr olan dəmirdən hazırlanmış vaqon-kabinetin bağlı pəncərəsini döyürəm. Səs-səmir yoxdur. Amma içəridə hərəkətlilik var. Məcbur olub qapını tıqqıldadıram. 

Image result for российские пограничники

Amiranə səslə “voydite” sözləri qulaqlarımda cingildəyir. Arxası qapıya oturmuş gömrükçü üzünü belə çevirmədən “çto nado” sözünü tullayır. Bəyannamədən başqa nə istəyə bilərəm ki sualını verməyi artıq bilirəm. Üzü qapıya oturub od kimi qızarmış sobanın istisindən yanaqları qızarmış bir başqası “deklarasiya sotoit sto rubley” deyir. Özümü eşitməzliyə vurub 2 bəyannaməni götürürəm. Elə oradaca doldurub qaytarmaq, nəhayət, bu uzun, üzücü prosesdən yaxa qurtarmaq istəyirəm. 

Alınmır. Çöldəki bumbuz, yarımçıq stul-məlumat lövhəsinin üzərində qələm axtsarışlarım nəticə vermir. Həmid soyuqdan buzlamış eynəyinin üzərindəki buxar qatını təmizləyib çantasından bir neçə qələm çıxarır. Yarıqaranlıq lövhədən asılan bəyannamə nümunələrini birtəhər oxuyub uyğun olaraq qarşımdakı bəyannaməni doldururam. Gömrükçüyə verib, qapıların üzümə açılacağını gözləyirəm. Məlum olur ki, gömrükçü maşınla Rusiya ərazisinə keçməyimə razı deyil. Səbəb isə maşına aid sənədlərin rus dilinə tərcümə edilməməsidir. Ümumdünya Gömrük Təşkilatının bu məsələni tənzimləyən, bir sözlə, etibarnamənin tərcüməsini lüzümsuz edən qərarını xatırlatmağım da vəziyyəti dəyişmir. Gömrükçü bəyannaməni çevirib arxa tərəfində yazır ki, maşın Rusiya ərazisinə buraxıla bilməz. Cibindən möhürü çıxarıb üzərinə üfürür və bəyannamədə yazdıqlarının üzərinə basıb ikinci nüsxəsində də eyni hərəkətləri təkrarlayır.  

Yadıma düşür ki, az əvvəl bu kağız parçalarının hər birini 100 rus rubluna mənə təklif etmişdilər. Bu da heç nəyi dəyişmir, gömrükçü israrla etibarnaməni tərcümə olunmuş şəkildə təqdim etməyimi istəyir. Deyir ki, get harada istəyirsən tərcümə elətdir, notariusa təsdiqə ver, gətir, maşınını sür, get. Gecə yarısı bunu necə edə biləcəyim haqda sualı cavablandırmaq heç ağlına da gəlmir. Bu zaman qapı açılır, gömrükçü formasında biri içəri girib qulağına nəsə pıçıldayır. Bayaqkı görkəmi gömrükçünü tərk edir, möhürlədiyi bəyannaməni kənara tullayıb yenisini əvəzimdən özü yazır. 

Tələsik mənə uzadıb, yaxşı yol deməyi də unutmur. Nə baş verdiyini vaqon-kabinetdən çıxandan sonra öyrənirəm. Bizimlə sərhədi keçən həmyerlimiz kimlərinsə adını çəkibmiş və həmin adamın yaxını olduğumuzu gömrükçülərə deyibmiş.  Onun bu kiçik xatırlatması bizi uzun, yorucu prosesdən qurtarıbmış. Beləcə, böyük Rusiya yolunun üzərindəki sonuncu qəfəsin qapısı üzümüzə açılır...

Dərbəndə çataçatda polis postlarının hər birində bizi saxlayıb sənədlərimizi az qala lupa ilə yoxlayıb yola salırlar. Sonrakı günlərdə də Dərbənd küçələrində rastlaşdığımız hər 10 yol patrul xidməti maşınından az qala hər birinin ekipajı maşınımızı saxlamağı, pozmadığımız qaydalar haqda uzun-uzadı mülahizələr söyləməyi özlərinə borc bilirlər. 

Məsləhət belədir - çalışın Azərbaycan nömrə nişanlı avtomobillə Dərbənd tərəfə getməyin. 

Gecəyarısı çatdığımız oteldə kanalizasiya iyi baş çatladır. Xidmətçi qadın bunun səbəbini izah etməkdə acizlik göstərir. Aramızda canlı, səmimi söhbət başladı. Bəlli oldu ki, bəs əvvəllər Dağıstanda, o cümlədən Dərbənddə əsgərliyə getməməkdən ötrü rüşvət verirdilərsə, indi vəziyyət tam tərsinədir. Yuxarılarda əlaqən olmasa, oğlun hərbi kazarmaların üzünə həsrət də qala bilər.

- Bəli. Çoxdan belədir. Uşaqlarımızı, bilmirik niyə, daha hərbi qulluğa çağırmırlar. Gərək Rusiyaya gedib orda öz oğlunu qeydiyyata salasan. Ancaq bundan sonra bəlkə bəxtin gətirdi, övladını orduya götürdülər. O dey, doğmaca oğlum. Hərbi məktəbə girsə də, əsgərliyə çağırılmadı. Əsgərliyə getməyən isə bu gün karyera pilləkanında yuxarı çox da dırmana bilməz. Qalmışam mat-məəttəl.  Bilmirəm nə edim.

Bəli, Dağıstan, Dərbənd əhli indi sanki yüz il əvvəlki azərbaycanlıların halını xatırladır. O vaxt da bədnam çarizm, lənətə gəlmiş mütləqiyyət müsəlmanları düşmən bilib, hərbi xidmətə çağırmaq istəmirdi. İndi, şükür, biz bunu arxada buraxdıq. Dağıstan isə indi öz həyatında təkcə bu ağrını deyil, başqa acıları da yaşayır.

- Bakıda tekstil ucuzdu burdakına nisbətdə. Gətirib burda satanlar çoxdu indi. Əvəzində ərzaq aparırlar burdan Azərbaycana. Yağ, çay, qənd, pendir, ət, kolbasa məmulatları...

Dərbəndə pul gətirən bir başqa prespektiv sahə  turizmdir. Turistlərin içində çeçenlər çoxluq təşkil edirlər.

- Yayda gələrlər adətən. Əksər vaxt da rus gözəlləriylə birgə. Pul xərcləməkdən çəkinməzlər.

- Bəs Azərbaycan turistlərini necə, yay-qış fərqi yoxdur, görmək istəmirsizmi Dağıstan torpağında?

- Bura Azərbaycandan əsasən alverçilər, bir də tələbələr gəlir. Turist-filan görmədik hələ ki aralarında. Gəlmək istəsələr, buyursunlar. Gözümüz üstə yerləri var. Rus, çeçen turistlərindən sonra qoy bura sizinkilər də gəlsin. Biznes inkişaf etsin.

Qərara gəldik, əsgərlik mövzusunun cavabını peşəkarlardan, jurnalist həmkarlarımızdan eşidək. Tezliklə, şükür, buna müvəffəq olduq. “Daqestanskie oqni” qəzetinin baş redaktoru, həmyerlimiz Məhəmməd Xanməhəmmədov sualımızı eşidincə, başqaları kimi çaşmadı. Tam tərsinə, böyük şövqlə, ehtirasla sualımıza cavab verdi:

- Hə... İndi Dağıstan bir çox ciddi problemlərlə təkbətək qalıb ki, bunların içində ən ağrılısı ümumi hərbi xidmətin indi olmamasıdır. Bəli, daha sizdən nə gizlin, bu, ağrılı mövzudu. Əslində Dağıstan, hər il orduya təxminən 300 minədək hərbi çağırışçı göndərmək imkanındadır. Ancaq...

Cavabının bu yerində həmkarımızın susmağı bizə çox mənalı göründü. 

- Ancaq nə?- deyib, Məhəmmədi mövzunu davam etməyə çağırdıq.

- Ancaq əslində indi bizdə əsgərliyə gedənlərin dəqiq statistikası, belə deyək, aparılmır. Biri deyir, ildə min gənc ordu sıralarına qatılır. Digərləri bu rəqəmi hətta 200-300 nəfərəcən azaldırlar. Doğrusunu heç kim bilmir.

- Kafedə gördüyümüz bir qadın şikayət edir ki, oğlunun hərbi məktəbi bitirməyi də müsbət nəticələnməyib. Uşağı əskərliyə çağırmayıblar. Anası məcbur qalıb Rusiyaya gedib, oğlunu orda qeydiyyata aldırsın. Ancaq bu da hələ məsələnin gələcəkdə müsbət həll ediləcəyinə zəmanət vermir.

Məhəmmməd dərindən ah çəkərək keçir mövzunun xırdalıqlarına.

- Problem həm də gəlib dirənir bir məsələyə ki, indi Rusiya ordusu müqavilə sisteminə keçir. Daha çox ali təhsillilərə, sürücülük vəsiqəsi olanlara...həəəə, az qala unutmuşdum, pulu olanlara üstünlük verirlər.

- Yəni, sizdə camaat oğlunu əsgər göndərməkdən ötrü əlini cibinə salır, həəə?

Sualımız bir an göydə qalıb, axır öz cavabını qazanır.

- Gülməli olsa da, bu, belədi.

- Müqaviləylə əsgərlik çəkənlər nə qədər pul alırlar?

- Ayda alacağınız 70-80 min rubl müqabilində orduyla müqavilə imzalayırsan. Üstə gəl, ezamiyyət xərcləri, qaynar nöqtələrdə iştirak...Yaxşı qazanc verir bu bəxtigətirənlərə... Misal üçün, Dağıstanda bir neçə kadet məktəbi var, onlardan biri də məhz Dərbənddədir. Kaspiyskidəki kadet məktəbi hətta hərbi-dəniz təyinatlıdır. Ancaq noolsun...

Qəfildən tanımadıqlarımızdan birisi Xanməhəmmədovu kənara itələyərək başını gözümüzə soxur. Söhbətimizə ştrix əlavə edib, tez də gözdən itməyi bacarır:

- Kimi 20 min verir əsgərliyə düşsün deyə, kimi hətta 200 min. De dəəə...qorxma... de ki, hərbi komissarlıqlara, tibb komissiyalarına yem qoyublar da bu sahəni...

Məhəmmməd Xanməhəmmədovu - vəhabilərlə vuruşan məşhur “Kavpolit” saytının ən iti qələm sahibini, qorxaqlıqda ittiham etmək, düzdü, insafdan deyildi. Belələri Dağıstanda çox olmasalar da, az da deyillər. Dağısatanın əsl əsgərləri, cəngavərləri də məhz belə insanlardı. Nooolsun ki, dağıstanlıların bir çoxu kimi ordu sıralarına çağırılmayıblar. Saqqallı vəhabilərlə gedən döyüşlərdən heç vaxt kənarda qalmayıb Xanməhəmmədov kimilər. Sıralarındakı qurbanları, inanın, saymaqla qurtarmaz.

İndi o gərgin, vahiməli günlər sanki arxada qalıb. Ölkədə sülh, əmin-amanlıq bərpa olunmaqdadır. Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun elan etdiyi şüarlardan, layihələrdən birinin məhz “Təhlükəsiz Dağıstan” adlandırılmağı da bizcə təsadüfü deyil.

Dağıstanda indi sərbəst, təhlükə duymadan gəzməyimiz də görünür Abdulatipovun məhz bu xidməti sayəsində mümkün olub. Fürsətdən istifadə edərək Dağıstanı gəzmək, müxtəlif mövzularla yaxından tanış olmaq istəyirik.(musavat.com)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru