Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Fevral

2017
10:57
2329
Sevginizi çərçivəyə salmayın, kitablarınızı isə paylaşın

Hər il 14 fevral gəldikdə bir qrup şəxs düşüb ortaya tarixini bilmədiyi mənasız günün bayram olduğu təbliğatını aparırlar. Bu günə ad da qoyublar – “Müqəddəs Valentin” və ya “Sevgililər günü”. Bu günün başlanğıc tarixi qədim Roma İmperiyasının dövrünə təsadüf edir. Qədim Romada 14 fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Bu gündə gənc oğlan və qızlar birlikdə əylənirdilər. Əyləncənin başlanması isə püşk ilə müəyyən edilirdi. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc Romalı kişilər isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazılıbsa o qızla birlikdə olur, əylənirdilər. Bu da oldu sevgililər günü bayramı.

“Müqəddəs Valentin” məsələsinə gəlincə isə, bu da imperator II Klaudiusun bir müddət nişan və evliliklərlə bağlı qadağaların pozulması məsələsindən yaranıb. Belə ki, II Klaudius müharibədə döyüşmək üçün ordusuna əsgər tapa bilmirmiş. Bunun isə yeganə səbəbi romalı kişilərin sevgililərini tək qoymaq istəməmələri idi. Keşiş Valentin isə imperatorun qadağalarına baxmayaraq, evləndirmə işlərini davam etdirib. Bundan xəbər tutan II Kladius keşişin çubuqla döyülərək öldürülməsini əmr edir.

Bu da mənasız bayramın tarixi. Biri əxlaqsızlığın yayılmasına səbəb olan əyləncə mərasimi, digəri isə kişilərin ordudan yayındırılmasına xidmət edən addım.

Maraqlıdır, insanın sevdiyi insana hədiyyə alması üçün mütləq hansısa günə ehtiyac varmı? Bizim milli-mənəvi dəyərlərimiz ailə dəyərlərinin möhkəmliyini təbliğ edir. O dəyərlərin möhkəmlənməsi üçün isə hansısa xüsusi bir günə ehtiyac yoxdur. Hər gün evə gələrkən görülən və göstərilən xoş münasibət, gülər üz elə sevgililər günüdür. Bu münasibəti göstərmək üçün onu hansısa çərçivəyə salmaq, ailə dəyərlərinə hörmətsizlikdir.

Amma çox maraqlı bir məsələ də var. Nədənsə heç kəs 14 fevralın bütün dünyaya lazımlı olan bir dəyəri barədə nə danışmaq istəmir, nə də təbliğatını aparmır. 14 fevral Beynəlxalq Kitab Bağışlama günüdür (İnternational Book Giving Day). 

Kitab Bağışlama günü öz qlobal mahiyyətinə görə deyil, ona görə beynəlxalqdır ki, köklərini xalqın içərisindən alıb, yəni onun yaranması təşəbbüsü adi bir insana - uşaq kitabı saytının yaradıcısı, 3 uşaq anası Emmi Brodmura məxsusdur.

Emmi Brodmur bu günün yaranması haqqında belə deyir: "Bir gün kiçik oğlum məndən, "nəyə görə insanların bir-birinə kitab bağışlaması ilə bağlı gün yoxdur", - soruşdu. Və bu sual belə bir əlamətdar günün yaranmasına təkan verdi. Bundan sonra öz bloqumda, sosial şəbəkələrdə 14 fevralın Kitab Bağışlama günü kimi qeyd olunması təşəbbüsünü irəli sürdüm." 

Bəli, kiçik bir uşağın anasına verdiyi sual bu gün bütün dünyada milyonlarla insanın bir-birinə yardım etməsinə, kitab bağışlamasına vəsilə olub. Və bu gün ilk növbədə uşaqlara, eləcə də bu və ya digər səbəblərdən məhdud imkanları olanlara mütaliəyə üçün imkanlar yaranır. 

Məhz belə bir günün sayəsində insanlar bizim üçün adi hesab olunan bir kitab xoş emosiyalar bəxş edir. Uşaqlar da öz növbəsində xeyirxahlığa, dostluğa, qarşılıqlı yardımlaşmaya, məhəbbət hissinə yiyələnir.

Görəsən niyə heç kəs bunu təbliğ etmir? Niyə Kütləvi İnformasiya Vasitələri insanların maarifləndirilməsinə yardımçı olan bu aksiyadan yazmır, danışmır, amma ailə dəyərlərinin müəyyən çərçivəyə salınmasını gen-bol təbliğ edirlər? Yəqin ki, bunun sadəcə bir səbəbi var – insanların yardımlaşmasına, paylaşmasına, maariflənməsinə, öz əxlaqi dəyərlərinin qorunmasına mane olmaq. 

Aqil Mehdi

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru