Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
11:36
Səadət və mənəviyyat qazanmaqda Ramazan ayının dəyəri

Hikmətli Allah Öz kitabında  buyurmuşdur: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir". (Bəqərə/185.)

Biz bu bərəkətli günlərə, faydalı saatlara, gündüzlərə, gecələrə və dəqiqələrə həqiqətən açıq gözlə və işıqlı qəlblə baxsaq, öz səadətimiz, mənəviyyatımız, gələcəyimiz və dünyamız üçün onların dəyərini biləcəyik. Çünki bu günlərə və saatlara hər şeyin sahibi və bütün məxluqların yaradanı olan Allah şərafət və dəyər bəxş etmiş, bu saatlardan, gündüz və gecələrdən istifadə etməmizə icazə verməsi və hidayəti ilə bizə şərəf vermişdir.

Bu dəyərli saatlarda toplanan ən yaxşı ehtiyat Allah-Taala ilə ünsiyyət, Ona üz tutmaq, könül vermək, Ondan istəmək və Onunla danışmaqdır. Bu günlərdə və bu ayda Allahdan istədiyiniz ən əziz şey təqva olsun. Səadət təqvadadır; dünya təqvadadır; axirət təqvadadır; zəfər və qələbə təqvadadır; bütün işlərin uğuru və ilahi qurtuluş təqvadadır. 

Ramazan ayı haqda Səhifeyi-Səccadiyyənin həmin aya aid olan qırx dördüncü duasında İmam belə deyir: "Allaha şükür olsun ki... bizi şükür edənlərdən etdi". Biz Allahın nemətlərini unutmur və Ona şükür edirik. O, şükrünə çatmaq üçün bizim önümüzdə yollar açmış və bizi bu yollarla getməyə vadar etmişdir.

Ramazan – Allah ayı

Sonra belə deyir: "Allaha şükür olsun ki, Öz ayı olan ramazan ayını bu yollardan biri etmişdir". Allaha şükür olsun ki, bizi Ona, kamilliyə və əzəmət mənbəyinə qarşı ayıqlığa qovuşduran yollardan biri bu ramazan ayıdır. İmam burada "Öz ayı" sözünü işlətmişdir. Allah ayını bu yollardan biri etmişdir. Bu çox mənalıdır. Bəllidir ki, bütün aylar Allah ayı və Allaha məxsusdur. Lakin bütün varlıq aləminin sahibi onun bir hissəsini ayırıb Özünə aid etdikdə, bu hissəyə xüsusi əhəmiyyət göstərdiyi bəlli olur. Bu hissələrdən biri bu Allah ayıdır. Ramazan ayının fəziləti üçün bu nisbətin özü yetər. "Ramazan ayı – oruc ayı, İslam ayıdır". Bu ayın orucu mənəvi paklıq üçün çox təsirli vasitələrdən biridir. Çünki onda aclıq, nəfslə və istəklərlə mübarizə var.

Ramazan – İslam ayı

İslam ayı – Allah qarşısında təslimçilik ayı deməkdir. Gənc bir insan oruc tutanda acır, susayır, bütün instinktləri onu bir istəyə sarı çağırır, o isə bütün bunların qarşısında dayanır. Nə üçün? Allahın əmrini yerinə yetirməkdən ötrü. Bu, Allah qarşısında təslimçilikdir. Bir müsəlman ilin digər günlərində heç vaxt adi formada Allah qarşısında bu qədər təslimçilik göstərmir. Deməli, İslam ayı təslimçilik ayı deməkdir.

Ramazan – paklayan ay

İmam duanın davamında buyurur: "(Ramazan ayı) paklayan aydır". Bu ayda bizim ruhumuzu paklayan amillər mövcuddur. O amillər hansılardır? Biri orucdur, biri Quran oxumaqdır, biri dua və yalvarışdır. Bütün bu dualar Allah-Taalanın Özünün bu biraylıq ziyafətində xalq üçün açdığı ilahi süfrələrin pak və gözəl nemətləridir. İmamın sözünün məzmunu budur ki, Allah bu ziyafətdə sizə oruc təklif edir.

Oruc Allahın bir süfrəsidir. Quran da bu böyük ziyafətdə süfrələrdən daha birisi sayılır. Bu süfrələrdən bacardıqca istifadə edin. O zaman mənəvi təməlləriniz güclənəcək, kamilliyə və yüksəlişə doğru hərəkətin ağır yüklərini daha asanlıqla çəkməyi bacaracaqsınız. O zaman xoşbəxtlik sizə daha yaxın olacaq.

Ramazan – saflaşma ayı

Sonra buyurur: "(Ramazan ayı) saflaşma ayıdır". Məqsəd budur ki, bu ayda saflaşıb xalis olaq. Əgər diqqətlə baxsaq, görərik ki, bu ayda saflaşmaq digər üsullarla saflaşmaqdan asandır. Biz oruc tutmaqla və nəfsimizlə mübarizə aparmaqla özümüzü saflaşdıra bilərik. Mövcud sapqınlıqların əksəri ya etdiyimiz günahlara, ya da daxilimizdə olan pis xislətlərə görədir: "Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti sonra lap pis oldu!" (Rum/10.) Günahın sonu sapqınlıqdır; insanın qəlbində tövbə işığı yandıqda isə heç. Bizə həmişə demişlər ki, bir günah edən kimi onun ardınca tez tövbə edin, günahı təkrarladığınıza görə peşman olun və bir də günah etməməyə qərar verin. Bu ondan ötrüdür ki, günah bataqlığında qərq olmaq təhlükəli işdir və bəzən insan elə bir həddə çatır ki, daha geriyə yol qalmır.

Biri sapqınlığa bais olan günah, biri də xoşagəlməz xarakterlərdir. Çirkin xislətlər insanı günahlardan daha çox sapqınlığa çəkir. Əgər biz hər bir işdə, sözdə və düşüncədə xudpərəst və eqoist olsaq, bir-birimizi pisləsək, "yalnız mən düzgün düşünür və düzgün edirəm" – deyə heç bir məsləhətə, dəlilə və məntiqə fikir verməsək, heç bir haqq sözü dinləməsək, vücudumuzda paxıllıq kök salsa, bu səbəbdən gözəli çirkin görsək, parlaq həqiqəti təsdiqləməkdən boyun qaçırsaq, şan-şöhrət, vəzifə və var-dövlət sevgisi haqqı qəbul etməmizə mane olsa, onda təhlükəli və azdırıcı xislətlərə düçar olmuş sayılacağıq.

Doğru yoldan uzaqlaşdığını gördüyünüz adamların əksəri bu vasitələrlə yoldan çıxıblar; çünki hər kəs pak fitrətlə doğulur. Bütün ruhlarda paklıq və hamının haqqı görən vicdanı olur, amma bu işıqlı və parlaq bulağı nəfslə, bəzisi irsi olan, bəzisi isə sonradan qazanılan pis xislətlərlə bulaşdırırlar.

İnadkarlıq – insan sapqınlığının amili

Bu gün bəşəri elmlərdən biri sayılan əxlaq elminin alim və mütəxəssisləri – mənim və sizin üçün dəyərli olan əməli əxlaqdır, amma nəzəri əxlaqda ixtisaslaşmış şəxslər də var – deyirlər ki, insan irsi xarakterlərini də dəyişdirib əvəzləyə bilər; məsələn, irsi tənbəlliyi, tamahkarlığı, xəsisliyi, paxıllığı və inadkarlığı dəyişmək mümkündür. Bəzi adamlar inadkardırlar; həqiqəti necə aydın göstərirsənsə-göstər, öz mövqelərində inadkarlıqla dayanırlar. Bu hal insanı həqiqətdən uzaqlaşdırır. İnadkar insan əvvəldə həqiqətin işığını bir qədər anlayır və inadkarlıq etdiyini hiss edir. İnadkarlığı təkrar olduqda isə daha həqiqətin azca işığını da görmür, onda yalançı etiqad və düşüncə yaranır. Bu zaman özünə gəlib dərindən düşünəndə zehninədkinin düşüncə olmadığını, ürəkdən və candan gəlmədiyini görür, amma inadkarlıq onun həqiqət mələyini, mənəviyat və haqq mesajını dinləməsinə qoymur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ramazan ayı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 00:02



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com