Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

04 İyul

2017
23:53
229
Sabit Bağırov: “Azərbaycan “Holland sindromu”ndan qaça bilməyib

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov Turan-a Neft Fondunun ehtiyatları, "Holland sindromu" və Norveç təcrbəsi ilə bağlı maraqlı müsahibə verib. Həmin müsahibəni FaktXəbər oxucularına təqdim edirik.

- Dünya bazarında neftin qiymətinin hansı səviyyəyə enməsi Azərbaycan iqtisadiyyatında böhranı daha da dərinləşdirə bilər?

- Azərbaycan büdcəsi üçün kritik qiymət 1 barel neftin 40 dollar olmasıdır. Bu ilin büdcəsi belə qəbul olunub, yəni, büdcənin xərcləri və gəlirləri bu qiymətə uyğunlaşdırılıb. Düşünürəm ki, bu, elə bir həddir ki, sonra büdcə problemləri yarana bilər.

- Azərbaycanda neft gəlirlərindən istifadə ölkəni "Holland sindromu"na daha çox yaxınlaşdırb, yoxsa "Norveç təcrübəsi"nə?

- Norveç təcrübəsi hələ ki bizdən bir qədər uzaqdır. Novreç bugünki təcrübəyə təxminən bir 10 il ərzində gəlib çıxıb. Norveç Neft Ehtiyatları Fondu 90-cı ildə yaranıb. Səhv etmirəmsə, 2007-ci ildə Pensiya Fonduna çevrilib. Onun da idarə edilməsi Norveçin Mərkəzi Bankı tərəfindən həyata keçirilib.Və müəyyən həddlər var ki o həddlərdən artıq Pensiya Fondundan büdcəyə transferlərə icazə verilmir. Bu da təxminən Neft Fondunun aktivlərinin gəlirliliyinin təxminən haradasa 4 faiz həcmindədir. Çalışırlar ki ondan yuxarıya keçməsinlər. Azərbaycanda bildiyimiz kimi, son 6-7 ildə Neft Fondundan büdcəyə kifayət qədər böyük məbləğlərdə transferlər edilib. Bunun səbəbləri də vardı. Bu gün də var. Bu da infrastrukturun inkişafıdır, sosial layihələrin həyata keçirilməsidir. Ona görə də mən deyərdim ki, hələ ki biz Norveç modelindən uzağıq. Amma ona doğru müəyyən addımlar atılmaqdadır. Transferlərin böyük həcmdə olması, əlbəttə, iqtisadiyyatda "Holland sindromu" deyilən problemləri yaradıb. Amma obyektivlik naminə onu da qeyd etməliyik ki, bütün resurs ölkələri bu problemlə üzləşir. Rusiyanı, Qazaxıstanı, Nigeriyanı,Ərəb körfəzini, Səudiyyə Ərəbistanı və s. ölkələri götürək . Yəni, bir çox neft ölkələri bu problemlə üzləşir. Bir çox ölkə hökümətləri "Holland sindromu"nu önləməyə çalışmalıdır. Düşünürəm ki, bu istiqamətdə öncə dediyim kimi, strateji yol xəritəsində bu, artıq kifayət qədər qəbul edilib. "Norveç modeli" nə yaxınlaşmağa doğru istiqamətlər atılmalıdır.

- Azərbaycanın müstəqillik dövründə neft gəlirləri nə qədər olub? Ondan istifadənin istiqamətləri necə olub? Hazırda neft gəlirlərindən nə qədər valyuta ehtiyatı yığılıb?

- Bütün bu müstəqillik dövrü ərzində neft gəlirləri haradasa təxminən 135-140 milyard dollar civarındadı. Neft Fondunun səhifəsində dəqiq rəqəmlər var və bu vəsaitlər büdcə problemlərini həll etməyə imkan yaradır. Büdcəyə transferlər edilir. Eyni zamanda, bir sıra layihələr həyata keçirməyə imkan yaradır. Amma böyük qismi deyəndə artıq bu günə o rəqəmin böyük qismi istifadə edilib. Bu ilin birinci rübündə Neft Fondunda toplanmış vəsaitlərin həcmi haradasa 33 milyard dollar yaxın idi. Amma ölkənin rezerv məhdudiyyətləri bununla məhdudlaşmır. Mərkəzi Bankın da ehtiyatları var. Məndə olan məlumatlara əsasən son rəqəmlər haradasa 4,8 mlyrd dollara yaxındır.

- Azərbaycan yenə də neft-qaz müqavilələri bağlayır və 2050-ci illərədək ən böyük gəlirlər neft-qaz sektorundan gözlənilir. Bu gəlirlər əvvəlki illərə nisbətən bir neçə dəfə az proqnozlaşdırılır. Belə olan halda ölkənin gələcək inkişafını necə görürsünüz?

- Azərbaycan hökuməti anlayır ki, ortada bir proqram olmalıdır. 2016 cı il martın 16-da Azərbaycan prezidentinin fərmanı ilə strateji yol xəritələri üçün strateji istiqamətlər təsdiqləndi. Daha sonra aprel ayında strateji yol xəritələri hazırlamaq üçün yeni bir qurum yaradıldı. Bu da iqtisadi islahatların təhlili və kommunikasiya mərkəzidir.Və strateji yol xəritələrinin hazırlanmasına başlanıldı. Xüsusi xarici konsaltinq şirkəti bu işə cəlb edildi. Bu müştərək iş nəticəsində noyabrın sonunda 12 istiqamətlər üzrə strateji yol xəritələri hazırlandı. Artıq ümid etmək olar ki, bu strateji yol xəritələri müəyyən strateji hədəflər, prioritetlər, indikatorlar 2020-ci ilə qədər strateji baxış çərçivəsində, 2025-ci ilə qədər uzunmüddətli baxış və 2025-ci ildən sonra hədəf baxış adlanan bir dövr üçün müəyənləşdirilib. O istiqamətdə addımlar atılmaqdadır. Hələ ki bu, ilk addımlardır. Düşünürəm ki, çox böyük iş görülməlidir. Onu da qeyd edim ki, strateji yol xəritələrində bir sıra məsələlər var ki, o problemlər çox mühüm xarakter daşıyır. Amma o istiqamətlərdə də çox ciddi addımlar atılmalıdır. Məsələn, məhkəmə islahatları aparılmalı, idarəetmədə daha optimal struktur müəyyənləşdirilməlidir və digər istiqamətlərdə addımlar atılmalıdır.

Məqalədə : Neft Fondu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru