Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

22 Aprel

2014
16:24
3199
`Məmurların çoxuna bayraqdansa, 30 sm yubka önəmlidi`

FaktXəbər 5 dəfə sambo, 4 dəfə cüdo üzrə dünya çempionu, 2 qat Avropa çempionu, hərbçilər arasında olimpiya çempionu Zülfiyyə Hüseynovanın oxu.az-a müsahibəsini təqdim edir:

- İndiki gənclərin hər biri sizi çox gözəl xatırlayır və sizi kimdən soruşsaq səmimi olaraq Zülfiyyə Hüseynova Azərbaycanın fəxr ediləsi xanımıdır deyər. 1980-ci illərdə idmanın o qədər də inkişaf etməyən bir dövründə xanım və idman necə uyğunlaşdı?

- Təbii ki, hər şeyin çətin vaxtı  idi, idmanın da həmçinin. Bizim üçün çətin idi, çünki inkişafın zəif vaxtı idi. Amma buna baxmayaraq idmanı sevirdim və 10 yaşında idmana getmək istəsəm də 16 yaşında başladım.

Qız uşaqlarını idmana aparmağı o qədər də qəbul etmirdilər. Mənim də ailəm elə idi, amma mən istədiyimin arxasıyca getdim. 1986-cı  ildə başlamışdım. Azərbaycan çempionatı keçirilirdi, turnirlər keçirilirdi və  mən gənclər arasında qalib oldum. Deməli, 5 dəfə samboda, 4 dəfə isə cüdoda çempion olmuşam.

- O dövrdə qızlar azlıq təşkil edirdi. İndi necə, ondan fərqlidir? Yoxsa  o adət, o fikirlər hələ də qalmaqdadı?

- O vaxtı qızlarımız az idi. Kimsə istəyirdi məşğul olsun, amma ailədən icazə vermirdilər. Deməli, biz harasa yarışa gedirdik, məsələn, 80-90  nəfərin içindən 3 və ya 4 nəfər azərbaycanlı var idi. SSR-nin vaxtında şərait yaxşı idi, maaşımız vaxtlı-vaxtında verilirdi, məşqlərimiz nizam-intizamla davam edirdi.

Qaldı ki indiki zəmanədə idmana olan maraq, indi daha çox qızların marağı var, valideynlər də normal qəbul edirlər və gətirirlər idmana yazdırırlar. Hətta neçə nəfər məni hardasa görəndə yaxınlaşıb deyirlər ki, biz də istəyirik qızımız sizin kimi olsun. Bu, məni sevindirir.

- Müsahibələrinizin çoxunda əsəb hiss olunur. Çox əsəbisiniz?

- Çox əsəbiyəm, həddindən artıq. Çünki buna səbəblər var.

- Məsələn, nə əsəbiləşdirir sizi?

- Haqqımı yeyirlər. Mən idman ustasıyam, nəticələrim var, amma buna baxmayaraq prezident təqaüdü almıram. Dəfələrlə cənab prezidentə məktub ünvanlamışam, amma imkan vermirlər məktub gedib çatsın, mane olurlar.

- Mane olurlar deyirsiz. Kimləri nəzərdə tutursuz?

- Məmurlarımızı. Mən neçə dəfə müraciət etmişəm, amma nə fayda...

Bizim məmurlarımızın çoxu üçün bayraqdansa 30 sm yubka önəmlidir, onlar bununla maraqlanırlar. Nəyə görə mən haqqımı istəməyim, mən ki sizdən sizə aid olanı istəmirəm ki, mənə, özümə aid olanı, əziyyətimin qarşılığını istəyirəm.

- Heç bir müraciətinizə baxmırlar? Kimlər mane olur sizcə?

- Gənclər və İdman Nazirliyi, Cüdo Federasiyası niyə mənim sözümü eşitmirlər, niyə mənə mane olurlar, niyə mənim məktubumun prezidentə çatmağına imkan vermirlər anlamıram. Yəqin ki nə isə umacaqları şeylər var.

Cənab prezident dəfələrlə söyləyib ki, insanların haqqını yeməyin. Bunlar deyəsən prezidentin sözünü eşitmirlər. Mən bayraq qaldırmışam ki, nəm olan evdə yaşayım?! Düzdü, işimi sevirəm, bu, mənim sənətimdi, amma bu qədər dəyərsizləşdirmək olmaz. Addım başı haqsızlıq da olmaz axı. Mən erməniyəmsə, deyin gedim bu ölkədən. Qanım təmiz deyilsə, çıxım gedim. İyun ayında çempionat var,  amma mən indidən oturub fikirləşirəm ki, sponsor işini neyləyim? Oturub sponsor axtarıram ki, ustalar arasında çempionata gedəcəm. Gedib qalib gəlib erməni, rus bayrağını qaldırmıram ki. Mən öz bayrağımızı qaldırıram, bunlar bunu dərk etmirlər.

- Əsəbiləşməyin, sizin kimi xanımın, sizin kimi idmançının təbii ki, sözünü eşidərlər. İnanmıram ki, nazirlik sizi diqqətdən kənar saxlasın.

Keçək sizi oyundan kənar tanımağa.

- Ailə balaca dövlətdi. Hərə bir psixologiyada, hərə bir xarakterdə olur, amma sırf idmançı ailəsi olmaq başqadır məncə. İdmançı ailəsi olaraq hansı çətinlikləriniz olur? Məsələn, nədə yola getmirsiz?

- Çox gözəl yola gedirik, anlayışlı davranırıq, bir-birimizi başa düşürük. Bircə yola getməməyimiz oğlumun rejimi ilə bağlıdı. Oğluma qarşı çox ciddiyəm. Yatmaq, yeməyi rejimlə olmalıdır, kompüterlə saatlarla məşğul olmamalıdır. Amma mən olmayanda yoldaşım deyir anan yoxdu, oyun oyna, eybi yox dərslərini sonra da oxuyarsan (gülür).

- Hansı idmançımızı bəyənmirsiz?

- Adlarını çəkməyəcəm. İdmançı kimi hörmət edirəm, ən azından bayrağımızı qaldırıblar. Amma bəzilərindən xoşum gəlmir.

- İdmanla bağlı heç bir tədbirdə görmürük sizi. Niyə?

- Çünki çağırmırlar. Məhz prezident olan tədbirlərə də fikir versəniz dəvət etmirlər, çünki çəkinəcəkləri var. Bilirlər ki, mən danışacam, deyəcəm.

- Yeməkləriniz dadlıdı? Hər gün özünüz bişirirsiz?

- Yox, hər gün çatdırmıram, ancaq bazar günü belə kömək edirlər. Bazar günü istirahətə, ailəmə, yemək bişirməyə vaxt tapıram. Yəqin ki dadlıdı.

- Hər bir xanım görünüşünə mütləq şəkildə fikir verir. Siz makiyajı sevmirsiz deyəsən?

- İdmançıyam, amma geyimimə, səliqəmə həmişə fikir verirəm. Hər gün işə forma geyinirəm, makiyajsız, saçım yığılı şəkildə olur. Bu, bizim işin prinsipidir, forma mütləqdi. Amma toya, hansısa gecəyə gedəndə təbii ki, makiyaj öz yerində. Hətta elə kabluk geyinirəm ki, hamıdan da yaxşı (gülür). Amma açıq-saçıq geyimi sevmirəm.

- Bizim televiziyalardan hansını bəyənirsiz? Hansı verilişə baxırsız?

- İnanırsız, heç bir verilişə baxmıram. Bir dənə xəbərlərə baxıram. Amma durub iki dəqiqədən bir, birinin evini çəkirlər, nə alırlar göstərirlər bunu bəyənmirəm. Olmaz belə, birinin var, birinin yoxdu. Nələri var, Allah var eləsin, amma bu, pis görsənir kənardan.

- Yarışlara davam?

- Əlbəttə. İyun ayında cüdo üzrə Avropa çempionatı olacaq. Daha sonra noyabrda dünya çempionatı olacaq, ona hazırlaşıram. Dost-tanış sağ olsun, sponsor olaraq yardım edirlər gedirik yarışlara.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 15:41

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru