Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 Aprel

2014
11:26
2662
`Sülh korpusu`nun Azərbaycanda fəaliyyəti barədə şübhəli mülahizələr...

Amerikanın məşhur "Sülh korpusu" ilə əməkdaşlıq proqramını dayandırması ətrafında yaranan söz-söhbət hələ də səngimir. Real vəziyyətin təhlili göstərir ki, bu korpusun ölkəmizdə fəaliyyətini dayandırması qarşı tərəfin, belə demək mümkünsə, çox ciddi məyusluğuna yol açıb. Hər halda bunu məsələ ilə bağlı bu günlərdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın verdiyi açıqlamalar da təsdiq edir. 

O, bu məsələ ilə bağlı Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla görüşdüyünü söyləyib. 

Diplomat onu da vurğulayıb ki, Azərbaycan Təhsil Nazirliyinin Amerikadan Azərbaycana könüllülərin yeni qrupunun gətirilməsini istəməməsi ABŞ-ı məyus edib. Lakin Azərbaycan tərəfi də açıq bəyan edib ki, bu addımda məqsəd Amerika "Sülh korpusu"nun fəaliyyətini məhdudlaşdırmaq deyil. Sadəcə, Təhsil Nazirliyi özünün qaydalarını nəzərdən keçirmək istəyir. Həqiqətən də "Sülh korpusu" 2003-2013-cü illəri əhatə edən dövr ərzində Azərbaycanda sərbəst fəaliyyət göstərib və işlərini həyata keçirib. Məlumat üçün onu da qeyd edək ki, "Sülh korpusu" 1961-ci ildə prezident Con Kennedi tərəfindən yaradılıb. Onun əsas məqsədi maraq göstərən ölkələrə amerikalı könüllüləri göndərməklə dünyada sülh və dostluğun yayılmasına kömək etməkdən ibarətdir. "Sülh korpusu" sülh və dostluq quraraq mədəniyyət mübadilə proqramları ilə ölkələr arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə təkan verir. Hər halda, "Sülh korpusu" ilə bağlı yayılan məlumatlardan belə aydın olur. Lakin qrupun fəaliyyətinə indi münasibət birmənalı deyil. 

Bundan əvvəl Türkmənistan, Qazaxıstan və Özbəkistan da "Sülh korpusu" könüllülərini ərazilərindən çıxarıb. Ölkəmizdə isə qurumun fəaliyyəti daha uzun müddəti əhatə edib. Digər tərəfdən nəzərə almaq lazımdır ki, "Sülh korpusu" ilə əməkdaşlıq proqramı ilə yanaşı, Azərbaycanda ABŞ-ın çoxsaylı QHT-si fəaliyyət göstərir və onların fəaliyyətinə hansısa maneçilik yaradılmır. Deməli, "Sülh korpusu" ilə əməkdaşlıq proqramının da bu fonda qarşıdakı dövr ərzində fəaliyyətinə davam edəcəyini gözləmək olar. 

Məlumat üçün onu da bildirək ki, "Sülh korpusu" proqramı çərçivəsində 500-dən çox amerikalı könüllü Azərbaycanda olub. Könüllülər əsasən kənd yerlərində məskunlaşıb və yerli sakinlərə ingilis dili öyrədib. Hazırda "Sülh korpusu"nun 108 könüllüsü Azərbaycanda qalmaqdadır. Bu mənada indi əməkdaşlığın dayandırılması heç də bu əməkdaşlıqdan bütövlükdə imtina edilməsi mənasına gəlmir. Yəni Azərbaycan "Sülh korpusu" ilə əməkdaşlıq proqramını hələ davam etdirəcək. Lakin bunun nə zaman reallaşdırılacağı hələ dəqiq məlum deyil. Sadəcə burada bir məqam diqqət çəkir ki, "Sülh korpusu" ölkəmizdə fəaliyyəti göstərdiyi müddətdə həyata keçirdiyi layihələrin xarakterində şübhə doğuracaq məqamlar da yox deyil. Həmin məqamlar sırasında qeyd edilən proqram çərçivəsində ölkəmizə təşrif buyuranların daha çox etnik və dini azlıqların kompakt yaşadığı regionlarda cəmləşməsi ayrıca qeyd olunmalıdır. Özü də o dövrdə ki, etnik və dini azlıqlarla bağlı məsələ indi çox həssas bir mərhələni yaşayır. Bu amildən istifadə edərək Azərbaycan daxilində çaxnaşma yaratmaq istəyənlərin varlığı da heç kimə sirr deyil. Belə iddialar da səslənir ki, "Sülh korpusu"nun könüllüləri ingilis dilinin tədrisi adı altında əslində informasiya yığır və sonra onu müvafiq analitik mərkəzlərə ötürürlər. Yenə də bu məlumatlar o fonda meydana çıxır ki, bəzi xarici təşkilatlar Azərbaycanın daxili işinə qarışan zaman elə buradan ötürülən məlumatlardan geninə-boluna istifadə edirlər. İndi "Sülh korpusu"nun da bu məsələdə əli olarsa, bu vəziyyət ABŞ-la Azərbaycan arasında mövcud əməkdaşlıqla çox ciddi ziddiyyət təşkil edir. Çünki ABŞ da bilir ki, Azərbaycan müstəqil dövlətdir, kimsənin daxili işlərinə qarışmasına imkan verməz. Belə olan təqdirdə "Sülh korpusu"ndan ölkəmiz əleyhinə istifadə cəhdləri qətiyyən qəbuledilməzdir və ABŞ-ın öz maraqlarına zərbə vurmaqdan başqa heç nəyə xidmət etmir. Bu barədə səslənən iddialar doğru olduğu halda isə Azərbaycan tərəfinin Amerikanın "Sülh korpusu" proqramı ilə əməkdaşlığı uzatmaqdan imtina qərarı tamamilə məntiqi sayıla bilər. Lakin yuxarıda qeyd olunduğu kimi, "Sülh korpusu"nun ölkəmizdə fəaliyyətinə birdəfəlik qadağa qoyulması da nəzərdə tutulmur. Sadəcə, bu əməkdaşlıq yenidən o vaxt reallaşacaq ki, "Sülh korpusu"nun fəaliyyəti Azərbaycan dövlətçiliyi əleyhinə yönəlməsin. Sırf ingilis dilini öyrədəcəyi və mədəniyyət mübadiləsi həyata keçirəcəyi təqdirdə "Sülh korpusu"nun fəaliyyətinin bərpasında heç bir problem olmayacaq. Hər halda, bunu amerikalılar da yaxşı başa düşür.

Tahir Tağıyev/Bakı-Xəbər

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru