Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Aprel

2014
21:45
2786
“Avtoş”ları necə zərərsizləşdirməli...

Azərbaycan insan tələfatı ilə nəticələnən avtoqəzaların sayına görə “rekord qıran” ölkələrdəndir. Faktiki olaraq “trafik canavarı” axırımıza çıxır. Son vaxtlar hökumət avtomobil qəzalarının sayını azaltmaq üçün ən müxtəlif tədbirlərə əl atır. Son günlər mediada yüksək sürətlə avtomobil idarə edən, ötüşən məmur balaları ilə bağlı videolar yayılır və onları həbs edirlər. 

Bir neçə gün öncə Yevlax gömrüyü rəisinin oğlu, polis əməkdaşı Tural Həsənovun və Rahib Abdulbağırov adlı şəxsin Zığ şossesində “BMW X6” və “Lada Priora” avtomobilləri ilə saatda 240 kilometri keçən sürətlə yarışa çıxdıqlarını əks etdirən videokadrlar yayıldı. Onların hər ikisi həbs edildi, T.Həsənovun atasını isə işdən çıxardılar. 

Dünən daha bir “avtoş”luq videosu üzə çıxdı. Virtualaz.org saytına daxil olan videokadrlara əsasən dövlət nömrə nişanlarından biri 10 LZ 100 nömrəli iki avtomobil Zığ-aeroport şosesində yüksək sürətlə yarışa çıxır.

Bir neçə saniyələrik kadrlardan görünür ki, avtomobillərin hər ikisi “Porsche Panamera” markalıdır (qiyməti 250 min manata yaxındır). “100” seriyalı “Porsche”nin nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğluna məxsus olduğu da müəyyənləşib. Virtualaz.org saytı kadrları DYP əməldaşlarına təqdim edib və onlar məlumatı təsdiqləyərək bildiriblər ki, həmin avtomobillər tez-tez Bakı küçələrində sürət yarışına çıxır. 

Yol hərəkəti qaydalarını pozub da təhlükə yaradan, ölüm saçanlarla sərt mübarizə aparılmasını alqışlayıram. Xüsusi ilə harın məmur balalarının qudurğanlığının qarşısı ən sərt cəzalarla alınmalıdır. Çünki o avtoxuliqanlar hər birimizi vurub öldürə bilər. 

Amma burada iki toxunulacaq məqam da var; birincisi, ölümlə nəticələnən yol qəzalarının heç 2 faizini də “avtoşlar” törətmir. (Burada “avtoş” və avtoxuliqanları bir-birindən ayırmaq lazımdır-E.M).

Yollardakı qəzaların əksərini sadə adamlar – nə “avtoş”, nə də harın olmayanlar törədir. İkincisi, “avtoş”luğu təkcə harın məmur balaları etmir. Kifayət qədər sadə həyat yaşayan, zəhməti ilə dolanan və sürət həvəskarları olan adamlar da var. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada mövcud olan haldır. Xeyli adamlar var ki, sürətlə maşın sürmək onlar üçün hobbidir. Təbii, şəhərin mərkəzində avtoxuliqanlıq edənləri bura qatmıram, onlar dərhal cəzalandırılmalıdır. Amma biriləri də var ki, məqsədləri avtoxuliqanlıq etmək deyil, sadəcə sürətdir, “avtoş”luqdur. Buna görə də dünyanın əksər normal ölkələrində sürət həddi olmayan yollar da var.

 Baxın, biz də sürət həvəskarları şəhərin ortasında deyil, avtoban - 120-lik yollarda ötüşürlər. Bu onların sadəcə sürət həvəskarı olduğunun göstəricisidir. Nə qədər ki, texnologiya inkişaf edir, maşınlarda sürət həddi 240, 260, 280 göstərilir, içərimizdə kimsə o sürəti yoxlamaq həvəsinə düşəcək. Buna görə də ağıllı dövlətlərdə olduğu kimi bizdə də heç olmasa 10 kilometrlik sürət həddi olmayan, ödənişli yol çəkilməlidir. Kim 250 ilə sürmək, lap belə “avtoş”luq edib ölmək istəyirsə, gedib orada sürməlidir.

Nə qədər ki, avtomobil var, “avtoş”lar da olacaq. Çünki onların meydana çıxma tarixi elə təxminən maşının tarixi qədərdir. Xırda miqyaslı yarışlar hələ 19-cu əsrin sonlarında təşkil olunub. 1907-ci ildə isə artıq birinci qitələrarası ralliyə start verilib. 

Elə hər şey də rəsmi rallilərin təşkilindən başlayıb. Avtomobillərin sürətlə çoxalmağa başladığı  70-ci illərdə rallilərə tamaşa edən gənclər daha sonra bu hərəkətləri küçələrdə təkrarlamağa başlayıblar. Avropada bu məsələyə təkcə avtomobili sürətlə, xaotik sürmək həvəsi kimi deyil, həm də gənclərin öz azadlığını ifadə etməsi, emosiyalarını bununla çıxarması kimi yanaşırlar. Küçələrdə “avtoşluq” edənləri ağır cəzalar gözləyir, amma xüsusi ayrılmış bir yerdə onlara dəyib toxunan olmur.

Avropa ölkələri içərisində isə Fransa və İtaliyada “avtoş”lar daha çox gözə dəyir. 

“Avtoş”luq, belə demək mümkünsə, bir sənətə çevrilib. Odur ki, Avropada artıq “avtoş”larla mübarizə aparmırlar, onlara xüsusi meydançalar, şoselər ayırırlar.

Düzdür, bəzi məmur övladları paytaxt küçələrində məhz avtoxuliqanlıq edirlər, bu, tamam başqa bir şeydir. Söhbət avtomobillə “yaşayanlardan” gedirsə, onlar tamam başqa kateqoriyadır. Hətta onlar özləri də üç kateqoriyaya bölünürlər; “streetracer”lər - küçələrdə şütüyənlər, “speedenqlər” - sürətsevərlər və “draggerslər” - 400 metrlik məsafədə sürəti 0-dan 170-180 dərəcə kilometrə çatdıranlar.

Bir neçə il əvvəl hökumət Güzdək qəsəbəsində avtodrom tikməyə qərar da vermişdi. Amma bu hələ reallaşmayıb. 

Bir problemi həll etmək üçün kompleks tədbirlər görmək lazımdır, qaçdı-qovdu ilə ciddi nəticə əldə etmək mümkün olmaz.

Elşad Məmmədli/Yeni Müsavat

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru