Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Aprel

2014
16:03
2658
Rayona avtobusla getmək təhlükəlidirmi?

Azərbaycanda şəhərlərarası və beynəlxalq sərnişin daşımalarını həyata keçirən avtobusların sərnişinləri yolda baş verə biləcək bədbəxt hadisələr qarşısında faktiki olaraq müdafiəsizdir. Fins.az-ın apardığı araşdırmalar göstərir ki, icbari olmasına baxmayaraq ölkədə sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslər avtobuslarını sərnişinlərin fərdi qəza sığortası üzrə sığortalamırlar.

Fərdi qəza sığortası nə üçündür?
Azərbaycanda sərnişinlərin fərdi qəza sığortası qəza nəticəsində  sərnişinlərə dəymiş zərəri təmin etmək üçün  tətbiq olunur. Bu sığortası olan avtobuslarda qəza baş verərsə, ölən sərnişinlərin ailəsinə 5 min manata qədər sığorta ödənişi verilir. İcbari Sığortalar Bürosunun (İSB) hüquqi təminat və inzibati işlər idarəsinin müdiri Nazilə Hüseynovanın sözlərinə görə, qəza nəticəsində 1-ci qrup əlil olanlara 4 min manat, 2-ci qrup əlillərə 3 min manat, 3-cü qrup əlillərə isə 2 min manat pul ödənilməlidir.

Fərdi qəza sığortası neçəyə başa gəlir?
Sərnişinlərin fərdi qəza sığortası üzrə sığorta haqqı avtobusdakı sərnişin yerlərinin sayına görə hesablanır. İllik sığorta haqqı hər sərnişin yerinə görə 6 manatdan götürülür. Məsələn, 40 nəfərlik sərnişin yeri olan avtobuslar üçün illik sığorta haqqı 240 manat təşkil edir.

800 avtobusdan gəmi 15-i sığortalanıb
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun fins.az-a verdiyi  məlumata görə, hazırda Azərbaycanda şəhərlərarası və beynəlxalq sərnişin daşımaları üçün 800-dən artıq avtobus istifadə olunur. Qanuna əsasən onların hamısı sərnişinlərin fərdi qəza sığortası üzrə sığortalanmalıdırlar. Amma bu avtobusların cəmi bir neçəsi sığortalanıb. Ölkədə bu sığorta növünü həyata keçirən yeganə şirkət  - “İPƏK YOLU” sığorta şirkətinindən fins.az-a verilən məlumata görə, bu ilin 1-ci rübündə sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sərnişindaşıma ilə məşğul olan cəmi 15 avtobus sığortalanıb. Halbuki, Nəqliyyat Nazirliyinin yuxarıdakı məlumatını nəzərə alanda belə avtobusların sayı 800 olmalı idi. Başqa sözlə, bu sahə ilə məşğul olan hüquqi və fiziki şəxslər icbari olmasına baxmayaraq  bu sığortadan istifadə etmirlər.

Sığortasız avtobuslara niyə bilet satılır?
“İcbari sığortalar haqqında” Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən avtobusların sərnişinlərinin icbari fərdi qəza sığortası ilə sığortalanmasına Nəqliyyat Nazirliyi nəzarət eməlidir. Başqa sözlə, nazirliyin nəzarət qurumları sərnişin daşımaları ilə məşğul olan avtobusların bu sığorta növü ilə sığortalanmasına nəzarət etməli, buna əməl etməyən avtobusların isə istismarına imkan verməməlidir. Daha dəqiqi, sığortasız avtobuslara bilet satılmamalı, belə avtobuslar avtovağzallara buraxılmamalıdırlar və s. Bu tələblər “Nəqliyyat haqqında” qanunda da nəzərdə tutulub. Həmin qanunun 23-cü maddəsinə əsasən belə sığortası olmayan avtonəqliyyat vasitələrinin istismarına icazə verilmir. Amma qanunun və prezidentin fərmanının tələblərinə baxmayaraq sığortasız avtobuslar sərnişin daşımanı davam etdirirlər.
Doğrudur, Nəqliyyat Nazirliyinin Avtonəqliyyatservis departamentinin hüquq sektorunun aparıcı məsləhətçisi  Cahangir Rzayev fins.az-a bildirib ki, ötən il avtomobilini bu  sığorta ilə sığortalamayan 183 avtonəqliyyat sahibi cərimələnib. Bu ilin 3 ayı ərzində isə cərimə ilə bağlı 36 protokol yazılıb. C.Rzayev avtobus sahiblərinin bu sığortadan  istifadə etməmələrinin səbəblərini buna görə cərimələrin cüzi olması ilə izah edib. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə görə, bu sığortadan yayınmaya görə fiziki şəxslər 10 manat , vəzifəli şəxslər 60-dan 80 manatadək , hüquqi şəxslər 150-dən 200 manatadək cərimə olunmalıdır. Göründüyü kimi, cərimənin məbləği kiçik olduğuna görə, bəzi sahibkarlar avtobusu sığortalamaqdansa (əksər avtobuslar üçün sığorta haqqı 240 manatdır) cəriməni ödəməyi üstün tuturlar. C.Rzayev cərimələrin məbləğinin artırılması üçün  təmsil etdiyi qurumun Nazirlər Kabinetinə müraciət etdiyini də bildirib. Bununla yanaşı, qeyd etmək yerinə düşər ki, belə şəxslərə qarşı tədbirlər təkcə cərimələrlə bitmir. Yuxarıda deyildiyi kimi, qanuna görə, sığortalanmayan avtobusların istsmarına imkan verilməməlidir. Yəni belə maşınlara bilet satılmamalı, onlar xətdən kənarlaşdırılmalı və onların avtovağzallara girişi qadağan edilməlidir. Amma nədənsə, cərimələrdən qat-qat təsirli olan bu tədbirlərdən hələ də istifadə edilmir.

Müdafiəsiz sərnişinlər
Hələlik isə sığortasız avtobusun sərnişinləri baş verə biləcək qəza və digər hadisələr qarşısında müdafiəsizdirlər. İcbari Sığortalar Bürosunun (İSB) şöbə müdiri Nazilə Hüseynova  qeyd edir ki, əgər sərnişindaşıma ilə məşğul olan avtonəqliyyat sahibi bu sığortadan istifadə etmirsə, qəza baş verəndə sərnişinə dəymiş maddi zərərə görə ya sahibkar, ya da sürücü məsuliyyət daşıyır. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru