Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

31 Mart

2014
09:34
1994
Rusiyanın Bakıda idarə olunan xaos yaratmaq ssenarisi...

Kremlin hədələri və ölkəmizdəki “beşinci kolon”; Hakim elitanın müəyyən kəsiminin, həmçinin Azərbaycanın daxilindəki və xaricindəki bəzi nüfuzlu oliqarxların, o sırada “Milyarderlər İttifaqı”nın lobbist səyləri ilə son zamanlar Rusiya təsisatları ölkəmizə fəal nüfuz eləməyə başlayıb... 

Rusiyanın Azərbaycana mümkün təzyiqləri BMT Baş Məclisindəki səsvermə zamanı ölkəmizin Ukraynanı dəstəkləməsindən sonra bir az da aktuallıq kəsb eləməyə başlayıb. Aydındır ki, Moskvanın çox tezliklə Azərbaycana qarşı hansısa ciddi neoimperiya cəza tədbiri görməyə hazırlaşdığına dair hələlik real əsaslar yalnız ermənilərin cəbhədə atəşkəsi ciddi şəkildə pozmasından o tərəfə keçməyib. 

Lakin Ukraynadakı həddən artıq dramatik hadisələr və Kremlin getdikcə güclənən ekspansionist iştahası fonunda, həmçinin də beynəlxalq hüquq normaları, zəmanətlər və təhlükəsizlik sisteminin, demək olar, çöküşü kontekstində çox vacibdir ki, Azərbaycan qabaqcadan özünü sığortalasın və hər cür təhlükəyə hazır olsun. 

Bu planda Moskvanın zəruri bildiyi halda Azərbaycana qarşı işə sala biləcəyi mümkün hədələrin, həmçinin, ölkəmizdə birbaşa və ya dolaysıyla “beşinci kolon” qismində çıxış edə biləcək qüvvələrin dairəsini heç olmasa, tezis şəklində cızmaq çox vacibdir. 

Mümkün hədələr 

Heç kəsə sirr deyil ki, Moskvanın Azərbaycana qarşı əsas təzyiq rıçaqı artıq uzun illərdir Qarabağ problemi ilə bağlıdır. Əgər Kreml Azərbaycanı cəzalandırmaq ssenarisini işə salmaq qərarı versə, o zaman bu problem hesabına bir sıra hədələri reallaşdıra bilər: 

- İrəvana icazə verər ki, Azərbaycanın işğal altındakı ərazilərini tanınmayan “DQR”in tərkibinə qatsın. Ardınca həmin ərazilərin sürətli məskunlaşdırılmasına Moskva yardımçı ola bilər;

- Ermənistanı sövq edər ki, Dağlıq Qarabağda Krımdakı kimi separatçı referendum keçirsin və ondan sonra muxtariyyəti özünə birləşdirsin, yaxud Dağlıq Qarabağa da Abxaziya kimi müstəqil dövlət statusu tanısın;

- Naxçıvan istiqamətində və sərhəd boyu Ermənistanı Azərbaycana qarşı həm də Rusiya hərbi bazalarının köməyindən qeyri-leqal şəkildə istifadə eləməklə geniş miqyaslı hərbi əməliyyatlara şirnikləndirsin, ölkəmizin yeni rayonlarının işğalına şərait yaratsın;

- Azərbaycanda sabitliyi pozmaq, hakimiyyəti dəyişməyə cəhd eləmək və ya ölkənin federallaşmasına nail olmaq kimi motivləri əldə rəhbər tutaraq ləzgilərin və talışların kompakt yaşadıqları şimal və cənub bölgələrimizdə öz təsir agentlərinin köməyi ilə yeni separatçı ocaqlar yaratmaq;  

- Azərbaycanda sabitliyi pozmaq və idarə edilən xaos yaratmaq, bu fonda özünün çirkin ssenarilərini həyata keçirməkdən ötrü azərbaycanlı miqrantları kütləvi şəkildə Rusiyadan çıxarmaq və bundan ötrü qanunverici, praktik və ultra-millətçi üslubda kampaniya həyata keçirmək (Biryuleva hadisələri bir xəbərdarlıq idi). 

- Xəzər dənizində hərbi mövcudluğunu gücləndirmək, dənizin statusu haqda sazişləri təftiş eləmək və İranın mövqeyinə yaxınlaşmaq yolu ilə bu sazişlərdə Xəzərin Azərbaycana aid hissənin açıq-aşkar kiçilməsinə, beləliklə də bizim bir sıra neft-qaz yataqlarımızın istismarının əngəlləməsinə gətirən dəyişikliklərə cəhd eləmək; 

   

- Azərbaycanda hakimiyyət dəyişikliyinə və ya bir sıra prinsipial məsələlərdə hakimiyyəti güzəştə vadar eləmək üçün terror aktları, ekstremist dəstələr sayəsində “beşinci kolon”u fəallaşdırmaq və artıq yuxarıda sadalanan təhlükələri işə salmaqla Bakının özündə sabitliyi pozmaq və kriminallaşdırmaq ssenarisini həyata keçirmək. 

“Beşinci kolon”un konturları: 

1. Özünün etno-konfessional və sosio-mədəni fərqliliyi, həmçinin də tarixi inkişafın mürəkkəb kolliziyaları və müasir faktorların müxtəlif istiqamətli, müxtəlif səviyyəli təsirləri hesabına Azərbaycan toplumu xarici siyasət, prioritet verdiyi məsələlər və oriyentasiyalar etibarilə heç də yekcins deyil.       

Özünün qarışıq əhalisi, bir sıra yerlərdə isə ləzgilərin üstünlük təşkil eləməsi ilə ölkənin şimal rayonlarında (Quba, Qusar, Xaçmaz, Xudat) ənənəvi olaraq Rusiyaya meyllilik üstünlük təşkil edib. Burada ələlxüsus, məqsədli xarici faktorun təsiri altında separatçı əhvalın artma təhlükəsi aradan qalxmayıb.    

Cənub bölgəsində (Astara, Lənkəran, Masallı, Cəlilabad, Lerik, Yardımlı) isə xeyli dərəcədə dini faktordan  qaynaqlanan İran meyllilik yetərincə güclüdür. İran və Rusiyanın bu regionda tandem şəklində hərəkətləri Azərbaycana bir çox problemlər yarada bilər. Farsdilli talışların kompakt yaşadığı, İran və Rusiya xüsusi xidmət orqanlarının fəal işlədiyi bəzi rayonlarda (narkotrofikin əsas kanalları da buradan keçir) separatçı əhvalı və dini ekstremizmi qızışdırmaq üçün real baza qalır.

2. Yaxın dövrədək Azərbaycanın siyasi xəritəsində Rusiya yönümlü qüvvələr zəif təmsil olunmuşdular və gizli fəaliyyətə üstünlük verirdilər, hərgah son zamanlar onlar hiss ediləcək dərəcədə fəallaşıblar. Rusiyayönümlü vektor bir sıra partiyaların - kommunist, sosialist, qismən sosial-demokrat və s. partiyaların fəaliyyətində görünür. Bu partiyaların hamısı həddən artıq zəif təşkilatlanıb, geniş elektoral bazaya malik deyil və hadisələrin gedişinə ciddi təsir göstərə bilmirlər. Onlardan bəzilərinin siyasi mövcudluğu ya xaricdən olan dəstəklə, ya da hakimiyyətdəki ayrı-ayrı nüfuzlu şəxslərin şefinin gizli qəyyumluğu ilə bağlıdır. Krım hadisələri kontekstində bu qüvvələr, xüsusən də kompartiya Moskvanın Ukraynadakı hərəkətlərini açıq formada müdafiə elədilər və sosial şəbəkələrdə və KİV-lərdə Moskvayönlü təbliğatı gücləndirdilər.

Başqa etnos və dinlərin nümayəndələrində, o cümlədən Azərbaycanın rusdilli əhalisində Rusiyayönlü ovqat Kremlin müvafiq təbliğatı qarşısında xeyli güclənə, Moskva onların hüquqlarının müdafiəsi bəhanəsi ilə Azərbaycana təzyiqlərini genişləndirə və bu faktoru işə sala bilər. 

3. Məsələyə bütöv Azərbaycan cəmiyyəti kontekstində baxsaq, o zaman görərik ki, ölkədə siyasi-ideoloji motivli, şüurlu Rusiyaya rəğbət əhvalının geniş yayılması hələlik yoxdur. Müasir Azərbaycan cəmiyyətinin siyasiləşməməsinə və amorf durumuna, toplumda qərbyönlü və demokratik gözləntilərə inamın böyük ölçüdə zədələnməsinə baxmayaraq, hər halda Rusiyanın və ya İranın xeyrinə geniş ictimai fikrin yaranmasını əngəlləyən ciddi faktorlar mövcuddur.   

İş ondadır ki, əhalimizin əksəriyyəti Rusiyaya inanmır və ondan incikliyini saxlayır. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin taleyini unutmur, Qarabağ məsələsinin qızışdırılmasında, 1990-cı ilin qanlı 20 yanvar hadisələrinin törədilməsində, Xocalı soyqırımında, ərazilərimizin 20%-nin işğalında, Ermənistana hərbi-siyasi, informasiya və maliyyə dəstəyi verilməsində və s. Rusiyanın oynadığı çirkin rolun fərqindədir. Bundan savayı, bir çox vətəndaşlar tariximizin acı dərslərindən nəticə çıxararaq - nə vaxt ki, məhz Rusiya İranla birgə vaxtaşırı Azərbaycanı işğal edib və bölüblər - bu təhlükəli qonşularla həddən-ziyadə yaxınlaşmaqdan ehtiyat edirlər. 

4. Son illər müşahidə edilən Rusiyayönlü vektorun vaxtaşırı güclənməsi heç də Azərbaycan cəmiyyətinin dərinliklərindən gəlmir, əsasən əhalinin böyük hissəsinin acınacaqlı sosial-iqtisadi durumundan, bir də ki, ölkə rəhbərliyində müəyyən şəxslər və qruplaşmaların konyuktur siyasi-iqtisadi manevrləri və oyunlarından qaynaqlanır.   

Rusiyaya münasibətdə bu yeni təmayüllər təkcə siyasi təmasların intensivləşməsində və iqtisadi, energetik əməkdaşlığı genişləndirmək cəhdlərində deyil, həm də elm, mədəniyyət, təhsil sahələrində, mədəni əlaqələr və informasiya siyasətində əksini tapır. Hakim elitanın müəyyən kəsiminin, həmçinin Azərbaycanın daxilindəki və xaricindəki bəzi nüfuzlu oliqarxların, o sırada “Milyarderlər İttifaqı”nın lobbist səyləri ilə son zamanlar Rusiyanın KİV-ləri, biznes strukturları, mədəni-təhsil müəssisələri və s. ölkəmizə fəal şəkildə nüfuz eləməyə başlayıb.   

5. Müasir Azərbaycan toplumu təzyiq altında olması, marginal və amorf duruma düşməsi səbəbindən bütövlükdə ölkənin daxili və xarici siyasət kursunu çox laqeyd şəkildə seyr edir. Hələ ki, Azərbaycanda Rusiya təsirinin güclənməsinin Qərb, yaxud Türkiyənin mövcudluğunun zəifləməsi hesabına getdiyini söyləmək üçün sanballı əsaslar yoxdur. 

Bununla belə, ölkədə rusiyayönlü ovqatın və ya “beşinci qüvvə”nin müəyyən qədər aktivləşməsi həyəcan doğurur. Bu, tədricən bəzi sosial təbəqələrdə Rusiya amilinin saxlanması və ya güclənməsindən dolayı sırf praqmatik maraq formalaşdıra bilər. Onlar əsasən, Azərbaycanın funksional olaraq Rusiyaya bağlı biznes-strukturları və onların şəxsi heyəti, habelə Rusiyada iş axtaran azərbaycanlılar ordusu (məlumatlara görə, sayı 2 milyondur) və onların ailələridir. Daha biz “beşinci kolon”u və təsir agentlərini, həmçinin şüurlu surətdə Rusiyanı seçən və separatçı əhvallı vətəndaşları demirik. 

6. Azərbaycanın ictimai-siyasi həyatında bundan sonra Rusiyayönlü vektorun güclənməsi və ya zəifləməsinin mümkünlüyü ilk növbədə dünyada və postsovet məkanında daxili siyasi və xarici siyasi proseslərin inkişaf xarakterindən:

a) Qərblə (ABŞ-la) Rusiya arasında postsovet regionunda hazırkı kəskin qarşıdurmanın nəticəsindən və böhranlı Rusiya-Ukrayna münasibətlərinin perspektiv inkişafından, habelə Azərbaycanın müxtəlif güc mərkəzləri arasında uğurlu balans yaratmaq siyasətindən; 

b) Azərbaycanın daxili siyasi kursundakı kolliziyalardan, o cümlədən hakimiyyət strukturlarında ölkənin müasir dünya birliyinə strateji inteqrasiya xəttinə sadiq qüvvələrlə Rusiya vektoruna lobbiçilik edən qüvvələrin nisbətindən, həmçinin ölkənin milli-dövlət maraqlarına təhlükələrin dəf edilməsi və bu maraqların qorunması məsələsində geniş ictimai konsensusun əldə olunması perspektivindən asılı olacaq. 

Ziyad Qaraxanlı,

minval.az

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru