Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

31 Mart

2017
16:43
767
Ürəklərdə heykəlləşən gənc heykəltəraş - FOTO
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistri, şəhid əsgər Samir Kaçayevin əziz xatirəsinə

Sənə dar gəlməyəcək, məqbəri kimlər qazsın,

Göməlim gəl səni tarixə desəm, sığmazsın…

                                                               Tofiq Fikrət

O, özünü dərk eləyəndən qəlbində sevgidən abidə ucaltdığı Azərbaycanın həyatda, reallıqda da heykəlini yaratmaq istəyirdi.  Xəyal qurmuşdu, eskizlər hazırlamışdı: lap xəritədə olduğu kimi, yüksəkliklərdə qərar tutmuş qartal formasında… Yaşa dolduqca arzular da böyüyürdü - əvvəl plastilin, sonra gil, əhəng, tunc… Düşünüb-daşınıb çətin, əziyyətli, amma mükəmməl bir variant üzərində dayanmışdı; ən uca zirvədə sal qayadan yonulsa, daha möhtəşəm, uzunömürlü olar. Lakin hər dəfə gəlib Vətənin vücudundakı yaraya - Qarabağ ağrısına çatanda xəyal qırıqlığına uğrayır, murazları şüşə tək qırılıb tökülürdü: “Yox, zədəsi ciddidir, özü də sağ qanada yaxın hissədə. Şahinim nə qədər güc toplayıb havaya qalxsa da, ənginliklərdə uzun müddət uça bilməyəcək. Bir çarə tapmaq lazımdır. Amma necə..?” 

Cavabsız sualların girdabında çırpınır, riyakar siyasətləri lənətləyir, ədalətsizliklərə qarşı çıxır, xilas yolları axtarırdı: Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror aktlarına qarşı hər hansı tədbir görülmür; birbaşa rəsmi İrəvan və xarici lobbiləri tərəfindən maliyyələşən quldur dəstələri nəinki füsunkar Qarabağda, ona bitişik 7 rayonumuzda da at oynadır; işğalçının nəzarətindəki ərazilərin təcili boşaldılması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi faktiki icrasız qalıb; dünya, beynəlxalq təşkilatlar, hegemon güclər ya baş verənləri görməməzliyə vurur, ya da şablon xarakterli bəyanatlarla kifayətlənirlər… Bəs, əsrin dörddə birinə bərabər bu zülm heç vaxt bitməyəcək?

Bəs, Xocalı, Kərkicahan, Malıbəyli, Daşaltı faciələrinin baiskarları layiqli cəzalarına çatmayacaqlar? Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Xankəndi… həsrətimizə son qoyulmayacaq?         

***

…Aprelin 1-dən 2-nə keçən gecə onsuz da atəşkəs barədə müqaviləyə əhəmiyyət verməyən bədnam qonşumuz, cəbhənin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində fəallaşaraq, ayrı-ayrı ərazilərdə ciddi təxribatlar törətməklə mövqelərimizə qarşı hücuma keçdilər. Fürsətcil ermənilər bu vaxtı elə-belə, təsadüfən seçməmişdilər; həmin dönəmdə ABŞ-da beynəlxalq nüvə sammitində iştirak edən Azərbaycan prezidenti hələ vətənə qayıtmamışdı. Təhlükəli vəziyyət barədə cənab İlham Əliyevə təcili məruzə edildi, daim döyüşə hazır Silahlı Qüvvələrimiz nəinki xain yağıların təcavüzkar planlarını pozdu, hətta sürətli əks-hücumla Talış, Seysulan, Cocuq-mərcanlı, Odundağ və digər strateji mövqelərə nəzarəti ələ aldı. Çaşqın durumda qalan dikbaş, şərəfsiz, qorxaq düşmən, döyüş meydanında silahlarını, texnikasını, hərbi sursatını, meyitlərini atıb qaçdı. Türk övladı zatən igiddir, cəsurdur, rəşadətlidir; indi onu daha da coşduran halal torpağı uğrunda haqq savaşına qalxması və 23 ildir ki, belə bir məqamı gözləməsi, qələbəyə susaması idi. Vələdüzina erməninin ləyaqətsizliyi, yaramazlığı, xəyanətkarlığı çoxdan təsdiqlənmiş, sübuta ehtiyacı olmayan həqiqətdir; indi onu tamamilə gözüqıpıq edən, birdəfəlik vasitəyə çevirən özgə ərazilərində mənasız müharibəyə məcburiyyətlə alçaldığını anlamasıydı. Vahimələnən dığalar azacıq çətinliklə rastlaşan kimi, beynəlxalq hüquq normaları yadlarına düşdü. Yalançı göz yaşları ilə fəryad qoparıb müxtəlif konvensiyaların tələblərini sayıqlamağa başladılar. Yenidən dünyanın ayrı-ayrı nöqtələrindən atəşkəs çağırışları eşidildi, Qarabağ münaqişəsinin “sülh yolu ilə həllinin əhəmiyyəti” barədə moizələr səsləndi. Və beləliklə “dördgünlük” savaş qəhrəman ordumuzun tam üstünlüyü və qələbəsi ilə başa çatdı. Əslində bu, müharibənin yekunu deyildi, Qarabağ uğrunda haqq mübarizəmizdə bir döyüş, əməliyyat idi...

***

Bu il həmişəkindən solğun doğuldu aprel günəşi... Elə buludların arasından boylanmışdı ki, torpağı igid oğulların qanına bələnmiş, səmanı şəhid ruhları ilə bəzənmiş gördü. Və belə müqəddəsliyin əzəməti qarşısında tab gətirməyib baxışlarını gizlətməyə məcbur oldu. Neçə-neçə valideyn yatağından hövlnak qalxdı o gecə - ataların yerinə qor doldu sanki, analar yuxusunu qarışdırdı. Şamaxı rayonunda yaşayan Kaçayevlər ailəsi də çox narahat, dirigözlü açdılar səhəri. Əminə xanımın halı pisləşdi, qonum-qonşu başına yığıldı, həkim çağırmaq istədilər, razılaşmadı. Təkcə ciyərparəsinin – yeganə oğlunun adını çəkdi, Samiri soruşdu. Ona ürək-dirək verdilər: “Ayağından yüngül yaralanıb, Bakıya –xəstəxanaya gətirirlər, gedib sarılarsan boynuna...”

Deyəsən, bir az inandı, özündə təpər tapdı, sakitləşdi ana. Nəhayət axşama yaxın əziz balası da “gəlib çıxdı”; amma bu dəfə üçrəngli bayrağımıza bükülmüş vəziyyətdə, dəmir tabutun içərisində...          

          

***

1994-cü il, martın 5-də Çuxuryurdda, İzəddin kişinin ocağında bir oğlan uşağı dünyaya göz açdı, adını Samir qoydular. Tanrının bu gözəl payına çox sevindilər, ev-eşiyin sükutu pozuldu, işığı artdı, hərarəti çoxaldı elə bil. Böyüdükcə ailənin, məhəllənin, məktəbin sevimlisinə çevrildi Samir. Dostları, yoldaşları arasında tərbiyəsi, istedadı, işgüzarlığı, fərqli düşüncələrilə seçilirdi. Ən əsası, həyat yükünü özü çəkər, kimsəyə əziyyət vermək istəməzdi. Uşaqlıqda atasının aldığı plastilindən müxtəlif fiqurları düzəltməklə meylini sənətə saldı, illər keçdikcə heykəltəraş olmaq istəyi qəlbinin dərinliklərində möhkəmləndi. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olundu, bakalavr pilləsini əla qiymətlərlə başa vurdu. Ötən il uğurla imtahan verib magistraturada təhsilini davam etdirmək şansı qazandı.       

Tələbəlik illərində də nüfuzlu tədbirlərdə, sərgilərdə, müsabiqələrdə maraqlı əsərləri ilə iştirak etdi. 2014-cü ildə keçirilən “AZNAR” , “Milli dəyərlərimiz” sərgilərinə qatıldı, eyni zamanda ölkənin hüdudlarından kənarda baş tutan “Hamı birlikdə” adlı sərgidə, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə  “Bakı 2015” İlk Avropa Oyunları, Fransa, Türkiyə, İsveçrə sərgilərində aktiv iştirakı ilə yadda qaldı. İstedadlı heykəltəraşın xeyli əsəri şəxsi kolleksiyalarda saxlanılır. Xoşbəxt idi – həm ürəyindəki arzuları yavaş-yavaş reallaşdırdığına, həm də ödənişsiz bölümdə təhsil alıb valideynlərinə əziyyət verməyəcəyinə görə. Lakin burada da vətənə məhəbbət elmə həvəsə üstün gəldi: yalnız hərbi xidməti yerinə yetirdikdən sonra biliklərini kamilləşdirəcəyi qərarını qətiləşdirdi...

Şəhid əsgərimizin dəfni də izdihamlı keçib. Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları Aqil Abbas, Məlahət İbrahimqızı və Sevinc Hüseynova mərasimdə iştirak ediblər. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kollektivi 150 nəfərlə təmsil olunub. Tələbə yoldaşları Mahirə Qasımova və Nəzrin Xələfova kütləvi informasiya vasitələrinin əməkdaşları ilə söhbətlərində Samirin istedadlı heykəltəraş olduğunu, ətrafdakılara qarşı xeyirxahlığını, doğma vətəni Azərbaycanı dünyalar qədər sevdiyini söyləyiblər. Çıxış edənlər 200 ildən bəri erməni daşnaklarının Azərbaycan torpaqları hesabına “böyük Ermənistan” yaratmaq kimi xülyaları barədə danışıblar. Vurğulanıb ki, artıq Azərbaycan Ordusunun mənfur düşmənə tutarlı cavab vermək vaxtı çatıb. Şübhə yoxdur ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, ordumuzun qüdrəti düşməni layiq olduğu yerdə oturdacaq, şəhidlərmizin qanı yerdə qalmayacaq.

***

Bu yazını hazırlayarkən Samir Kaçayevin 4 il təhsil aldığı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında oldum, müəllimləri, tələbə yoldaşları ilə görüşdüm. Foyedəki qara çərçivədən boylanan rəsmi yenə də bəxtəvərcəsinə gülümsəyirdi. Təhsil ocağının prorektoru Azad Zeynalov onu böyük hörmət və məhəbbətlə yada saldı. Bildirdi ki, Samirin şəhidlik məqamına yüksəlişindən üç gün sonra akademiyada kövrək notlu anım tədbiri keçirilib. Tələbə və müəllimlər ürək sözlərini bölüşüblər, onu tanıyanlar da, tanımayanlar da göz yaşlarını saxlaya bilməyiblər. Çıxış edənlər eyni zamanda bu döyüşlərdə düşmən tərəfinin verdiyi itkilərdən danışıb, 25 ildən sonra qazanılan qələbənin ilk saatlarında qurban gedən şəhidlərdən birinin də Samir Kaçayev olduğunu deyiblər.

Xalq rəssamı, ADRA-nın rektoru Ömər Eldarov isə gənc heykəltəraşı belə xatırlayır: “Samir gözəl diplom işi hazırladı. Əla qiymət aldı. Akademiyamızın ən nümunəvi tələbələrindən idi. Dost kimi də, tələbə kimi də, gənc kimi də, kollektiv üzvü kimi də nümunə idi.  Biz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bütün professor və müəllim heyəti, tələbələrlə birlikdə ağır da olsa, gənc və istedadlı tələbəmizin dəfnində iştirak etməyə getdik. Ailəsinə minnətdarlıq bildirdik. Dedik ki, belə oğul böyütdüklərinə, tərbiyə etdiklərinə görə sağ olsunlar. Heyf ki… vaxtsız həlak oldu… müharibə, müharibədir. O, məharətli heykəltəraş idi. İşlərində fərqlilik və mükəmməllik vardı. İnanmaq olmur ki, Samir Kaçayev belə uzaq dağ kəndində doğulub böyümüşdü. Onunla münasibətdə belə rəy yaranırdı ki, sanki mərkəzdən gəlib. Dərsi və sənəti dərinliklərinə qədər mənimsəməyə çalışırdı.  Nəzəri və praktiki cəhətdən də kamil və mükəmməl idi. Onun əl işləri çox yüksək qiymətləndirilirdi və  satılırdı da. Onun simasında Azərbaycan böyük və istedadlı bir heykəltəraşını itirdi. Mən bütün cavanlara cansağlığı və hərbdə qazanılmış xoşbəxtlik arzulayıram. Qoy onlar heç vaxt gülləyə, mərmiyə tuş gəlməsinlər!”

ADRA heykəltəraşlıq kafedrasının müdiri Sevil Süleymanova: “Samir bizim sevimli, istedadlı, gələcəyinə böyük ümidlər bəslənən tələbəmiz idi. Heykəltəraşlığa həvəsi, məhəbbəti ölçüyə sığmazdı, əsl sənət vurğunu idi. Ucqar dağ kəndində doğulub boya-başa çatmış bir gənci yaradıcılığa meylləndirən səbəblər barədə düşünəndə, bunu həm də ilahi vergi ilə əlaqələndirməyə bilmirsən. Ömür payı uzansaydı, şübhəsiz ki, gələcəyin görkəmli sənətkarıyla eyni cərgədə dayanacaqdı. Ona I kursdan dərs demişəm. Tərbiyəsi, təvazökarlığı ilə yanaşı, çox mərd, cəsarətli, qorxu nə olduğunu bilməyən, lazımi anda haqqın müdafiəsinə qalxmağı bacaran insan kimi tanınmışdı. Torpaqlarımızın düşmən tapdağında qalması, soydaşlarımızın ev-eşiklərindən didərgin düşmələri iç dünyasında çox dərin, acı, təsirli iz buraxmışdı. Daim təcavüz nəticəsində itirilmiş yurd yerlərinin taleyi və ora dönmək barədə düşünürdü. Qarabağdan söz düşəndə deyirdim, sən rəssamsan, bunları öz işlərində, əsərlərində göstər. Lakin düşmənə nifrəti o qədər güclü idi ki, əlinə silah alıb mənfur ermənilərlə savaşa başlamaq istəyirdi.

...Təhsil ocağımızın müəllim-tələbə kontingenti onu heç vaxt unutmayacaq. Foyeyə girəndə şəklini və xatirə guşəsini gördünüz; hər səhər qarşısına yoldaşları, dostları tərəfindən təzə-tər gül dəstələri, dibçəklər qoyulur, dünən heç akademiyaya aidiyyəti olmayan, yoldan keçən bir şəxs stendin qarşısında ayaq saxlayıb xatirəsini andı, kövrəldi. Biz hər gün dərsə gələndə Samirlə salamlaşır, qapıdan çıxanda vidalaşırıq, çünki, unudulacaq, yaddan çıxacaq  oğul deyil, Allah rəhmət eləsin”.              

Tələbə yoldaşı Zamin Rzayev: “Vaxtımın çox hissəsini akademiyada keçirdiyimə görə buradakı hər kəs mənə doğmadır, əzizdir. Xətrini doğma qardaşım qədər istədiyim Samir də o əzizlərdən biridir. Bizi birləşdirən sənətimiz vardı, emalatxana vardı, çox şey vardı... Əsasən II kursdan sonra yaxınlaşmışdıq, çünki onun xasiyyəti beləydi: əvvəl müşahidə aparır, özünə uyğun cizgilər, bağlayan tellər tapandan sonra münasibət qururdu. Auditoriya və emalatxanalarda – sənət müzakirələrində yaşanan həmin 3 ili həyatımın ən dəyərli məqamlarından sayıram. Mehribançılığı, kimsənin xətrinə dəyməkdən çəkinməsi Samirin ən ümdə xarakterik xüsusiyyəti, mənəvi sərvəti idi; nəinki insanları, heç heyvanları da incitməzdi. Hərdən, belə ürək sahibinin əlinə silah alıb ermənilərə qarşı mübarizəyə qalxmasının bir az ağır olacağını düşünürdük. Lakin vətənpərvərliyi və düşmənə bəslədiyi hədsiz nifrət zəminində bu müqəddəs vəzifəni də tamam-kamal yerinə yetirdi. Ən başlıcası, kimsəyə borclu qalmağı xoşlamırdı; elə vətənin borcunu da ləyaqətlə ödədi...”

Tələbə yoldaşı Nigar Məmmədova: “Samir çox yaxşı insan idi, sədaqətli dost idi, ümumiyyətlə, fərqli idi. Müəllimlərlə, tələbə yoldaşları ilə xoş ünsiyyət qurmuşdu. Bütün günümüz bir yerdə keçirdi: dərsdə, ustad təlimlərində, emalatxanada sənətin sirlərinə yiyələnməyə çalışırdıq. O da öyrənirdi, öyrədirdi; yaranmış çətinliklərlə bağlı köməyimizə çatırdı, heç kimdən məsləhətini əsirgəmirdi. Yoxluğuna inana bilmirik, daim yeri görünür. Ailəsi ilə mütəmadi əlaqə saxlayırıq, dərdlərini yüngülləşdirməyə, təsəlli verməyə çalışırıq. Bacısı ilə çox oxşayırlar bir-birinə, Səbinəni görəndə elə bil, Samiri görürük... (Kövrəlir) Nə isə, məqamı behişt olsun, bir mələk idi – gəldi və getdi”.          

Rəssamlıq Akademiyasının müəllimi Afa Aslanova da facebook səhifəsində duyğulu status yazıb: “Samirciyim! Necə yəni belə? Sən axı magistraturaya qəbul olmusan! Sənin üçün mən əziyyət çəkmişdim, hazırlaşdırmışdım! İndi neyləyim? Sən təhsilini davam etdirməli idin! Sən elə istedadlı, elə intizamlı, nəzakətli, rəhmli, xoşxasiyyət idin! Düz bir il bundan əvvəl səninlə dərsə başladıq. Bir dərsi belə boş buraxmadın. Mühazirələri elə diqqətlə dinləyirdin ki… Səni sevməmək mümkün deyildi! Bir dəfə emalatxanadan iş paltarındaca dərsə gəlmişdin, üst-başın əhəng-palçıqla dolu idi. Dəfələrlə üzr istədin. Dedin ki, əynini dəyişməyə imkanın olmadı… Sən hətta iş paltarında da, o əhəng-palçıqların içərisində də gözəl idin. Yapdığın heykəllərə bənzəyirdi qamətin! Ağlın, intellektin, istedadın bütövlükdə səni tamamlayırdı. Samir, biz səni çox sevirik! Niyə belə oldu? Niyə???”

Biz yaradıcılıq emalatxanasında olarkən mərhum heykəltəraşın qəbirüstü büstünün hazırlıq prosesi (artıq məzarı üzərinə qoyulub) gedirdi. Vətənin bu igid övladını dünyalar qədər sevən dostları, yoldaşları Samirin cismani yoxluğundan keçən qısa müddət ərzində xeyli işlər görüblər. Akademiya emalatxanalarının rəhbəri Rahib Qarayev bildirdi ki, ilk növbədə yarımçıq qalanları tamamlamaq istəyirlər, hansı ki, Samir hərbi xidmətə gedərkən qəlibə yerləşdirmiş, amma prosesi yekunlaşdırmağa macal tapmamışdı. Ümumiyyətlə, şəhid əsgərimizin xatirəsini əbədiləşdirmək üçün geniş planlar nəzərdə tutulub; tədbirlər sırasına yaxın gələcəkdə əsərlərindən ibarət sərginin təşkili, gənc heykəltəraşlar arasında onun adı ilə bağlı müsabiqənin keçirilməsi, qaliblərin Samir Kaçayev mükafatı, prizi ilə təltifi və digər məsələlər daxildir. Tez-tez ailəsi ilə əlaqə saxlayırlar, ötən bazar günü də yığışıb Çuxuryurda gediblər, bayrağımıza bürünmüş, gül-çiçəklərlə örtülmüş məzarı ziyarət ediblər, ailəsi, doğmaları ilə dərdləşiblər. İzəddin ata, Əminə ana təsirlənərək gənclərin boynuna sarılıblar, “sizi görəndə Samirimizi görürük, vaxt tapanda gəlin” deyiblər...    

***

...Rəssamlıq Akademiyasının həyətində Fransanın dahi heykəltəraşı Radenin abidəsi qoyulub – bu, tələbə Samir Kaçayevin əla qiymətləndirilən diplom işidir; həmin əsərlə bakalavr pilləsini uğurla başa vurub, magistraturada oxumaq hüququ qazanmışdı. Eyni zamanda müəllimlərinin, etimadını doğrultmuş, özünü püxtələşmiş heykəltəraş, peşəkar kimi təsdiqləmişdi. Lakin çox keçmədən 22 yaşlı gənc elə bir “diplom işi”nə imza atdı ki, nəinki bu məkanda və zamanda, bütün dünyalardakı əbədi səadətin təminatçısıdır.

...O, tarixən şahinlər oylağı, musiqi beşiyi olan Qarabağı, digər yurd yerlərini qarğa-quzğundan, çaqqallardan, bayquşlardan qorumağa mükəlləf idi – yenidən Vətən gülüstanında bülbüllər ötsün deyə. O, qartal misallı Azərbaycanın qanadını sarımağa, yarasına məlhəm olmağa getmişdi – təzədən qıy vurub aydın səmanın ənginliklərinə qalxa bilməsi üçün. Və beləcə, ömrün baharında ən ali zirvəyə - şəhidlik məqamına yüksəldi; cismini canından da artıq sevdiyi Vətənin torpağına, ruhunu isə səmasına tapşırdı... Həmişə ucalıqlarda, Samir!

Qurban Cəbrayıl  

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com