Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

08 Dekabr

2016
14:14
2300
Repetitorluq rəsmiləşdirilir? – EKSPERTİN ŞƏRHİ
“Konkret məqsəd qarşıya qoyulmayıb”- nə deməkdir?

Son günlər Bakıda repetitorluq edən müəllimlərlə müqavilə imzalanacağı barədə xəbərlər gündəmi zəbt edən məsələlərdən birinə çevrilib. Verilən açıqlamalara və yayılan məlumatlara əsasən məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanmasına dair qərar verilib. Qərara əsasən, təhsil idarəsi hər hansı fiziki və hüququ şəxslə və üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalaya bilər. Bakı şəhəri üzrə  təhsil idarəsinin müdiri M Vəliyevanın sözlərinə görə valideynlərin əlavə ödənişləri hesabına şagirdlərə məktəblərdə əlavə xidmətlər göstərilir. Xidmətlərin qiymətlərini idarə müəyyənləşdirir. Xidmət zamanı məktəbin yerləşdiyi ərazi, sahə, müəssisənin ümumi vəziyyəti, fəaliyyətin növü nəzərə alınır. Bunlara əsasən qiymətlərdə fərq olur. Bu müqavilə çərçivəsində təhsil sisteminə uyğun olan fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir. 

Bu kimi yeniliklər təhsilimizə nə verə bilər, belə bir addımın atılması uzun illərdən bəri mübahisə və polemika obyektinə çevrilən repetitorluğun rəsmiləşdirilməsi anlamına gəlmirmi? Tanınmış təhsil eksperti Nadir İsrafilov  bu və bu kimi digər suallara münasibət bildirib .

Əgər məsələyə konkret yanaşsaq Nazirlər Kabinetinin belə bir qərarının olmasina baxmayaraq, belə bir addımın atılması ilə “Təhsil haqqında” Qanunun 14.3. –“Azərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür” maddəsi arasında kəskin təzad olduğunun şahidi oluruq. Digər bir məsələ. Yenə də həmin Qanununun 3.3 bəndinə əsasən təhsil alanların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünya görüşlü şəxsiyyət kimi formalaşmasını təmin etmək məhz ümumtəhsil məktəbinin vəzifəsidir. Belə çıxır ki, təhsilin keyfiyyəti ilə bağlı problemlərdən çıxış yolunu bilavasitə funksional vəzifəsi olan tam orta təhsil məktəbinin məsuliyyətini artırmaqda deyil, əsas ağırlıq mərkəzini repetitorların çiyninə yükləməkdə görürük. Bu isə dolayısı yolla onsuz da deformasiyaya uğramış məktəb mühitinin daha da dağıdılmasına zəmin yaratmaq anlamına gəlir.

Yox , əgər məsələyə daha geniş prizmadan yanaşılarsa bu məsələ bu günün, dünənin predmeti olmayıb, uzun illərdən bəri reallaşdırılan bir məsələdir. Repetitorluq illərdən bəri buraxılış siniflərindən başlayaraq ibtidai sinifləri, hətta məktəbəqədər müəssisələri də əhatə edərək müxtəlif formalarda intişar tapmaqda davam edib. İş o yerə çatıb ki, hətta pedaqoji leksikonumuza  “bunker repetitoru” kimi yeni və digərindən “fərqləndirici” bir termin də daxil olub. Sadəcə olaraq belə bir hal baş verərsə yenilik ondan ibarət olacaq ki, bu “alternativ peşə” öz əvvəlki qeyri-leqal statusunu dəyişərək rəsmi status qazanacaq. Hesab edirəm ki, paytaxt təhsili müdirinin “Repetitorluqla məşğul olan müəllimlərin məsələsinə gəlincə, bununla bağlı konkret məqsəd qarşıya qoyulmayıb. Amma yaxın gələcəkdə müəllimlərlə də birgə fəaliyyət müqavilələrin imzalanması nəzərdə tutulur” mesajı hazırlığın növbəti mərhələyə daxil olmasına işarədir. “Konkret məqsəd” ifadəsini isə anlamaq o qədər də çətin deyil.

DIM  Direktorlar Şurasının Sədri M. Abbaszadənin təhsilin keyfiyyəti ilə bağlı son açıqlamaları, xususilə də “XI sinifdə buraxılış imtahanı verdikdən sonra məzunların cəmi 50 faizi ali təhsil müəssisələrinə ərizə verir. Yerdə qalan 50 faiz heç ərizə vermir. Onlar da yenə əmək bazarına üz tutur. Ali təhsil müəssisələrinə sənəd verənlərin yalnızı 30-40 faizi ali məktəblərə qəbul olunur”  və ya “Baxmayaraq ki, abituriyent 300-400 bal toplayır, yenə də ali məktəb müəllimləri narazıdırlar. Çünki abituriyentlər mətni oxuyub anlamırlar. Abituriyentlər yalnız test suallarına cavab verir. Kurrikuluma keçid düzgün aparılsaydı, bu uşaqların xeyrinə olacaqdı. Ümidvarıq ki, indi apardığımız işlər müəllimləri də, şagirdləri də düzgün istiqamətdə işləməyə vadar edəcək”. kimi bəyanatının  nəyə hesablanmasını anlamaq üçün də elə güclü zəka sahibi olmaq lazım gəlmir. Dövlət rəsmisinin mütəmadi olaraq təhsilimizin uğursuz göstəricilərini dilə gətirməsi və qabartması dolayısı yolla repetitor xidmətinə ehtiyac olmasına eyham vurması və bu jestlə repetitor institutuna dəstək verməsi  demək deyilsə, bəs bunun başqa adı nədir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli 233 nömrəli qərarı ilə  təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurrikulum)  konseptual sənədə əsasən müasir kurrikulumun ənənəvi təhsil proqramından bir sıra fərqləndirici xüsusiyyətləri vardır ki, bunlardan da biri və ən başlıcası ənənəvi təhsil proqramının bilik yönümlü olmasından fərqli olaraq müasir kurikulumun şəxsiyyət yönümlü olmasıdır, yəni bu dəbə mindirilən və “dillər əzbəri” nə çevrilən sənədə əsasən məktəbin vəzifəsi şəxsiyyət yönümlü vətəndaş hazırlamaqdan ibarətdir.

Təhsil haqqında Qanuna əsasən isə Azərbaycan Respublikasında təhsilin əsas məqsədi dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir. Digər tərəfdən “Qanun”un 19.17. maddəsinə əsasən tam orta təhsil səviyyəsində təhsil alanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata və peşə seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri dəyərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin və tolerantlığın formalaşdırılması, müasir informasiya-kommunikasiya texnologiyalarından və digər texniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur. 

Təhsilalanların hüquq və vəzifələrinə isə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq daxildir. Göründüyü kimi təhsil qanunvericiliyi ilə əlaqədar heç bir rəsmi sənəddə tam orta təhsil məktəbi qarşısında ali məktəbə tələbə hazırlamaq vəzifəsi, o cümlədən də tam orta məktəbi bitirən məzun qarşısında ali məktəbə daxil olmaq öhdəliyi qoyulmamışdır. Elə isə, bu kimi ittiham xarakterli  açıqlamalar və bəyanatlar kimə ünvanlanır və nəyə hesablanır?

Hər halda repetitorluğa rəsmi don geyindirilməsinin yeganə bir “faydası” o ola bilər ki, uzun illərdən bəri davam edən söz-söhbətlərə nəhayət nöqtə qoyular və repetitor xidməti ilə məşğul olanlar rahat nəfəs alar. 

Repetitorluğu rəsmiləşdirmək parnik yolu ilə tərəvəz yetişdirmək  üsuluna əl atmaq deməkdir. Məncə hər şey başa düşüləndir, başa düşülməyən isə bircə odur ki, kim nəyi neçə başa düşür...

Məqalədə : Repetitor 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 14:25

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru