Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2018
11:07
1972
Ramazan - cənnətin bir parçası

İslam bizə öyrədir ki, dünya və axirət məqsədlərinə çatmaq üçün insanın daxilində bir dəyişiklik baş verməlidir. Bir cəmiyyətdə və xüsusi olaraq müsəlman cəmiyyətlərində həmin dəyişiklik baş verməyincə, qəlblər Allahla tanış olmayınca, Allahın yoluna ən üstün və doğru yol kimi baxmayınca və üz tutmayınca müsəlman cəmiyyətlərin problemləri həll olunmayacaq. İlahi hədiyyə və ehtiyat olan, müsəlman xalqın ixtiyarına qoyulmuş ramazan ayının daxilində bizim üçün həmin istiqamətdə dəyərli ərməğanlar vardır. Bir tərəfdən bir təlim və riyazət olan ramazan ayının orucu nəfsə hakim olmaq üçün vasitədir. Nəfsə hakim olmadan, həvəs və ehtirastları cilovlamadan heç bir böyük işi uğurla görmək olmaz. Ramazan ayı öz orucu ilə bu istiqamətdə dəyərli bir təlimdir, məşqdir. Allahın lütfü ilə Əhli-beyt (ə) məktəbinin davamçıları məsumlardan nəql olunmuş duaların vasitəsi ilə bu mübarək ayın axşam, gündüz və gecələrində Allaha dua, Onunla raz-niyaz və münacatlar etdilər. İmam Səccadın (ə) zümzüməsi ilə tanış olan şəxs bizim Allah yolundan, mənəviyyatdan uzaqlaşmağımızın, bizim və bizim kimilərin mənəvi və ruhani dərəcələrdən məhrum olmasnın səbəbinin ehtiraslara uymaqdan və əmmarə nəfsə itaətdən doğan problemlərin olduğunu yaxşı anlayır.

İmam Səccad (ə) Əbu Həmzə duasında deyir ki, ey mənim Rəbbim, məni Sənin itaətindən saxlayan günahımdan ayır. Günah dedikdə əsas məsələ insanın öz ehtirasları və nəfsinə tabe olmasına görə düçar olduğu məsələlərdir. Bu duadan bəlli olur ki, günahlar insanı ucalmağa qoymurlar.

Ramazan ayı başqa bir cəhətə görə də çox diqqətəlayiqdir. Ramazan ayı Allahın bizim maddi dünyamızın qaynar cəhənnəmində yerləşdirdiyi bir cənnət parçası, bu ayda bu ilahi süfrənin başında özümüzü cənnətə daxil etmək üçün verdiyi bir fürsətdir. Bəzi adamlar bu otuz gündə cənnətə daxil olurlar, bəziləri bu otuz günün sayəsində bütün ili, bəziləri bütün ömürlərini cənnət edirlər, bəziləri də onun kənarından xəbərsiz ötürlər. Bu, təəssüflü və ziyanlıdır. Yalnız özünün yox, bu yüksək potensiala malik olan insan məxluqunun belə bir böyük süfrədən istifadə etmədiyini görən hər bir kəsin təəssüflənməyə haqqı var. Bu, ramazan ayı, Allahın ziyafəti və qədr gecəsinin ayıdır.

Hamı ömür boyu almanın ağacdan ayrıldıqda yerə düşdüyünü görüb; dünyada bundan da adi bir iş yoxdur. Amma bir nəfər bunun bir fenomen olduğuna diqqət yetirdi: nə üçün alma aşağıya enir; nə üçün ağacdan ayrılanda yuxarıya qalxmır? Və bununla cazibə qüvvəsi kəşf olundu, bəşər elmində yeni bir qapı açıldı. Bizim həyatımızın bütün adi məsələləri belədir. Qurana baxın: "Nə üçün dəvənin necə yarandığına baxmırlar?" (Ğaşiyə/17). Dəvə ilə gəzən ərəb üçün dəvədən adi bir şey varmı?! Allah insanın diqqətini dəvəyə yönəldir. Biz ətrafımızdakı bu ilahi fenomenlərə diqqət yetirməliyik. Onlardan biri də ramazan ayıdır. Allah ziyafəti kiçik məsələ deyil. Eşitmişik ki, Allah ziyafəti qonaqlıqdır. Özü də elə bir qonaqlıqdır ki, ev sahibi bütün kainatın ixtiyar sahibi olan əzəmətli, elmli, səxavətli və qüdrətli Allahdır. Bu ilahi ziyafətdir və biz ona dəvət olunmuşuq. Bundan istifadə etmək lazımdır. Bundan necə istifadə etmək olar? Bizim ixtiyarımızda qoyulanlarla - orucla, namazla, müstəhəb işlərlə, dua ilə, ibadətlə, zikrlə, raz-niyazla. Əgər bu işlərlə məşğul olsaq və biz ruhanilər öz dinləyicilərimizi də bu işlərə cəlb edə bilsək, bu ölkə bir cənnət parçasına çevriləcək, dünya və axirət düzələcək: "Əgər o məmləkətlərin əhalisi iman gətirib təqvalı olsaydılar, sözsüz ki, göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq" (Əraf/96). Bunlar ilahi vədlərdir, şişirtmə deyil. Allah-Taala yerin və göyün bərəkətlərini təqvalı xalqa açacaq. Təqva da sözügedən işlərlə əldə olunur.

Məqalədə : Ramazan ayı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 06:36



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com