Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

29 Oktyabr

2016
10:45
912
Qubad İbadoğlunun Azərbaycan Prezidentindən istəyi və beynəlxalq təşkilatda Ermənistan şərti
"Dövlət başçısına müraciət etməkdə bir məqsədimiz də ondan ibarət idi ki, o prosesə müdaxilə eləsin"

Məlum olduğu kimi, Astanada Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) üzrə beynəlxalq rəhbər komitənin 35-ci iclasında müzakirə olunan əsas məsələ Azərbaycanın fəaliyyətinin dayandırılması olub. Gərgin müzakirələrdən sonra bu qərar qəbul olunmayıb və 4 ay sonra keçiriləcək iclasa qədər Azərbaycan hökuməti qarşısında şərtlər qoyulub. Bu iclasda iştirak edən Mədən Sənayesində Şəffaflığın Artırılması" QHT Koalisiyasının rəhbəri Qubad İbadoğlu ötən gün vətənə  dönüb və ilk müsahibəsini “Yeni Müsavat” qəzetinə verib.

- Qubad bəy, bu iclasda məhz Azərbaycanla bağlı məsələnin qoyulmasının səbəbi nə idi?

- Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə rəhbər komitənin təmsilçiləri olaraq bu il iyulun 1-də Osloda razılaşmışdıq ki, Azərbaycanla bağlı müzakirəni növbəti iclasımızda yekunlaşdıraq. Çünki iki ildən çoxdur ki, hər iclasda Azərbaycanla bağlı aktiv müzakirələr olur. Osloda qərara gəldik ki, Azərbaycan da daxil olmaqla 15 ölkəyə qiymətləndirici missiya göndərək. Mən özüm də qiymətləndirmə komitəsinin üzvüyəm. Bizim missiyamız bu günə qədər Azərbaycan da daxil olmaqla 13 ölkədə işini yekunlaşdıra bilib. 13 ölkədən 6-nın hesabatı müzakirədən keçdiyinə görə və qiymətləndirmə komitəsində qoyulduğuna görə  həmin 6 ölkə üzrə müzakirəni davam etdirib qərar verməli idik.  

Azərbaycanla bağlı məsələni rəhbər komitə əvvəlcədən planlaşdırmışdı. Azərbaycanın  qiymətləndirmə hesabatı onu göstərirdi ki, ölkəmiz fəaliyyətini dayandırmalıdır. Düzdür, seçim imkanları var idi, ancaq o variantlar bir-birindən o qədər də fərqlənmirdi. Bir seçim Azərbaycanın ümumiyyətlə MSŞT-dan çıxarılması idi, ancaq bu real görünmürdü. Bir çox QHT-lər müraciət etmişdilər ki, Azərbaycanın statusunu qaytaraq, Azərbaycan bu təşəbbüsdən çıxarılmasın. Ona görə də Azərbaycanın çıxarılması məsələsi müzakirə olunmayıb. “Financial Times” qəzeti yazırdı ki, Azərbaycanın QHT-ləri ölkələrinin təşkilatdan çıxarılmasına çağırış ediblər, bu yanlış fikirdir. 

Məsələ bundan ibarətdir ki, çıxarılma məsələsi real variant olmayıb və heç bir QHT tərəfindən dəstəklənməyib. Qeyri-hökumət təşkilatları həm beynəlxalq, həm də yerli səviyyədə Azərbaycanın həmin təşəbbüsdə qalmasının tərəfdarı olduğunu dəfələrlə bəyan ediblər. Fikir müxtəlifliyi ondan ibarət idi ki, beynəlxalq QHT-lər Azərbaycanın fəaliyyətinin dayandırılmasına çağırırdılar. Yerli QHT-lərin fikirləri  isə ikiyə bölünmüşdü. MSŞT Koalisiyasına üzv olan təşkilatlardan 11-nin rəhbəri,  rəhbər komitə olan Şuraya daxildir. 11 nəfərdən 6-ı müraciət göndərmişdi və bu müraciətdə Azərbaycandakı mövcud situasiya dəyərləndirilirdi. 

Həmin dəyərləndirmədən sonra biz eyni zamanda Azərbaycanın bu statusda qalmasını, namizəd statusunun saxlanılmasını, Azərbaycanda dəyişikliklərin baş verdiyini bəyan edərək ölkəmizə növbəti dövr üçün islahedici tədbirlər planının təqdim olunmasına çağırmışdıq. Bu müraciətdə həmçinin Azərbaycanda yüksək səviyyəli missiyanın göndərilməsi də  xahiş olunurdu. 11 nəfərlik Şura üzvündən digər 5 nəfərin müraciətində isə yalnız Azərbaycanın statusunun qaytarılmasına çağırış var idi, başqa məsələlərə  münasibət yox idi.

- Astanada əsasən hansı variant  müzakirə olunurdu?

- O iclasda nə Azərbaycanın statusunun qaytarılması, nə də ölkənin təşəbbüsdən çıxarılması gündəmdə deyildi. Gündəmdə olan Azərbaycanın fəaliyyətinin dayandırılması idi. Azərbaycanın fəaliyyətinin dayandırılmasının fəsadlarını biz əvvəlcədən görə bilirdik. Hökumət son olaraq müəyyən addımlar atmışdı. Bu addımlar çox qısa müddətdə ciddi dəyişikliklərə gətirib çıxartdı. Bu daha çox praktiki problemlərin həllinə yönəlmişdi. QHT-lərlə bağlı hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində yeganə addım isə prezident fərmanının imzalanması idi ki, xarici qrantların qeydiyyatı ilə bağlı “bir pəncərə sistemi”nə keçirilsin. O baxımdan praktiki problemlər həll olunmuşdu və bununla bağlı problemlər MSŞT qrupuna getmişdi. Ancaq ortada hesabat var idi və qiymətləndirmə hesabatında bunların heç biri nəzərə alınmamışdı. Çünki qiymətləndirmə hesabatının son müddəti oktyabr ayının 10-da idi. Ona görə də Azərbaycanla bağlı müzakirələr çox uzun çəkdi, bir neçə iclas bu məsələyə həsr olundu. Yekun qərar da ondan ibarət oldu ki, Azərbaycanın statusu olduğu kimi qalır, namizəd kimi fəaliyyətini davam etdirir. Eyni zamanda ölkəmizə növbəti toplantıya qədər islahedici tədbirlər proqramı təqdim olundu. Bununla yanaşı qərar qəbul olundu ki, iyunun 26-da  Azərbaycana qiymətləndirici göndərilsin.

- İslahedici tədbirlər proqramında hansı tələblər var?

- Bu proqram daha çox MSŞT-nə üzv olan təşkilatların problemlərinin həllinə yönəlib. Qiymətləndirmə də göstərdi ki, bizim ən çətin məsələmiz Azərbaycanda vətəndaş cəmiyyətinin prosesdə iştirakı ilə bağlıdır. Proqrama prosesdə iştirakı əngəlləyən mövcud qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsi və bu qaydaların ləğvi nəzərdə tutulur. Birincisi, bundan sonra hər iki ildən bir reysterdən çıxarış alması MSŞT-nə üzv olan təşkilatlara şamil olunmur. İkincisi, bu təşkilatların MSŞT-dan aldığı qrantlar qeydiyyatdan keçirilmir. Üçüncüsü, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə dəstək verən xarici donorların fərdi qrantları müvafiq orqanlardan təsdiqlənmədən təşkilata verilir. Azərbaycan hökuməti bizim növbəti iclasımıza qədər bu 3 dəyişikliyi etməlidir. Növbəti iclasımız martın 8-9-da Kolumbiyanın paytaxtı Baqotada olacaq. Azərbaycanın 4 aydan bir az çox vaxtı var. Bu müddət ərzində sözügedən dəyişiklər edilməsə yenidən Azərbaycanın fəaliyyətinin dayandırılması məsələsi gündəliyə gələcək. Əgər edilibsə, ölkəmiz fəaliyyətini davam etdirəcək. İyunun 26-da  Azərbaycanda yenidən qiymətləndirmə başlayacaq və problemlərin nə dərəcədə həll edildiyinə baxılacaq.

- Hansı meyarlar üzrə qiymətləndirmə həyata keçiriləcək?

- Bizim vətəndaş cəmiyyəti protokolu var və həmin protokola görə, QHT-lərin söz, ifadə, birləşmək azadlığı və qərarların qəbulunda iştirak imkanları qiymətləndiriləcək. Həmçinin bizim standartın 1.4 - çoxtərəfli qrupun idarə edilməsi tələbi üzrə 2.6 standartı ilə bağlı - Dövlət Neft Şirkətinin prosesdə iştirakı, bu şirkətin xərcləmələri  ilə bağlı qiymətləndirmə aparılacaq. Sonuncu blok qiymətləndirmə isə Azərbaycanda MSŞT-nün fəaliyyətinin nəticələri üzrə olacaq.

- Bu tələblərin qoyulması və ölkəmizə konkret olaraq vaxt verilməsi ilə bağlı hökumətə müraciət etmisinizmi?

- Biz bu ayın 11-də Koalisiya adından Azərbaycan prezidentinə məktub ünvanlayaraq narahatçılığımızı bölüşmüşdük. Dövlət başçısına müraciət etməkdə bir məqsədimiz də ondan ibarət idi ki, o prosesə müdaxilə eləsin, işi nəzarətə götürsün. Əgər ölkə başçısı prosesə müdaxilə etməsəydi, bəlkə də Azərbaycanın fəaliyyətini dayandıracaqdılar. Bizim məktubdan sonra qısa müddətdə təşkilatların, qrantların qeydiyyatı məsələsi, reyestrdən çıxarış məsələləri həll olundu. Bizim Şuranın üzvü olan Oqtay Gülalıyevin özünə və ailəsinə  qarşı açılan cinayət işinə xitam verildi. Bəzi təşkilatların  vergi cərimələrinin aradan qaldırılması ilə bağlı addımlar atıldı. Prezident həmçinin  xarici donorların fəaliyyətinin “bir pəncərə sistemi” ilə sadələşdirilməsi ilə bağlı sərəncam imzalandı. Bütün bunlar baş verməsəydi, yəqin ki, Azərbaycanın MSŞT-də fəaliyyətinin dayandırılmasının qarşısını almaq mümkün olmayacaqdı.

- Bəzi QHT-lər isə atılan bu addımları yetərli hesab etmirlər. Siz necə?

- Təbii ki, bütün bunlar ona görə baş verdi ki, koalisiya bu məsələni birbaşa dövlət başçısı səviyyəsinə qaldırdı və bu addımlar atıldı. Təbii ki, sadəcə bununla Azərbaycan vətəndaş cəmiyyətinin problemlərini həll etmək mümkün deyil. Bu dəyişikliklər yalnız  MSŞT-nə üzv olan təşkilatlara şamil olunur, əlavə olaraq bizim özümüzün fəaliyyətimizin dayanıqlı olması üçün mütləq qanunvericilikdə dəyişikliklə baş verməlidir. Son iki ildə qanunvericilikdə 26  dəyişiklik edilib, onun çoxu məhdudlaşdırıcı xarakter daşıyır.  Bu baxımdan qanunvericilik üzərində ciddi iş getməlidir.

- “Financial Times” ABŞ Dövlət Departamentinin nümayəndəsinin də iclasda Azərbaycanı müdafiə etməsi və hətta yekun qərara təsir etməsi barədə yazmışdı. Bu doğrudurmu?

- Əvvəla, Azərbaycan vətəndaşı olduğumuza görə ölkəmizlə bağlı müzakirələr bizim iştirakımız olmadan keçirildi. O baxımdan mən müzakirələrdə kimin hansı mövqe tutduğunu bilmirəm. Təbii ki, ABŞ Dövlət Departamentinin nümayəndəsinin də fikrini demək hüququ var idi, şirkətlərin də. Bizdə qərarlar konsensusla qəbil olunur, bu baxımdan razılıq olmasaydı qərar Azərbaycanın xeyrinə qəbul olunmazdı. Düşünürəm ki, onların da razılığı olub.

-  O iclasda məhz ABŞ-ın Azərbaycanı xilas etməsi doğrudurmu?

- Xeyr, bu, doğru deyil. Əvvəla, ABŞ hökuməti  orada qərarlara birbaşa təsir etmək imkanına malik deyil. Orada qərarlar heç bir hökumətin təsiri ilə qəbul edilmir. Əksinə, vətəndaş cəmiyyəti üzvlərinin, investorların iştirakı ilə qəbul edilir. ABŞ Dövlət Departamentinin mövqeyi bəllidir, onlar istəyir ki, Azərbaycan şəffaflıq təşəbbüsündə qalsın. Çünki bu Azərbaycanın investisiya cəlbediciliyini artıra bilər. Azərbaycanın enerji resurslarının Avropaya çıxmasını təmin edən Cənub Qaz Dəhlizi layihəsi də gündəmdədir ki, bu da Amerikanın marağındadır. Bu baxımdan ABŞ-ın mövqeyi anlaşılandır. Lakin bu məsələdə Azərbaycan hökumətinin atdığı addımlar önəm kəsb edir. Hökumətə konkret məsələlər təqdim olunub. Adətən hökumət nümayəndələri gözləyib, son günlərdə  tələsik addımlar atırlar. Bu fəaliyyətin nəticələrini beynəlxalq təşkilatlara təqdim etmək çətindir. Mən ümid edirəm ki, bu dəfə Azərbaycanın hakimiyyət dairələri bu məsələnin ciddiliyini nəzərə alacaqlar və bu gündən etibarən fəaliyyətə başlayacaqlar. Əks təqdirdə İdarə Heyətinin növbəti iclasında Azərbaycanın Təşəbbüsdə fəaliyyətinin dayandırılmasından  başqa alternativ qalmayacaq.

- O iclasda Azərbaycana qarşı qərəz vardımı?

- Məsələ sadəcə ondan ibarətdir ki, burada yerli və beynəlxalq QHT-lərin hərəsinin öz məqsədləri var. Bizim MSŞT-da olmaqda məqsədimiz odur ki, bundan bir imkan kimi istifadə edək. İstifadə edirik, təşkilatları, qrantları qeydiyyatdan keçiririk və sair. Biz Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə vətəndaş cəmiyyəti üçün bir imkan, şans və platforma kimi baxırıq, perspektiv  baxımından qiymətləndiririk. Bəzi beynəlxalq təşkilatların yanaşması ondan ibarətdir ki, MSŞT Azərbaycandakı problemlərin həlli üçün hakimiyyətə siyasi təzyiq etmək üçün bir vasitə ola bilər. 

Onlar da bir vasitə kimi baxırlar və fəaliyyətlərini sadəcə koalisiya ilə məhdudlaşdırmaq istəmirlər, siyasi məhbus məsələsini qaldırılar, repressiyaları qaldırırlar. Bu da onların işidir. Bizim fikir ayrılığımız yalnız oradadır. Ümumilikdə hər iki tərəf Azərbaycanın MSŞT-də qalmasının tərəfdarıdır və “Financial Times”də gedən məlumatlar yanlışdır. Bu yanaşma isə təkcə Azərbaycana qarşı deyil. Hətta Norveçin qiymətləndirməsi də göstərdi ki, orada da problemlər var. Bu ABŞ-da da ola bilər. Çox güman ki, növbəti iclasda 3 ölkəni bu Təşəbbüsdən çıxaracağıq, onlardan biri də Tacikistan ola bilər.

- Ermənistanın da Təşəbbüsə qoşulması gözlənilirmi?

- Ermənistanla bağlı 3 ilə yaxındır ki, danışıqlar gedir. Dünya Bankı bunun üçün  onlara texniki dəstək verir. Mən bu iclasda Ermənistan məsələsini də qaldırdım və bəyan etdim ki, əgər Ermənistan Təşəbbüsə qoşularkən Azərbaycanın işğal edilmiş rayonlarından əldə etdiyi gəlirlərlə  bağlı məlumatı hesabata daxil edəcəksə, biz Ermənistanın Təşəbbüsdə iştirakının əleyhinəyik. Həm İdarə Heyətinin sədri, həm də beynəlxalq katibliyin rəhbəri bundan sonra münasibətlərini bildirdilər və açıq mətnlə dedilər ki, Ermənistanın qəbulu şərtlə olacaq. Biz Ermənistanın qarşısını şərt qoyacağıq ki, təşəbbüsə qoşulandan sonra yalnız öz əraziləri çərçivəsində dağ-mədən sənayesindən əldə etdiyi  gəlirləri hesabata daxil edə bilər. Ermənistan işğal etdiyi ərazilərlə bağlı məlumatları isə hesabata daxil etməmək öhdəliyi götürəcək. Ümid edirəm ki, növbəti iclasda MSŞT bir qlobal institut olaraq Ermənistanın işğalçı ölkə olmasını bir daha təsdiq edəcək. Bu məsələdə mən dövlətin maraqlarını və hakimiyyətin mövqeyinin qorunması üçün çalışacağam və mübarizə aparacağam.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com