Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2018
14:31
İngiltərədə dünyanı narahat edən addım: MƏSCİD PARTLATMAĞA 1000 BAL!

Hacı İlham Əliyev: “Onlar bunu çox gözəl başa düşüb dərk edirlər ki, artıq XXI əsr müqəddəs İslamın, müsəlmanların dünyaya yenidən hakimlik edəcəyi əsrdir”

Hədəflərdən birincisi İslam təlimatının gözdən salınması, müsəlmanları dünyaya cahil, mədəniyyətdən və elmdən geridə qalmış kimi təqdim etmək, ikincisi isə Avropada müsəlmançılığı qəbul etmək istəyənlərin gözünü qorxutmaq, İslamdan uzaqlaşdırmaqdır.

Xəbər verildiyi kimi, Böyük Britaniyanın London, Bredford, Lester, Kardif, Şeffild  və s. şəhərlərinin sakinləri poçtla aprelin 3-də müsəlmanlara qarşı kütləvi hücum və qətliamlar həyata keçirməyə çağırış edilən məktublar alıb. Bu ölkənin “The Guardian” nəşri xəbər verir ki, naməlum şəxslər məktublarda xristian, yəhudi və digər dinlərdən olan yerli Britaniya sakinlərini “Müsəlmanlara Cəza Günü”ndə iştirak etməyə çağırırlar. Artıq bu haqda dünyanın digər aparıcı media vasitələri məlumat yayıb.

Sözügedən çağırışda İslam tərəfdarlarına qarşı icra ediləcək şiddətli hərəkətlərin siyahısı və onların həyata keçirilməsinə görə əldə edilə biləcək ballar göstərilir. Məsələn, mömin qadınların hicablarının çıxarılmasına görə 25, müsəlman kişi və ya qadının öldürülməsinə görə 500, məscidləri partlatmağa görə isə 1000 bal nəzərdə tutulur. Məktubda hətta müqəddəs Məkkəni də nüvə zərbəsi ilə partlatmağa çağırılır və buna görə 2500 bal vəd edilir. Xüsusilə,  möminləri öldürmək, onların üzərinə yandırıcı turşu tökmək, həmçinin məscidlərə od vurmaq və partlatmağa çağırışlar edilir...

Bəs, islama, islam müqəddəsatlarına, müsəlmanlara qarşı bu aqressivliyin, xaçlı münasibətin kökündə hansı səbəblər dayanır? 

FaktXəbər-in məlumatına görə, məsələ ilə bağlı fikirlərini bildirən Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev hesab edir ki, dünyanın müxtəlif yerlərində, xüsusən də Qərb ölkələrində baş verən bu cür hallar beynəlxalq aləmdə İslam mədəniyyətinin intibah dövrünün başlanması ilə əlaqədardır. İslam mədəniyyətinin dünyada sürətlə yayıldığını, bəşəriyyətin bu dinə marağının gündən-günə artmaqda olduğunu, ümumiyyətlə insanların mənəvi-dini dəyərlərə yönəlməyə başladıqlarını xatırladan Hacı İlham dedi ki, bu proses Qərbin bəzi dairələri üçün qəbuledilməzdir və onları narahat edir: “İslam aləmində "qoca tülkü" ləqəbi ilə tanınmış Britaniyada müsəlmanlara qarşı atılan bu addım heç də yeni bir hərəkət deyil. Onlar sadəcə bu napak niyyətlərin gizli surətdə həyata keçirirdilər. İndi isə dünya çox dəyişib, hamı açıq kartla oynayır, hamı "səmimi" olaraq heç kimdən heç nəyi gizlətmək istəmir. Həqiqət isə daha ciddi və daha mürəkkəbdir. Çünki onlar bunu çox gözəl başa düşüb dərk edirlər ki, artıq XXI əsr müqəddəs İslamın, müsəlmanların dünyaya yenidən hakimlik edəcəyi əsrdir. Avropada dayanmadan İslam və müsəlmanlar artır, inkişaf edir. Müsəlmanlara qarşı "soyqırımı günü" təyin etmək onların sonunun yaxınlaşmasının göstəricisidir.

Texnologiya onların əlində olmasına baxmayaraq, müqəddəs İslamla üzləşdikdə özlərinin məğlubiyyətini, İslam ümmətinin isə tərəqqisini müşahidə edirlər. Bu isə onlar üçün dözülməzdir. Odur ki, İslamofob düşüncələri ilə hər iki hədəfi nişan almaq istəyirlər. Hədəflərdən birincisi İslam təlimatının gözdən salınması, müsəlmanları dünyaya cahil, mədəniyyətdən və elmdən geridə qalmış kimi təqdim etmək, ikincisi isə Avropada müsəlmançılığı qəbul etmək istəyənlərin gözünü qorxutmaq, İslamdan uzaqlaşdırmaqdır. Bu hədəfin arxasında isə sivilizasiylararası münasibətləri kəskinləşdirmək, insanları toqquşma müstəvisinə çəkmək niyyətləri dayanır. Şübhəsiz ki, bu hərəkətlərə kənardan hansısa bir üçüncü qüvvə rəvac verir. Və həmin qüvvənin sadəcə adi bir vətəndaş, yaxud hansısa dövlətdən kənar təşkilatlanmış bir qurum olduğunu düşünmək sadəlövhlük olardı. Şübhə etmirəm ki, belələri rəsmilərin, birbaşa desək, supergüclərin sifarişi və “qanadı” altında qeyri-rəsmi fəaliyyət göstərən qüvvələrdir. Onlar sifarişlə dinlərarası münaqişə yaratmağa çalışırlar və düşünürlər ki, bu vasitələrlə İslam dininin yayılmasının qarşısını ala biləcəklər”.

İ.Əliyev belə qənaətə gəldiyini bildirdi ki, bu, İslama müxalif olan adamların, dövlətlərin acizliyindən xəbər verir: “Onlar həmin vasitələrə əl atmaqla öz acizliklərini etiraf etmiş olurlar. Və təcrübə də bunu göstərir ki, belə çirkin hərəkətlərin baş verdiyi ölkələrdə insanların  dinə, Qurani-Kərimə maraqları artır, İslam dininin nüfuzu böyüyür”. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Hacı İlham Əliyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 17:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com