Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 Oktyabr

2016
13:48
2888
Mən səni söyürəm, sən məni söymə

Aşağı-yuxarı İslam dini ilə tanışlığım 1990-cı ildə buraxılmış təqvimin orta hissəsində dərc edilmiş “Fatihə” surəsinin Azərbaycan dilində oxunuşunun əzbərlənməsi ilə başlayıb.

Hələ onda 12 yaşım var idi. 

Daha sonra “Xəzər” jurnalında Peyğəmbərlərin həyatı barədə dərc edilən yazıları oxumağa başladım. Ardınca atamın 1991-ci ildə aldığı və Bilkiz Ələddinin qələmə aldığı “Məhəmməd Peyğəmbərin hekayəti” adlı kitabla tanış oldum. Bundan sonra da namaz qılmaq həvəsinə düşdüm. Kənddə sadəcə bir nəfərin -  yeni gəlmiş mollanın namaz öyrətdiyini bilib, yanına getmək istədim. Amma dərslərimin çoxluğundan bu istəyimi gerçəkləşdirə bilmədim. İllər sonra biləcəkdim ki, o vəhhabidir.

Sözüm bunda deyil.

Bakıya gəldiyim 1997-ci ildən Məhərrəmlik və Aşuranın nə olduğun, daha doğrusu, rayonda olarkən “Qətl sınan gün” kimi tanıdığım və insanların qəbiristanlığa gedərək öz ölülərinin qəbirlərini təmizlədiyi günün Aşura olduğunu bildim.

Sözüm bunda da deyil.

Sözüm budur ki, müəyyən qrup dairələr var, il boyu oturub, məhz Məhərrəm ayını gözləyirlər. Bu ay daxil olan kimi isə başlayırlar qıcıq yaradacaq məsələləri qabartmağa. Çox qəribədir ki, belə şəxslər məhz Məhərrəmlik ayında bu cür addımlar atır, kimlərinsə inancı ilə bağlı təhqiramiz bir fikir səsləndir və çəkilib dururlar kənarda. Məhərrəm ayı bitənə kimi də həmin mövzuların müzakirəsi aparılır. Və növbəti il, növbəti il... növbəti il eyni məsələ yenidən gündəmə gətirilir. Bildikləri halda ki, qıcıq yaradacaq filan məsələyə filankəsdən münasibət öyrənilsə məsələ daha da qıcıq yaradacaq, məhz onu edirlər. Misal üçün belə bir şey: Məhərrəmlikdə toy etmək olarmı? Bu məsələni mətbuatda olduğum 20 ildir görürəm. Cavabı da çox sadədir: Azərbaycan əhalisi Məhərrəm ayının hörmətinə xatir bu ayda toy etmir. Amma gedib sual ünvanlayıb, cavab aldıqları şəxs nəinki bu ayda baş verən faciəni faciə kimi qəbul etmir, əksinə, Peyğəmbər ailəsinin faciəvi şəkildə qətlini adi hadisə sayır. 

Sözümün əsil canı bu gün oxuduğum bir məsələ ilə bağlıdır. Və bu məsələ də elə yuxarıda qeyd etdiyim kimi məhz Məhərrəm ayında ortaya atılıb.

Şəhriyar Del Gerani adlı bir yazar “Quran” adlı kitab yazdığını söyləyir: "Yeni "Quran" kitabı yazıram. Bu, mənim iradəmdən kənar bir şeydir. Düzü, mənə dayanmadan diktə olunur bu mövzuda yazmaq. Hər şeyi açıq-açığına deyə bilmirəm. Anlayışlı yanaşın, xahiş edirəm. Sağlıq olsun, gələn ilin payızına tamamlayaram, çox yəqin. Tam əminliklə deyirəm: bu "Quran" çağdaş ateistlərin və deistlərin suallarına tam olaraq cavab verəcək bir kitab olacaqdır. Xatırladım ki, sonuncu "Quran"ın bir çox "surə"lərinin (hekayətlərinin) üzərində ciddi redaktələr olunmuş. Yeni ayələr (misralar) isə tam olaraq orijinaldır. Xəbəriniz olsun. Ki, istər intellektual, istər ruhani, istərsə də bədii cəhətdən bu "Quran" kitabı bütün parametrlərdə daha dəqiq, daha mükəmməl olacaqdır. Səmimiyyətə qalsa, mən özüm də həddindən ziyadə maraqlıyam bu kitabın nicat tapmasına. Allah böyükdür! Eşqlərimlə..."

Elə sonun sözündən başlayım yazarın. “Allah böyükdür” söyləyib, Allahın vəhy elədiyi kitabı yenidən yazmaq niyyətində olduğunu söyləyir. Həm də yazacağı kitabın ona diktə olunduğunu, dolayısı ilə vəhy olunduğunu söyləyir. Görünür, Şəhriyar bəyin Qurani-Kərimdən xəbəri yoxdur. Xəbəri olsaydı, bilərdi ki, elə həmin kitabda vəhy qapısının sonuncu Peyğəmbərlə bağlandığı deyilir. Ola bilsin Şəhriyar bəy iddia eləsin ki, bu sözlər sonradan əlavə olunub, əsl Quran dəyişdirilib. Amma müqəddəs kitabın “Bəqərə” surəsinin 23 və 24-cü ayəsində məhz belə şəxslərin olacağının bilindiyi üçün bu cür buyurulur: “Əgər Bizim Öz bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, doğruçusunuzsa, siz də bir surə gətirin və Allahdan başqa bütün köməkçilərinizi və şahidlərinizi də çağırın. Və əgər etməsəniz – heç vaxt edə bilməyəcəksiniz də – onda, kafirlər üçün hazırlanmış və yanacağı insanlar və daşlar olan oddan çəkinin.”

Bu məsələnin bir tərəfi. Digər tərəf isə bundan ibarətdir ki, Şəhriyar bəy dediyi sözə görə müsəlmanların onu təhqir etdiyini söyləyir. Baxmayaraq ki, bütün növ mübahisə və müzakirələrdə təhqiri yolverilməz, hətta səviyyəsizlik kimi qəbul edirəm, sözündə həqiqət olan şəxs fikrini izah etməlidir. Əgər həqiqəti sözlə çatdıra bilmirsənsə, söyüşlə bunu heç edə bilməyəcəksən. Amma məsələnin maraqlı tərəfi budur ki, necə olur 2 milyarda yaxın müsəlmanın – təkcə müsəlmanların deyil - ən müqəddəs kitabı olan “Qurani-Kərim”in mükəmməl, dəqiq olmadığını söyləyəsən – hansı ki, bu təhqir hesab edilir – sonra da təhqir edildiyindən şikayətlənəsən. 

Son olaraq Şəhriyar bəyə bir xatırlatma etmək istərdim. İllər əvvəl də bir qrup şəxs Qurani-Kərimə alternativ yazdıqlarını bəyan etmişdilər. Onlar da vəhy vasitəsi ilə özlərinə belə bir şeylər gəldiyini demişdilər: “And olsun toyuğa və onun yumurtladığı ana”. Amma sonradan öz yazdıqlarını özləri də inanmayıb, yazdıqlarını məhv etməkdən başqa yolları qalmadı.

Aqil Mehdi

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber@gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru