Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

01 Mart

2017
14:46
7192
Müşfiqin büstünü hamı müdafiə etdi, bəs bu Müşfiq? – FOTO

Bir neçə gün əvvəl FaktXəbər də daxil olmaqla bir neçə media orqanında görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin abidəsinin götürülməsi məsələsinə kəskin etirazlar səsləndikdən sonra bu işə baiskar olan “Azəravtoyol” ASC-dən özünümüdafiə xarakterli açıqlama gəldi və burada hər hansı bir problemin olmadığı, işlər başa çatdıqdan sonra büstün yerinə qaytarılacağı bildirilirdi. 

Amma iş bununla bitmədi. Mikayıl Müşfiqin büstünün götürülməsi məsələsini Azərbaycan prezidenti İlham Əliyev də narahatçılıqla qarşıladı və təcili olaraq məsələnin araşdırılması, məsuliyyət daşıyanların aşkarlanıb cəzalandırılması barədə tapşırıq verdi.

Tapşırığın nəticəsini gözləmək özünü çox gözlətmədi. Üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirməyərək kobud şəkildə qanun pozuntusuna yol verdiyinə görə MMC-nin iş icraçısı Rəhimov Ramiz Tapdıq oğlu tutduğu vəzifədən azad edilərək işdən çıxarıldı. Həmçinin 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin baş mühəndisi və direktoru üzərlərinə düşən vəzifələrini yerinə yetirməyərək layihədə nəzərdə tutulan işlərə nəzarəti lazımi qaydada həyata keçirmədikləri də bundan sonra müəyyənləşdi. Məhz buna görə də MMC-nin direktoru Şirinov Əliheybət Balakişi oğluna xəbərdarlıq edildi, MMC-nin baş mühəndisi Hüseynov Yuris Xələf oğluna isə töhmət verildi.

“Azəravtoyol” ASC isə rəsmi şəkildə görkəmli şair Mikayıl Müşfiqin büstünün çıxarılması ilə bağlı vaxtında ictimaiyyətə və KİV-ə məlumat verilməməsi nəticəsində yaranan haqlı narahatlığa görə Azərbaycan xalqından üzr istədi.

Məsələnin bu hissəsi barədə sadəcə bir məsələni xatırlatmaq yerinə düşərdi: daim hər hansı bir sahə üzrə yaranan problemə medianın və xalqın haqlı narazılığı yarananda əlaqədar təşkilatlar və ya məmurlar sağa-sola açıqlama verərək, özlərindən başqa hamının günahkar bilirlər, gördükləri səhv iş, atdıqları yanlış addımdan geri durmurlar, amma dövlət başçısı işə qarışdıqdan sonra həmin məmurların etdikləri səhvə görə üzr istəməsi yada düşür. Görəsən niyə? Axı səhvi etiraf etmək günahı yüngülləşdirir. Olmazmı ki, bu ölkədə yaranmış və ya yaradılmış problemlə əlaqədar məsul şəxslər öz işlərini layiqincə yerinə yetirsinlər və prezident də onların əvəzinə işləməli olmaya?

Qayıdaq Müşfiqin büstü məsələsinə.

Yəqin hər kəsə bəllidir ki, Bakı şəhərinin Qaradağ rayonunda 10 min əhalisi olan Müşfiqabad (abad a... – red.) qəsəbəsi adlı böyük bir yaşayış məntəqəsi var və bu məntəqə də görkəmli şairimizin şərəfinə bu cür adlandırılıb. Qəsəbədə onun böyük büstü olan istirahət parkı da var. Amma gəlin görək, bu qəsəbədə mövcud durum hansı vəziyyətdədir? Əlaqədar orqanlar – Qaradağ rayon İcra Hakimiyyəti başçısı, Müşfiqabad qəsəbəsinin bələdiyyəsi sonuncu dəfə bu yaşayış massivində nə zaman olublar və ya ümumiyyətlə olublarmı?

Əməkdaşımızın qəsəbədən çəkdiyi görüntülər yuxarıda sadaladığımız suallara bəri başdan “Yox!” cavabını verir. Qəsəbənin əsas yoluna bəlkə də sonuncu dəfə elə qəsəbə salınanda asfalt örtüyü çəkilib. Aşağıda təqdim etdiyimiz video görüntülər 2 il əvvəl çəkilib. Amma həmin gündən bəri qəsəbənin yollarında heç bir dəyişiklik olmayıb. Yaranmış çalaları da vətəndaşlar özləri ora tökdükləri zibillə örtmək istəyirlər.

Müşfiqabad qəsəbəsinin mövcud durumu onun tamamilə diqqətdən kənarda qaldığını göstərir. Bunun sübutuna elə də ciddi ehtiyac yoxdur, qəsəbədə yerləşən 286 saylı uşaq bağçasının görüntüsü, küçələrin çala-çuxuru, uşaqlarının əlinin çata biləcəyi yerdə olan elektrik naqilləri hər şeyi göz önünə sərir.

Ayrıca qeyd etmək yerinə düşərdi ki, qəsəbədə Mikayıl Müşfiqin adını daşıyan park və parkda da görkəmli şairin büstü var. Parkın görüntüləri, büstün ətrafındakı örtük daşlarının dağılması da diqqətsizliyin göstəricisidir.

Maraqlıdır, bizim gördüklərimizi qəsəbənin bələdiyyə sədri Vüqar Əliyev görmürmü? Hesab edirik ki, görmür. Ona zəng vurub münasibət öyrənməyi lüzum görmədik. Çünki Vüqar Əliyevin “belediyye.info” saytında 7 fevral 2017-ci il  tarixində dərc etdirdiyi məqalədə gördükləri işlər barədə gen-bol danışıb. Amma onun qələmə aldığı yazıdakı faktları nə biz gördük, nə də sakinlər. 

Yəqin ki, görkəmli şairimizin adını daşıyan, amma abadlığından əsər-əlamət olmayan Müşfiqabad qəsəbəsinin bugünkü duruma düşməsinə səbəbkarların cəzalandırılması və qəsəbənin şairin adına yaraşan səviyyəyə qaldırılması üçün də prezident səviyyəsində tapşırıq verilməlidir. 

FaktXəbər

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru