Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

28 Avqust

2017
11:16
608
Mehman Əliyev apellyasiya şikayəti verib

"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində apellyasiya şikayəti verilib. 

Bunu FaktXəbər-ə vəkil Fuad Ağayev deyib. O bildirib ki, müdafiə tərəfi Mehman Əliyevin tutulması və barəsində həbs qətimkan tədbiri seçilməsinə dair qərarlardan şikayətləri məhkəməyə təqdim edib. 

İşə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. 

Fuad Ağayev əlavə olaraq bildirib ki, avqustun 25-də Azərbaycan Respublikası Vergilər Nazirliyinin veb-saytında Media və Kommunikasiya Mərkəzinin “Turan İnformasiya Agentliyi” MMC-də yol verilmiş qanunsuzluqlar ifşa edilmişdir» başlıqlı məlumatı dərc olunub və məlumatda göstərilib ki, “Turan"da Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlamasının nəticələrinə əsasən xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsi Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb:

"Mehman Əliyevin müdafiəsi bəyan edir ki, bu iddia həqiqətdən tamamilə uzaqdır. Belə ki, adıçəkilən cinayət işi 07 avqust 2017-ci il tarixində başlanıb, istintaq idarəsinin eynitarixli qərarı ilə «Turan»da növbədənkənar səyyar vergi yoxlaması təyin olunub. Səyyar vergi yoxlamasına dair qərar informasiya agentliyinə sabahı gün, avqustun 08-də elan edilib. Bu səbəbdən ictimaiyyətin nəzərinə çatdırırıq ki, cinayət işi hələ heç təyin olunmamış səyyar vergi yoxlamasının nəticələrinə əsasən başlaya bilməzdi. Burada yazı müəllifləri, görünür, avtomatik olaraq qanunla nəzərdə tutulmuş ardıcıllığa istinad edib, Mehman Əliyevin işində ifrat dərəcədə ciddi və çoxsaylı qanun pozuntularına yol verilməsini nəzərə almayıblar. 

Avqustun 24-ü saat 16:45-də internet informasiya portallarından birində hüquq mühafizə orqanlarına istinadən məlumat yayılmışdı ki, guya Mehman Əliyev Vergilər Nazirliyinin istintaq idarəsinin əməkdaşları tərəfindən tutulub. Halbuki, həmin vaxt M.Əliyev İstintaq Departamentinin otaqlarından birində sərbəst oturmuş, o, yalnız saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur.

Mehman Əliyev Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirlən şəxs qismində cəlb edilib. 

Cinayət Məcəlləsinin 192-ci maddəsi (qanunsuz sahibkarlıq) ilə nəzərdə tutulmuş əmələ görə məsuliyyətdən o zaman söhbət gedə bilərdi ki, «Turan» sahibkarlıq fəaliyyəti ilə:

1) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan məşğul olsun;

2) və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan və ya lisenziyalaşdırılma şərtlərinin pozulması ilə məşğul olsun;

3) və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə məşğul olsun.

Təkzib: 

1. “Turan” qanunvericilik ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınıb və vergi uçotundadır.

2. İnformasiya agentliyinin fəaliyyəti üçüy heç bir lisenziya (xüsusi razılıq) tələb olunmur.

3. “Turan” mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməyib."

Qeyd edək ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən məlumatda bildirilir ki, aparılan istintaq zamanı “Turan İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyevin qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürməsi və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirməklə “Qrant haqqında” qanunun tələblərini pozub, 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə külli miqdarda, yəni 148,310 min manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60,080 min manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib. M. Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb, ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məqalədə : Mehman Əliyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru